Milli Aviasiya Akademiyasında seminar

   

Fevralın 13-də Milli Aviasiya Akademiyasında bu ali təhsil müəssisəsi ilə Qafqaz Universitetinin birgə seminarı keçirilib. Seminarda hər iki universitetin professor-müəllim heyətinin 100-dən çox üzvü iştirak edib.

Seminarı Milli Aviasiya Akademiyasının tədris işləri üzrə prorektoru, professor  Ədalət Səmədov açaraq qonaqları salamlayıb, belə elmi-praktik tədbirlərin əhəmiyyətindən bəhs edib, Qafqaz Universiteti ilə faydalı, işgüzar əməkdaşlıqdan məmnunluğunu bildirib. Sonra Qafqaz Universitetinin tədris işləri üzrə prorektoru, professor Cihan Bulut qonaqlara xoşgəldin edib. Təbrik çıxışında dinamik inkişaf edən ölkəmizdə təhsil sahəsinin sürətlə yeniləşdiyini diqqətə çatdıran C.Bulut universitetlərin dünya təcrübəsini öyrənmələrinin çox faydalı olduğunu vurğulayıb. 

Seminarda Türkiyə Respublikası universitetlərinin təcrübəsini ölkəmizin ali təhsil müəssisəsi nümayəndələri ilə paylaşmaq məqsədilə Qafqaz Universiteti tərəfindən dəvət olunan Səlcuq Universiteti Fondunun sədri, dosent İbrahim Arslan Səlcuq Universiteti rektorluğunun Baş daxili nəzarətçisi Oğuz Erbaşı müvafiq olaraq "Türkiyə Respublikasında universitet fondlarının fəaliyyəti" "Türkiyə Respublikasında universitetlərdə daxili nəzarət" mövzularında məruzələrlə çıxış ediblər.

Türkiyə Respublikasında universitet fondlarının fəaliyyətindən söz açan dosent İbrahim Arslan tarixi ənənələrə malik fondların bu gün Türkiyədə təhsil sahəsinə böyük dəstək verdiyini qeyd edib, bu təcrübənin Azərbaycanda da səmərəli şəkildə tətbiq edilə biləcəyini söyləyib.

Oğuz Erbaşı isə məruzəsində universitetlərdə idarəetmənin maliyyə dövriyyəsinin şəffaflığının əhəmiyyətini vurğulayıb. Universitetlərdə risq idarəetməsi, performans idarəetməsi, maliyyə nəzarəti kimi anlayışların mahiyyətini açıqlayaraq, bu istiqamətdə Türkiyə təcrübəsi əsasında görülə biləcək tədbirlərdən bəhs edib.

Hər iki natiqə kifayət qədər suallar ünvanlanıb bu suallar əsasında müzakirələr aparılıb.

Sonda tədbirin çox səmərəli keçdiyini söyləyən professor Ədalət Səmədov qonaqlara təşəkkürünü bildirib, Boloniya prosesinə qoşulan Azərbaycanda belə elmi tədbirlərin gələcəkdə davam etdirilməsinin ali təhsil müəssisələri üçün çox vacib olduğunu vurğulayıb. 

 

Y.ƏLİYEV

Azərbaycan müəllimi.- 2012.- 17 fevral.- S.2.