Ədəbiyyat dərslərində şəxsiyyətin formalaşdırılması təcrübəsindən

 

İndiki həyat tərzimizdə, cəmiyyətdə inteqrasiyaya can atmağa çalışan gənc nəsli fiziki cəhətdən yetkin, sağlam, şəxsiyyətcə bütöv, ideyaca humanist yetişdirmək dövr və zamanımızın ən aktual vəzifələrindən biridir.

Dil-ədəbiyyat müəllimi kimi mən də üzərimə düşən  vəzifənin mahiyyətini dərindən dərk edir və başa düşürəm ki, bizim bütün demokratik təşəbbüslərimizi hümanizmlə, xeyirxahlıqla, insan xoşbəxtliyi ilə ölçmək lazımdır. Elə bunun üçün də dərs dediyim bütün siniflərdə keçəcəyim hər bir mövzuya yaradıcı  yanaşır, öz işimi humanist əsaslar üzərində  qurur, hər bir mövzunu həyatla - keçmişimiz, bu günümüz və gələcəyimizlə əlaqələndirir, ayrı-ayrı mövzuların tədrisi zamanı mühakimə xarakterli inşalar yazmaq, rəy inşaları, layihələr hazırlamaq və s. kimi üsullarla şagirdlərə humanist xüsusiyyətlər aşılamağa, onların gələcəkdə kamil, hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşmalarına səy göstərirəm.

Bu baxımdan XIX əsr Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindən olan Q.Zakirin yaradıcılığına nəzər salsaq "Sədaqətli dostlar" təmsili, S.S.Axundovun "Qaraca qız" əsərinin tədrisi zamanı Qaraca qız surətinin təhlili, N.Gəncəvinin yaradıcılığının tədrisində "Xeyir və Şər", "Sultan Səncər və Qarı" hekayələri, "Leyli və Məcnun" əsərindən "Oğlum Məhəmmədə nəsihəti", M.İbrahimovun "Azad" hekayəsinin tədrisi zamanı Azad surətinin təhlili, geniş səciyyəsi, S.Rüstəmin yaradıcılığının tədrisində sinifdənxaric oxu kimi "Ana və poçtalyon" əsərində ana surətinin xarakterik xüsusiyyətlərinin təhlili, "Oğluma nəsihət" şeirinin tədrisi və təhlili, Ə.Haqverdiyevin "Mirzə Səfər" hekayəsinin tədrisində Mirzə Səfər və Usta Zeynal dostluğunun xoş nəticəsi, əsərin əsas ideyası, S.Rəhimovun yaradıcılığından söz açarkən "Mehman" surətinin təhlili, M.C.Paşayevin "Bir gəncin manifesti" əsərindən "İtə ataram, yada satmaram" parçasının  təhlili və s. şagirdlərə doğruçuluq, düzlük, dostluq, yoldaşlıq, sadəlik, xeyirxahlıq, vətənpərvərlik, əməksevərlik, Vətənə məhəbbət, qanunlarımıza hörmət, təvazökarlıq, ədalətli, mənəviyyatlı, şəxsiyyətli və s. olmaq kimi əsl insani keyfiyyətlər aşılayır, onların  yaşadıqları sivil ölkə və cəmiyyətdə humanist şəxsiyyət kimi formalaşmalarında mühüm rol oynayır.

Vaxtilə böyük pedaqoq Makarenko deyirdi: "Bizim uşaqlarımız bizim qocalığımızdır. Düzgün tərbiyə bizim xoşbəxt qocalığımızdır, pis tərbiyə bizim gələcək dərdimiz, göz yaşlarımız, dövlət qarşısında təqsirimizdir".

VII sinifdə böyük yazıçı M.İbrahimovun "Azad" hekayəsini tədris edərkən hekayənin qəhrəmanı, azadlıq uğrunda mübarizənin fəal iştirakçısı demokrat Azad surətini geniş səciyyələndirir, onun xeyirxahlığı, nəcib hərəkətləri, dar gündə dostu Fərdaya, onun ailəsinə köməyi haqqında şagirdlərdə hərtərəfli rəy yaradır və şagirdlərin bu surət haqqında müstəqil fikir yürütmələrinə, Azadı xeyirxah, dostluqda möhkəm, iradəli, vətənini öz canından artıq sevən vətənpərvər kimi tanımalarına və sevmələrinə nail oluram. Şagirdlər bu qəbildən olan surətləri müasir dövrümüzün xeyirxah, vətənpərvər övladları - Ramin Səfərov, Mübariz İbrahimov, Fərid Məmmədov və b. bu kimi gənclərlə müqayisə etməyi bacarır və sərbəst "Kimlərə əsl vətənpərvər demək olar?", "Vətən qarşısında borcumu nədə görürəm", "Tarixdə iz qoyanlar kimlərdir" və s. mövzularda ev inşaları və rəy layihələri hazırlamağı bacarırlar.

VIII sinifdə Ə.Haqverdiyevin "Mirzə Səfər" hekayəsinin tədrisi zamanı şagirdlər aşağı siniflərdə keçdikləri əsərlərin ("Sədaqətli dostlar",  "Qaraca qız", "Xeyir və Şər", "Azad" və s.) adını çəkirlər. Onlar aşağı siniflərdən, eləcə də müstəqil öyrəndikləri atalar sözlərini ("Dost dar gündə tanınar", "Yaxşı dostu yaman gündə sına", "Dost qədrini dost bilər") xatırlayır, "Koroğlu"dan keçdikləri qollar əsasında dəlilərin arasında mehriban dostluq əlaqələrinin olmasından danışırlar və ya VI sinifdə öyrəndikləri "Qaraca qız" əsərini çox yaxşı xatırlayır, yada salır və Qaraca qız surətini öz qəlblərindən axıb gələn sadə, lakin məntiqli fikirlərlə səciyyələndirir, uşaq humanizmini açırlar. Məsələn, söyləyirlər ki, biz bu əsəri keçərkən Qaraca qız nəzərimizdə xilqətən xeyirxah, əməksevər, səmimi, kinli olmayan, insanları səhvlərinə görə bağışlamağı bacaran, dostluqda möhkəm, qayğıkeş, cəfakeş, canıyanan və s. kimi ən yaxşı insani keyfiyyətləri özündə əks etdirən bir surət kimi qaldı, onu belə tanıdıq və sevdik.

Bundan sonra mən şagirdlərin oxuduqları bədii əsərlərdə, baxdıqları filmlərdə, qohum-qonşu, ailə və ictimai yerlərdə az rast gəlmədikləri "şərəf", "ləyaqət", "şərəfli insan" ifadələrini necə başa düşmələri haqqında fikirlərini öyrənir və təxmini aşağıdakı cavabı aldıqdan sonra "Mirzə Səfər" hekayəsi üzərində işə başlayıram.

Ləyaqətli insan danışığına, davranışına, əməllərinə nəzarət etməyi və obyektiv qiymət verməyi bacarır. O, yersiz, şit danışıqlardan, yüngül hərəkətlərdən uzaq olur. Belə adamlar təmənna güdmədən yaxşılıq etməyi bacarır, xeyirxah olmaları ilə seçilirlər. Şəxsi mənafe, şöhrət, mənsəb və s. üçün yaltaqlanmaq, başqalarının qarşısında alçalmaq belə adamlara yaddır. Öz zəhmətləri, halal qazancları ilə dolanmağı üstün tuturlar.

Ləyaqətli adamlar həmişə haqqın, ədalətin mühafizəçisi olurlar, xeyirxah, yaxşı işlər görməyə çalışırlar. Axı, müdriklərimizin ən qiymətli kəlamları da bizi bu ruhda tərbiyə edir: Yaxşı iş görüb əziyyət çəksək əziyyət gedəcək, yaxşılıq qalacaq, pis iş görüb ləzzət çəksək ləzzət gedəcək pislik qalacaq. Pislik, bəd əməllər, şər qüvvələr isə həmişə lənətlənib və heç kəsə şərəf, ləyaqət, ucalıq və xoş heç nə gətirməyib.

Bax, bütün bu cür fərdi və frontal sorğu və müsahibələrdən sonra "Mirzə Səfər" hekayəsinin məzmunu və təhlili üzərində iş çox səmərəli nəticə verir və demək olar ki, sinif çox fəal olur və şagirdlər sərbəst və müstəqil şəkildə (istər qrup, istərsə də fərdi) Mirzə Səfərlə usta Zeynalın xarakterlərini səciyyələndirir, onların səmimi, təmənnasız, saf niyyətlər üzərində qurulmuş dostluqlarından mütəəssir olduqlarını bildirir və aşağıdakı nəticəyə gəlirlər: Mirzə Səfər zalım, qəddar, qeyri-insani xüsusiyyətlərin daşıyıcısı, xeyirxahlıq zəminində humanist xüsusiyyətlərdən uzaq olan Həsən ağa və onun kimi zalım adamlara qarşı tək dayana bilməzdi. Nə yaxşı, onun Usta Zeynal kimi dostu var. Biz istərdik ki, yaxşı adamlar heç vaxt yaxşı, xeyirxah işlərindən əl çəkməsinlər, birləşsinlər və pislərə qarşı mübarizə aparsınlar və dostluqda möhkəm olsunlar. Şair çox gözəl deyib:

 

Qeyd: şagird inşasından nümunələrdir.

Qızıl demə parıldayan hər daşa,

Milyard tanış dönməz dosta qardaşa.

Otağında dövlət daşa, var daşa

Dostun yoxsa kasıblardan-kasıbsan.

 

  s. kimi nümunələr gətirməklə müstəqil fikir yürüdürlər.

 

Bütün bunlarla yanaşı, gələcəyə humanist ideyalı şəxsiyyət tərbiyəsini düzgün istiqamətləndirmək üçün bədii əsərlərdən qiymətli nümunələri müdrik fikirləri sitat şəklində yazdırıb ədəbiyyat kabinetində nümayiş etdirirəm.

 

 

Firəngiz ABDULLAYEVA,

Ağdam şəhərindəki 32 nömrəli  tam orta məktəbin

Azərbaycan  dili ədəbiyyat müəllimi

 

Azərbaycan müəllimi.- 2012.- 28 dekabr.- S.9.