"Tariximiz-dünənimiz,
bu günümüz və gələcəyimizdir"
Bu
günlərdə Bakıdakı M.Müşfiq adına 18
nömrəli tam orta məktəbdə "Tariximiz - dünənimiz,
bu günümüz və gələcəyimizdir"
mövzusunda "Azərbaycan tarixi fənn
aylığı"nın yekununa həsr olunmuş tədbir
keçirildi.
Mərasimdə iştirak edən Yasamal
Rayon İcra Hakimiyyətinin başçısı İbrahim
Mehdiyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
müdir müavini Məhəmməd Bayramov, VMA-nın
icraçı direktoru Təranə Şərifova və digər
qonaqlar öncə şagirdlərin əl işlərindən
ibarət sərgi ilə tanış oldular. Sonra xor
kollektivinin ifasında dövlətin və məktəbin himnləri
səsləndi. Tədbiri açıq elan edən
aparıcılar sözü məktəbin direktoru, əməkdar
müəllim Vaqif Hüseynliyə verdilər. Vaqif müəllim
son dövrlərdə məktəbdə görülən
işlər, qazanılmış uğurlar və perspektiv
planlardan danışdı.
"Azərbaycan tarixi fənn
aylığı"nın əhəmiyyətini qeyd edən
direktor fəal müəllimlərin təşkil etdikləri
"açıq dərs"lərə, şagirdlərin
bilik və bacarığına xüsusi diqqət çəkdi.
"Koroğlu" operasının
üverturasının müşayiətilə Azərbaycanın
tarixi haqqında süjet göstərildikdən sonra məktəblilər
mövzu ilə bağlı geniş məlumat verdilər.
Onlar vətənpərvərliyi tərənnüm edən
şeir, rəqs, mahnı və səhnəciklər təqdim
edərək tarixi hadisələri canlandırdılar.
Şagirdlər xüsusilə qeyd etdilər
ki, Azərbaycan Respublikasının Konstitusiyası
dünyanın ən demokratik, qabaqcıl ölkələrinin
qanunları ilə səsləşir. Vətənin, millətin,
bütün vətəndaşların keşiyində duran,
müstəqilliyimizin təminatçısı olan
Prezidentimiz var. Siyasət dünyasının zirvəsini fəth
edən və müstəqil dövlətin ay-ulduzlu
bayrağını bu zirvəyə qaldıran dahi siyasətçi
Heydər Əliyevin yolu ilə gedir Azərbaycan!
Məktəblilər
çıxışlarında onu da diqqətə çəkdilər ki, Qarabağımızın şəhər
və kəndləri yağı tapdağındadır. Bu döyüşlərdə
xalqımızın igid oğul
və qızları canlarını qurban
veriblər. Onların arasında məktəbin
yetirmələri, Azərbaycanın Milli Qəhrəmanları
Salatın Əsgərova və Təbriz Xəlilbəyli də
var. Əgər baş
komandan Qarabağ
torpaqlarının müharibə yolu ilə
azad olunmasına dair fərman
versə, o zaman Müşfiq dühalı, Müşfiq
ünvanlı, Müşfiq nəfəsli
məktəbin yetirmələri
bu çağırışa böyük ruh yüksəkliyi
ilə qoşulacaq. Qarabağı ermənilərin
işğalından azad edəcəkdir.
Sonra "Əsgər
marşı"nın sədaları altında hərbi paltar geyinmiş oğlanlar səhnəyə daxil
oldular.
Mərasimdə
çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin
başçısı İbrahim Mehdiyev bildirdi ki, bu gün
doğma Azərbaycanımızda sabitlikdir. Əmin-amanlığımız
artıb, bunlar dünənki qətiyyətin,
dövlətimizin möhkəmləndirilməsinin nəticəsidir.
Respublikamızın beynəlxalq aləmdə şöhrəti
durmadan artır. Bunun üçün biz ulu öndərimizin layiqli
davamçısı İlham Əliyev cənablarına
minnətdarıq. Dövlət başçısının bütün sahələrə, xüsusilə
təhsilə göstərdiyi qayğını önə
çəkən İbrahim müəllim
yenidən qurulan 18 nömrəli tam orta məktəbi bariz nümunə kimi qeyd etdi. "Tariximiz-dünənimiz,
bu günümüz və
gələcəyimizdir" mövzusunda
"Azərbaycan tarixi fənn
aylığı"nın yekununa həsr
olunmuş tədbiri yüksək qiymətləndirən
icra başçısı fəal müəllim
və şagirdlərə, xüsusilə məktəbin direktoru Vaqif Hüseynliyə
minnətdarlığını bildirdi.
Sonra müxtəlif nominasiyalar üzrə müsabiqələrin
qaliblərinə sertifikatlar təqdim olundu. Məktəbin uğurlarının daha da
artırılmasının vacibliyinə toxunan
icra başçısı sonda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni
il münasibətilə
iştirakçıları təbrik etdi.
Fazil
İDRİSOĞLU
Azərbaycan
müəllimi.- 2012.- 28 dekabr.- S.6.