Yeni dərsliklərlə işləyərkən

 

Respublikamızın sürətlə inkişaf etdiyi son dövrlərdə   cəmiyyətin bütün sahələrində, o cümlədən təhsil sahəsində də bir çox yeniliklər özünü göstərdi. Əsası 2006-cı ildə qoyulmuş Milli Kurikulum sənədi təhsilimizin məzmununu əsaslı şəkildə dəyişdirməyə yönəldi. İbtidai sinif müəllimi kimi təhsildə baş verən bu dəyişikliyi müasir dövrümüz üçün çox yüksək qiymətləndirirəm. Artıq beş ildir ki, Milli Kurikulum sənədinə əsasən fənn kurikulumları tətbiq olunur və bunun da əsasında yeni dərsliklər hazırlanır.

 

"Dərslik necə olmalıdır?" sualına cavab olaraq bir müəllim kimi qeyd edərdim ki, dərslik istiqamətverici, düşündürücü, inkişafetdirici olmalıdır. Bütün bunlar Nayma Qəhrəmanovanın müəllifi olduğu "Riyaziyyat" dərsliklərində öz əksini tapmışdır.

Şagirdlərin yaş xüsusiyyətinə uyğun olan bu dərsliklər "sadədən mürəkkəbə doğru" prinsipi əsasında yazılmışdır. Məsələn: I sinifdə həndəsi fiqurlar haqqında yalnız fiqurların adları, tərəfləri və təpə nöqtələri haqqında ilkin təsəvvürlər verildiyi halda, IV sinifdə isə artıq həndəsi fiqurların açılışı, fəza və müstəvi fiqurlar haqqında məlumat verilir.

Ümumiyyətlə, bu dərslik kurikulum tələblərinə cavab verir. Dərslikdə "Manipulyativ"(şagird verilən tapşırıqları konkret əşyalarla manipulyativ - öz əlləri ilə modelləşdirərək təqdim edir), "Piktorial-mental" (şagird modelə uyğun şəkil çəkir, şifahi və ya yazılı olaraq təqdim edir), "Abstrakt"(şagird situasiyanı riyazi şəkildə-simvolların köməyi ilə ifadə edir) məşğələlərə də yer verilmişdir ki, bu da şagirdlərdə psixomotor(ağlın hərəkətlərinə hakimliyini, hərəkətlərin idarəsini) və sosial bacarıqları (əşyalardan səliqəli istifadəetmə, onları qoruma) formalaşdırır. Bu cür məşğələlərin verilməsi bu dərsliklərin əvvəlki illərdə çap olunmuş dərsliklərdən üstünlüyünü göstərir. Əvvəlki illərin dərslikləri şagirdlərə yalnız bilik verirdi.

Bu dərslik əvvəlki illərdə nəşr olunan dərsliklərlə müqayisədə bir çox digər detalları ilə də  fərqlənir. Həm də dərsliyin məzmuna uyğun rəngarəng dizaynı uşaqların çox xoşuna gəlir, onlarda dərsə daha çox həvəs yaradır.

Onu da qeyd etmək istərdim ki, I-IV sinif "Riyaziyyat" dərsliklərində (müəllif Nayma Qəhrəmanova) məşğələ və tapşırıqlar kurikulumda müəyyən edilmiş fəaliyyət standartlarının tətbiqini əhatə edir. Bu fəaliyyət standartları problem həlli, mühakiməyürütmə, isbatetmə, əlaqələndirmə, təqdimetmə və ünsiyyətqurma fəaliyyətləridir. Məhz məzmun standartlarının bu fəaliyyətlərlə həyata keçirilməsi sayəsində kurikulumun nəzərdə tutduğu nəticəyönümlü, şəxsiyyətyönümlü təlimə nail olmaq mümkündür.

Müəllimlər  üçün hazırlanmış metodik vəsaitlərdə məzmun standartlarının, illik planlaşdırma nümunələrinin verilməsi, gündəlik dərs nümunələrinin təqdim olunması  müəllimlərin işini yüngülləşdirir.

Dərslikdə verilmiş məsələlər tipinə görə qruplaşdırılmış və hər növ məsələnin öyrədilməsinə xüsusi saat ayrılmışdır. Tam-hissə modeli qurmaqla həll olunan məsələləri şagirdlər daha maraqla həll edirlər. Bu cür məsələlərə əvvəlki dərsliklərdə rast gəlinmirdi.

Bütün bunlara əsaslanıb ibtidai sinif müəllimi kimi qeyd etmək istərdim ki, ümumiyyətlə, hazırda işlətdiyimiz "Riyaziyyat" dərslikləri (I-IV) tam şəkildə kurikulum standartlarına cavab verir.

Mən bundan sonra da yazılacaq dərsliklərin müasir, sistemli və gözəl dizaynlı olacağına ümid edərək bu yolda bütün dərslik müəlliflərinə uğurlar arzulayıram.

 

 

Nərgiz MƏMMƏDOVA,

Bakıdakı 190 nömrəli tam orta

məktəbin ibtidai sinif müəllimi

 

Azərbaycan müəllimi.- 2012.- 28 dekabr.- S.7.