Dünya və
Avropa birincisi
Biz Bakıdakı 221
nömrəli tam orta məktəbə çatanda birinci
növbədə dərslər başa
çatmışdı. Direktor Nizami Əzizova məktəbin
şagirdi Babək Mustafazadə ilə görüşmək
istəyimizi bildirdik. Direktor əlaqə yaratdı. Çox
çəkmədi ki, Babək atası ilə birlikdə məktəbə
gəldi. Tanış olduq. Öyrəndik ki, Babək 1995-ci
ildə Bakıda anadan olub. 2002-ci ildə 221 nömrəli tam
orta məktəbin birinci sinfinə qəbul olub. Hazırda da həmin
məktəbin XI sinfində təhsil alır.
Arzusu çin olan ata
Babəkin
atası Afiq kişidən, necə oldu ki, oğlunuzu
idmanın karate növünə yazdırdınız, - deyə
soruşduq. O, bizim bu sualımızı gözləyirmiş
kimi bildirdi ki, sizin bu sorğunuz məni uşaqlıq illərimə
qaytardı. İnanın səmimi deyirəm, mənim idmana lap
kiçik yaşlarımdan həvəsim çox böyük
olub. Sərbəst şəkildə karate ilə məşğul
olurdum. Amma valideynlərim mənim bu arzumu ürəyimdə
qoydu. Doğrudur, polis işçisi oldum. Hazırda təqaüddəyəm.
Amma karateyə olan böyük marağımın həyata
keçməməsi indi də qəlbimi sızladır...
İllər ötdü, ilk oğlum dünyaya gəldi.
Adını Babək qoydum ki, onun kimi igid, qəhrəman olsun.
Nəhayət, 10 yaşından Babəki "Lider"
İdman Klubunun karate idman növünə üzv
yazdırdım. Hazırda isə "Sərhədçi"
İdman Olimpiya Mərkəzində Babəklə kinq-boks
üzrə üçqat dünya çempionu Fuad Zeynalov məşğul
olur. O, bu məşqçi-müəlliminin səyi nəticəsində
artıq Avropa və dünya çempionu olub.
İndi
deyə bilərəm ki, oğlum bu qələbələri ilə
mənim arzularımı çin edib.
Dünya çempionu
olmağa gedən yol məşqlərdən keçir
Babək
artıq 4 ildir ki, müəlliminin göstərişi və nəzarəti
ilə məşqlərini davam etdirməklə qələbələrə
imza atmağa başlayıb.
2010-cu
ildə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Gününə həsr olunmuş gənclər arasında
açıq birincilik turnirində 51 kiloqram çəki dərəcəsində
II yerə çıxaraq Azərbaycan Kikboksinq
Federasiyasının "Qalib idmançılar klubu"
MMC-nin diplomuna layiq görülüb. 2011-ci ildə "Sərhədçi"
İdman Olimpiya Mərkəzinin açıq birinciliyində
1995-1996-cı illər təvəllüdlü gənclər
arasında keçirilən yarışda III yeri tutub.
2012-ci
il fevralın 19-20 tarixlərində Hövsan Olimpiya Kompleksində
kinq-boks üzrə gənclər və böyüklər
arasında keçirilən IV Respublika çempionatında I
yeri tutaraq qızıl medalın sahibi olub.
Həmin
ilin oktyabrın 19-23-də Yunanıstanda kinq-boks üzrə
keçirilən dünya çempionatında I yeri tutaraq
qızıl medal qazanıb.
O, ermənini 30 saniyəyə
məğlub edərək Avropa çempionu olub
Babək bu il 17-18 noyabr tarixlərində
Gürcüstanın Tbilisi şəhərində kinq-boks
üzrə yeniyetmələr arasında keçirilən
Avropa çempionatında birinci yeri tutub. Onun bu qələbəsinin
ən fərəh doğuran cəhətlərindən biri erməni
rəqibini udmasıdır. Həmin yarışda Babək
gürcü idmançısını 8:4 hesabı ilə udub. İkinci rəqibi olan erməni
döyüşçüsünü isə cəmisi 30 saniyəyə
məğlub edərək Avropa çempionu olub.
Məşqçi-müəllimin
ürək sözləri
"Sərhədçi" Olimpiya
İdman Mərkəzinin məşqçi-zabiti,
üçqat kinq-boksinq üzrə dünya çempionu Fuad
Zeynalov: - Hazırda yetirmələrim arasında Babək
öz çalışqanlığı,
inadkarlığı ilə seçilən
idmançılarımızdandır. Onun idmana olan həvəsi,
yorulmadan məşq etməsi qarşıya qoyduğu məqsədə
çatmağa çox böyük kömək edir. Babəkin bu il Yunanıstanda
keçirilən dünya çempionatında I yeri tutması
və Gürcüstanda keçirilən Avropa
çempionatında birincilik qazanması bütün bunlara
parlaq misaldır.
Babəki
qələbələrə səsləyən səbəblərdən
biri də onun işğal altında olan gözəl
Qarabağımızın məcburi köçkünlərindən
biri olmasıdır.
Mən
bir məşqçi-müəllim kimi Babəkdən daha
böyük uğurlar gözləyirəm. Arzu edirəm ki,
öz qələbələri ilə doğma Azərbaycanımızın
şərəfini daima uca tutsun.
Ə.DAŞDƏMİRLİ
Azərbaycan
müəllimi.- 2012.- 28 dekabr.- S.10.