Züleyxa İsmayıl qızı Hüseynova

 

Züleyxa İsmayıl qızı Hüseynova 1924-cü ildə Bakıda anadan olub.

Özünəməxsus ənənələri olan 132 nömrəli orta məktəbi bitirib. 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunun neft-mexanika fakültəsinə qəbul olunub, ali təhsilini başa vurduqdan sonra Yesman adına Energetika İnstitutunun aspiranturasında oxuyub.

1953-cü ildə namizədlik dissertasiyası müdafiə edib, sonrakı 6 il ərzində Azərbaycan SSR Elmlər Akademiyasında fəaliyyət göstərib. Daha sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin elm və tədris müəssisələri şöbəsinin müdir müavini təyin edilib.

Respublikada aliorta ixtisas təhsili müəssisələrini özündə birləşdirən AliOrta İxtisas Təhsili Nazirliyinin yaradılması üçün ardıcıl çalışan ziyalılardan biri olub. Dəfələrlə Moskvada SSRİ AliOrta İxtisas Təhsili Nazirliyinin rəhbərliyi ilə görüşərək müttəfiq respublikalarda müvafiq qurumun yaradılmasının zəruri olduğunu əsaslandırmağa çalışıb. Beləliklə, Nazirlər Soveti nəzdində AliOrta İxtisas Təhsili Komitəsi yaradılıb, o, komitə sədrinin müavini təyin olunub (1961), 1963-cü ildə isə komitənin sədri vəzifəsinə layiq görülüb.

1965-ci ilin iyulunda komitə Azərbaycan SSR AliOrta İxtisas Təhsili Nazirliyinə çevrilib, Züleyxa Hüseynova nazir təyin edilib. Onun nazir kimi fəaliyyəti dövründə respublikada ali təhsil şəbəkəsinin genişləndirilməsi, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində sanballı işlər görülüb. Belə ki, Azərbaycan NeftKimya İnstitutu nəzdində 4 yataqxananın, xarici tələbələr üçün tədris korpusunun inşası onun təşəbbüsü və köməyi ilə reallaşdırılıb. Ölkənin ikinci sənaye şəhəri olan Sumqayıtda Azərbaycan NeftKimya İnstitutunun filialı açılıb (həmin filialın bazası əsasında hazırda Sumqayıt Dövlət Universiteti fəaliyyət göstərir).

Kirovabad (indiki Gəncə) Texniki İnstitutu da onun təşəbbüsü ilə yaradılıb. Daim gənclərə qayğı göstərib, ali məktəblərə qəbul zamanı imtahanların şəffaf keçirilməsi ücün xüsusi nəzarət komissiyaları yaradıb. Onun müzakirə etdiyi məsələlər və çıxardığı qərarlar respublika rəhbərliyi tərəfindən həmişə bəyənilib və dəstəklənib.

1965-1970-ci illərdə aliorta ixtisas təhsili naziri vəzifəsində uğurla çalışan Züleyxa Hüseynova 1970-ci ildə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Həmkarlar İttifaqı Şurasının sədri vəzifəsinə seçilib.

1981-ci ildən təqaüdə çıxanadək Azərbaycan SSR Nazirlər Sovetində Elm, texnika və təhsil müəssisələri şöbəsinin müdiri olub. Bir çox elmi məqalə və metodik işləri nəşr olunub. "Avtomobillər və traktorlar" adlı orijinal ali məktəb dərsliyinin həmmüəlliflərindəndir.

Harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq Züleyxa Hüseynova zəhmətsevərliyi, ədalətliliyi və insani keyfiyyətləri ilə fərqlənib. İşlədiyi sahələrdə böyük zəhmət sərf edib, dəfələrlə nümayəndə heyətlərinin başçısı kimi bir sıra xarici ölkələrdə olub, Azərbaycanın maarif və təhsil nailiyyətlərini hər yerdə təbliğ edib. Təqaüdə çıxandan sonra Azərbaycan Texniki Universitetində daxiliyanma mühərrikləri kafedrasında məsləhətçi-professor işləyib.

SSRİ Ali Sovetinə (VII-X çağırış) deputat seçilib, Ali Sovetin daimi komissiyasının sədr müavini və sədri, AsiyaAfrika Ölkələri ilə Həmrəylik Komitəsi sədrinin müavini olub.

Züleyxa Hüseynovanın əməyi yüksək qiymətləndirilib. "Oktyabr inqilabı", "Qırmızı Əmək Bayrağı" ordenləri, bir sıra medal və fəxri fərmanlarla təltif edilib.

Züleyxa Hüseynova 1996-cı ilin mayında dünyasını dəyişib.

 

 

Azərbaycan müəllimi.- 2012.- 3 fevral.- S.6.