Müəllimlərin
işə qəbulu üzrə müsabiqənin nəticələri
barədə
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 03.12.2011-ci il
tarixli kollegiya
iclasında 2011-2012-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində
vakant yerlərə müəllimlərin
işə qəbulu üzrə müsabiqənin nəticələri
geniş müzakirə olunmuş,
son iki ildə bu sahədə yeni
qaydaların tətbiqinə başlanması bildirilmişdir. Qeyd edilmişdir ki,
yerli təhsili idarəetmə orqanları
və ümumi təhsil müəssisələri
tərəfindən ciddi ehtiyac
olmadan müəllimlərin işə qəbul
edilməsi, bir stavkadan
az dərs yükü
ilə işləyən müəllimlərin sayının
artması, müəllim-şagird nisbətinin ilbəil aşağı
düşməsi, saxta, qeyri-qanuni
fəaliyyət göstərmiş təhsil müəssisələrinin
verdiyi təhsil sənədləri ilə
müəllimlərin işə qəbul edilməsi bu prosesdə yeni qaydaların tətbiqini zəruri edən
əsas səbəblərdir.
Müəllimlərin işə
qəbulu sahəsində qeyd olunan nöqsanların aradan
qaldırılması, müasir
texnologiyaların tətbiqi ilə keyfiyyətli kadr seçiminin, bu sahədə obyektivlik və
şəffaflığın təmin edilməsi məqsədilə
Azərbaycan Respublikası Təhsil Nazirliyi
ilə ULTRA şirkəti arasında müqavilə
bağlanmış, müəllimlərin işə
qəbulu prosesi üçün
proqram təminatı hazırlanmış
və 2010-cu ilin avqust-sentyabr
aylarında işə qəbul yeni qaydalarla həyata keçirilmişdir.
2011-ci ildən işə qəbul qaydaları və onun proqram təminatı daha da təkmilləşdirilmişdir.
Belə ki, müəllimlərin
işə qəbulu üzrə yeni
qaydaların əvvəlkindən üstünlükləri bu prosesdə elektron vasitələrin
tətbiqi, şəffaflıq və obyektivliyin
təmin olunması, işə qəbul üzrə test imtahanının sonunda
hər bir namizədə öz
nəticəsinin dərhal elan edilməsi,
qiymətləndirmədə insan amilinin olmaması, vakant yerlərə yerləşdirmənin proqram təminatı vasitəsilə
aparılması və həmin anda
müsabiqənin nəticələri barədə məlumatın
hər bir namizədin şəxsi elektron səhifəsinə göndərilməsi
ilə müəyyən edilir.
Müəllimlərin
işə qəbulu üzrə müsabiqə 3 mərhələdə
təşkil edilmişdir. Birinci mərhələdə elektron ərizələrin
qəbulu və namizədin göstəriciləri əsasında
ilkin qiymətləndirilməsi
aparılmışdır. İkinci mərhələdə
namizədlərlə kompüter
qarşısında test imtahanı keçirilmişdir. İmtahanda
hər bir namizədə öz
ixtisası üzrə məktəb proqramı əsasında tərtib edilmiş 25 sual, ümumi metodikadan 5 sual, məntiqdən
5 sual olmaqla,
ümumilikdə 35 test
tapşırığı verilmiş və
onların cavablandırılmasına 60 dəqiqə vaxt ayrılmışdır. Üçüncü
mərhələdə isə müsabiqədən keçərək
işə qəbul olunmuş müəllimlərlə
müsahibə aparılmışdır.
Müəllimlərin işə
qəbulu üzrə müsabiqənin yüksək səviyyədə
təşkili məqsədilə elektron ərizənin
doldurulması və imtahan prosesinin
ayrı-ayrı modulları üzrə müvafiq
təlimati sənədlər hazırlanmış, Təhsil Nazirliyinin rəsmi İnternet
saytında yerləşdirilmiş və "Azərbaycan
müəllimi" qəzetində dərc
edilmişdir. Eyni zamanda, işə qəbul üzrə
müsabiqə prosesində obyektivlik və
şəffaflığın təmin olunması üçün bütün
lazımi tədbirlər həyata keçirilmişdir.
Müsabiqənin imtahan və müsahibə
mərhələlərinin gedişi kameralar vasitəsilə lentə alınmışdır
və xüsusi texniki
qaydada saxlanılmışdır.
Ayrı-ayrı ixtisas üzrə
imtahanların gedişi və nəticələri
televiziya kanallarında, İnternet
səhifələrində, mətbuatda
işıqlandırılmışdır.
2011-2012-ci
tədris ilində ümumi təhsil
müəssisələrində
vakant olan 2177
müəllim yerinə işə qəbul üçün
9342 nəfər elektron ərizə vermiş namizədlərdən 8658 nəfərin
ərizəsi təsdiq olunaraq imtahana buraxılmışdır. Onlardan 6856 nəfəri 2011-cı ilin 26 iyul - 29 avqust tarixlərində keçirilmiş
test imtahanlarında iştirak
etmişdir.
Müəllimlərin
işə qəbulu üzrə müsabiqədə müvafiq keçid
balını toplayaraq müsahibəyə
buraxılmış 1216 nəfərdən 1038 nəfərinin
işə qəbul edilməsi barədə müsabiqə
komissiyası qərar qəbul etmişdir.
Müsabiqədə 9 mindən artıq müəllimin iştirak etməsinə, onların yalnız
11 faizinin işə qəbul olunmasına baxmayaraq, nəticələrdən şikayət
edən olmamışdır.
Müsabiqədən
sonra vakant qalan yerlər 2011-ci ilin sentyabr ayında nazirliyin
saytında yerləşdirilmiş və keçid
balını toplayan, lakin
işə qəbul olunmayan müsabiqə
iştirakçıları həmin yerlərə ərizə
vermişlər. Vakant yerlərə işə
qəbul üçün ümumilikdə
630 ərizə daxil olmuş,
eyni ixtisasdan ən
yüksək bal toplayandan
başlayaraq müvafiq
seçimə uyğun vakant
yerlərə yerləşdirmə aparılmışdır. Bu mərhələdə 193 nəfərin
işə qəbul edilməsi barədə müsabiqə
komissiyası qərar qəbul etmişdir.
Qeyd
etmək lazımdır ki, müəllimlərin
işə qəbulu üzrə müsabiqə və boş qalan yerlərə əlavə
yerləşdirmə başa
çatdıqdan sonra ayrı-ayrı fənlər
üzrə boş yerlər qalsa da, dərs ilinin başlanması ilə əlaqədar məktəblərin
sinif komplektlərinin
formalaşdırılması və bu
barədə rəsmi hesabatların təsdiqlənməsi, fənlər
üzrə dərs bölgüsünə müvafiq
dəyişikliklərin edilməsi əvvəlcə mövcud vakansiyaların dəyişilməsinə
gətirib çıxarmışdır. Vakansiyalarda dəyişikliklərin
edilməsinə digər bir səbəb də
"Ümumtəhsil məktəbinin nizamnaməsi"nə əsasən
cari dərs ilində siniflərdə şagird sayı normasının
artırılması, şagird yerdəyişməsi
ilə əlaqədar sinif komplektlərinin
bağlanması və ötən dərs ilinə nisbətən
şagirdlərin sayının azalması olmuşdur.
Eyni zamanda, yerli təhsili idarəetmə
orqanlarına ehtiyac olan
məktəblərə kadr
sıxlığı olan məktəblərdən
daxili yerdəyişmə vasitəsilə
müəllimlərin keçirilməsi səlahiyyəti verilmiş və onlar həmin
səlahiyyətə uyğun olaraq müraciətlər əsasında yerdəyişmələr
aparmışlar.
2011-2012-ci
tədris ili başlandıqdan sonra bəzi ümumtəhsil məktəblərində
yeni vakant yerlər də
yaranmışdır. Buna səbəb isə Əmək Məcəlləsinə
edilən dəyişikliklərə əsasən 65
yaşı tamam olmuş
müəllimlərin işdən azad
edilməsi, "Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən
edilməsi haqqında" Nazirlər Kabinetinin
24.11.2010-cu il tarixli,
215 nömrəli qərarına əsasən maksimum
dərs yükünün 24 saat müəyyənləşdirilməsi olmuşdur.
Qeyd
etmək lazımdır ki, 2011-2012-ci tədris
ilinin əvvəlində yaş
senzinə görə 10106 nəfər müəllim işdən
azad edilsə də, onların dərs yükü digər müəllimlər
arasında bölüşdürülmüş,
bu mümkün
olmadıqda isə vakant yer
kimi göstərilmiş
və işə qəbul üçün
müraciət olunmuşdur. Həmin vakant yerlərə yalnız işə qəbul
üzrə keçirilmiş müsabiqədə
iştirak edərək müvafiq
keçid balını toplamış ehtiyat kadrlar ərizə vermiş və komissiyanın qərarına uyğun olaraq işə qəbul
edilmişlər.
Məktəb
hesabatlarının təhlili göstərmişdir ki, ötən dərs ili
ilə müqayisədə ölkənin ümumtəhsil məktəblərində
sinif komplektlərinin sayı 2770,
şagirdlərin sayı 33071, müəllimlərin sayı isə
10 min nəfərədək
azalmışdır. Müəllimlərin
sayında azalma müəllim-şagird
nisbətinə də müsbət təsir etmiş,
bu nisbət ötən dərs ili ilə müqayisədə 0,2 artaraq 8,5 olmuşdur. Son 10 ildə ilk dəfə
olaraq müəllim-şagird nisbətinin artma tendensiyası müşahidə edilmişdir. Ötən dərs ilinə nisbətən
gündüz ümumtəhsil məktəblərində
şagirdlərin orta
sıxlığı 16,6-dan 16,8-ə yüksəlmişdir.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin lPedaqoji profilli ixtisaslar üzrə
ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi
təhsil müəssisələrində işə
başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər
və stimullaşdırıcı tədbirlərin müəyyən
edilməsi haqqında» 14 aprel 2010-cu il tarixli, 67 nömrəli Qərarına əsasən
kənd rayonlarında yerləşən ümumi
təhsil müəssisələrində əmək fəaliyyətinə
başlayan gənc mütəxəssislərə
3 il müddətində kommunal
xidmətlərini ödəmək üçün
ayda 40 manat məbləğində
kompensasiya verilməsi, yerli icra hakimiyyəti orqanları tərəfindən
bələdiyyələrlə birlikdə onların
yaşayış sahələrinə ehtiyaclarının
ödənilməsi, daimi məskunlaşmaq
üçün torpaq
sahələrinin ayrılmasına və ipoteka
kreditlərinin verilməsinə köməklik göstərilməsi,
rayon mərkəzlərindən 20 kilometrdən artıq məsafədə
yerləşən ümumi təhsil
müəssisələrində əmək fəaliyyətinə
başlayan müəllimlərin aylıq əməkhaqqına
3 il müddətində ayda
70 manat əlavə edilməsi, yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin
yaradılması məqsədilə əməkhaqqının
2 (iki) misli həcmində
birləfəlik yardımın ödənilməsi nəzərdə
tutulmuşdur. Nazirlər Kabinetinin həmin qərarına uyğun olaraq həvəsləndirmə
tədbirləri tətbiq olunan limit yerləri müəyyənləşdirilmiş
və Maliyyə Nazirliyinə təqdim edilmişdir.
2011-2012-ci tədris ilində ucqar kənd
məktəblərinə həvəsləndirmə tədbirləri
tətbiq olunmaqla 800 nəfər pedaqoji kadr göndərilməsi
nəzərdə tutulmuşdur.
Yerli
təhsili idarəetmə orqanlarının təqdim etdiyi vakant yerlərin təhlili
əsasında 2011-2012-ci tədris ilində kənd məktəblərində
vakant olan müəllim
yerlərindən 309-u rayon mərkəzindən
20 kilometrədək məsafədə yerləşən məktəblərdə,
391 yer isə rayon mərkəzindən
20 kilometrdən artıq məsafədə yerləşən
məktəblərdə olmuşdur. Nəzərdə
tutulan 800 yerdən 100-ü
Naxçıvan Muxtar Respublikasına
ayrılmışdır.
Müəllimlərin
işə qəbulu üzrə müsabiqə zamanı bir sıra problemlər də qeydə
alınmışdır. Bəzi namizədlər elektron ərizə dolduraraq
onu qeydiyyatdan
keçirməkdə çətinlik çəkmiş, bu da onların İnternetdən istifadə bacarıqlarının
kifayət qədər olmaması ilə bağlı olmuşdur. Namizədlərdən bəzilərinin
kompüterdən istifadə bacarıqlarının kifayət
qədər olmadığından imtahanda
çətinlik çəkdikləri müşahidə edilmişdir. Elektron ərizənin doldurulması zamanı bəzi namizədlərin
vakant yerləri düzgün
seçməməsi, ərizənin onların özü
tərəfindən deyil, kənar şəxs
tərəfindən doldurulması, bu səbəbdən
də "şəxsi kabinet"ə daxil
olmaq üçün
kod və parolun onlara məlum olmaması imtahan
prosesində əlavə gərginliklər
yaratmışdır. Yerli təhsili idarəetmə orqanlarının və ümumi təhsil müəssisələrinin
rəhbərləri tərəfindən yeni
işə qəbul olunmuş müəllimlərin
işə təyin edilməsi məsələsinin qəsdən
yubadılması hallarına yol verilmiş, işə qəbul olanlara
vakansiya barədə verilən məlumatda
göstərilmiş saatdan az dərs saatı verilmişdir.
Ucqar kənd
məktəblərinə işə qəbul olunan
müəllimlərə diqqət və qayğının
göstərilməməsi, yaşayış yeri
ilə təmin olunmaq və digər həvəsləndirmə
tədbirlərinin tətbiqi məsələlərinin həll
edilməsində yerli təhsili idarəetmə
orqanlarının və ümumi təhsil
müəssisələrinin rəhbərlərinin laqeydlik göstərməsi hallarına görə
nazirliyə şikayətlər daxil olmuşdur.
İşə
qəbul üzrə müsabiqənin tərkibinə Təhsil
Nazirliyinin və Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin əməkdaşları
daxil edilmiş, onlar üzərinə düşən təşkilati
və sənədləşdirmə məsələlərini
məsuliyyətlə yerinə yetirmişlər.
Nazirliyin
Təhsil Sisteminin
İnformasiyalaşdırması İdarəsində işə
qəbul prosesinin yüksək səviyyədə
həyata keçirilməsi üçün
lazımi şərait yaradılmış, zəruri texniki işlərin yerinə yetirilməsində
idarənin rəhbərliyi və əməkdaşları
yaxından köməklik göstərmişlər. Təhsil Nazirliyi ilə
bağlanmış müqavilə əsasında ULTRA şirkəti
tərəfindən imtahan prosesinə
mütəxəssis və texniki kömək
məqsədilə işçi qrupu yaradılmış və onlar
öz üzərlərinə düşən
vəzifəni layiqincə yerinə yetirmişlər.
2011-2012-ci
tədris ilində respublikanın ümumi
təhsil müəssisələrində vakant
olan yerlərə müəllimlərin
işə qəbulu üzrə müsabiqənin nəticələrinin
təhlili aşağıdakı vəzifələrin həyata
keçirilməsini zəruri edir:
1.
Müəllimlərin işə qəbulu üzrə
müsabiqələrin keçirilməsi məqsədilə müasir infrastruktura malik "Kadr Təminatı
və Təlim Mərkəzi" yaradılmalıdır.
2. Təhsil Problemləri İnstitutu
ilə birgə şagird kontingenti
az olan məktəblərin
kadr təminatının təhlil edilməsi
və qoşaixtisaslı müəllimlərin
hazırlanması üçün məqsədli
yenidənhazırlanma təhsilinin təşkilinə dair təkliflər hazırlanıb nazirliyə
təqdim edilməlidir.
3. Tələbat nəzərə alınmaqla qoşaixtisaslı müəllim kadrlarının
hazırlanması üçün ali təhsilin Maarif istiqaməti
üzrə ixtisas siyahısına əlavələr
edilməsinə dair təkliflər
hazırlanmalıdır.
4. Orta ixtisas təhsili bazasında az tələbat olan ixtisaslar üzrə
pedaqoji kadr
hazırlığının zəruri olub-olmamasının təhlilini
aparıb təkliflər hazırlanmalıdır.
5.
"Müəllimlərin işə qəbulu üzrə Qaydalar" qeydiyyatdan
keçirilmək üçün Ədliyyə
Nazirliyinə təqdim edilməlidir.
6. Müəllimlərin işə qəbulunun elektron proqram təminatı
təkmilləşdirilməlidir: ali və
orta ixtisas təhsili
müəssisələrini müsabiqə keçirilən ildə
bitirənlərin təhsil sənədləri haqqında məlumat
bazasının proqram təminatına daxil edilməlidir; müsabiqədə iştirak üçün
elektron ərizədəki "şəxsiyyət
vəsiqəsinin nömrəsi"nin Daxili
İşlər Nazirliyinin məlumat
bazasına qoşulmalıdır; proqram təminatına
daha iki modul-
"Müsabiqədən sonra vakant qalan yerlərə təkrar
elektron ərizə qəbulu modulu" və "Vakant
qalan yerlərə əlavə yerləşdirmə
modulu" əlavə edilməlidir.
Son iki
ildə respublikanın ümumtəhsil müəssisələrində
işləyən müəllimlərin təhsil sənədləri
Təhsil Nazirliyində ekspertizadan keçirilmişdir. Bu
istiqamətdə işlər ötən ilin
yay aylarında Zaqatala,
Balakən və Qax rayonlarında
başlanmışdır. Həmin vaxt nazirliyin komissiyası tərəfindən yerdə
aparılmış araşdırma zamanı qeyd
edilən rayonlarda 27 nəfərin saxta diplomla müəllim
işlədiyi müəyyən edilmişdir.
Saxta diplom əldə
etmiş şəxslərdən 1-i Qax, 2-si Balakən və 24-ü Zaqatala rayonunda aşkar olunmuşdur.
Eyni
zamanda diplomu mövcud qaydada Təhsil
Nazirliyində tanınmayan 39 nəfər Qax,
53 nəfər Balakən, 116 nəfər Zaqatala,
özəl ali məktəblərin
arayışları ilə 13 nəfər Balakən, 20 nəfər
Zaqatala, qanunsuz
(lisenziyası olmadan) fəaliyyət
göstərən ali və orta ixtisas müəssisələrinin
məzunlarından 2 nəfəri Balakən, 14 nəfəri Zaqatalada ümumi təhsil
müəssisələrində pedaqoji
işə qəbul edilmişdir.
Bundan sonra 10 məcburi köçkün
rayonunda da müəllimlərin
diplomları ekspertizadan keçirilmiş
və daha 51 saxta təhsil
sənədi ilə işləyən müəllim aşkar edilmişdir.
Müəyyən edilmiş faktlara hüquqi qiymət verilməsi üçün
sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna
göndərilmiş, həmin müəllimlərlə
bağlanmış əmək müqavilələri ləğv
olunmuş, hətta Zaqatala
Rayon Təhsil Şöbəsinin müdiri Tahir Məmmədov
tutduğu vəzifədən azad edilmişdir.
2011-ci
ilin may-avqust
aylarında respublikanın 25 rayonundan
müəllimlərin təhsil sənədləri nazirliyin müvafiq
komissiyası tərəfindən
araşdırılmışdır. Nəticədə
20 rayonda 92 müəllimin saxta
diplomla işlədiyi müəyyən edilmişdir. 25 rayonda isə
303 müəllimin diplomla deyil,
arayışla, qanunsuz fəaliyyət
göstərən təhsil müəssisələrinin verdiyi diplomlarla və ya xarici ölkələrdən
aldıqları, lakin qanunvericiliyə uyğun olaraq ekvivalentliyi müəyyən edilməmiş
diplomlarla işlədiyi aşkar
edilmişdir.
Saxta təhsil
sənədləri də hüquqi qiymət
verilməsi üçün Baş Prokurorluğa
göndərilmişdir. Bu məqsədlə
yerli təhsil idarəetmə
orqanlarına müvafiq məktub
hazırlanmış və həmin diplom
sahibləri ilə bağlanmış əmək müqavilələri
ləğv edilmişdir.
Bu proses
davam etdirilmiş və
2011-2012-ci dərs ilinin əvvəlində
daha 25 rayon və
şəhərin ümumtəhsil müəssisələrinin
pedaqoji işçilərinin təhsil sənədləri
də nazirlikdə ekspertizadan keçirilmişdir. Nəticədə
312 nəfərin saxta diplomla,
331 nəfərin özəl təhsil müəssisələrinin
arayışları, müxtəlif kursların vəsiqələri
ilə, diplomu mövcud
qaydada Təhsil Nazirliyində
tanınmamış və qanunsuz
(lisenziyası olmadan) fəaliyyət
göstərən təhsil müəssisələrinin verdiyi diplomlarla
işlədiyi müəyyən edilmişdir.
Beləliklə, Təhsil Nazirliyi tərəfindən indiyədək
keçirilən ekspertizanın yekunlarına görə saxta təhsil sənədləri ilə
işləyənlərin sayı 482 nəfər, qanunsuz fəaliyyət göstərən
müəssisələrin diplomları ilə işləyənlərin
sayı 260 nəfər,
leqallaşdırılmamış diplomla
işləyənlərin sayı 468 nəfər, özəl
təhsil müəssisələrinin arayışları ilə
işləyənlərin sayı 116 nəfər və
müxtəlif kursların vəsiqələri ilə işləyənlərin
sayı 54 nəfər olmuşdur.
Bu istiqamətdə işlər
Təhsil Nazirliyi tərəfindən davam etdirilməlidir. Eyni zamanda
saxta diplomla, habelə
qanunsuz (lisenziyası olmadan)
fəaliyyət göstərən təhsil müəssisələrinin
verdiyi diplomla müəllim
işləyənlərlə əmək müqaviləsinin ləğvi
barədə rayon (şəhər) təhsil
şöbələrinə (idarələrinə) müvafiq məktub göndərilməlidir.
Qeyd
olunanları nəzərə alaraq
ƏMR
EDİRƏM:
1.
2011-2012-ci tədris ilində respublikanın ümumi
təhsil müəssisələrində vakant
yerlərə müəllimlərin işə qəbulu
üzrə müsabiqənin nəticələrinə dair Təhsil Nazirliyinin
03.12.2011-ci il tarixli
kollegiyasının qərarı rəhbərlik və icra üçün qəbul
edilsin.
2.
Aparatın rəhbəri (İ.Pirməmmədov), Ali və orta ixtisas təhsili şöbəsi (İ.Mustafayev), Strateji təhlil,
planlaşdırma və kadrların idarə olunması
şöbəsi (F.Qədirov), Texniki
peşə təhsili şöbəsi (N.Məmmədov), Ümumi şöbə (X.Fərəcov):
2.1.
Müəllimlərin işə qəbulunda yeni mexanizmlərin tətbiqi məqsədilə
"Respublikanın ümumi təhsil, ilk peşə-ixtisas təhsili və orta ixtisas müəssisələrinə
müəllimlərin vakant yerlərə
işə qəbulu Qaydaları"nın işlənib
hazırlanmasını təmin etsinlər və qeydiyyatdan keçmək üçün
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim
etsinlər.
2.2.
Tələbat nəzərə alınmaqla qoşaixtisaslı
müəllim kadrlarının hazırlanması üçün ali təhsilin
Maarif istiqaməti üzrə ixtisas siyahısına əlavələr edilməsinə
dair təkliflər hazırlayıb təqdim
etsinlər.
2.3.
Orta ixtisas təhsili
bazasında az tələbat olan ixtisaslar üzrə pedaqoji kadr
hazırlığının zəruri olub-olmamasının təhlilini
aparsınlar və təkliflər hazırlayıb təqdim
etsinlər.
2.4.
Araşdırılma nəticəsində təsdiq
olunmuş faktlar əsasında
saxta diplomla, habelə
qanunsuz (lisenziyası olmadan)
fəaliyyət göstərən təhsil müəssisələrinin
verdiyi diplomla müəllim
işləyənlərlə əmək müqaviləsinin ləğvi
barədə rayon (şəhər) təhsil
şöbələrinə (idarələrinə)
və müvafiq təhsil müəssisələri
rəhbərlərinə məktub göndərilməsini təmin
etsinlər.
3. Pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrinin
rəhbərləri müəllimlərin işə qəbulu
üzrə yeni qaydalar
barədə məzunlara ətraflı məlumat verilməsini
və geniş izahat işi aparılmasını, həmçinin onlara diplomların vaxtında verilməsini təmin
etsinlər.
4. Yerli təhsili idarəetmə
orqanlarının və Təhsil Nazirliyinin
birbaşa tabeliyində olan
ümumi təhsil müəssisələrinin
rəhbərləri:
4.1.
Müəllimlərin işə qəbulunun nəticələri
barədə Təhsil Nazirliyinin
03.12.2011-ci il tarixli kollegiya qərarından və bu
əmrdən irəli gələn vəzifələrin yerinə
yetirilməsini və müvafiq izahat işlərinin aparılmasını təmin
etsinlər.
4.2.
Müəllimlər arasında dərs bölgüsünün Azərbaycan
Respublikası Nazirlər Kabinetinin "Təhsil
müəssisələrinin pedaqoji
işçilərinin dərs yükü
normalarının müəyyən edilməsi haqqında"
24.11.2010-cu il tarixli,
215 nömrəli Qərarına uyğun
aparılmasını təmin etsinlər.
4.3.
Hər tədris ili başa
çatdıqdan sonra 10 gün
ərzində vakant yerlər barədə
məlumatı müəyyənləşdirilmiş forma üzrə nazirliyin Strateji təhlil, planlaşdırma və
kadrların idarə olunması şöbəsinə təqdim
etsinlər.
4.4. Əlavə güzəştlər
və stimullaşdırıcı tədbirlər şamil olunmaqla kənd
yerlərindəki ümumi təhsil müəssisələrinə
işə qəbul olunmuş pedaqoji kadrlara Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
14.04.2010-cu il tarixli,
67 nömrəli qərarına uyğun həvəsləndirmə
tədbirlərinin tətbiqi ilə bağlı məsələləri
həll etsinlər.
4.5.
2011-2012-ci tədris ilində işə qəbul olunmuş müəllimlər haqqında və
hazırda ciddi ehtiyac
üzrə vakant yerlər haqqında məlumatları
hazırlayıb qısa müddətdə nazirliyə təqdim
etsinlər.
4.6.
Vaxtilə mövcud təlimati
sənədlərinin tələblərinə zidd
olaraq özəl təhsil müəssisələrinin
verdiyi arayışla işə qəbul edilmiş pedaqoji
kadrların müvafiq sənədlərinin
bir daha
araşdırılmasını, bu günədək
təhsil sənədi olmayanlarla əmək
müqaviləsinin ləğvini təmin etsinlər.
Ötən illər ərzində təhsil sənədi
almış bu kateqoriyadan
olan pedaqoji
işçilərin diplomlarını araşdırsınlar
və nazirliyə yazılı məlumat təqdim etsinlər.
4.7.
1992-ci ildən etibarən xarici ölkələrdə
ali təhsil almış şəxslərin
diplomlarının nostrifikasiya edilməsi
(ekvivalentliyinin tanınması) məqsədilə
mövcud qaydada müvafiq sənədlərin nazirliyə təqdim
olunması istiqamətində tədbirlər görsünlər.
4.8.
Müxtəlif kursların vəsiqələri ilə işləyən
şəxslərlə bağlanmış əmək
müqavilələrinin ləğvini təmin etsinlər.
5. Strateji təhlil, planlaşdırma və
kadrların idarə olunması şöbəsi (F.Qədirov):
5.1.
Hər il iyul
ayının 1-dək vakant yerlər barədə
məlumatların təhlilini aparsın, nazirliyin
rəsmi İnternet saytında və
"Azərbaycan müəllimi" qəzetində
elanların verilməsini, o cümlədən həvəsləndirmə tədbirləri
tətbiq olunan vakant
yerlərin elanda reqlamentlə müəyyənləşdirilmiş
qaydada göstərilməsini təşkil
etsin.
5.2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nomrəli qərarına
uyğun növbəti tədris ili üçün əlavə
güzəşt və stimullaşdırıcı tədbirlər
tətbiq olunan limit
yerlərini müəyyənləşdirsin və iyun ayının 15-dək Azərbaycan
Respublikası Maliyyə Nazirliyinə təqdim etsin.
5.3.
Müsabiqənin keçirilməsi üçün
müvafiq ixtisaslar
üzrə işçi qruplarının
yaradılmasını və "Test
bankı"nın hazırlanmasını təmin etsin.
5.4.
Müəllimlərin işə qəbulu üzrə
müsabiqələrin keçirilməsi məqsədilə müasir infrastruktura malik "Kadr Təminatı
və Təlim Mərkəzi"nin yaradılmasına dair təkliflər hazırlayıb təqdim etsin.
5.5.
Müəllimlərin işə qəbulunun elektron proqram təminatının
təkmilləşdirilməsi, o cümlədən
ali və orta ixtisas təhsili müəssisələrini
müsabiqə keçirilən ildə bitirənlərin təhsil
sənədləri haqqında məlumat bazasının proqram təminatına daxil
edilməsi, müsabiqədə iştirak üçün
elektron ərizədəki "şəxsiyyət
vəsiqəsinin nömrəsi"nin Daxili
İşlər Nazirliyinin məlumat
bazasına qoşulması, proqram təminatına
daha iki modulun -
"Müsabiqədən sonra vakant qalan yerlərə təkrar
elektron ərizə qəbulu" və
"Vakant qalan yerlərə
əlavə yerləşdirmə" modullarının əlavə
edilməsi üçün tədbirləri
həyata keçirsin.
5.6.
Təhsil Problemləri İnstitutu
ilə birgə şagird kontingenti
az olan məktəblərin
kadr təminatının təhlil edilməsi
və qoşaixtisaslı müəllimlərin
hazırlanması üçün məqsədli
yenidənhazırlanma təhsilinin təşkilinə dair təkliflər hazırlayıb təqdim etsin.
5.7.
Müəllimlərin işə qəbulunun tənzimlənməsi
ilə əlaqədar əmək qanunvericiliyindən və
işə qəbul üzrə mövcud qaydalardan irəli gələn tələblərə
ciddi riayət olunmasını yerli təhsili idarəetmə
orqanlarının və ümumi təhsil
müəssisələri rəhbərlərinin nəzərinə
çatdırılması istiqamətində tədbirlər görsün.
5.8.
Müəllimlərin müsabiqədənkənar işə
qəbuluna yol vermiş
yerli təhsili idarəetmə orqanları
və ümumi təhsil müəssisəsi
rəhbərləri barəsində ən ciddi
intizam tənbehi tədbirlərinin tətbiq
edilməsinə dair təkliflər versin.
6.
İctimaiyyətlə əlaqə şöbəsi
(B.Hüseynzadə) bu əmrin "Azərbaycan
müəllimi" qəzetində və "Təhsil xəbərləri"
məcmuəsində dərc olunmasını təmin etsin.
7. Əmrin
icrasına nəzarəti öz üzərimə
götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
30 yanvar 2012-ci il
Azərbaycan müəllimi.- 2012.- 3
fevral.- S.2.