Avropa İttifaqı - Azərbaycan
Əməkdaşlıq
Komitəsi
çərçivəsində iclas keçirildi
Fevralın 9-da Bakıdakı Land Mark Hoteldə Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində yaradılmış alt-komitənin iclası keçirildi. Tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov, Azərbaycanın müxtəlif qurumlarının sektor və şöbə müdirləri və ekspertlərlə yanaşı, Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin, Tədqiqat və İnkişaf Baş Direktorluğunun nümayəndələri, Aİ-nin Bakı nümayəndəliyinin rəhbəri Roland Kobiya və digər ekspertlər iştirak edirdilər. Qeyd edək ki, Azərbaycan Respublikası və Avropa İttifaqı arasında mövcud əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə 2009-cu ildə Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində yaradılmış məşgulluq və sosial məsələlər, ictimai səhiyyə, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və audiovizual siyasət, elm və texnologiya məsələləri üzrə alt-komitənin təsis edilməsi barədə qərar qəbul edilmiş və Təhsil Nazirliyi alt-komitənin həmsədri, Xarici İşlər Nazirliyi isə Daimi katibi təyin edilmişdir. Alt-komitənin həmsədri olaraq Təhsil Nazirliyi Bakıda keçirilən iclasların təşkilati işlərini həyata keçirir.
Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Qulu Novruzov bildirdi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında kifayət qədər geniş və çoxsahəli əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığı daha səmərəli etmək üçün Xarici İşlər Nazirliyinin vasitəsilə müxtəlif sahələr üzrə alt-komitələr yaradılmışdır. Alt-komitənin tərkibinə Təhsil Nazirliyi də daxil olmaqla ümumilikdə 15 dövlət qurumu daxildir. Sosial məsələlər, təhsil, ictimai səhiyyə və digər məsələlərdə əməkdaşlığa təkan vermək məqsədilə yaradılan alt-komitənin qarşısında duran əsas vəzifələr Aİ ilə ikitərəfli əməkdaşlığa töhfə vermək və adıçəkilən məsələlərdə konkret nəticələrə nail olmaqdır. Nazir müavini Q.Novruzov qeyd etdi ki, müzakirə olunan məsələlər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq üçün yaxşı perspektivlərin üzə çıxmasına və daha böyük nəticələr əldə edilməsinə təkan verəcək.
Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin nümayəndəsi Con Kiaer, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobiya və digər çıxış edənlər müzakirələrin böyük əhəmiyyət kəsb edəcəyini və ikitərəfli münasibətlərin inkişafına müsbət təsir göstərəcəyini bildirdilər. İclasda qeyd olunan məsələlərlə bağlı müzakirələr aparıldı.
İclas fevralın 10-da öz işini başa çatdıracaq.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2012.-
10 fevral.- S.2.