Şagird-müəllim
fəaliyyətini təmin
edən xüsusi
şərait və nailiyyətlər
Gələcəyimiz
olan uşaqları daim
inkişaf edən cəmiyyət üçün layiqli vətəndaş
kimi formalaşdırmaq, sülh
və əməkdaşlıq şəraitində
yaşayıb fəaliyyət
göstərə bilməsini təmin etmək üçün
onların təlim-tərbiyəsi ilə məşğul olan şəxslərin qarşısında icrası böyük zəhmət tələb edən
vəzifələr durur. Bəşəriyyətin
aydın sabahını təmin edə bilmək üçün biz bu gün gələcəyimizi
əmanət edəcəyimiz uşaqların
sağlamlığına, təlim-tərbiyəsinə
düzgün yanaşmalı, onlara dərin və hərtərəfli biliklər
aşılamalı, onlarda həyati
bacarıq və vərdişlər yaradıb inkişaf etdirməli, onları yüksək mədəniyyətə,
geniş dünyagörüşünə
malik şəxsiyyət kimi yetişdirməliyik.
Bu vəzifələrin öhdəsindən gələ bilmək üçün biz öz işimizi, dərslərimizi günün tələblərinə uyğun qurmalıyıq.
Arzuolunan nəticəyə çatmaq üçün lazım olan əsas kriteriyalardan biri şagirdlərin hisslərində, emosiyalarında, düşüncəsində müsbət dəyişikliklərin baş verməsinə nail olmaq, onlar üçün özlərini rahat hiss edə biləcəkləri öyrədici mühit təşkil etməkdir. Bunun üçün müəllim yeni təlim paradiqmasında şagird-müəllim fəaliyyətini təmin edən xüsusi bir şərait yaradır. Bu şəraiti yaratdıqda müəllim aşağıdakılara nail olur:
* dərs prosesində yaşanan yeknəsəqlik, dinləməyə məcburetmə, yaxud edilmə, tənbəllik halları şagirdin hər hansı bir məsələnin, problemin həllində qarşısına çıxan çətinliyin öhdəsindən gəldiyinə və sərbəst nəticə çıxara bildiyinə görə yaranan sevinc və özünəinam ("mən bacarıram") hissi ilə əvəz olunur;
* müəllim şagirdi subyektiv kəşflərə yönəldir, onun axtarış - tədqiqat fəaliyyətini idarə edir, istiqamət verir və təbii ki, şagird öyrəndiyini nə vaxtsa unutmaq, imtahanda və ya yoxlama işində uğursuzluq qorxusundan azad olur. Çünki o, öyrəndiyinin "mərkəzində durur" və hər şey "onun ətrafında baş verir".
Ənənəvi təlim yaddaşa, diqqətə, təfəkkürün inkişaf səviyyəsinə uygun olan nəticələrlə kifayətlənir. Müasir təlim isə yaddaşı, diqqəti, təfəkkürü inkişaf etdirərək şagirdin bacarıqlarından səmərəli istifadə etməklə, onları düzgün istiqamətləndirməklə nəticələrin əldə olunmasını və şagirddə çətinliklərin öhdəsindən gələ bilmək inamını və əminliyini yaradır (şəxsiyyətyönlülük).
Ənənəvi təlimdə müəllimin qarşısına qoyduğu məqsəd bacarıq və vərdişlərin formalaşdırılmasıdır və şagirdin fəaliyyəti burada passiv dinləmə və öyrəndiklərini təqlid etməkdən ibarətdir. Nəticədə şagirdin yaddaşı zənginləşir və inkişaf edir. Yəni dərs prosesi yaddaşa xidmət edir. Müasir təlimdə isə müəllimin məqsədi şəxsiyyətin inkişaf etdirilməsidir və o, şagirdin axtarış fəaliyyətini təmin edən öyrədici mühit yaradır və nəticədə şagirdin dərsdə öyrəndiyindən kənar, qeyri-standart situasiyalarda fəaliyyət göstərə bilmək, nəticə çıxara bilmək bacarığı inkişaf edir.
Deməli, təlim prosesi inkişafetdirici olmalıdır. Bunun üçün:
* şagirdə motiv vermək, təlim və tərbiyə fəaliyyətinə
şəxsi maraq oyatmaq;
* təlim prosesində
şagirdin özünü
psixoloji cəhətdən
rahat hiss edə bilməsi, onun özünün həqiqətən
"uğur qazandım"
qənaətinə gələ
bilməsi üçün
şərait yaratmaq;
* şagirdin düşünüb
mülahizə yürütmək
bacarığının inkişafı üçün şərait
yaratmaq;
* dərs prosesinin
qrup formalarından istifadə etmək və subyekt-subyekt qarşılıqlı münasibətini
yaratmaq;
* şagirdin dərsdə
axtarış fəaliyyətini
və produktivliyi təmin etmək lazımdır.
Başqa sözlə desək, təlim şagirdlər üçün çətinlik
zonası yaratmalı və bu çətinliyin
öhdəsindən gəldiklərinə
görə onlara sevinc hissi bəxş
etməlidir.
Təlim prosesində elə problem situasiyalar yaradıla bilər ki, bu zaman şagirdlər
düşünməli, kollektiv
şəkildə müzakirə
etməli, mülahizə
yürütməli və
onu yoxlamalı, əlavə ədəbiyyata
müraciət etməli
və müəllimin
məsləhətindən istifadə
etməlidirər.
Bu prosesdə hər bir şagirdin inkişafı üçün
onun kiçik olsa belə şəxsən nailiyyət
qazandığını hiss etməsi, özünün
və yoldaşlarının
nəzərində özünə
əminlik hissinin yaranması vacibdir. Nailiyyətlərin qiymətləndirilməsində
şagirdlər bir-biri
ilə deyil, onların bugünkü fəaliyyətinin nəticəsi
dünənki nailiyyətləri
ilə müqayisə
olunur.
Uzun illər
istifadə etdiyimiz, yararlandığımız ənənəvi
təlim forması bu günün tələblərinə cavab
verə bilmir, çünki elmin, texnikanın sürətlə
inkişaf etdiyinin şahidi olan və informasiya bolluğu ilə əhatə olunan şagird üçün
sakitcə oturub hər hansı bir məlumatı dinləmək və deyilənləri təqlid
etməklə kifayətlənmək
olduqca cansıxıcı
görünür. Doğrudur, bu təlim üsulunun heç bir səmərə vermədiyini
də demək olmaz, amma şagirdlərin
bacarıqlarından istifadə
etməklə dərsdə interaktivliyi təmin etmək və onu şagirdlərin
böyük həvəs
və maraq göstərdiyi
İKT ilə rəngarəngləşdirməklə
dərsin təşkilində
onlara sərbəstlik
verməklə biz daha
çox şey əldə etmiş oluruq: şagirdlər öz fikirlərini formalaşdırmağı,
öz təcrübələrindən
və düşündüklərindən
məntiqi nəticə
çıxarmağı, fikirlərini
aydın ifadə etməyi, bir-birlərinin fikirlərindən yararlanmağı,
İKT-dən məqsədəuyğun
istifadə etməyi öyrənir, onlarda özünəinam hissi yaranır.
Gülnarə AŞUROVA
Azərbaycan müəllimi.-
2012.- 17 fevral.- S.7.