Ümumtəhsil məktəblərində
sağlam həyat tərzinin formalaşdırılması
üzrə respublika konfransı
Yanvarın 31-də "Ambasador"
otelində Azərbaycan Respublikası Təhsil Nazirliyi və
QİÇS, Vərəm və Malyariya üzrə Qlobal
Fondun birgə təşkilatçılığı ilə
ölkənin ümumtəhsil məktəblərində
İİV/QİÇS-in profilaktikası və sağlam həyat
tərzinin formalaşdırılması üzrə respublika
konfransı keçirilib. Təbbirdə
Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və
kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli
Qədirov, Tərbiyə və məktəbdənkənar
müəssisələr şöbəsinin müdiri
Ağababa İbrahimov, Milli Məclisin deputatı Məlahət
İbrahimqızı, Təhsil Problemləri İnstitutunun
direktoru Abdulla Mehrabov, Azərbaycanda Qlobal Fondun, Bakı Şəhəri
üzrə Təhsil İdarəsi, şəhər və
rayon təhsil şöbələri, Respublika QİÇS-lə
Mübarizə Mərkəzi, Nəsimi Rayon İcra hakimiyyəti,
YUNİSEF, BMT, QHT nümayəndələri, orta məktəb
müəllimləri, media təmsilçiləri
iştirak edirdi.
Tədbiri açaraq qonaqları təqdim
edən Təhsil Nazirliyinin şöbə müdiri, "Azərbaycanda
İİV/QİÇS-ə qarşı cavab tədbirlərinin
gücləndirilməsi" layihəsinin milli əlaqələndiricisi
Fərzəli Qədirov qeyd etdi ki, Qlobal Fondla birgə həyata
keçirilən layihə təhsil sahəsində
reallaşdırılan ən
unikal layihələrdən biridir. Bu layihə ümumi təhsilin
bütün pillələrini əhatə edir. I sinifdən XI
sinfə qədər tətbiq olunur. Layihənin ikinci
mühüm fərqli cəhəti barədə danışan
natiq bildirdi ki, layihənin hər bir sinif üzrə öz
proqramı, hər təhsil pilləsi
üzrə vəsaiti, dərslikləri vardır ki, bu da
çox əlamətdardır. Daha bir əhəmiyyətli cəhət
isə layihənin inteqrativliyidir.
Onun sözlərinə görə, sənəddə məzmun insan üçün
lazım olan bütün həyati bacarıqları
özündə əks etdirir.
Bu isə o deməkdir ki, prosesdə iştirak edən hər bir
şagird sonda həyati bacarıqlara malik olmaq imkanı əldə
edir ki, təhsilin də əsas məqsədi budur.
Layihənin tarixi barədə məlumat
verən Fərzəli Qədirov diqqətə
çatdırdı ki, Azərbaycan 2005-ci ildən fəal
şəkildə bu layihəyə qoşulub. Bu günə qədər
həyati bacarıqlara əsaslanan təlim kursunu tədris edən
10 mindən artıq müəllimin
hazırlandığını deyən natiq bunun layihənin ən qabarıq
nailiyyətlərindən biri olduğunu bildirdi. Layihənin əhəmiyyətindən
danışan F.Qədirov qeyd etdi ki, bizim şagirdlərimiz zəruri vərdişlərə
yiyələnməklə
yanaşı, eyni zamanda bir çox zərərli vərdişlərdən,
bir çox lazım olmayan davranış nümunələrindən,
qaydalarından təcrid olunurlar. Onlar əsl şəxsiyyət
kimi formalaşır, digər uşaqlar üçün
nümunə göstərirlər.
Daha sonra çıxış edən
"Azərbaycanda İİV/QİÇS-ə qarşı
cavab tədbirlərinin gücləndirilməsi" layihəsinin
əlaqələndirmə qrupunun rəhbəri Aysel Hacızadə
bəhs olunan layihənin həyata keçirilməsi tarixindən
danışdı.
Azərbaycanda Qlobal Fondun İİV-lə
mübarizə proqramının nümayəndəsi Soltan Məmmədov
çıxışında Təhsil və Səhiyyə
nazirliklərinin birgə əməkdaşlığının
nəticəsi olaraq həyati bacarıqlara əsaslanan təlim
kursunun Qlobal Fondun hazırladığı hesabatda xüsusi
yer tutduğunu bildirdi. Kursun uğurlu tətbiqi Qlobal Fondun
regionumuzda ən uğurlu layihələrinin siyahısına
daxil edilib. Təlim kursunun I-IV siniflərdə dərslik,
yuxarı siniflərdə fakültativ fənn kimi tətbiq
olunduğunu deyən natiq bu prosesin davamlı olduğunu və
bu işdə Təhsil Nazirliyinin böyük rolu olduğunu əlavə
etdi.
Daha sonra çıxış edən
YUNİSEF-in nümayəndəsi Natiq Umarov təmsil etdiyi
qurumun texniki dəstəyi ilə həyata keçirilən həyati
bacarıqlara əsaslanan təlim kursunun
reallaşdırılmasının uğurlu nəticələrindən
söz açaraq zəruriliyindən bəhs etdi.
Tədbiri son 6 il ərzində
görülmüş işlərin bir növ hesabatı kimi
qiymətləndirən QİÇS-lə Mübarizə Mərkəzinin
nümayəndəsi Dilşad Mahmudova Təhsil Nazirliyi və
Qlobal Fondun birgə həyata keçirdiyi layihənin əhəmiyyətindən
danışaraq son 30 il ərzində bütün
dünyanın diqqətində olan QİÇS-lə
mübarizə məsələsinin aktual olduğunu
vurğuladı.
Sonra konfrans öz işini bölmələr
üzrə davam etdirdi. Bölmələrdə həyati
bacarıqlara əsaslanan təlim
kursunun həyata keçirilməsi və bu prosesdə üzə
çıxan çətinliklər müzakirə olundu.
Oruc MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2012.- 3 fevral.- S.3.