YAP İdarə
Heyətinin təşəbbüsü ilə "Milli təhsilimizin gələcəyi:
əsas hədəflər və vəzifələr"
mövzusunda "dəyirmi masa" keçirilib
Fevralın
16-da "Park inn" otelində Yeni Azərbaycan Partiyası
İdarə Heyətinin təşəbbüsü ilə
"Azərbaycan - 2020: Gələcəyə
baxış" konsepsiyası çərçivəsində
"Milli təhsilimizin gələcəyi: əsas hədəflər
və vəzifələr" mövzusunda "dəyirmi
masa" keçirildi. Tədbirdə YAP İdarə Heyətinin
və Siyasi Şurasının üzvləri, Təhsil
Nazirliyinin mərkəzi aparatının əməkdaşları,
nazirliyin struktur bölmələrinin rəhbərləri,
Milli Məclisin deputatları, ali məktəblərin
rektorları, tanınmış ziyalılar, qeyri-hökumət
təşkilatlarının təmsilçiləri, Təhsil
Nazirliyinə birbaşa tabe olan ümumtəhsil müəssisələrinin
direktorları və KİV əməkdaşları iştirak
edirdilər.
"Dəyirmi
masa"nı Yeni Azərbaycan Partiyası sədrinin
müavini, icra katibi Əli Əhmədov açaraq
iştirakçıları salamladı, təkliflərini qəbul
edərək Azərbaycan təhsilinin inkişaf perspektivləri
ilə əlaqədar keçirilən "dəyirmi
masa"ya təşrif gətirdikləri üçün
onların hər birinə təşəkkürünü
bildirdi. Giriş sözündə Azərbaycanın sürətlə
inkişaf etdiyini söyləyən Əli Əhmədov
ölkə həyatını əhatə edən
islahatların, yeniləşmə və modernləşmə
proseslərinin bir tərəfdən bu inkişafın
fundamental əsası kimi qəbul olunduğunu, digər tərəfdən
isə Azərbaycanın gələcək
inkişafının əsaslarının
formalaşdırılması kimi nəzərdən
keçirildiyini diqqətə çatdırdı. Qeyd etdi ki,
ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın
2020-ci ilə istiqamətlənmiş inkişaf
konsepsiyasının hazırlanması ilə əlaqədar
ötən il çox əhəmiyyətli bir sərəncam
imzalamış və həmin sərəncama əsasən
növbəti illər ərzində
inkişafımızın əsas istiqamətlərinin və
qarşıya qoyulan hədəflərin konsepsiya şəklində
müəyyənləşdirilməsi nəzərdə
tutulmuşdur.
Ölkəmizin
2020-ci ilə hədəflənmiş bu konsepsiyada əhəmiyyətli
yer tutmalı olan sahələrdən birinin təhsil
olduğunu vurğulayan icra katibi
bildirdi ki, son illər ərzində təhsil sahəsində
böyük işlər görülmüş, təhsilin
inkişafı, təhsilə qayğı Azərbaycan dövlətinin
siyasətinin və hökumətin fəaliyyətinin
prioritetinə çevrilmişdir. Azərbaycanda təhsil
infrastrukturunun yeniləşdirilməsi, təhsillə
bağlı bir çox dövlət proqramlarının qəbul
edilməsi və həyata keçirilməsi, təhsilin
modernləşdirilməsi istiqamətində atılan
addımlar bütövlükdə bu sahəyə göstərilən
dövlət qayğısından xəbər verir. Təhsil
sahəsində görülən işlərin, əldə
olunan uğurların cəmiyyətin təhsillə
bağlı baxışlarının ciddi şəkildə dəyişdirdiyini,
cəmiyyət tərəfindən təhsilə olan tələbatın
əhəmiyyətli dərəcədə yüksəldiyini
deyən Ə.Əhmədov təhsilimizin artıq öz
inkişafı ilə yeni bir mərhələyə keçməyə
hazır olduğunu, çox ciddi axtarışlar dövrü
kimi xarakterizə olunan hazırkı mərhələdə təhsilin
gələcək hədəflərinin müəyyənləşdirilməsi
və aydın ifadə olunması, təhsil dəyərlərinin,
formalarının yeniləşdirilməsi, müasirləşdirilməsi
və modernləşdirilməsi, təhsilin imicinin dəyişməsi
ilə bağlı diskussiyaların aparılmasına ehtiyac
duyulduğunu söylədi və təhsilin ayrı-ayrı
sahələrində çalışan, onun inkişafında
mühüm xidmətləri olan insanların iştirakı ilə
keçirilən "dəyirmi masa"nın bu baxımdan
faydalı olacağına, burada aparılacaq diskussiya və
müzakirələrdə dəyərli fikirlər səsləndiriləcəyinə
əmin olduğunu ifadə etdi və mövzu ilə
bağlı təqdimat etmək üçün sözü təhsil
naziri Misir Mərdanova verdi.
"Milli
təhsilimizin gələcəyi: əsas hədəflər və
vəzifələr" mövzusunda təqdimatla
çıxış edən təhsil naziri Misir Mərdanov
öncə müasir Azərbaycan dövlətinin qurucusu,
ümummilli lider Heydər Əliyevin, ölkə Prezidenti
İlham Əliyevin təhsilin əhəmiyyəti və cəmiyyət həyatında aparıcı roluna
dair fikirlərinin əks olunduğu slaydları diqqətə
çatdırdı.
Ölkəmizin
2003-cü ildən 2011-ci ilədək keçdiyi dinamik
inkişaf yolunda qazanılmış ən mühüm nailiyyətlərdən
söz açan Misir Mərdanov bu illər ərzində
sosial-iqtisadi inkişaf üzrə 60-dan çox Dövlət
Proqramının qəbul olunduğunu, yoxsulluğun səviyyəsinin 40
faizdən 7,6 faizə endiyini, 1 milyon yeni iş yerinin
açıldığını, nəticədə
işsizliyin səviyyəsinin 5,4 faizə endiyini bildirdi.
Sonra
təhsil naziri Avropa-2020 strateji inkişaf proqramının 5 əsas
məqsədindən 3-nün təhsillə bağlı
olduğunu diqqətə çatdıraraq həmin proqramla əsasən
2020-ci ilədək ÜDM-dən tədqiqatlara və innovasiyalara
ayırmaların 3 faizə çatdırılmasının,
ümumi təhsil müddətini başa çatdırmadan məktəbi
tərk etmə göstəricisinin 10 faizdən çox
olmamasının, məzunların ali təhsilə cəlb
olunma səviyyəsinin 40 faizə
çatdırılmasının hədəfə
alındığını, birinci hədəf üzrə
ölkəmizin göstəricisinin hazırda 0,2% təşkil
etdiyini, ikinci hədəf üzrə göstəricinin 10%-dən
aşağı olduğunu, yəni bu hədəfin ölkəmiz
üçün aktual olmadığını, ali təhsilə
cəlb olunmanın isə 30 faiz təşkil etdiyini söylədi.
Nazir
bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları
ilə təsdiq edilmiş "Azərbaycanda regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci
illər)", "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı", "2003-2005-ci illər
üçün Azərbaycan Respublikasında yoxsulluğun
azaldılması və iqtisadi inkişaf üzrə Dövlət
Proqramı", "2008-2015-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf Dövlət Proqramı" ölkəmizdə
inkişafın əsas mənbələrini təşkil edir.
Məruzə-təqdimatında
təhsilin cəmiyyətdə rolundan söz açan nazir
onun tərəqqinin hərəkətverici qüvvəsi
olduğunu, insan kapitalının və intellektual
potensialın formalaşdırılmasında, milli mənəvi
dəyərlərin qorunub saxlanmasında, şəxsin, vətəndaşın
fərdi inkişafında, yoxsulluğun aradan
qaldırılması və rifah halının yüksəlməsində,
hüquqi cəmiyyətin qurulmasında mühüm rol
oynamaqla xalqın ümidli gələcəyinin təminatçısına
çevrildiyini söylədi.
Sonra
təhsil naziri ölkəmizdə təhsil sahəsində
aparılan islahatların əsasını təşkil edən
inkişafyönümlü layihələr haqqında məlumat
verərək 1999-2003-cü illəri əhatə edən
öyrədici innovasiya layihəsinin, 2003-2008-ci illəri əhatə
edən Təhsil Sektorunun İnkişaf Layihəsinin,
2009-2014-cü illəri əhatə edən və məqsədi
ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin
yüksəldilməsi və ümumi təhsilə
ayrılmış xərclərin səmərəliliyinin
artırılması olan Təhsil Sektorunun İnkişafı
Üzrə İkinci Layihənin
uğurla həyata keçirildiyini bildirdi.
Ölkəmizdə
təhsilə böyük dövlət qayğısı
olduğunu deyən nazir bu qayğının ən bariz ifadəsi
kimi dövlət büdcəsinin tərkibində təhsilə
ayrılan ümumi xərclərin və investisiya xərclərinin
ilbəil artdığını bildirib. İllər üzrə
artım dinamikasını əks etdirən diaqramı "dəyirmi
masa" iştirakçılarının diqqətinə
çatdırdı. Qeyd etdi ki, əgər 2004-cü ildə
dövlət büdcəsindən təhsilə ayrılan
ümumi xərclər 308,3 milyon manat idisə, bu rəqəm
2011-ci ildə 1582,9 milyon manat olmuşdur. İnvestisiya xərcləri
isə 2004-cü ildəki 5,8 milyon
manatdan 2011-ci ildə 273,2 milyon manata yüksəlmişdir.
Sonra
təhsil naziri Misir Mərdanov ölkəmizdə
inkişafın yeni modeli olan proqramlarla idarəetmə nəticəsində
təhsilin ayrı-ayrı pillələrində
görülmüş işlər, əldə olunmuş nəticələr
və qarşıda duran vəzifələr haqqında məlumat
verdi.
Öncə təhsilin ilkin pilləsi olan məktəbəqədər təhsildən bəhs edən nazir bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)"nın həyata keçirilməsi nəticəsində son 4 ildə ölkə üzrə 37 yeni uşaq bağçası inşa olunmuş, 54 müəssisə əsaslı təmir edilmiş, 2 müəssisədə bərpa-gücləndirmə işləri aparılmış, 184-ü isə müasir avadanlıqlarla təchiz olunmuşdur. Nəticədə məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı 103 mindən 113 minə yüksəlmişdir. Beynəlxalq təcrübəyə uyğun olaraq məktəbəqədər təhsilin yeni proqramı (kurikulumu), ilk dəfə olaraq uşaq bağçaları üçün müasir tələblər səviyyəsində 190 adda təlim vəsaitləri hazırlanmışdır.
Məktəbəqədər təhsil üzrə qarşıda duran əsas hədəflərə də diqqəti yönəldən nazir, ölkəmizdə hazırda 16,7% təşkil edən məktəbəqədər təhsilə cəlb olunma səviyyəsinin inkişaf etmiş ölkələrin səviyyəsinə (80-90%) çatdırılmasının, 5 yaşlıların icbari məktəbə hazırlığının təmin edilməsinin, məktəbəqədər təhsil sahəsində yeni təhsil proqramının (kurikulumun) tətbiq edilməsinin, ölkədə erkən yaş dövrü üzrə təhsil müəssisələrinin (bələdiyyə, icma, özəl, ailə bağçaları) yaradılmasının, erkən yaş dövründə inkişafetdirici təlim üzrə metodik vəsaitlərin, didaktik material və təlim vasitələrinin hazırlanması və istifadəsinin təmin edilməsinin bu pillə sahəsində əsas hədəflər olduğunu söylədi.
Sonra nazir ümumi təhsil sahəsində görülmüş işlərdən və nəticələrdən danışaraq məktəblərin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə son illər imzalanmış Prezident sərəncamlarını, məktəblərin tikintisi, əsaslı təmiri və avadanlıqlarla təmini üzrə qəbul olunmuş proqramları diqqətə çatdırdı. Qeyd etdi ki, dövlət proqramları, eləcə də Heydər Əliyev Fondu və digər mənbələr hesabına son illərdə 550 min şagird yerlik 2200 yeni məktəb binası tikilmiş və əsaslı təmir olunmuş, 708 məktəb müasir avadanlıqlarla, 400 məktəb tədris laboratoriyaları ilə təchiz edilmiş, 700 məktəbin istilik sistemi yenidən qurulmuşdur. İkinövbəli məktəblər 73 faizdən 44 faizə, ikinci növbədə təhsil alan şagirdlər 34,5 faizdən 21 faizə enmiş və bununla da 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşdırılmışdır.
Dövlət proqramları çərçivəsində Təhsil Nazirliyinin fəaliyyətinə də toxunan nazir bildirdi ki, 2004-2011-ci illərdə Təhsil Nazirliyinə tikinti və təmir işləri üçün 543,7 milyon manat vəsait ayrılmışdır. Həmin vəsait hesabına 122 min şagird yerlik 353 məktəb, 1270 yerlik 11 uşaq bağçası, 1 peşə-tədris mərkəzi binaları, 184 məktəb üçün 49880 yerlik əlavə korpuslar inşa edilmiş, 176 məktəbdə, 50 uşaq bağçasında, 9 texniki peşə məktəbində əsaslı təmir işləri aparılmışdır.
Məruzə-təqdimatında təhsil naziri eyni zamanda ümumi təhsil sahəsində hədəflərdən də söz açaraq bildirdi ki, məktəb tikintisi və əsaslı təmiri sahəsində proqramların davam etdirilməsi vasitəsilə bütün ümumtəhsil məktəblərinin beşgünlük iş həftəsi və birnövbəli iş rejiminə keçməsinin təmin olunması, ümumi təhsil müəssisələrinin şəbəkəsinin təkmilləşdirilməsi istiqamətində rasionallaşdırma proqramının hazırlanıb həyata keçirilməsi, təhsil müəssisələrinin fiziki infrastrukturuna dair norma, standart və qaydaların hazırlanması, təhsilin inkişafına və keyfiyyətinə təminat verən regional universal mərkəzlərin, ümumi təhsil müəssisələrində inklüziv təhsilin tətbiqi üzrə zəruri şəraitin, istedadlı uşaqlar üçün inkişafetdirici xüsusi fərdi proqramların yaradılması bu hədəflər sırasındadır.
Təhsildə aparılan məzmun islahatlarından danışan nazir bildirdi ki, beynəlxalq aləmdə təhsil sahəsində sınaqdan çıxmış mütərəqqi təcrübələr, innovativ ideyalar, təhsilin məqsəd və vəzifələrinə yeni baxış və yanaşmalar Azərbaycan təhsilinə gətirilmiş, islahatların reallaşdırılması üçün etibarlı zəmin yaradılmışdır. Bu gün məzmun islahatlarının, ümumi təhsilin yeni modelinin əsasını "hafizə", "yaddaş" məktəbindən "təfəkkür", "düşüncə" məktəbinə keçid təşkil edir. Ümumtəhsil məktəblərinin I-XI sinifləri üçün yeni təhsil proqramları (kurikulumları) hazırlanıb təsdiq edilmişdir. 2008-2009-cu dərs ilindən respublikanın bütün ümumtəhsil məktəblərində I siniflərdə yeni fənn proqramlarının (kurikulumların) tətbiqinə başlanmış, yeni fənn proqramları (kurikulumlar) ilə tədrisə başlayan 40 minədək ibtidai sinif müəllimi öyrədici təlim kurslarından keçirilmişdir.
Qeyd olunan illər ərzində dərslik siyasətinin də uğurla aparıldığını vurğulayan nazir bu sahədə görülmüş işlər və nəticələrlə də "dəyirmi masa" iştirakçılarını tanış etdi. Nazir dedi ki, yeni fənn proqramları (kurikulumları) əsasında tender üsulu ilə müasir dərslik komplektləri (dərslik, müəllim üçün metodik vəsait, şagird üçün iş dəftəri) hazırlanmağa başlanmış və proses indi də davam etməkdədir. Ümumi təhsil sistemində istifadə edilən 400 adda dərsliyin məzmunu yeniləşdirilmiş, son illərdə 50 milyon nüsxədən çox dərslik çap olunmuş və şagirdlərə pulsuz verilmişdir. 500 ümumtəhsil məktəb kitabxanasının 1098 adda 549 min nüsxə təlim və oxu materialları ilə təchiz edilməsinə başlanmışdır. Məktəb kitabxanaları 18 adda uşaq ensiklopediyaları, ölkə Prezidentinin "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında" 24 avqust 2007-ci il tarixli Sərəncamına əsasən çap olunmuş bədii əsərlərlə təmin edilmişdir. Heydər Əliyev Fondu tərəfindən ümumtəhsil məktəbləri 140 adda 1,4 milyon nüsxə tədris-əyani vəsaitlə təmin olunmuşdur. Ümumtəhsil məktəblərinə 19 adda 351 min nüsxə xəritə verilmişdir.
Məruzə-təqdimatında şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində görülmüş işlər və əldə olunmuş nəticələr üzərində də dayanan nazir açıqladı ki, Azərbaycan hökuməti tərəfindən 2009-cu ildə "Azərbaycan Respublikasında ümumi təhsil sistemində qiymətləndirmə Konsepsiyası" təsdiq edilmiş, burada yeni qiymətləndirmə mexanizmlərinin hüquqi və təşkilati əsasları öz əksini tapmışdır.
Həmin konsepsiyaya və dünya təcrübəsinə uyğun olaraq, ölkənin ümumi təhsil müəssisələrində məktəbdaxili (diaqnostik, formativ, summativ), milli və beynəlxalq qiymətləndirməni əhatə edən yeni qiymətləndirmə sisteminə keçilmişdir. 2005-2006-cı dərs ilindən etibarən buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsinə başlanmış və bu, hazırda ölkə miqyasında tətbiq olunur.
Məqsədi istedadlı uşaq və gənclərlə iş sahəsində səmərəli fəaliyyət sisteminin yaradılması olan "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nın icrası istiqamətində görülmüş işlərdən söz açan təhsil naziri istedadlı uşaq və gəncləri əhatə edən məlumat bankının yaradıldığını, lisey və gimnaziyaların şəbəkəsinin genişləndirildiyini, maddi-texniki, tədris bazasının möhkəmləndirildiyini, tədris-metodik təminatlarının xeyli yaxşılaşdırıldığını bildirdi. Qeyd etdi ki, istedadlı şagirdləri vaxtında aşkar etmək üçün bölgələrdə və Bakı şəhərində seçim tədbirləri təşkil olunmuş, təlimdə xüsusi nailiyyətlər qazanmış məzunların təltif edilməsi üçün qızıl və gümüş medallar təsis edilmişdir.
Diqqətə çatdırıldı ki, 1998-2011-ci illərdə Azərbaycan məktəbliləri dünya fənn olimpiadalarında və beynəlxalq səviyyəli digər bilik yarışlarında 18 qızıl, 38 gümüş, 71 bürünc medala layiq görülmüşdür. Ümumtəhsil məktəblərinin məktəbdənkənar müəssisələrə cəlb olunmuş şagirdləri respublika və beynəlxalq yarışlarda ümumilikdə 1886 medal, o cümlədən Avropa, dünya birinciliyi və çempionatlarında 178 medal qazanmışlar.
Təhsil sistemində həyata keçirilən Dövlət Proqramından birinin də "Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" olduğunu söyləyən nazir həmin proqramın həyata keçirilməsi ilə bağlı görülmüş işləri də diqqətə çatdıraraq bildirdi ki, proqramın icrası müddətində 149 nəfər uşaq bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılmış, son iki il ərzində 10-16 yaş arası 24 nəfər uşaq övladlığa verilmişdir. 10 internat tipli müəssisə ümumtəhsil məktəblərinə, lisey və gimnaziyalara, ilk peşə-ixtisas təhsili müəssisələrinə çevrilmiş, 3 dövlət uşaq müəssisəsinin nəzdində alternativ qayğı mərkəzi yaradılmışdır. Hazırda həmin mərkəzlərin xidmətlərindən 298 uşaq istifadə edir.
Son illərdə görülmüş işlər nəticəsində dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların sayı ilbəil azalmış, 2008-ci ildəki 14389 nəfərdən 2011-ci ildə 9776 nəfərə, gecələyən uşaqların sayı isə 4055 nəfərdən 3750 nəfərə enmişdir.
Ümumi təhsil sahəsində hədəfləri diqqətə çatdıran nazir 12 illik ümumi təhsil sisteminə keçidin təmin edilməsinin, bununla əlaqədar mövcud təhsil proqramlarının (kurikulumların) yeniləşdirilməsinin, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkilinin təkmil mexanizmlərin yaradılmasının, yeni kurikulumlara müvafiq dərslik komplektlərinin hazırlanmasının və s. bu hədəflərə aid olduğunu söylədi.
Təhsil naziri "dəyirmi masa" iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin İKT ilə təminatı Proqramı (2005-2007-ci illər)" və "Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması Proqramı (2008-2013-cü illər)"nın reallaşdırılması yönündə görülmüş işlər və qarşıda duran hədəflər barədə də məlumat verdi. Qeyd olundu ki, proqramların icrasından ötən müddətdə ümumtəhsil məktəblərinə 33708 ədəd kompüter, 2809 ədəd proyektor və noutbuk dəsti, 4000 şagirdə netbuklar verilmişdir. Nəticədə şagird-kompüter nisbəti 2004-cü ildəki 1:1063 nisbətindən 2011-ci ildə 1:20 nisbətinə çatmışdır. Təhsil müəssisələrinin 75 min nəfər pedaqoji, texniki və inzibati işçisi İKT üzrə öyrədici təlim kurslarından keçirilmişdir. Fənlər üzrə elektron tədris resursları hazırlanmış və istifadə olunmaqdadır. "Elektron məktəb" layihəsinin reallaşdırılmasına başlanmış, İnternetə qoşulan məktəblərin sayı 1200-ə (26%) çatdırılmışdır.
Bütün təhsil müəssisələrinin müasir tələblərə cavab verən İKT avadanlıqları ilə müntəzəm olaraq təmin edilməsi və bu əsasda təhsilin informasiya təminatının reallaşdırılması, hər bir müəllimin İKT bacarıqlarına yiyələnməsi üçün çevik sistemin yaradılması və onun resurs bazasının formalaşdırılması, bütün təhsil pillələri üzrə Təhsilin İdarəolunmasının Məlumat Sistemləri (TİMS) əsasında hesabatvermə, təhlil və proqnozlaşdırma sisteminin yaradılması və müntəzəm yeniləşməsinin təmin edilməsi, təhsil müəssisələrində məlumat bazalarının, məzun-koordinasiya-informasiya sistemlərinin yaradılması, onların mütəmadi yeniləşdirilməsi və idarəetmə prosesində istifadəsinin təmin edilməsi, təhsilin idarə edilməsi sahəsində elektron xidmətlərin geniş tətbiqinə nail olunması bu sahədə əsas hədəflər hesab olunur.
Təqdimatda "2005-2009-cu illər üçün Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə İnkişaf Proqramı" və "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli qərarının icrası istiqamətində görülmüş işlər "dəyirmi masa" iştirakçılarının diqqətinə çatdırıldı. Qeyd olundu ki, Proqram çərçivəsində ümumilikdə 6179 müəllim stimullaşdırıcı tədbirlər tətbiq edilməklə respublikanın ucqar kənd məktəblərinə göndərilmiş, bu sahədə ehtiyac minimuma endirilmişdir.
Son 2 tədris ilində 1600 nəfər gənc mütəxəssis stimullaşdırıcı tədbirlər tətbiq edilməklə ucqar kənd məktəblərinə göndərilmişdir.
Ölkə üzrə pedaqoji kadrların seçilib yerləşdirilməsində obyektivliyi, şəffaflığı və keyfiyyəti təmin etmək məqsədilə 2008-ci ildən etibarən müəllimlərin işə qəbulu beynəlxalq təcrübə nəzərə alınmaqla müsabiqə yolu ilə mərkəzləşdirilmiş qaydada İKT tətbiq edilməklə həyata keçirilməyə başlanmışdır.
2011-2012-ci dərs ilində bu mexanizm daha da təkmilləşdirilmiş, elektron ərizə, elektron imtahan, elektron yerləşdirmə tətbiq edilməklə prosesə təsir və müdaxilələr tam aradan qaldırılmışdır.
Pedaqoji kadr təminatı sahəsində hədəflərdən söz açan nazir ucqar kənd məktəblərinin pedaqoji kadrlarla təminatı üçün nəzərdə tutulmuş maddi stimullaşdırma tədbirlərinin gücləndirilməsinin və digər tədbirlərin nəzərdə tutulduğunu söylədi.
Nazir daha sonra Azərbaycanda texniki peşə təhsilinin yenidən qurulması və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə həyata keçirilmiş işləri qeyd edib, müəyyən peşələr üzrə müasir tələblərə cavab verən təhsil proqramlarının (kurikulumların) hazırlandığını, peşə-ixtisas təsnifatının yeniləşdirildiyini, təhsil tarixində ilk dəfə olaraq ayrı-ayrı peşələr üzrə 38 adda milli dərsliyin tərtib edildiyini, 32 adda tədris-əyani vəsaitin hazırlanaraq istifadəyə verildiyini, dünya təcrübəsində sınaqdan çıxmış innovasiyaların ölkənin peşə təhsilində tətbiqinə başlandığını və hazırda beynəlxalq təşkilatlarla birgə 10-a yaxın layihəni həyata keçirilməkdə olduğunu, son illər 2 yeni peşə-tədris mərkəzi və 1 peşə liseyinin istifadəyə verildiyini söylədi və ilk peşə-ixtisas təhsili sahəsində hədəfləri diqqətə çatdırdı.
Məruzə-təqdimatda bildirildi ki, "2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı"nın həyata keçirilməsi istiqamətində də mühüm işlər görülmüşdür.
Təhsil naziri təqdimatında son illər ali təhsil sahəsində görülmüş işlərdən, xüsusən də "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın yerinə yetirilməsi istiqamətində atılmış addımlara da geniş toxundu. Bildirdi ki, ali təhsilin normativ-hüquqi bazası yeniləşdirilmiş, bakalavriat və magistratura səviyyələri üzrə beynəlxalq tələblərə cavab verən ixtisas təsnifatları hazırlanmışdır. Hazırda bütün ali məktəblərdə tədris Avropa Kredit Transfer Sisteminin tələbləri əsasında təşkil olunur. Yaponiya hökumətinin qrantı hesabına ali təhsildə keyfiyyətin təmin olunması, idarəetmənin təkmilləşdirilməsi üzrə hazırlanan Dünya Bankı ilə birgə layihə çərçivəsində metodoloji təkliflər paketi müəyyənləşdirlmişdir. Müəssisələrin şəbəkəsi genişləndirilmiş, maddi-texniki, tədris bazası əsaslı şəkildə yenidən qurulmuş, müasir maliyyələşmə mexanizmi tətbiq edilmişdir. Bu mexanizmin tətbiqi nəticəsində əldə olunan müsbət nəticələr diqqətə çatdırıldı.
Nazir qeyd etdi ki, universitetlərdə yeni idarəetmə strukturları (Kurikulum və qiymətləndirmə, Virtual universitet və tədris, Elektron tədris və qiymətləndirmə, Qeydiyyat və qiymətləndirmə, Karyera mərkəzləri və s.), keyfiyyəti təmin edən akkreditasiya mexanizmi yaradılmış, özünüidarəetmə orqanlarının (Qəyyumlar və himayəçilər şurası və s.) təşkilinə başlanmış, müəssisələrin beynəlxalq əlaqələri və beynəlxalq proqramlarda iştirakı təmin edilmişdir. Ali məktəblərdə İKT-nin tətbiqi genişləndirilmiş, semestr və buraxılış imtahanlarının İKT-dən istifadə etməklə keçirilməsi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Bildirildi ki, ali təhsil sahəsində də qarşıda mühüm hədəflər durur. Bunlar ali təhsil müəssisələri üçün universitet şəhərcikləri (kampuslar) və texnoparkların yaradılması, ali təhsil müəssisələrinin təhsil - tədqiqat - innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən standartların yaradılması, qabaqcıl beynəlxalq təcrübə əsasında pedaqoji, mühəndis-pedaqoji və elmi-pedaqoji kadr hazırlığı üzrə müasir təhsil proqramlarının (kurikulumların) hazırlanmasının təmin edilməsi və sairdir.
Təqdimatda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"ndan da söz açıldı və bildirildi ki, proqram çərçivəsində indiyədək 1204 nəfər xaricdə təhsil almağa göndərilmişdir. Onlardan 853 nəfər hazırda 23 ölkənin 200-dək ali məktəbində təhsil alır. 322 nəfər təhsilini başa çatdırmışdır. Ümumilikdə isə Proqram, digər mənbələr və şəxsi təşəbbüslər hesabına hazırda 10700 nəfər azərbaycanlı gənc dünyanın aparıcı universitetlərində oxuyur, Azərbaycanın ali məktəblərində isə 7 min nəfərdən çox əcnəbi tələbə təhsil alır.
Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazananların sayını, onların və cari tədris ilində bu hüququ qazananların təhsil aldığı ölkələr üzrə statistik məlumatı əks etdirən slaydlar "dəyirmi masa" iştirakçılarına təqdim olundu. Bildirildi ki, 2015-ci ilədək xarici ölkələrin aparıcı universitetlərində təhsil alan tələbələrin sayının 5 min nəfərə çatdırılması, xaricdə təhsil alaraq məzun olmuş mütəxəssislərin potensialından ölkənin sosial-iqtisadi inkişafında səmərəli istifadənin təmin edilməsi xaricdə təhsil sahəsində qarşıda duran əsas hədəflərdəndir.
Təqdimatda əlavə təhsil sahəsində görülmüş işlər və hədəflər, 2009-2013-cü illəri əhatə edən Dünya Bankı ilə dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi layihəsi haqqında da məlumat verildi.
Təhsil naziri Misir Mərdanov ali məktəb elminin mövcud vəziyyətini, ali təhsil müəssisələrinin elmi potensialını əks etdirən statistik məlumatları diqqətə çatdırıb, elm bölməsi və təhsil sahəsində tədqiqatlara ayrılmış vəsaitin 2007-2011-ci illər üzrə statistikasını əks etdirən diaqramları nümayiş etdirdi.
Ali məktəb elmi sahəsində hədəflərdən söz açan təhsil naziri bildirdi ki, ali təhsil müəssisələri nəzdindəki elmi-tədqiqat institutlarının və mərkəzlərin inkişaf etdirilməsi, texnoparkların yaradılması, elmi-tədqiqat institutları və Respublika elmi-pedaqoji kitabxanası üçün müasir standartlara cavab verən binaların tikilməsi və onların müvafiq avadanlıqla təchiz edilməsi, ali təhsil sisteminin kadr potensialının və elmi-pedaqoji kadr hazırlığının Avropa standartlarına uyğun formalaşdırılması, gənc kadrların elmə cəlb edilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi bu hədəflər sırasındadır.
Təqdimat başa çatdıqdan sonra mövzu ətrafında müzakirələr oldu. Müzakirələrdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, AMEA-nın müxbir üzvü Asəf Hacıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov, Bakıdakı akademik Zərifə Əliyeva adına tam orta məktəbin direktoru Məhəbbət Vəliyeva, Milli Məclis sədrinin müavini Bahar Muradova təhsil nazirinin təqdimatını yüksək qiymətləndirib müzakirə olunan məsələ barədə öz fikirlərini bildirdilər, təkliflər irəli sürdülər.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2012.-
17 fevral.- S.3.