Cənubi Afrika Respublikasının təhsil
sistemi
Cənubi Afrika Respublikası
Ərazisi:
1, 22
milyon km²
Əhalisi: 48,7 milyon nəfər
Paytaxtı: Keyptaun, Pretoriya, Blumfonteyn
Dövlət dili: ingilis dili,
isizulu, isihosa, isindebel, sisvati,
afrikaans, sepedi, sesoso, setsvana, tşivenda
və xitsonqa
Pul vahidi: rand
Təhsil sistemi
Doqquz əyalətdən ibarət olan Cənubi Afrika
Respublikasının üç paytaxtı var. Ölkənin
icraedici, qanunvericilik və hüquq-mühafizə orqanları
üç paytaxtda yerləşir. Paytaxtlardan Pretoriyada
icraedici, Blumfonteyndə hüquq-mühafizə, Keyptaunda isə
qanunvericilik orqanları fəaliyyət göstərir.
1994-cü ilə qədər Cənubi Afrikanın təhsil
sistemi irqi ayrı-seçkilik siyasəti əsasında idarə
olunub. İrqi, etnik və dil qruplarına görə
müxtəlif məktəblər, kolleclər fəaliyyət
göstərib. Qara dərili insanlar Bantu məktəblərində,
hindlilər Hind təhsil sistemi əsasında təhsil
alıblar. Ağ dərili insanlar isə
xüsusi məktəblərdə oxuyublar. Bu fərqlilik məktəblərin maliyyələşdirilməsində,
idarə olunmasında və şagirdlər üçün
yaradılan tədris şəraitində də
özünü büruzə verirdi.
Təhsilin hansı dildə aparılması 1996-cı
ildə qəbul olunmuş Cənubi Afrika Respublikasının
Konstitusiyası əsasında tənzimlənir. Konstitusiya əsasında
11 dilə dövlət dili statusu verilib. Ölkə
təhsilinin idarə edilməsinə məsul olan Əsas Təhsil
Departamentinin 11 dövlət dili arasından ortaq təlim
dilinin seçilməsi ilə bağlı maraqlı tərəflərlə
apardığı müzakirələr hələ də tam həllini
tapmayıb.
1994-cü ildən
etibarən ölkədə təhsil islahatlarının
başlanılması dövrü kimi xarakterizə edilir.
İslahatlarda əsas prioritet məsələlərdən
biri də Cənubi Afrikada təhsil sistemində irqi
ayrı-seçkilik hallarına son qoymaq və hamı
üçün bərabər təhsil imkanlarının
yaradılmasından ibarətdir.
1996-cı ildə qəbul olunmuş "Məktəblər
haqqında" Qanuna görə, 6-15 yaşlı (I-IX siniflər)
uşaqlar üçün təhsil icbari xarakter
daşıyır. Ümumiyyətlə isə orta təhsil
dövrü ibtidai təhsilə hazırlıq sinfindən
(0-cı sinifdən) hesablanır. Odur ki, tam orta təhsil
13 il (0-XII siniflər) davam edir.
Məktəbə hazırlıq sinfinə
uşaqların cəlb olunması könüllülük
prinsipinə əsaslanır. İbtidai təhsil
I-VI, icbari təhsil isə I-IX sinifləri əhatə edir.
XI-XII siniflərdə şagirdlər universitet və ali təhsilə hazırlıq məqsədilə
təmayüllər üzrə təhsil alırlar. İcbari xarakter daşımayan XI-XII siniflərdə
şagirdlər texniki peşə proqramları üzrə də
təhsil ala bilərlər. 2006-cı ildə
qəbul olunmuş Təhsil Qanunu icbari təhsilin ödənişsiz
əsaslarla həyata keçirilməsi üçün
hüquqi əsas verir. Lakin bu qaydanın
ölkənin bütün orta məktəblərində tətbiqi
məsələsi hələlik uğurla yekunlaşmayıb.
Statistik
hesablamalara görə, hazırda ölkə üzrə 26292
dövlət, o cümlədən qeydiyyatdan keçmiş
1098 müstəqil və özəl orta məktəb fəaliyyət
göstərir. Həmin tədris ocaqlarında 12,3 milyon şagirdin təlim-tərbiyəsi ilə
386 mindən artıq müəllim məşğul olur.
Cənubi Afrikada digər ölkələrlə
müqayisədə əhalinin ümumi savadsızlıq səviyyəsi
daha yüksəkdir. Hesablamalara görə, 15 yaşına
çatmış təxminən 8 milyon nəfər təhsildən
kənarda qalıb. Hökumətin həyata
keçirdiyi bir sıra kütləvi savadlılıq
kampaniyalarına böyük həcmdə vəsait xərclənsə
də, hələlik istənilən məqsədə
çatmaq mümkün olmayıb. 2009-2010-cu
tədris ilinin rəsmi məlumatlarına əsasən,
ümumi dövlət xərclərinin təxminən 18 faizi təhsil
sahəsinə sərf edilib.
Universitet və kolleclər əsasən dövlət tərəfindən
maliyyələşdirilir. Dövlət tərəfindən
maliyyələşdirilən ali təhsil
müəssisələri ilə yanaşı, bütün səviyyələr
üzrə təhsil verən özəl məktəblər də
fəaliyyət göstərir.
Əvvəllər ölkə təhsilinin idarə
olunması Nazirlər Kabinetinin nəzdindəki Təhsil
Departamentinin üzərinə düşürdü. 2009-cu ildən
təhsil sisteminin idarə edilməsi Əsas Təhsil
Departamenti ilə yanaşı, həmçinin Ali Təhsil və
Təlim Departamentinə həvalə olunub. Ölkədə əyalətlərin hər birində
yerli təhsil departamenti fəaliyyət göstərir. Elmi tədqiqat müəssisələrinin fəaliyyətinə
isə Elm və Texnologiya Nazirliyi nəzarət edir.
Cənubi Afrikada müəllim hazırlığı məsələsinə
xüsusi diqqət yetirilir. Müəllim Hazırlığı
və Təkmilləşdirilməsi üzrə Strateji
Planlaşdırmanın Çərçivə Sənədinin
qəbul olunması ilə bu məsələ daha da
aktuallaşıb. Həmin sənəddə
nəzərdə tutulan müddəaların həyata
keçirilməsi 2011-2025-ci illəri əhatə edir.
Məktəbəqədər təhsil
Cənubi Afrikada məktəbəqədər təhsilin
inkişafına, uşaqların təhsil həyatına
hazırlanması işinə xüsusi diqqət
ayrılır.
Məktəbəqədər təhsil
dövrü 3-6 yaşlı uşaqlar üçün nəzərdə
tutulur.
Məktəbəqədər təhsil müəssisələrində
əsasən, dil, riyaziyyat, həyat bilgisi, texnologiya, təsviri
incəsənət və mədəniyyətlə
bağlı dərslər tədris olunur. Məktəbəqədər
təhsil proqramı əsas iki komponentdən ibarətdir.
4 yaşa qədər olan uşaqlar
üçün xüsusi tədris proqramı tətbiq edilir.
5-6 yaşlı uşaqlara isə ibtidai məktəbə
hazırlıq proqramları üzrə tədris
aparılır. Uşaqlar üçün
hərtərəfli inkişaf imkanlarının
yaradılmasını nəzərdə tutan Uşaqların
Erkən İnkişafı Proqramları uğurla həyata
keçirilir və müsbət nəticələr verir.
Ölkədə dövlət məktəbəqədər
təhsil müəssisələri yerli qurumlar tərəfindən
maliyyələşdirilir. Özəl məktəbəqədər
təhsil müəssisələrinə idarəetmə
baxımından sərbəstlik verilsə də, tədris
proqramlarına ciddi nəzarət olunur.
Son illər hökumət tərəfindən müvafiq
istiqamətdə həyata keçirilən siyasət
uşaqların məktəbəqədər təhsil müəssisələrinə
cəlb olunma səviyyəsinin artırılmasına yönəlib. Əsas məqsəd
bütün uşaqların erkən uşaqlıq
dövründə qayğı ilə əhatə
olunmasını təmin etmək və bərabər təhsil
imkanlarının yaradılmasından ibarətdir.
İbtidai təhsil
Qeyd etdiyimiz kimi, Cənubi Afrikada orta təhsil
dövrü hazırlıq sinfindən (0-cı sinifdən)
başlayır. İbtidai təhsil dövrü I-VI sinifləri
əhatə edir. Hazırlıq sinfinə
(0-cı sinif) uşaqlar könüllülük prinsipi əsasında
cəlb edilir.
Qanuna görə, 9 illik icbari təhsil tam ödənişsizdir. İbtidai təhsilin də
daxil olduğu (I-VI siniflər) icbari təhsil dövrü (I-IX
siniflər) aşağıdakı mərhələlərə
bölünür:
* Əsas
mərhələ - hazırlıq sinfindən (0 sinfindən)
III sinfə qədər;
* Əsas
təhsil mərhələsinin orta dövrü - IV-VI sinif;
*
Yuxarı mərhələ - VII-IX sinif.
Orta təhsil
Cənubi
Afrikada orta təhsil dövrü hazırlıq sinfindən
(0-cı sinif) başlayaraq 13 il davam edir.
XII sinif ali məktəbə
hazırlıq dövrü hesab olunur. Tam orta təhsil müddəti
13 il olsa da, hazırlıq sinfi (0-cı sinif)
və X, XI, XII siniflər (universitetlərə hazırlıq
sinifləri) icbari deyil. Dərs ili
yanvarın ortalarında başlayır və noyabrın sonunda
başa çatır.
Dövlət məktəbləri hökumət tərəfindən
maliyyələşdirilir. Ödənişsiz
orta təhsildən əhalinin kasıb təbəqələri
daha çox faydalanır. Özəl məktəblərdə
isə təhsil xərcləri ayrı-ayrı bölgələrə
və məktəblərə görə müxtəlifdir.
İbtidai və orta məktəblərdə
şagirdlər vahid məktəbli geyimindən istifadə
edirlər. Hətta şagirdlərin
saç düzümü də eyni olmalıdır. Oğlanlar saçlarını qısa vurdurmalı,
qizlar isə saçlarını uzadaraq arxadan
bağlamalıdırlar. Bu qaydalara riayət
edilməsinə nəzarət məqsədilə yuxarı
siniflərdə şagirdlər arasından rəhbər
şagird seçilir.
Texniki peşə təhsili
Cənubi Afrikada texniki peşə təhsilinin
inkişafına və şaxələndirilməsinə
xüsusi diqqət yetirilir. Texniki peşə təhsilinə
dövlət, özəl peşə məktəblərində,
o cümlədən politexnik institutlarında, istehsal müəssisələrində
və təlim mərkəzlərində yiyələnmək
mümkündür.
Texniki peşə təhsili almaq imkanları bölgədən-bölgəyə
dəyişir.
Məsələn, ölkənin bəzi bölgələrində
ənənəvi təlim mərkəzləri özəl
istehsal sektorunda iş bacarıqlarının əldə edilməsi
imkanları yaradır. Bu ərazilərdə
qeyri-dövlət sektoru ölkədə həyata keçirilən
peşə təliminin 90 faizdən çox hissəsi üzrə
mütəxəssis hazırlığını həyata
keçirir.
Ölkənin bəzi bölgələrində isə
orta məktəb dövründə də texniki peşə təhsilinə
yiyələnmək mümkündür. Orta məktəb
dövründə həyata keçirilən texniki peşə
təhsili proqramları 3 ildən 6 ilə qədər davam edə
bilər.
Müəyyən
hallarda 9 illik icbari təhsil dövrünü bitirərək
yuxarı siniflərdə (X, XI, XII siniflərdə) oxumayan, həmçinin
təhsilini ali məktəbdə davam
etdirmək iqtidarında olmayan şagirdlər texniki peşə
təhsilinə daha çox maraq göstərirlər. Həmin şagirdlər bununla əmək
bazarında müvafiq yer tutmağı və öz sahələrinin
peşəkarı kimi tanınmağı
qarşılarına məqsəd qoyurlar.
Ali təhsil
Cənubi Afrikada universitetlərə qəbul olunmaq
üçün qəbul imtahanı vermək tələb
olunur. Universitetlər fəaliyyət baxımından muxtariyyət
hüququna sahibdirlər. Belə ki, hər bir ali məktəb, ilk növbədə,
Universitet Şurası qarşısında cavabdehlik
daşıyır. Universitetlər daha sonra
hökumət qarşısında cavabdehdirlər. Ölkə universitetlərində paralel olaraq bir
neçə dildə tədris aparılır.
Ölkədə həm dövlət, həm də
özəl universitetlər fəaliyyət göstərir. Universitetlər
təhsilin keyfiyyəti və maliyyə təminatı
baxımından da bir-birlərindən fərqlənirlər.
Ölkədə fəaliyyət göstərən 23 dövlət,
92 özəl ali təhsil müəssisəsində
həm yerli, həm də əcnəbi tələbələrə
təhsil və tədqiqat sahəsində geniş seçim
imkanları verilir.
Savadsızlığa qarşı son illərdə
aparılan mübarizə öz nəticəsini verməkdədir. Belə ki,
2010-cu ildə ölkə üzrə əhalinin
savadlılıq səviyyəsi 88 faiz təşkil edib. Bu göstərici ilə Cənubi Afrika
dünyanın 180 ölkəsi arasında 107-ci yeri tutur.
Tələbələrin əksəriyyəti texniki
universitetlərdə təhsil almağa üstünlük
verir. Ölkədə
fəaliyyət göstərən universitetlərin
böyük bir qismi nüfuzlu ali məktəblər
hesab olunur. Həmin ali məktəblərdə
müxtəlif elm sahələri üzrə ən müasir tədqiqat
işləri aparılır.
2004-cü
ildə ali təhsil sahəsində
başlanmış islahatlar nəticəsində Cənubi
Afrikada müəyyən universitetlər birləşdirildi. Bu
proses ali təhsilin keyfiyyətcə
yüksəlməsinə və ölkə universitetlərinin
nüfuzunun artmasına səbəb oldu. Hazırda ali təhsil sistemi əvvəlki dövrlərdən
əsaslı surətdə fərqlənir.
Ölkənin
nüfuzlu ali məktəblərindən
biri olan Keyp Peninsula Texnologiya Universitetində 25000-ə
yaxın tələbə təhsil alır. Universitetdə
idarəetmə, mühəndislik, informasiya və kommunikasiya,
səhiyyə və ətraf mühitlə bağlı sahələr
üzrə mütəxəssis hazırlığı həyata
keçirilir.
Nelson
Mandela Metropolitn Universiteti və Şimal-Qərb Universiteti də
ali məktəblər arasında xüsusi
çəkisi ilə fərqlənir. Nelson
Mandela Metropolitn Universitetində 20000-ə, Şimal-Qərb
Universitetində 45000-ə yaxın tələbə təhsil
alır.
Keyptaun Universiteti ölkənin ən qədim universitetlərindən
biri hesab olunur.
Bu ali məktəb 1829-cu ildə təsis
olunub və yüksək səviyyəli tədqiqat işləri
ilə məşhurdur. Tibb sahəsində ciddi uğurlara imza
atan bu ali məktəbin yüksək səviyyəli
mütəxəssisləri 1967-ci ildə ilk dəfə olaraq
ürək transplantasiyası əməliyyatını həyata
keçiriblər. Cənubi Afrika Universiteti isə dünyada
distant təhsil verən ən böyük ali
məktəb kimi tanınır.
Yaşlıların təhsili və əlavə
təhsil
Digər ölkələrlə müqayisədə
savadsızlıq səviyyəsinin yüksək olması Cənubi
Afrikada yaşlıların təhsili məsələsini
xüsusilə diqqət mərkəzində
saxlanılmasını tələb edir.
Ölkədə 15 yaşlı yeniyetmələrin 24
faizi savadsızdır. Yaşlı əhalinin 5 milyona yaxın
hissəsi heç vaxt məktəbə getməyib.
Hökumət savadsız əhalinin daha çox
toplaşdığı əyalətlərdə biznes sektoru və
qeyri-hökumət təşkilatlarının rolunu gücləndirməklə
yaşlıların təhsil imkanlarını artırmağa
çalışır. Yaşlıların təhsil
ehtiyaclarını ödəmək və onların əmək
bazarında fəaliyyət göstərmələrini təmin
etmək istiqamətində bir sıra proqramlar həyata
keçirilir.
Ötən əsrin ortalarında yaşlıların təhsili
və təlimi istiqamətində əsasən, riyazi, oxu və
yazı bacarıqlarının aşılanması əsas
götürülür, ayrı-ayrı sahələrdə
çalışan işçilər müvafiq proqramlara cəlb
edilirdilər.
Lakin hazırda yaşlıların təhsili
proqramlarının əhatə dairəsi daha da genişləndirilib,
insanların təhsil almasına mane olan bütün hallar, demək
olar ki, aradan qaldırılıb. Xüsusilə
1994-cü ildən sonra yaşlıların təhsili və təlimi
sahəsində irqi ayrı-seçkilik hallarına
qarşı mübarizə gücləndirilib və hamı
üçün bərabər təhsil imkanlarının
yaradılması məsələsi cəmiyyətin diqqət
mərkəzinə çıxarılıb.
1998-ci ildə qəbul edilmiş Əlavə Təhsil və
Təlim Aktına əsasən 1999-2001-ci illərdə
Əlavə Təhsil və Təlim üzrə Milli Strategiya
işlənilib hazırlanıb. Ali Təhsil və Təlim Departamentinin
işləyib hazırladığı bu strategiya təhsil, iş və təlimdə gənclərin
sayının artırılması məqsədlərinə
xidmət edir. Strategiyada, həmçinin gənclərin,
eləcə də yaşlıların icbari təhsil
dövründən sonrakı mərhələdə əmək
bazarında öz yerlərini tuta bilməsinə köməklik
göstərmək məsələləri əks olunub.
Bu strategiyada peşə, texniki peşə təhsili
və akademik təlim proqramları nəzərdə tutulur.
Sənəd universitet və texnoloji universitetlərdə
aparılan kurs işlərini, işlə inteqrasiya edilmiş
təlim proqramlarını, istehsalat təcrübələrini,
usta yanında təlim və şagirdçilik kimi məsələləri
də əhatə edir.
Hazırda Əlavə Təhsil və Təlim sektorunda
50 kollec fəaliyyət göstərir. Bu müəssisələrdə
bacarıqların inkişaf etdirilməsi istiqamətində təlimlərin
aparılması əsas yer tutur. Həmin
kolleclərdə 220 minə yaxın tələbə təhsil
alır.
Elmi tədqiqatlar
Elmi və Sənaye Tədqiqatları Şurası Cənubi
Afrikada elmi tədqiqatlar aparan ən aparıcı qurumlardan
biridir. Bu qurum 1945-ci ildə təsis edilib. Elmi və Sənaye Tədqiqatları Şurası
öz fəaliyyəti ilə əsasən, qlobal iqtisadiyyatda
milli rəqabətliliyin təkmilləşdirilməsinə dəstək
vermək məqsədinə xidmət edir.
Şura əsasən, özəl sektor, kiçik, orta və
iri müəssisələrlə əməkdaşlığa
üstünlük verir. Şuranın fəaliyyətinin tənzimlənməsində
və ümumilikdə ölkədə elm
strategiyasının reallaşdırılmasında Elm və
Texnologiya Nazirliyi mühüm rol oynayır.
Elmi və
Sənaye Tədqiqatları Şurası ali
təhsil müəssisələri ilə də sıx əlaqə
yaradıb. Şuranın fəaliyyətində
Milli İnnovasiya Sisteminin inkişafı üçün elmi
tədqiqat işlərinin aparılması, o cümlədən
müasir elmi texnoloji innovasiyaların tədqiq və tətbiq
edilməsi məsələləri aparıcı yer tutur.
Bu qurum, həmçinin donor və maliyyə
agentlikləri ilə də sıx əlaqə saxlayır, birgə
layihələrin reallaşdırılmasına xüsusi
önəm verir.
Şura əsasən, bioelm, ətraf mühit, müdafiə,
sülh, təhlükəsizlik, informasiya və kommunikasiya,
lazer texnologiyası, mineral ehtiyatlar, fəza texnologiyası,
modelləşdirmə və rəqəmsal elm sahələrində
tədqiqat işlərini dəstəkləyir. Son dövrlərdə
bir sıra yeni tədqiqat sahələri - nanotexnologiya, sintetik
biologiya, mobil özünütənzimləmə sistemləri
üzrə tədqiqat işlərinə də diqqət
yetirilir.
Beynəlxalq əməkdaşlıq
1983-cü ildən əsası qoyulmuş Cənubi Afrika
Respublikası ilə Avropa İttifaqı arasındakı elmi əməkdaşlıq
son illərdə daha da genişlənməkdədir. Bu baxımdan
Cənubi Afrika-Avropa İttifaqı Müştərək Elmi
və Texnoloji Əməkdaşlıq Komissiyasının fəaliyyəti
mühüm əhəmiyyət kəsb edir.
Onu da qeyd edək ki, Cənubi Afrika Respublikası ilə
Avropa İttifaqı arasındakı elmi əməkdaşlığa
əsaslanan layihələrdə digər Afrika ölkələri
də fəal iştirak edir. Birgə elmi konfranslar
keçirilir, konkret elmi tədqiqatlara bir sıra Afrika ölkələrinin
alimləri cəlb olunur.
1999-cu ildən Cənubi Afrika Respublikası ilə
Çin Xalq Respublikası arasında elm və texnologiya sahəsində
əməkdaşlığa dair müqavilə imzalanıb. Müqavilənin
əsas məqsədi biotexnologiya, təbii ehtiyatlar, informasiya
və kommunikasiya texnologiyaları sahələrində müxtəlif
layihələrin maliyyələşdirilməsindən ibarətdir.
Hindistanla elm və texnologiya sahəsindəki əməkdaşlığın
əsası isə 1995-ci ildə imzalanmış müvafiq
müqavilə ilə qoyulub. Bu əlaqələr hər il yenilənən birgə əməkdaşlıq
proqramı ilə tənzimlənir.
Bəşarət MƏMMƏDOV,
Dilrubə BAYRAMOVA
Yazının hazırlanmasında Cənubi
Afrika Respublikasının Əsas Təhsil Departamenti, Ali Təhsil
və Təlim Departamenti, eləcə də Elm və
Texnologiya Nazirliyinin rəsmi məlumatlarından istifadə
olunub.
Azərbaycan
müəllimi.- 2012.- 10 fevral.- S.5.