Şərəfli müəllim ömrü

 

Sizə ömrünü müqəddəs müəllimlik peşəsinə bağlayan bir insan haqqında söhbət açmaq istəyirəm. Həyatının 35 ildən artıq bir dövrünü şagirdlərin təlim-tərbiyəsinə, onlara tarix fənnini elmi əsaslarla öyrədilməsinə həsr edib. Bu gün təhsil sistemində islahatlar aparıldığı bir dövrdə çalışdığı Lənkəran Şəhər Təhsil Şöbəsində üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gəlir. O, ömrünün müdrik çağını yaşayaraq, vurğunu olduğu şərəfli işini inamla davam etdirir. Bu gözəl insan, gözəl müəllim, əvəzolunmaz dost və nəhayət, tələbə yoldaşım Qəhrəman Hüseynovdur.

 

Onunla Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) tarix fakültəsində oxuyub, xoş xatirələrlə dolu tələbəlik illərinin sevincini, kədərini bir yerdə yaşamışıq. Ali təhsilimizi başa çatdırandan sonra hər birimiz ayrı-ayrı rayonlara təyinat aldıq. Qəhrəmanın təyinatını isə doğulub boya-başa çatdığı Lənkərana verdilər. O, qısa müddət ərzində ona bəslənilən etimadı doğrultdı. Qayğıkeş müəllim kimi sevildi, ucaldı, hamının hörmətini qazandı. Elə bunun nəticəsidir ki, həyatda çox şey dəyişsə də Qəhrəman müəllimə bəslənən şagird məhəbbəti, sevgisi bu gün də qalmaqdadır.

Q.Hüseynov 1952-ci ildə Lənkəran şəhərində ziyalı ailəsində dünyaya göz açıb. O, 1978-ci ildə V.İ.Lenin adına APİ-nin tarix fakültəsini bitirəndən sonra təyinatla 113 nömrəli KOTPM-də pedaqoji fəaliyyətə başlayıb. Sonra Lənkəran şəhər 5 nömrəli orta məktəbdə müəllim, direktor müavini, Lənkəran şəhər 10 nömrəli orta məktəbdə təlim -tərbiyə işləri üzrə direktor müavini işləyib. Bir müddət başqa sahələrdə çalışdıqdan sonra 1997-ci ilin oktyabrından yenidən pedaqoji sahəyə qayıdıb. 1999-cu ilin sentyabrından Lənkəran şəhər xarici dillər təmayüllü gimnaziyada tərbiyəçi-müəllim işləyib. Həmin ilin oktyabrından isə Lənkəran ŞTŞ metodkabinetinin müdiridir. Qəhrəman müəllim həmçinin "Sinif rəhbərinin gündəliyi", "Dərs dinləmə kitabı" metodik vəsaitlərin hazırlanmasında böyük əmək sərf edib. "Fransada təhsil, islahat keçirən təhsil sistemi üçün mülahizə və təkliflər", "Demokratiya üçün təhsil", "Məktəbdə demokratiyanın tədrisi" və  s. seminarların fəal iştirakçısı kimi sertifikatlara layiq görülüb.

Eyni zamanda Qəhrəman müəllimin metodkabinet müdiri kimi  gördüyü işlər də diqqət mərkəzindədir. Onun rəhbərliyi ilə il ərzində pedaqoji kadrların ixtisasının artırılması və yenidənhazırlanması təşkil olunmuş, aylıq və qısamüddətli ixtisasartırma kurslarına 160 nəfər cəlb olunmuşdur. Bununla yanaşı, FHN-nin Mülki Müdafiə kurslarına rəhbər işçilərin göndərilməsi təşkil edilib. Azərbaycan Müəllimlər İnstitutunda "Öyrədənlərin öyrədəni" təlim kursuna və "Təhsil menecerləri" kursuna da qabaqcıl müəllimlərin göndərilməsi təmin edilib.

Bu il IV siniflərdə fənn kurikulumları ilə dərs deyəcək ibtidai sinif müəllimlərinin 10 günlük seminarları keçirilib. Növbəti ilə V sinifdə dərs deyəcək müəllimlər dəqiqləşdirilərək onlar üçün seminarlar nəzərdə tutulub. Mütəmadi olaraq seminarlar, "dəyirmi masa"lar təşkil olunub, şöbədə kurikulum məsləhət saatlarının keçirilməsi üçün qrafik tutulub.

Məktəblərin 20-yə yaxın müəlliminin qabaqcıl təcrübəsi öyrənilib metodiki şurada müzakirə edilib. İstedadlı şagirdlərin aşkara çıxarılmasında mühüm vasitə olan olimpiada, müxtəlif müsabiqə və yarışların keçirilməsinə də böyük əhəmiyyət verilib. Bildiyiniz kimi, Təhsil Nazirliyi Sumqayıt ŞTŞ-ın qabaqcıl təcrübəsinin respublikada yayılmasını qərara almışdı. Bununla əlaqədar olaraq Lənkəran ŞTŞ metodkabineti Sumqayıtın qabaqcıl təcrübəsindən, oradan tədris işləri üzrə direktor müavini, uşaq birliyinin, psixoloqun və məktəb kitabxanasının nümunəvi planlarından istifadə edərək, yerli şəraitə müvafiq tərtib edib məktəblərin istifadəsinə çatdırıb.

Təhsil nazirinin "Dayaq məntəqələrinin yaradılması barədə" olan müvafiq əmrinə uyğun olaraq metodkabinet rayon üzrə dayaq məntəqələri kimi nəzərdə tutulan məktəblərin adlarını müəyyənləşdirib. 2011-ci ildə Dayaq məntəqələrinin şurası yaradılıb. "Öyrədənləri-öyrədən" təhsil prosesinə cəlb edilmiş müəllimlər yerlərə qayıtdıqdan sonra aldıqları bilikləri öz həmkarlarına öyrətmək sahəsində aparılır. Onların metodistlərlə işgüzar görüşləri, "dəyirmi masa"ların, diskussiyaların keçirilməsi təşkil edilirs.

Göründüyü kimi, Qəhrəman müəllim öz işinə, peşəsinə böyük məsuliyyətlə yanaşır. Sevib seçdiyi bu peşəsi ilə də həmişə fəxr edir. Axı müəllim böyük gələcəyimizi tərbiyə edir. Ölkə üçün layiqli vətəndaş formalaşdırır.

Qəhrəman müəllim həm də qayğıkeş ailə başçısıdır. Həyat yoldaşı Südabə xanım Azərbaycan müəllimləri qurultayının nümayəndəsi olub, "İlin ən yaxşı müəllimi" adına layiq görülüb. Qızı Nigar, oğlanları Fərid və Əsəd ali təhsilli mütəxəssislərdir. Bu il  onun Şövkət adlı oğul nəvəsi də dünyaya gəlib.

Bir müəllim ömrünün müdrik çağını yaşayan Qəhrəman Hüseynovun 60 yaşı tamam olur. Təbii ki, biz tələbə dostumuzun sevincinə qoşulur, ona uzun ömür, ailə səadəti və səmərəli pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.

 

Aslan İBRAHİMOV

Azərbaycan müəllimi.- 2012.- 17 fevral.- S.7.