Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində beynəlxalq elmi-nəzəri konfrans

 

Bu günlərdə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində "Qloballaşma şəraitində kulturoloji innovasiyalar sosial-mədəni inkişaf" mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirildi.

 

Tədbir iştirakçıları öncə universitetin foyesində ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül çələngi qoydular və kulturologiyaya həsr edilmiş kitablardan ibarət sərgi ilə tanış oldular. ADMİU-nun rektoru, professor Timuçin Əfəndiyev konfransın dekabrın 21-də keçirilən plenar iclasını açaraq iştirakçıları, o cümlədən Böyük Britaniya, Rusiya, Gürcüstan və digər xarici ölkələrdən gəlmiş qonaqları salamladı. Giriş sözündə bu tədbirin əhəmiyyətindən bəhs edən T.Əfəndiyev bildirdi ki, belə bir aktual mövzuya həsr olunmuş konfransın məhz ADMİU-da təşkil edilməsi heç də təsadüfi deyil. 90 illik yubileyi qeyd edilən bu təhsil ocağı təkcə böyük sənətkarlıq ənənələri ilə deyil, nəzəri biliklər sahəsindəki ciddi elmi-tədqiqat xarakterli fəaliyyəti ilə də tanınır. Universitet xarici ölkələrin bir çox ali məktəbləri ilə sıx əməkdaşlıq edir və bu onun dünyada tanınmasının, nüfuzlu beynəlxalq konfranslara ev sahibliyi etməsinin əsas şərtlərindən biridir.

Kulturologiya fakültəsini cəmiyyətdəki kulturoloji prosesləri ən müxtəlif aspektlərdə öyrənən elmi laboratoriya adlandırdığını deyən rektor qeyd etdi ki, bu gün universitetdə kulturologiyanın müasir tələblərə cavab verən geniş elmi bazası yaradılmış, respublikada müasir elm olan kulturologiyanın fundamental bazası məhz burada formalaşmışdır.

Professor Timuçin Əfəndiyev diqqətə çatdırdı ki, bu konfransda müasir kulturologiyanın prioritet tədqiqat istiqamətlərindən olan innovasiya problemləri ön plana çəkilmişdir. Həmin problemlər çağdaş cəmiyyətin sosial-mədəni inkişafı fonunda nəzərdən keçirilir. Azərbaycan kimi Şərq və Qərb dəyərlərindən bəhrələnən, dinamik inkişaf edən ölkədə kulturoloji innovasiyaların məhz sosial-mədəni inkişaf kontekstində işıqlandırılması heç də təsadüfi deyildir. Ölkəmizdə böyük sosial-mədəni layihələr həyata keçirilir. Qədim və zəngin mədəniyyətə malik olan Azərbaycan bu gün dünya birliyi tərəfindən təqdir olunan, demokratik dəyərlərə istinad edən, güclü dövlətçilik ənənələrindən qaynaqlanan vətəndaş cəmiyyəti qurmuşdur. Bu cəmiyyətin ideya istiqamətləndiricisi isə ümummilli lider Heydər Əliyevin milli mənəvi dəyərlərə istinad edən müdrik fikirləri, dəyərli tövsiyələri və azərbaycançılıq fəlsəfəsidir.

Sözünə davam edən rektor bildirdi ki, Azərbaycanın təbii sərvətləri və imkanları kimi zəngin mənəvi irsi, yaratdığı böyük mədəniyyət də bu gün dünyanın diqqət mərkəzindədir. Bütün bunlar təməli ulu öndər Heydər Əliyev tərəfindən qurulmuş dövlət strategiyamızın məqsədyönlü, ardıcıl fəaliyyəti sayəsində mümkün olmuşdur. Bu gün Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasət həm də Azərbaycan mədəniyyəti və ictimai fikir tarixinin, mənəvi dəyərlərimizin dünya ölkələri arasında yayılmasına yardım edir. Professor bildirdi ki, yurdumuzun özü qədər qədim olan Qobustan abidələri, kökü minilliklərə gedib çıxan muğamlarımız, aşıq sənəti incilərimiz və digər bu kimi mədəni sərvətlərimizin hazırda dünya birliyinin diqqət mərkəzində olması sivilizasiyalararası dialoqda Azərbaycanın imza atdığı uğurlar cərgəsindədir. Bu uğurlar təkcə mədəni cəbhənin nailiyyətləri deyil, həm də böyük siyasi çəkiyə malikdir. Möhtəşəm festivalların, o cümlədən muğam festivallarının gerçəkləşdirilməsi bu siyasətin tərkib hissəsidir. Bu böyük missiyanın reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri vardır.

Milli Məclisin deputatı Mübariz Qurbanlı çıxışında konfransın olduqca aktual bir məsələyə həsr olunduğunu vurğulayaraq dinləniləcək 150-dən çox məruzənin hər birinin rəngarəngliyi və əhatə dairəsinin genişliyi ilə diqqəti cəlb etdiyini bildirdi. M.Qurbanlı qeyd etdi ki, Azərbaycan öz mədəniyyəti, incəsənəti, milli mənəvi dəyərləri ilə dünyada daha çox tanınmaqdadır. Bu istiqamətdə işlərin uğurla həyata keçirilməsində ölkə Prezidenti cənab İlham Əliyevin xidmətləri misilsizdir.

Sonra çıxış edən Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr fakültəsinin dekanı, professor İrina Silakova təmsil etdiyi ali məktəb haqqında ətraflı məlumat verdi. O, belə konfransların yetişməkdə olan gənc nəslin tərbiyəsində və cəmiyyətin inkişafında mühüm əhəmiyyət daşıdığını dedi: "Çalışmalıyıq ki, təmsil etdiyimiz ali təhsil müəssisələrinin məzunları, yəni XXI əsrin yaradıcıları həqiqət, xeyirxahlıq, gözəllik və məhəbbət kimi mənəvi keyfiyyətlərin daşıyıcıları olsunlar. Bu baxımdan konfransda səslənən fikirlər bütünlükdə dünya ictimaiyyəti üçün çox önəmlidir".

Gürcüstanın İlya Universitetinin İncəsənət Tədqiqatları İnstitutunun direktoru, professor Levan Xetaquri konfransda aparılan fikir mübadilələrinin teatr təhsilində Boloniya prosesinin nəzəri və praktik məsələlərinin araşdırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini və belə bir tədbirdə iştirakından məmnun olduğunu bildirərək qeyd etdi ki, teatr sahəsində təhsil alanlar teatr irsini kifayət qədər yaxşı bilməlidirlər ki, yeni axtarışları da uğurla reallaşdırmağı bacarsınlar və mövcud sərhədi asanlıqla dəf etsinlər.

Tədbirdə "Visions of Azerbaijan" jurnalının redaktoru İan Piertin  çıxışı da çox maraqla qarşılandı: "Mən Bakıya 2000-ci ildə gəlmişəm. Buraya gələndə vaxtilə dünyada neftin yarısını hasil edən və İkinci Dünya müharibəsində cəbhəni yanacaqla təmin edən bir ölkənin paytaxtı haqqında heç vaxt eşitməmişdim. Həmin  vaxt bu ölkənin mədəniyyəti - Nizami, Füzuli, Üzeyir Hacıbəyli, Vaqif Mustafazadə, Tahir Salahov kimi korifey sənətkarlar və muğam mənə tamamilə yad idi. Hətta 1966-cı ildə Londonda keçirilən futbol üzrə dünya çempionatının finalında məşhur mübahisəli qolu tərəddüd etmədən qeydə alan Tofiq Bəhramov da o vaxtlar "rus yan xətt hakimi" kimi təqdim edilmişdi. Az vaxtdan sonra dərk etdim ki, Azərbaycan möhtəşəm bir ölkədir. Bu ölkə məni həmişə maraqlandırır, Azərbaycan öz təbii sərvətlərinə görə Qərb üçün daha vacib olduqca Avropada insanlar onun mövcudluğu haqqında getdikcə daha çox eşidirlər. İndi bir çox ingilis futbolsevərlər Tofiq Bəhramovun rus olmadığını bilirlər".

Professorlar Niyazi Mehdi, Əlikram Tağıyev,  İlqar Hüseynov, Sakit Hüseynov, Çingiz Abdullayev və başqaları çıxışlarında müzakirə olunan mövzunun aktuallığından bəhs edərək müasir bəşəriyyətin inkişafını xalqlararası mədəni mübadiləsiz təsəvvür etməyin çətin olduğunu vurğuladılar.

Plenar iclasa yekun vuran ADMİU-nun rektoru, professor Timuçin Əfəndiyev iki gün ərzində işini "Qloballaşma və mədəniyyətlərarası dialoq", "Mədəniyyət və şəxsiyyət", "Modernləşmə və dünya dinləri", "Kulturologiyaonun aktual problemləri" bölmələrində davam etdirəcək konfransda kulturologiya elminin ayrı-ayrı məsələləri ilə bağlı maraqlı fikirlərin səslənəcəyinə əmin olduğunu bildirdi və konfransın işinə uğurlar arzuladı.

 

 

Hicran ƏKBƏROVA

 

Azərbaycan müəllimi.- 2012.- 28 dekabr.- S.3.