"Akademik Həsən Əliyev və Azərbaycan
təbiəti" mövzusunda elmi-praktik konfrans
Dekabrın
25-də Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində
mütəfəkkir alim, görkəmli ictimai xadim, akademik Həsən
Əliyevin 105 illik yubileyi münasibətilə və məktəblilərin
ekoloji maarifləndirilməsini genişləndirmək məqsədilə
Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə
və Təcrübəçilik Mərkəzi və Bakı
Şəhəri üzrə Təhsil İdarəsi birlikdə
"Akademik Həsən Əliyev və Azərbaycan təbiəti"
mövzusunda Bakı şəhəri məktəblilərinin
elmi-praktik konfransı keçirildi.
Konfransda
Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar
Nazirliyinin, İDEA Ətraf Mühitin Mühafizəsi üzrə
Beynəlxalq Təşəbbüsünün, BDU-nin kafedra
müdirləri və professorları, QHT və KİV nümayəndələri
iştirak edirdilər.
Məktəblilərin elmi-praktik
konfransının əsas məqsədi akademik Həsən Əliyevin
ekologiya və təbiətin mühafizəsi sahəsində zəngin
irsinin öyrənilməsi, görkəmli ekoloqun humanist ideyalarının
təbliğ edilməsi, məktəblilərdə ətraf
mühitə qayğıkeş və məsuliyyətli
münasibətin tərbiyə edilməsindən ibarət idi.
Konfransın əsas vəzifələri məktəblilərin
ekoloji hərəkatının genişləndirilməsi,
davamlı inkişaf prinsiplərinə uyğun olaraq ətraf
mühitin və təbii sərvətlərin qorunmasında
onların fəal iştirakının təmin edilməsi, əhali
arasında ekoloji biliklərin təbliğ edilməsi, gənc
nəsildə ekoloji dünyagörüşünün və
mədəniyyətin formalaşdırılmasıdır.
Elmi-praktik konfransa Bakı şəhəri
orta ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri,
məktəbdənkənar təhsil müəssisələrinin
dərnək üzvlərindən ibarət 50-dən artıq
konfrans iştirakçısı "Azərbaycanın bioloji
müxtəlifliyi və meşələrin qorunması",
"Ətraf mühitin mühafizəsi və ekoloji
monitorinq", "Təbii sərvətlər və
davamlı inkişaf" bölmələri üzrə
referatlar və yaradıcılıq işləri təqdim
etmişdilər.
Həmin gün tədbir
iştirakçıları əvvəlcə Bakı məktəblilərinin
yaradıcılıq işlərindən ibarət sərgi ilə
tanış oldular. Sonra təhsil kompleksinin akt zalında
konfransın açılışı oldu. Şagirdlərin
ifasında Azərbaycanın Dövlət himni oxundu.
Konfransı giriş sözü ilə
açan Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar
müəssisələrlə iş şöbəsinin
müdiri Ağababa İbrahimov iştirakçıları təhsil
naziri Misir Mərdanovun adından salamlayaraq onları 31 Dekabr -
Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il bayramı münasibəti ilə təbrik
etdi və Dünya Azərbaycanlılarının Həmrəylik
Gününün bayram kimi qeyd edilməsinin ulu öndər
Heydər Əliyevin adı ilə bağlı olduğunu
vurğuladı.
Bu tədbir də Təhsil Nazirliyinin
keçirdiyi silsilə tədbirlərdən biridir,- deyən
A.İbrahimov bildirdi ki, biz hər il "Həsən Əliyev
və Azərbaycan təbiəti" mövzusunda rəsm
müsabiqəsi keçiririk. Bugünkü tədbir isə
Bakı şəhəri məktəblilərinin ekologiya və
təbiətin qorunmasından bəhs edən
yaradıcılıq işlərinə həsr olunub.
Sözünə davam edən Ağababa müəllim akademik Həsən
Əliyevlə bağlı xatirələrini
danışdı. Sonda şagirdlərə təbiəti
akademik Həsən Əliyev kimi sevməyi, qorumağı
tövsiyə etdi.
Konfransda Bakı Dövlət Universitetinin
ekoloji coğrafiya kafedrasının müdiri, professor
Şövqi Göyçaylı və Bakı Dövlət
Universitetinin ekoloji kimya kafedrasının müdiri, professor
Sevinc Hacıyeva çıxış edərək akademik Həsən
Əliyevin irsinin gənclər üçün örnək
olduğunu vurğuladılar.
Sonra Bakının Xətai rayonundakı
194 nömrəli tam orta məktəbin IX sinif şagirdi Cavidan
İsmayılzadə, Bakı Modern məktəbinin VIII sinif
şagirdi Teymur Fətullayev, Respublika Ekoloji Tərbiyə və
Təcrübəçilik Mərkəzinin dərnək
üzvü, Bakı şəhərindəki 58 nömrəli
tam orta məktəbin VIII sinif şagirdi Əzizə Quliyeva, Xəzər
Universiteti Dünya məktəbinin İB sinif şagirdi Aydan Nəsibova,
Bakı şəhərindəki 258 nömrəli tam orta məktəbin
XI sinif şagirdi Emil Ağayev, Bakıdakı 284 nömrəli
tam orta məktəbin IX sinif şagirdi Təbriz Qasımov,
Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksinin IX sinif
şagirdi Fərid Cəfərov və başqaları
çıxışları ilə təqdimatlarını
nümayiş etdirdilər.
Elmi-praktik konfransda yekun sözü ilə
çıxış edən münsiflər heyətinin sədri,
BDU-nun coğrafi ekologiya kafedrasının professoru Telman Xəlilov
münsiflər heyətinin qərarını oxudu. Konfransda fərqlənmiş
şagirdlərə Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə
və Təcrübəçilik Mərkəzinin, Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin diplom və
hədiyyələri, digər iştirakçılara isə
sertifikatlar təqdim olundu.
Ədalət
DAŞDƏMİRLİ
Azərbaycan
müəllimi.- 2012.- 28 dekabr.- S.7.