İbtidai sinif müəlliminin işində İnternet-bloqun rolu

 

Müasir məktəbin əsas vəzifəsi hər bir şagirdin bacarığını aşkar etmək, yüksək texnoloji, rəqabətli dünyaya hazır olan şəxsiyyət yetişdirməkdən ibarətdir. İnsan həyatının bütün sahələrində modernləşmə və innovasiya proseslərinin getdiyi XXI əsrdə yetişməkdə olan nəslin təlim və tərbiyəsi prosesində effektiv pedaqoji texnologiyalar xüsusi əhəmiyyət kəsb edir ki, bu olmadan Azərbaycan üçün rəqabətli cəmiyyətin qurulması, vətəndaşlarımızın layiqli həyatının təmin olunması kimi     strateji cəhətdən mühüm olan məsələlərin həlli mümkün deyil. İslahat proqramına əsasən ümumi təhsilin əsas inkişaf istiqamətlərindən biri də müəllim korpusunun təkmilləşdirilməsidir.  Müasir pedaqoji texnologiyalar içərisində informasiya-kommunikasiya texnologiyaları (İKT) xüsusi yer tutur. Bu da təsadüfi deyil. Kompüter həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. İKT-dən istifadə nəhəng informasiya axınına giriş, onun təhlili və qiymətləndirilməsi, dünya ilə ünsiyyət qurmaq, məsafədən təhsil almaq, iş təcrübələrinin mübadiləsi imkanı verir.

 

Hazırda İnternet-məkanın xeyli hissəsini bloqlar tutur. Onlar ayrı-ayrı insanların və sosial qrupların həm şəxsi, həm də professional məqsədlərlə qarşılıqlı münasibətində get-gedə daha fəal istifadə olunur. Buna görə də bloqlardan təhsil məqsədləri üçün istifadə etmək aktuallaşır. 

Son illərdə İnternet-bloqlara maraq və tələb çox artmışdır. Zənnimcə, yüksək səviyyəli kompüter biliyinə malik olan yeni nəsil valideynlər öz uşaqlarını bizim məktəblərə gətirirlər.

Bloq (blog - ingilis dilində) - əks-xronoloji qaydada tərtib olunmuş bir və ya bir neçə müəllifin gündəliyi, şəbəkə jurnalıdır.

Bloqların tarixi təxminən iki onilliyi əhatə edir: onların ilk nümunələri keçən əsrin 90-cı illərinin əvvəlində ABŞ-ın şəbəkə məkanında meydana gəlib. Təhsil bloqları həm də öz başlanğıcını ingilisdilli bloq-sferasından alır.

Yaradılma məqsədindən asılı olaraq bloqlar müxtəlif növ ola bilər: portfelio-bloq, sinif bloqu, layihə bloqu, tematik bloq, ictimai bloq (məsələn, bir TM və ya hər hansı proqram üzrə işləyən müəllim qrupunun) və s. 

 

* Təhsil bloqları müxtəlif olur, lakin onların hamısı ümumi çalarlara malikdir:

* Əks qaydalı qeydlər: yeni qeydlər yuxarıdan yazılır, bütün qalanlarını isə arxivdən əldə etmək mümkündür.

* Əks-əlaqənin olması: bloq oxucuların şərhlərinin və suallarının yerləşdirilməsini nəzərdə tutur (müəllifin qərarı ilə) və bu da bloqu foruma oxşadan bir şeyə çevirir.

* Bloqa qeydlər edən müəllif bir və ya bir neçə şəxs olur.

* Daimi başlıqlar: bloq struktur cəhətdən sonsuz lenti xatırladır, lakin bloqun daxilində şərh olunan hər bir məlumatın öz ünvanı vardır.

 

 Bloqların hesabına pedaqoqun yeni geniş imkanları yaranır. Hər şeydən öncə bu, məlumatın yerləşdirilməsi, axtarışı və operativ mübadiləsi üçün münasib yollardan biridir. Eyni fikirlilərlə ünsiyyət də böyük rol oynayır, lakin müxtəlif suallara birgə cavab axtarışı meydana gələn problemləri daha effektiv həll etməyə şərait yaradır.

Şəxsi bloqdan özünü nümayiş etdirmək üçün istifadə etmək olar. Portfolio bloqu pedaqoqun elektron portfoliosunun münasib formalarından biridir ki, bunun da olmağı bu gün zamanın tələbidir və müəllimin informasiya səlahiyyətinin yüksək səviyyəsini təsdiq edir.

Bundan başqa, bloqun yaradılması və idarə olunması özünürealizə və özünüinkişaf üçün stimul rolunu oynaya bilər, belə ki, bu, pedaqoqa ən yeni informasiya və texniki imkanları mənimsəmək, standart məsələ və problemlərin qeyri-standart həllərini axtarıb tapmaq kimi geniş imkanlar yaradır.

Nəhayət, şəxsi professional bloq müəllimə böyük üstünlüklərə malik olan təhsilin təşkilinin yeni prinsipial alətini verir.

Müəllimin professional fəaliyyətində bloqun yaratdığı imkanlardan bir neçəsini qeyd edək.

Birincisi, bloq müəllimə problemli məsələlərin daha çox əhəmiyyət kəsb edən hissələrinə diqqəti yönəldərək "özünəməxsus" tədris prosesini təşkil etmək imkanı verir.

İkincisi, təhsil bloqunun köməyi ilə məktəblilər təlimatlanaraq təkcə fənn bilikləri deyil, eləcə də müasir texniki vasitələrlə işləmək, ilk növbədə, İnternetdə informasiya axtarışı və onun effektiv işlənməsi biliklərini əldə edirlər.

Üçüncüsü, bloq tədris prosesini fərdiləşdirməyə imkan verir, onun "şəffaflığı" isə tapşırığın yerinə yetirilməsinə şagirdin yaradıcı yanaşmasına şərait yaradır, belə ki, burada köçürmə praktik olaraq mümkün deyil, heç maraqlı da deyil. Eyni zamanda çətinlik keçirən şagird onun yoldaşlarının tapşırığı necə yerinə yetirməsinə həmişə baxa, ona kömək olunmasını xahiş edə və bunu operativ olaraq ala bilər.

Dördüncüsü, tədrisdə bloqdan istifadə etmək istənilən məsələnin açıq müzakirəsi və kollektiv qərarın qəbul olunmasının təşkil edilməsi yolu ilə şagirdlərdə sosial və kommunikativ səlahiyyətlərin daha effektiv formalaşmasına imkan verir. Beləliklə, real həyati situasiya meydana gəlir ki, ənənəvi sinif-dərs sistemində bunu etmək süni alınır və bu "uduzmaq" deməkdir.

Artıq iki ildir ki, Təhsil Nazirliyi bir-birinin ardınca "Elektron təhsil"in respublika müsabiqəsini keçirir. Müsabiqə iki istiqamət üzrə təşkil olunmuşdur: "Təhsildə İnternet texnologiyalar" və "Müasir məktəbdə elektron təhsil resursları".

Müsabiqənin əsas məqsədi elektron təhsil resurslarının və internet-texnologiyaların təhsil prosesində tətbiqinin populyarlaşdırılması, bu barədə təhsil sahəsində ictimaiyyətin məlumatlandırılması, İnternetdən təhsil məqsədləri üçün istifadə olunmasının yeni formalarının aşkar edilməsi, eləcə də tədris prosesində informasiya texnologiyalarını aktiv tətbiq edən müəllimlərə stimul verilməsindən ibarətdir.

Müsabiqənin keçirildiyi ilk il mən yalnız PowerPoint və MimoStudio proqramlarının bazasında yaradılan təqdimatlarla iştirak etdim. Müsabiqədə iştirak edən müəllimlərin bloqları ilə maraqlanaraq və öz sinif şagirdlərimdən ilhamlanaraq mən öz bloqumu açmaq qərarına gəldim.

Bloqlar yaradarkən müəllimlər həm onların özü, həm də digər iştirakçılar və onların bloqunu oxuyanlar üçün hansı əlavə imkanların açdıqlarını təsəvvür etmirlər. Məndə də bu cür baş verdi.

O zaman mən bloqlar haqqında çox məhdud təsəvvürə malik idim. Lakin biz valideynlərlə telefon zəngindən daha tez və münasib olan informasiya mübadiləsinə girmək imkanına malik olmaq istəyirdik. Beləliklə, bir il öncə mənim sinfimin www.bloqspot.com saytında "2F" adlı öz bloqu yarandı.

Öz veb-gündəliyimi aparan zaman mənə məlum oldu ki, İnternet şəbəkəsinin müxtəlif saytlarında artıq çoxlu sayda professional müəllim bloqları mövcuddur. Şəxsi bloqunun yaradılmasının müəllimə hansı geniş imkanlar verə bilməsi artıq mənə aydın oldu.

Bir ay ərzində mən öz bloqumu yaradaraq Respublika "Elektron təhsil" müsabiqəsində qalib oldum (3-cü yer).

Tezliklə bloqun müəllifi olmağımın bir illiyi tamam olacaq və keçən dövrün yekunlarını nəzərdən keçirə, bloqun mənə nələr verdiyini təhlil edə biləcəyəm.

Birincisi, mən fərdi kompüterlə işləməklə yeni biliklər əldə etdim, yeni kompüter proqramlarını mənimsədim (məsələn, İnternet şəbəkəsində slayd-şou, video və audiomateriaların, sorğuların, qurulma təqvimlərin yaradılması və dərc olunması).

Bloqun iştirakçıları və valideynlər arasından onun müəlliflərini artırmaq, onları kompüterdə və bloqda işləməyə cəlb etmək və öyrətmək mənə müyəssər oldu.

Sinfin bloqu - sinfin yenilikləri və nailiyyətlərinin əks olunduğu özünəməxsus qəzetdir. Burada müəllimlərdən başqa şagirdlər də müəllif rolunda çıxış edir. Sinif bloqu nəyə lazımdır?

Birincisi, bu, keçmişdə və gələcəkdə baş verənlər haqqında valideynləri məlumatlandırmaqdır. Bundan başqa uşaqların şəbəkə daxilində işləməsi, onların savadının artması, yazılı nitqin inkişafı, eyni fikirlilərin tapılması baş verir.

İkincisi, bloq mənə şagirdlərin valideynlərindən əks-ünsiyyət almaqda kömək edir. İndi artıq mən istənilən vaxt çox işləyən, mənimlə şəxsən görüşmək və ya zəngləşmək istəyən, lakin buna imkanı olmayan valideynlərlə əlaqə yaratmaq imkanına malikəm.      

Üçüncüsü, mən bloqqerlərin müəllim ictimaiyyətinin xəbərləri ilə maraqlanaraq, dünyagörüşümü genişləndirirəm, Azərbaycanın müxtəlif guşələrindən olan həmkarlarımın nailiyyətlərini bilir və şərhlərimi əlavə edirəm. Beləliklə, mənim professional inkişafım və özünütədrisim baş verir.

İnternet-gündəliyin yaradılma məqsədi toplanmış təcrübənin ümumiləşdirilməsi və yayılmasına hazır olan məsləkdaşların aşkar olunması olmuşdur. Müəllimin materialları "Yarlıklar" bölməsində sistemləşdirilmişdir. Müəllimlər, iştirakçılar, sinif rəhbərləri üçün faydalı başlıqlar mövcuddur. Bloqda  "Qonaq kitabçası" yerləşdirilmişdir ki, oraya daxil olanlar öz rəylərini, arzularını, onun təkmilləşdirilməsi üçün məsləhətlərini qeyd edə bilərlər. Mənim daimi oxucusu olduğum bloqların siyahısı göstərilmişdir. Burada avtomatik olaraq yeni məlumatlar əks olunur. Bu, təhsil dünyasında baş verən yeniliklərdən operativ xəbər tutmaq, həmkarların yeni işləri ilə, maraqlı saytlar və bloqlarla tanış olmaq imkanı verir. Beləliklə, fərdi metodiki səviyyəni fasiləsiz inkişaf etdirmək imkanı vardır. Bloq - həm də özünəməxsus bir reklamdır.

Öz bloqumla işləyərək mən İKT sahəsində biliklərimi fasiləsiz olaraq təkmilləşdirir və bunu bölüşürəm ki, bu da yeni dövlət təhsil standartının tələblərinə cavab verir.

Ümidvar olmaq istərdim ki, bu məqaləni oxuduqdan sonra həmkarlarımdan hər hansı biri mənim təcrübəmlə maraqlanacaq və onda öz bloqunu yaratmaq arzusu oyanacaqdır. Buna misal olaraq mən artıq öz həmkarlarımı buna cəlb edə bilmişəm. Belə ki, bu təhsil ilində iki sinfin də öz bloqu yaradıldı.

Veb-gündəliyin aparılma məqsədləri müxtəlif ola bilər, əsas olanı budur ki, onlardan ən əhəmiyyətlisini sınaya və tapa biləsən.

Mən bloqda nə yerləşdirirəm:

 

* Fənlər üzrə test və tapşırıqlar;

* Dərslərin plan-konspektləri;

* Dərslərin təqdimatları;

* Oxu üçün bədii əsərlərin siyahısını;

* Bizim məktəb tədbirlərinə, bayramlara, ekskursiya səfərlərinə həsr olunmuş fotoşəkilləri, slayd-şouları;

* Faydalı şəbəkə resurslarına başlıqlar;

* Gələcəkdə sinfimiz və bütün məktəb üçün əlamətdar olan mühüm hadisələrə dair elanlar;

* Öz uşaqlarının təhsili ilə maraqlanan valideynlərə faydalı məsləhətlər;

* İnternet şəbəkəsində tapdığım maraqlı video-çarxlar və təqdimatlar. 

 

Mənim məqsədim öz müəllim bloqumu "sinif bloqu" adlı bloqa, yəni sinfin bloquna çevirməkdən ibarətdir. İstəyirəm ki, onun yaradılması və idarə olunmasında mənim rəhbərliyim altında uşaqlar da iştirak etsinlər.

İndi mən öz üçüncü sinif şagirdlərimi bloqda işə cəlb etməyə başlayıram, onlar öz qeydlərini, idman yarışlarına dair reportajları, məktəb tədbirlərinə dair mülahizələri, öz yaradıcılıq işlərini, elmi tədqiqat layihələrinin təqdimatlarını dərc etməyə çalışırlar. Bu cür iş uşaqların xoşuna gəlir, onlar mənim ortaq müəllifim olmaq arzusu ilə yaşayırlar.

Gələcəkdə uşaqların öz İnternet-gündəliklərinin yaradılmasında onlara yardım nəzərdən keçirilir. Müəllim bloqu meydana gəlir, sonra isə şagird bloqu yaranır, müəllim şəbəkədə kommunikativ davranış normasını müəyyən edir. Bu cür bloqlar - müasir təhsil məkanının elementləri hesab olunur ki, burada bərabərhüquqlu iştirakçılar - müəllimlər və şagirdlər təşəkkül tapır.

Təhsil bloqlarından necə istifadə etmək olar?

1. Bloqda xəbərlər, multimedia təqdimatları, videolar, veb-resurslara dair başlıqlar və bir çox digər elementləri yerləşdirmək olar. Yerləşdirilmiş materiallara giriş şagirdlər üçün həm məktəbdə, həm də evdə mümkün olacaqdır. Parolların istifadəsi zəruri şəraitdə bloqa məhdud girişi və onun məxsusluğunun təmin olunmasına kömək edəcək.

2. Bloq onlayn-müzakirənin təşkil olunmasına imkan verir. Materialların şərhi şagirdlərə təlim müzakirəsinin iştirakçısı olmaq imkanı verir və onlarda İnternet məkanında ünsiyyət üçün müasir insana zəruri olan kommunikativ bacarıqların formalaşmasına şərait yaradır.

3. Bloqun köməyi ilə şagirdlər öz dərslərini yarada və dəyişə bilərlər. Müasir informasiya texnologiyaları vasitələrinin hesabına şagirdlər veb-məkanda şəxsi qeydlərinin müəllifi və redaktorları ola bilərlər. Beləliklə dövri analoqlar, məsələn, sinif divar qəzetləri yaradıla bilər.

4. Şəxsi bloqun köməyi ilə dərslərin planlaşdırılmasının qaçılmaz prosesini əsl yaradıcılığa çevirmək olar. Müzakirə üçün açıq olan dərs planı, mövzu üzərində iş, dərsə aid materialların axtarılmasında şagirdlərə yardım və dəstək, refleksiya - bütün bunlar sözsüz ki, təhsil prosesinin iştirakçılarının fərdi inkişafında mühüm mərhələyə çevrilə bilər.

5. Bloq şagirdin gündəliyində qeyd olunmuş elanı əvəz edərək həm məktəblilər, həm də onların valideynləri üçün özünəməxsus elektron elan lövhəsi rolunu oynaya bilər. Eyni zamanda operativ əks-ünsiyyət yaratmaq imkanı yaranır.

6. Bloq əsasında mükəmməl, çoxfunksiyalı veb-sayt yaratmaq olar ki, bunun yaradılmasında da teqlərdən (yarlıklardan), müxtəlif materialların arxivləşdirilməsi və nizamlanmasından, eləcə də multimedia imkanlarından istifadə etmək mümkündür. 

Beləliklə, belə bir nəticə çıxarmaq olar: təhsil bloqu - müasir müəllimin və iştirakçıların fəaliyyətlərinin ayrılmaz və mühüm hissəsidir.

Əziz həmkarlarım, yenini sınaqdan keçirin, tanıyın, təkmilləşin!

Sizə bloq yaratmaqda müvəffəqiyyətlər arzulayıram!       

 

 

Afaq EYUBOVA

 

Azərbaycan müəllimi.- 2012.- 3 fevral.- S.7.