"Azərbaycanın ali təhsil sisteminin tənzimlənməsi
üzrə mövcud qanunvericiliyin qiymətləndirilməsi"
mövzusunda seminar
Yanvarın 30-da Təhsil Nazirliyində
Avropa İttifaqının (Aİ) TAİEX proqramı çərçivəsində
"Azərbaycanın ali təhsil sisteminin tənzimlənməsi
üzrə mövcud qanunvericiliyin qiymətləndirilməsi"
mövzusunda seminarın açılış mərasimi
keçirildi.
Təhsil Nazirliyi, Avropa İttifaqı,
Bakı Dövlət Universitetinin təşkilatçılığı
ilə keçirilən seminarın açılış mərasimində
təhsil naziri Misir Mərdanov, Təhsil Nazirliyinin Ali
Attestasiya Komissiyasının, Azərbaycan Milli Elmlər
Akademiyasının, ali məktəblərin nümayəndələri
və Aİ-nin ekspertləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə
açan təhsil naziri Misir Mərdanov bildirdi ki, seminarın
məqsədi Azərbaycanın ali təhsil sisteminin Boloniya
sistemi standartlarına uyğunlaşdırılması
baxımından normativ-hüquqi sənədlərin
monitorinqinin aparılması və qiymətləndirilməsindən
ibarətdir. Avropa İttifaqı ekspertlərinin Avropa ölkələrinin
qabaqcıl təcrübəsi əsasında müvafiq istiqamətlərdə
Azərbaycandakı mövcud vəziyyətin müqayisəli
təhlilini aparacaqlarını nəzərə
çatdıran nazir seminarın ölkəmizdə ali təhsilin
inkişafına mühüm töhfələr verəcəyinə
əmin olduğunu söylədi.
Avropa İttifaqı ekspertlərinin Azərbaycanın
təhsil qanunvericiliyi ilə yaxından tanış
olduğunu bildirən Misir Mərdanov ölkəmizdə olan
ekspertlərin yüksək səviyyəli mütəxəssislər
olduğunu və onların imkanlarından maksimum
yararlanmağın vacibliyini qeyd etdi.
Seminarda çıxış edən
Avropa İttifaqının ekspertləri -
Təhsil Hüququ və Siyasəti
üzrə Avropa Assosiasiyasının prezidenti Jan De Groof, Ali
təhsil üzrə İsveç Milli Agentliyinin nümayəndəsi
Lennart Stahle,
Finlandiyanın Ali Təhsilin Qiymətləndirilməsi
Şurasının baş eksperti
Karl Holm, təhsil nazirinin müavini Qulu Novruzov
və Xəzər Universitetinin təsisçisi
Hamlet İsaxanlı beynəlxalq və Avropa təhsil sisteminə inteqrasiyanın əsas
prinsipləri, təhsil müəssisələrinin
akkreditasiyası qaydaları, ali təhsil
sahəsində təcrübə mübadiləsinin genişləndirilməsinin
vacibliyi, universitetlər üçün
reytinqlərin müəyyən edilməsi sisteminin
yaradılması, tələbələrin biliklərinin
qiymətləndirilməsi və digər məsələlər
barədə fikirlərini bildirdilər.
Niyazi
RƏHİMOV
Azərbaycan
müəllimi.- 2012.- 3 fevral.- S.3.