Bağça-Məktəb-Lisey
Kompleksində həmrəylik
günü qeyd olundu
Azərbaycan Respublikası müstəqillik
qazandıqdan sonra əldə etdiyimiz ən böyük
uğurlardan biri və xaricdə yaşayan
soydaşlarımızın və həmvətənlərimizin
ölkəmizlə əlaqələrinin daha da möhkəmlənməsi,
dünya azərbaycanlıları arasında birliyə və həmrəyliyə
nail olmağımızdır. Xalqımızın birlik və
mütəşəkkilliyinin, milli təəssübkeşlik
və Vətənə sədaqətinin rəmzi olan 31 dekabr -
Dünya Azərbaycanlılarının Həmrəylik
Günü soydaşlarımız tərəfindən əlamətdar
bir tarix kimi qeyd edilir.
Planetin müxtəlif şəhərlərinə
səpələnmiş azərbaycanlıların milli vəhdət
günü - həmrəylik günü münasibətilə
təhsil müəssisələrində keçirilən rəngarəng
tədbirlərdən biri də dekabrın 27-də Bakı
şəhər Bağça-Məktəb-Lisey Kompleksinin X
"ç" sinfində oldu.
Təhsil müəssisəsinin direktoru
Qafar Hüseynov, fənn müəllimləri və valideynlərin
iştirak etdiyi "Gücümüz həmrəylikdədir" adlı tədbir musiqisi Tahir Əkbərə,
sözləri Hilal Həsənoğluna aid "Həmrəylik
himni"nin oxunması ilə başladı.
X "ç" sinfinin rəhbəri,
direktorun təlim-tərbiyə işləri üzrə
müavini Natəvan Heydərova bu günün yaranması zərurəti
və qeyd olunması ilə bağlı məlumat verərək
bildirdi ki, bu əziz bayram dünyadakı bütün
soydaşlarımızın qəlbini Vətən hərarəti
ilə isidir və müstəqil Azərbaycan dövlətinə
məhəbbət hissi aşılayır. Bu gün dünyada
50 milyona yaxın azərbaycanlı yaşayır. Azərbaycanın
qərib ellərdə məskunlaşan övladları sərhədsiz
dünyamızın harasında olursa-olsun, yenə Vətən
deyir. Vətən onun müqəddəs adını
dünyada tanıdan övladlarının əməllərində
yaşayır. Təbii ki, Azərbaycanın gələcək
inkişafı dünyanın müxtəlif ölkələrində
yaşayan hər bir azərbaycanlının
qazandığı uğurlardan da çox asılıdır.
Elə buna görə də hansı ölkədə
yaşamalarından asılı olmayaraq həmvətənlərimiz
dövlət müstəqilliyimizin qorunub möhkəmlənməsi
barədə düşünməli və bunun
üçün əllərindən gələni etməlidirlər.
Sonra onuncular şeirlər, mahnılar və
rəqslərdən ibarət maraqlı bədii proqramla
çıxış etdilər. Nihat Heydərov, Cavid Fərzəliyev,
Sevinc Cəfərova, Murad Qurbanov, İlkin Əzizli, Həsən
Vəliyev, Fatimə Əmirli, Əziz Zamanlı, Güldanə
Mustafayeva, Sevinc Salayeva və başqaları Ramiz Abdullayevin
"Ana yurdum", "Yaşasın bütöv Azərbaycan",
Nəriman Həsənzadənin "İstiqlal himni"
şeirlərini, eləcə də "Bu Vətən kimin",
"Anamızdır Azərbaycan", "Birləşsin əllərimiz",
"Azərbaycanım", "Ey Vətən" şeir və
mahnılarını ifa etdilər.
"Azərbaycanlılar və azərbaycançılıq"
adlı ədəbi-bədii kompozisiyanı təqdim edən
şagirdlərin çıxışlarında belə bir
fikir ifadə olundu ki, müstəqil Azərbaycan
Respublikası dünyada yaşayan bütün azərbaycanlılar
üçün doğma Vətəndir. Hansı ölkədə
yaşamasından asılı olmayaraq azərbaycanlılar
öz ana dillərini, dinlərini, milli adət və ənənələrini
heç zaman unutmamalıdırlar.
Hər bir azərbaycanlı fəxr etməlidir
ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə
malik Azərbaycan kimi Vətəni vardır. Hər bir azərbaycanlı
bilməlidir ki, onun arxasında Azərbaycan Respublikası kimi müstəqil bir dövlət
durur.
Sonra çıxış
üçün söz təhsil müəssisəsinin
direktoru Qafar Hüseynova verildi. Ümummilli liderimiz Heydər Əliyevin
dünyanın müxtəlif ölkələrində
yaşayan soydaşlarımızın azərbaycançılıq
ideyası ətrafında birləşdirilməsi və
güclü diasporamızın yaradılması siyasətini
hazırda ölkə başçısı cənab İlham
Əliyevin uğurla davam etdirdiyini deyən Q.Hüseynov tədbir
iştirakçılarını 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və qarşıdan gələn
Yeni il bayramı münasibətilə təbrik etdi, şagirdlərə
biliklərə dərindən yiyələnməklə dərslərində
böyük uğurlar qazanmağı arzuladı.
Bütün tədbir boyu
informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə
olundu.
Tədbirin sonunda X "ç"
sinfinin şagirdləri öz arzularını səsləndirdilər:
"Biz istəyirik ki, müxtəlif ölkələrdə
yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşlarının
hüquqlarına malik olsunlar. Ancaq heç vaxt öz milli
köklərini, milli mənsubiyyətlərini itirməsinlər.
Çünki bizim hamımızı birləşdirən
tarixi köklərimiz, milli mənəvi dəyərlərimiz,
milli mənsubiyyətimizdir - ədəbiyyatımız, incəsənətimiz,
musiqimizdir, xalqımıza mənsub olan adət-ənənələrimizdir".
Hicran
ƏKBƏROVA
Azərbaycan
müəllimi.- 2012.- 28 dekabr.- S.5.