Səmərəli
məktəb modeli: ilk
addımlar və kəşflər
Təhsil Nazirliyi və Dünya
Bankının birgə təşəbbüsü olan Səmərəli məktəb layihəsi
özünün birinci
ilinə yekun vurdu. İki il üçün
nəzərdə tutulmuş layihə
ölkənin 12 məktəbini əhatə edir.
Məktəblər ölkənin ən müxtəlif
regionlarının lisey statusu
almış və ya bu
statusu almağa
hazırlaşan ümumtəhsil müəssisələridir.
"Öyrənən məktəb" adını
daşımağa da kifayət qədər
iddialıdırlar. Bu layihə təklifinin hazırlanmasında və icra olunmasında məqsəd islahatların
davamlılığını təmin etmək üçün məktəblərin təhsildə
mütərəqqi dəyişikliklərin aparıcı
qüvvəsinə çevrilməsini təmin etmək olmuşdur. Layihənin missiyası Azərbaycanda
səmərəli məktəb modelini tətbiq
və tədqiq etməkdir. Səmərəli məktəb
modelində səmərəliliyin
göstəriciləri kimi təhlükəsiz
və dəstəkləyici mühit,
aydın ifadə edilmiş və
xüsusiləşdirilmiş missiya, məktəb
liderliyi, bütün
şagirdlər üçün yüksək
gözləntilər, şagird nailiyyətlərinin
mütəmadi monitorinqi, məktəb,
ev və icma
arasında qarşılıqlı müsbət ünsiyyət
nəzərdə tutulur. Bu layihə bir
tədqiqat olduğu üçün
elmi araşdırma işinin
formatına uyğun olaraq
3 mərhələyə bölünmüşdür:
diaqnostika mərhələsi, icra mərhələsi və nəticələrin
çıxarılması, təhlili
və məktəbin inkişaf siyasətinə
aid təkliflərin
hazırlanması mərhələsi.
2010-cu ilin noyabrında start verilən layihə tam gücü ilə 2011-ci ilin fevralından fəaliyyətə başladı. 3 aylıq hazırlıq dövrü - diaqnostika mərhələsi - layihə məktəbləri ilə yaxından tanışlığa, mövcud vəziyyətin qiymətləndirilməsinə, prioritet vəzifələrin müəyyənləşdirilməsinə, görüləcək işlərin nəzəri və praktik baxımdan sistemləşdirilməsinə sərf edildi. Bu mərhələdə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin (MTTYM) mütəxəssisləri tərəfindən layihənin hər bir komponentinə əsasən diaqnostik qiymətləndirmə meyarları hazırlanıb məktəblərdə tətbiq olundu. Diaqnostik mərhələdə hər bir məktəbdə 2 fokus qrup müzakirələri, 11 dərinləşdirilmiş müsahibələr həyata keçirildi və 20 sorğu anketi paylandı. Fokus qrup müzakirələrinin respondentləri kimi hər bir məktəbdə 12 (9-11-ci sinif) şagird və 12 valideyn seçildi. Fokus qrupa cəlb edilən valideynlər ibtidai (4), orta (4) və yuxarı (4) sinif şagirdlərinin valideynləri idilər. Beləliklə, fokus qrup müzakirələrində hər bir məktəbdən 12 şagird və 12 valideyn olmaqla 132 şagird və 132 valideyn iştirak etdi. Dərinləşdirilmiş müsahibələrin respondentləri isə məktəb direktorları və ibtidai (2), orta (4) və yuxarı (4) sinif müəllimləri oldu. Müsahibələrdə hər bir məktəbdən direktor və 10 müəllim olmaqla 121 nəfər iştirak etdi. Anonim sorğuların respondentləri hər bir məktəbdə 10 müəllim, ibtidai (2), orta (4), yuxarı (4) sinif şagirdləri olmuşdur. Anonim sorğuların cavablandırılmasında 110 müəllim və 110 şagird iştirak etmişdir. Beləliklə, hər bir məktəbdə 55 nəfər olmaqla bütövlükdə 605 respondent məktəbin diaqnostik qiymətləndirilməsində iştirak etmişdir.
Diaqnostika mərhələsinin yekunları işin 6 əsas komponent ətrafında qurulmasının zəruri olduğunu sübut etdi:
- Məktəb daxilində müəllimlərin fəaliyyəti və peşəkarlıq səviyyəsinin yüksəldilməsi;
- Tədrisin və şagird nailiyyətlərinin keyfiyyətinin yüksəldilməsi;
- Məktəb mühitinin inkişaf etdirilməsi və inklüziv tədris üsulları;
- Təşkilati mədəniyyətin inkişaf etdirilməsi;
- Kitabxana və İKT-dən keyfiyyətli tədris və təlim üçün istifadə;
- Məktəbin səmərəli idarə edilməsi və birgə (paylaşılan) rəhbərlik (liderlik).
Məktəb daxilində müəllimlərin fəaliyyəti
və peşəkarlıq səviyyəsinin yüksəldilməsi
Bütün istiqamətlər üzrə fəaliyyət eyni zamanda başlasa da, ənənəvi olaraq, ilk növbədə, diqqət müəllimlərin peşəkarlıq səviyyəsinin və şagird nailiyyətlərinin yüksəldilməsinə yönəldildi. Elə layihənin diaqnostik mərhələsində də iştirakçı məktəblər əsas hədəf kimi müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət verməyi lazım bilmişdilər. Bu məqsədlə layihənin icraçısı olan MTTYM "Tənqidi təfəkkürün əsasları" seçmə kursunu layihə məktəblərinin bir qrup müəllimlərinə təlim seminarlarında təqdim etdi. Bu seçmə kurs öz innovativ yanaşması və fəal təlimə əsaslanan strukturu ilə Azərbaycan pedaqogikasında və seçmə fənn kurikulumunun inkişafında yeni sözdür. Kursla tanışlıq həm müəllimlərə, həm də şagirdlərə faydalı oldu. Təlim seminarlarından sonra MTTYM-ə göndərilən dərslərin videoyazıları Mərkəzin mütəxəssisləri tərəfindən müzakirə edilmiş və həmin dərslərin daha da səmərəli olması üçün təklif və rəylər müəllimlərə göndərilmişdir. Maraqlı və təqdirəlayiq haldır ki, məktəb müəllimləri də "Tənqidi təfəkkürün əsasları" dərsliyinin təkmilləşdirilməsi istiqamətində dəyərli təkliflərlə dərslik müəlliflərinə müraciət etmişlər. Həmin təkliflər dərslik müəllifləri tərəfindən məmnuniyyət və təşəkkür hissi ilə qarşılanmışdır.
"Tənqidi təfəkkürün əsasları" seçmə kursunun Səmərəli məktəb layihəsi məktəblərində tətbiqinin ən başlıca nəticəsi kimi bu gün onu deyə bilərik ki, yuxarı siniflərdə seçmə fənn tətbiq etmək artıq zamanın tələbidir. Və bu tələbə cavab verə biləcək dərs vəsaitləri hazırlamaq vacibdir. "Tənqidi təfəkkürün əsasları" seçmə fənni bunlardan biri ola bilər. "Natiqlik sənəti", "Münaqişələrin həlli", "Dram sənəti", "İstehlak mədəniyyəti" və s. kimi şagirdlərin sosial bacarıqlarının inkişafına xidmət edən bu tipli seçmə fənlərin proqram və dərs vəsaitlərinin hazırlanması haqqında düşünmək lazımdır.
Məktəbdə peşəkarlığın inkişafına xidmət edən növbəti alət - "Müəllimlərin meyarlarla qiymətləndirilməsi" cədvəli də həm müəllimlər, həm də məktəb rəhbərliyi tərəfindən maraqla qarşılandı. Müasir və yaradıcı müəllimə verilən əsas tələblərin yer aldığı cədvəl müəllimlər üçün bir stimul olmuşdur. Cədvələ nəzər salıb özünü qiymətləndirən hər bir müəllim hansı istiqamətlərdə uğurlu olduğunu, hansı istiqamətlərdə isə inkişafa ehtiyacı olduğunu görür və özü üçün bir peşəkar inkişaf planı hazırlaya bilir.
Məktəbin səmərəli idarə edilməsi və
birgə (paylaşılan) rəhbərlik (liderlik)
Məktəbin səmərəli idarə edilməsi və birgə (paylaşılan) rəhbərlik komponenti üzrə işimizi qurmaq üçün yetərincə ədəbiyyata və dünya təcrübəsinə müraciət edildi. Qurduğumuz konsepsiyada əsas məqamlardan biri səmərəli məktəbdə aydın ifadə edilmiş və xüsusiləşdirilmiş missiyanın olmasıdır. Məktəb kollektivi missiyanın, təlim məqsədlərinin, prioritetlərin və qiymətləndirmənin məzmununu anlayır və vəzifələri bölüşdürür. Məktəb kollektivi bütün şagirdlər üçün təlim missiyasının məqsədlərinə çatmaq işində öz məsuliyyətini anlayır. Səmərəli məktəbdə direktor "davamçıların lideri" yox, "liderlərin lideridir". Direktor və bütün işçilər məktəb liderliyində fəal rol oynayırlar. Direktor təlimatçı, tərəfdaş və ruhlandırıcı rollarını özündə birləşdirir.
Bu yanaşmanı layihə məktəblərinin direktorları ilə bölüşmək üçün ötən ilin may ayının 7-8-də Bakıda məktəb rəhbərləri üçün seminar keçirildi. İştirakçılarda məktəb liderliyi, məktəb menecmenti, ünsiyyət mədəniyyəti və s. haqda bilik və bacarıqların formalaşdırılması və inkişaf etdirilməsi seminarın əsas məqsədi oldu. Seminar iştirakçılarına müasir məktəb idarəçiliyinə dair vəsaitlər təqdim olundu.
Bunun ardınca hər bir layihə məktəbində məktəbin strateji planlaşdırılmasına həsr olunmuş seminarlar keçirildi. Seminarları keçirməkdə məqsəd məktəb kollektivlərinə məktəb işinin strateji planlaşdırılması haqda zəruri məlumat və planlaşdırma bacarıq və vərdişləri vermək, məktəblərin güclü və zəif cəhətlərini və gələcək fəaliyyət istiqamətini müəyyən etmək, məktəblərə 2 illik strateji plan hazırlamaqda kömək etmək, strateji planlaşdırma bilik və bacarıqlarından mütəmadi istifadə vərdişləri aşılamaq olmuşdur.
Artıq iyun ayında MTTYM-nin mütəxəssislərinin iştirakı ilə hər bir məktəb özünün 2 illik strateji planını hazırladı. Strateji planın hazırlanmasına tək məktəbin müəllim heyəti və rəhbərlik deyil, həm də maraqlı tərəf kimi valideynlər və yuxarı sinif şagirdləri dəvət olundu. Bununla da yeni "məktəb icmasının" formalaşması prosesi başladı. Çünki səmərəli məktəb valideynlər, icma və məktəb arasında dərin inama əsaslanan ünsiyyət qurmalıdır. Valideynlər və icma ilə tərəfdaşlıq münasibətlərinin qurulması və onların məktəbin strategiyasının hazırlanmasında iştirakı maraqlı tərəflərin eyni məqsəd və gözləntilər uğrunda çalışmasına kömək edir.
Strateji planlaşdırmanın nəticələrini artıq bu gün proqnozlaşdırmaq olar.
Məktəblər qurduqları plan üzrə addım-addım irəliləyirlər. Ən əsası odur ki, belə planlar reallaşdırılarkən peşəkar vərdişlərin mənimsənilməsi gələcəkdə məktəbin səmərəliliyini yüksəldir və özünüidarəni təmin edir. Məktəblərdə özünüidarə və daxili potensial əsasında inkişafın mümkünlüyünə inam və peşəkar mədəniyyət yaratmaq isə bizim əsas məqsədimiz olmuşdur.
Başqa bir nailiyyətimiz "Məktəb haqqında məlumat və özünüqiymətləndirmə" sənədinin hazırlanmasıdır. Sənəd üzərində işləyərkən mərkəzimizin mütəxəssisləri yenidən dünya təcrübəsinə müraciət etmişlər. Bu mənada Ofsted (Təhsildə Standartlar Ofisi - İngiltərə və Uels) qurumunun materialları xüsusi maraq doğurdu və oradakı qabaqcıl ideyalar əxz edilərək milli təhsil maraqlarımıza uyğunlaşdırıldı. İyun ayının əvvəlində layihə məktəblərinə paylanılmış bu sənəd məktəblərin akkreditasiyaya hazırlığında bir mərhələ olmuşdur. Sənəd üzərində işləyən məktəb kollektivləri öz müsbət və mənfi cəhətlərini meyarlar əsasında müəyyənləşdirməyi öyrənmişlər.
Kitabxana və İKT-dən keyfiyyətli
tədris və təlim üçün
istifadə
Ötən hesabat ili ərzində gördüyümüz işlər arasında layihə məktəblərinin kitabxana işçiləri üçün təşkil etdiyimiz təlim seminarı xüsusi yer tutur. Məktəb kitabxanaçıları üçün bu cür təlim ölkədə ilk dəfə həyata keçirilirdi. Kitabxana işini müasir tələblər səviyyəsində qurmaq üçün "Şagirdləri dəstəkləyən kitabxana" adlı xüsusi metodik vəsait hazırlanmış və iştirakçılara paylanmışdır. Vəsaitdə məktəb kitabxanasının özünü qiymətləndirməsi və strateji planlaşdırma üçün praktik məsləhətlər yer alır. Məktəb kitabxanaçıları üçün əhəmiyyətli olacağını əldə rəhbər tutaraq BKAF (Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyası) və YUNESKO-nun "Məktəb kitabxanası manifesti" Azərbaycan dilinə tərcümə olunmuş və təlim zamanı iştirakçılarla müzakirə edilmişdir. Təlimlər interaktiv formatda həyata keçirilmişdir. Təlimin sonunda gəldiyimiz nəticələrdən ən əsası o olmuşdur ki, bu gün məktəb kitabxanaçısı pedaqoji işçi statusu almalıdır. Onun texniki işçi statusunda qalması məktəb kitabxanasının inkişafına xələl gətirir. Başqa bir reallıq kitabxana işçilərinin İKT-dən səmərəli istifadə edə bilməməsidir. Təlimdə təklif olunan 4 saatlıq "İKT ilə iş bacarıqları", əlbəttə ki, problemi çözməyə kifayət etmədi. Bu istiqamətdə işləri davam etdirmək vacibdir.
Tədrisin və şagird nailiyyətlərinin
keyfiyyətinin yüksəldilməsi
Səmərəli məktəb modeli bütün şagirdlər üçün yüksək gözləntilər nəzərdə tutur. Yəni bütün şagirdlər məktəbin verdiyi əsas bilik və bacarıqlara sahib olurlar. Belə yüksək gözləntilərə çatmaq üçün məktəb "təlimat" məkanı deyil, "öyrənmə" məkanı kimi yenidən qurulmalıdır. Müəllimlər və şagirdlər bütün şagirdlərin öyrənməsinə kömək etmək üçün lazımi "alətlərə" sahib olmalıdırlar. Bu istiqamətdə işlər davam edir. Fəaliyyətlərimizdən biri hər bir layihə məktəbində metodşuraların rəhbərlərinin iştirakı ilə "Fəal təlim üsulları" təlimləri keçirməkdir. Məqsəd kurikulum islahatının tələblərinin ümumi və tam orta məktəb pillələrinə hələ tam şamil edilmədiyi bir vaxtda fənn müəllimlərini fəal təlim üsulları ilə işləmək bacarıqları ilə silahlandırmaq, şagirdlərdə təlim motivasiyasını qaldıran metodlardan tam gücü ilə istifadə etməkdir.
Səmərəli məktəbdə şagirdin akademik nailiyyətləri daim müxtəlif qiymətləndirmə vasitələrinin köməyi ilə ölçülməlidir. Qiymətləndirmə fəaliyyətinin nəticələri şagirdin şəxsi göstəricilərinin və həmçinin təlimat formalarının inkişafında istifadə edilməlidir. Səmərəli dərsin vaxtı bacarıqların inkişafı və kurikulumun əsas məzmununa sərf edilir.
Səmərəli məktəb layihəsinin birillik fəaliyyəti yuxarıda qeyd etdiyimiz dörd komponenti əhatə edir. Qarşıda bir il və görüləcək xeyli iş var. Əminliklə deyə bilərik ki, Səmərəli məktəb layihəsi məktəblərin "öyrənən icma" kimi davamlı inkişafına dəstək olacaqdır.
Elmina KAZIMZADƏ,
Vəfa YAQUBLU
Azərbaycan müəllimi.- 2012.-
10 fevral.- S.3.