Daim yenilik
axtarışında
Artıq
beşinci ildir ki, ölkəmizdə yeni fənn
kurikulumları tətbiq edilməkdədir. Təhsildə
aparılan bütün islahatlar kimi, kurikulum islahatında da
aparıcı sima müəllimlərdir. Bu mənada yeni fənn
kurikulumlarının uğurlu tətbiqi, ilk növbədə,
müəllimlərin bu prosesə necə
hazırlaşmalarından, yeniliyin mahiyyətini necə dərk
etmələrindən, fəal təlimin forma və
üsullarına nə dərəcədə yiyələnmələrindən
asılıdır. Bu məqsədlə yeni kurikulumlarla
işləyən bütün müəllimlər təlim
kurslarından keçirilsə də son illərin təcrübəsi
göstərir ki, bu azdır. Müəllimlər özləri
də şəxsi təhsil yolu ilə, yenilikləri, həmkarlarının
qabaqcıl təcrübəsini öyrənməklə öz
üzərlərində müntəzəm
çalışmalıdırlar. Yaxşı haldır ki,
hazırda yeni kurikulumlarla tədris aparan müəllimlərin
çoxu məhz belə edir və bunun da nəticəsində
fəaliyyətlərini gündən-günə təkmilləşdirir,
uğurlarını artırırlar.
Belə
müəllimlərdən biri də Saatlı rayonundakı Əlisultanlı
kənd orta məktəbinin ibtidai sinif müəllimi Nazilə
İbrahimovadır. Uzun illər bu təhsil ocağında
çalışan, elm-bilik yollarında ilk
addımlarını atan uşaqlara biliklərin əsaslarını
öyrədən, öyrəndiklərini bacarıq və vərdişlərə
çevirən Nazilə müəllim
pedaqoqlarımızın nisbətən yaşlı nəslinə
mənsubdur. Lakin o, təbiəti etibarı ilə yeniliyə,
yaradıcı axtarışlara meyilli olduğundan təhsilimizdə
gedən yeniləşmə proseslərinin də önündə
getməyə, onları həvəslə öyrənib öz
fəaliyyətində tətbiq etməyə səy göstərir.
Bütün
ibtidai sinif müəllimləri kimi Nazilə müəllim də
kurikulumların tətbiqi üzrə təlim kursundan
keçmiş, müvafiq sertifikat almışdır. Kursda
olarkən digər həmkarları kimi o da kurikulumların
strukturu, məzmunu, prinsipləri, müasir kurikulumlar və
yeni təlim strategiyaları, yeni qiymətləndirmə
mexanizmləri, yeni dərsliklərlə və əlavə
resurslarla işin xüsusiyyətləri, dərsin
planlaşdırılması və təşkili, qiymətləndirmə
vasitələrinin, şagirdlərin müstəqil işləri
üzrə təlim tapşırıqlarının
hazırlanması üzrə kifayət qədər geniş nəzəri
məlumatlar almış, praktik bacarıqlara yiyələnmişdir.
Lakin o, təkcə aldığı həmin bilik və
bacarıqlarla kifayətlənmir, kurikulumlarla iş üzrə
bütün yenilikləri diqqətlə izləməklə
öz nəzəri və praktik hazırlığını
daim artırır. Məhz bunun nəticəsidir ki, Nazilə
İbrahimova hazırda dərs dediyi III sinifdə tədrisi
kurikulumun tələblərinə uyğun qurub aparmağa nail
olur.
Təcrübəli
müəllim dərslərdə inteqrasiyaya, fəal metodlarla
işə xüsusilə önəm verir, bütün
mövzuları tədris edərkən onların həm
şaquli, həm də üfiqi inteqrasiya imkanını üzə
çıxarır və dərsdə tətbiq edir, fəal,
interaktiv təlim metodlarını, iş formalarını necə
gəldi deyil, mövzunun xüsusiyyətlərinə, dərsin
qarşısında qoyulan məqsədə uyğun müəyyənləşdirir.
Şagirdlərin
öyrənilən mövzuya, bütövlükdə dərsə
marağını artırmaq üçün dərsin mərhələlərini
yaradıcı qurur, motivasiya yaratmaq üçün
maraqlı formalardan istifadə edir. Müstəqil öyrənmənin
təlimdə böyük üstünlükləri
olduğunu yaxşı bilən Nazilə müəllim demək
olar ki, hər dərsdə şagirdlərlə müstəqil
iş aparır, bunun üçün əvvəlcədən
mövzunun məzmununa uyğun tətbiqi tapşırıqlar
müəyyənləşdirir.
Təcrübəli
müəllim tədris prosesində İKT-dən istifadəyə
də geniş yer verir, şagirdlərlə birlikdə
kiçik təqdimatlar hazırlayır və onları elektron
lövhədə nümayiş etdirir.
Kurikulumlar
üzrə tədrisdə valideynlərin rolunu düzgün
qiymətləndirən N.İbrahimova onlarla sıx əlaqə
saxlayır, kurikulumların mahiyyətini yaxşı başa
düşmələri üçün onlarla maarifləndirici
söhbətlər aparır. Bütün bunların nəticəsidir
ki, onun dərs dediyi III sinfin şagirdləri dərslərdə
böyük fəallıq göstərir, öyrənilən
mövzuları yaxşı mənimsəyirlər.
N.İbrahimova
öz təcrübəsini həmkarları ilə
bölüşmək üçün tez-tez
"açıq dərs"lər verir, müəllim
yoldaşlarının apardıqları dərslərdə
iştirak edir.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2012.- 28 dekabr.- S.7.