Qafqazda Azərbaycan
xalqının daha qədimdən
məskunlaşdığını
sübuta yetirən böyük alim
Akademik Ziya Bünyadov xatirələrdə
Ziya Musa oğlu
Bünyadov 1923-cü il dekabrın 21-də Astara şəhərində
anadan olub. 1939-cu ildə orta məktəbi bitirib. Elə həmin
ildən təhsilini Bakı Ali Birləşmiş Komandirlər
Məktəbində davam etdirməyə başlayıb. II Dünya müharibəsində düz Berlinə
kimi döyüş yolu keçib.
27 fevral 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı
adı ilə mükafatlandırılıb. 1946-cı ildə Moskva Şərqşünaslıq
İnstitutuna, 1950-ci ildə isə həmin institutun
aspiranturasına daxil olub. 1954-cü ildə namizədlik
dissertasiyası müdafiə etdikdən sonra Azərbaycana
dönüb. Vətəndə Azərbaycan Elmlər
Akademiyasının Tarix İnstitutunda elmi
axtarışlarına davam edib. 1964-cü il martın 5-də
"Azərbaycan VII-IX əsrlərdə" mövzusunda
dissertasiya müdafiə etdikdən sonra elmi şura ona tarix
elmləri doktoru elmi dərəcəsini verib. 1965-ci ildə
SSRİ Ali və Orta İxtisas
Təhsili Nazirliyi yanında Ali Attestasiya Komissiyası
Ziya Bünyadova professor adı verib. 1967-ci ildə Azərbaycan
Elmlər Akademiyasının müxbir üzvü, 1973-cü
ildə isə akademiyanın həqiqi üzvü seçilib.
Ziya Bünyadov
1981-ci ildə Şərqşünaslıq İnstitutunun
direktoru, 1990-cı ildə isə Azərbaycan Elmlər
Akademiyasının vitse-prezidenti seçilib. "Qırmızı bayraq",
"Aleksandr Nevski", "II dərəcəli Vətən
müharibəsi", "Qırmızı ulduz" ordenləri
və müxtəlif adda medallarla təltif edilib. Tarixçi
alim, Sovet İttifaqı Qəhrəmanı, Dövlət
mükafatı laureatı, əməkdar elm xadimi Ziya
Bünyadov 21 fevral 1997-ci ildə dünyasını dəyişib.
Yaqub MAHMUDOV,
AMEA
A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü, əməkdar
elm xadimi, Milli Məclisin deputatı
- Akademik Ziya Bünyadovun elmi fəaliyyəti Azərbaycan tarixşünaslıq elmində xüsusi bir səhifədir. Tariximizin düzgün araşdırılıb tədqiq edilməsi, elmi cəhətdən əsaslandırılması məhz Ziya Bünyadovun adı ilə bağlıdır. Tarixçi alim kimi Vətən elminin keşiyində durmaq, Azərbaycan mənafeyinə xidmət etmək, ən müxtəlif mənbələrdən gərgin zəhmət bahasına əldə etdiyi tarixi sənədləri gənc nəslə ötürmək Ziya müəllimin bütün elmi fəaliyyətinin başlıca qayəsi idi. Həyatını həsr etdiyi Azərbaycan tarixşünaslıq elmini Ziya Bünyadov öz əsərləri ilə ən yüksək pilləyə qaldırmışdı. Mənim yaddaşımda, ömür salnaməmdə Ziya Bünyadovun öz yeri var. Ziya Bünyadovu tələbə vaxtımdan tanıyırdım. Ancaq onun elmi potensialına, zəkasına bələdçiliyim bir qədər sonra oldu. O vaxt şair Rəsul Rza dövründə Azərbaycan Sovet Ensiklopediyasının çapa hazırlanması prosesində məhz Azərbaycanın keçmişi, tarixi ilə bağlı bir çox elə prinsipial məsələlər qarşımıza çıxırdı ki, bunlar doğru-düzgün araşdırılmamışdı.
Ən ağır vaxtda, kəsərli alim sözünə ehtiyac olan bir məqamda, məsələn, xalqımız hansı kökə mənsubdur, Qafqazda ilk aborigenlər kimlərdir və s. bu kimi milli mənafeyimizə toxunan suallara cavab axtararkən Ziya Bünyadovun "Azərbaycan VII-IX əsrlərdə", həmçinin "Azərbaycan Atabəyləri dövləti" - (1136-1225) adlı monoqrafiyaları əlimizdə sanki bir tutya oldu. Bu əsərlərdəki təkzibedilməz faktlarla tariximizin bir çox qaranlıq səhifələrinə işıq tuta bildik. Ziya müəllimin gətirdiyi elmi dəlillərin, tarixi faktların, Azərbaycan xalqının təşəkkülündə türk etnosunun aparıcı rol oynamasını sübut etməsi tarixşünaslıqda bir hadisə oldu. 60-cı illərdə cavabını axtaran bir çox prinsipial məsələlərə Ziya Bünyadov əsərlərində tutarlı cavablar vermiş, ortaya çıxan suallara obyektiv aydınlıq gətirmişdi. O dönəmdə "Azərbaycan Qafqazda ən qədim dövlətdir, heç zaman unutmamalıyıq ki, ən böyük aborigen bizlərik" - müddəalarının müəllifi olmaq Ziya Bünyadov tərəfdən çox böyük cəsarət idi.
Təsəvvür edin ki, o dövrdə yazılan hər bir elmi əsər ya Moskvaya təftişə,ya da son nəticədə rəy almağa Yerevana (?!) göndərilirdi. Şimal qonşumuz - Rusiya imperiyası türk adı çəkməyə cəsarət edənləri "pantürkist", islam dinini dilinə gətirənləri isə "panislamist" damğası ilə mühakimə etməyə, cəzalandırmağa hazır durmuşdu. Qafqazın tarixi ilə bağlı Azərbaycan alimlərinin hər hansı bir müddəası ermənilərdə aqressiya, səs-küy yaradırdı. Bəs həmin dövrdə elmi araşdırmaların əsas mövzusu nə idi? Nə qədər gülünc olsa da, "beşilliklər", "beşilliklərdə klub işi" "beşilliklərdə kanalizasiya işi" və s. Hələ Stalin zamanında "rəhbər"in tezisi bu idi ki, Qafqazda ən qədim feodal-patriarxal dövlətlər Ermənistan və Gürcüstan olub. Türk adını eşidən kimi imperiya alimləri tarixi həqiqətlərə göz yumur, dodaq büzürdülər.
Bu tipli məsələlərdə Ziya Bünyadov bir alim kimi səsini ucaldır, güzəştə getmir, öz dediyinin və yazdığının üstündə durub onları sübut etməyə nail olurdu. Bayaq adını çəkdiyim "Azərbaycan Atabəyləri dövləti" (1136-1225) monoqrafiyası dövlətçilik tariximizdə qaranlıq gecəni nura boyayan bir şimşək kimi çaxdı. Atabəy dövlətinin Şəms-əd-din Eldəgəz (1136-1174), Məhəmməd Cahan Pəhləvan (1174-1186), Qızıl Arslan (1186-1191) kimi hakimləri haqqında Ziya Bünyadovun verdiyi bilgilər bir daha Qafqazda Azərbaycan xalqının daha qədimdən məskunlaşdığını sübuta yetirdi. Bu isə ermənilərin saxtalaşdırdığı tarixi yerlə-yeksan etmək, erməni tarixşünaslarının belini qırmaq demək idi. 50 minlik mükəmməl süvari ordusu olan, bir çox ölkə hökmdarları tərəfindən qəbul edilən Atabəylər dövləti Ziya Bünyadovun faktlarla işıq tutduğu keçmişin qaranlıq səhifələrindən daha inadla bu günə boy verdi.
Bir məqamı da xatırlatmaq istərdim. O illərdə xalqımızı düşdüyü ağır vəziyyətdən xilas etmək üçün Heydər Əliyevə üz tutan, onu Bakıya dəvət edən, bundan ötrü Naxçıvana gedən birincilərdən biri də Ziya Bünyadov olmuşdu. Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra Ziya Bünyadov həmişə ulu öndərlə eyni cəbhədə fəaliyyət göstərdi. Heydər Əliyev də Ziya Bünyadovun Azərbaycan elminə gətirdiyi tapıntıları çox böyük qiymətləndirirdi. Naxçıvana səfərlərinin birində cənab Heydər Əliyev Möminə xatın türbəsinin qarşısında dayanıb "Ziya təkcə bir alim, qəhrəman yox, həm də ən kəskin məqamlarda belə öz xalqının mənafeyini güdən bir şəxsiyyət, vətəndaşdır" - söyləmişdi.
Fikrimcə Ziya Bünyadovu gələcək nəsillərə tarixşünas alim, qəhrəman döyüşçü kimi tanıtmaqla yanaşı, həm də görkəmli ictimai xadim kimi təqdim etmək zəruridir.
Ziya Bünyadov xalqımızın düşmənlərinin qarşısında birmənalı olaraq həmişə düzgün mövqe tutması ilə seçilirdi.
Ziya Bünyadov Sovet İttifaqı Qəhrəmanı adına hələ çox gənc ikən layiq görülmüşdü. Həmişə döşündə gəzdirdiyi qəhrəmanlıq ulduzunun imtiyazlarından da şəxsi yox, milli mənafelərimizi qorumaq üçün istifadə edərdi. Onun elmdə göstərdiyi qəhrəmanlıqlar döyüş meydanlarında göstərdiyi qəhrəmanlıqların heç də kölgəsində qalmadı. Azərbaycan müstəqillik dövrünə qədəm basandan sonra da Ziya müəllimin haqq səsini xalq həmişə ucadan eşidirdi.
26 Bakı komissarının, Şaumyanın xalqımızın heç də xilaskarı olmadığını sübut edən arxiv materiallarının tapılıb üzə çıxarılması da məhz Ziya Bünyadovun xidmətidir. Ziya Bünyadovun monoqrafiyalarından bəlli oldu ki, ermənilər tarixən həmişə etibarsız, xain olublar.
Xalqımızın qədim dövlətlərinə tarixin istənilən dönəmində hansı tərəfdən bəla gəlibsə, ermənilər məhz bizə bəla gətirən tərəflə birləşiblər. Bu da tipik erməni xislətidir.
Ziya Bünyadovdan Azərbaycan tarixşünaslıq elminə böyük irs qalıb. Məncə, onun bütün külliyyatını seçilmiş əsərlər şəklində çap etməyin tam zamanıdır. Ziya Bünyadovun vətən tarixini dərindən bilən xeyli davamçısı bu gün elmi fəaliyyətdədir. AMEA-nın vitse-prezidenti Nailə xanım Vəlixanlı da məhz Ziya müəllimin yetirməsidir.
Bu gün Ziya müəllimin ömür yoluna nəzər salanda onun üç cəbhədə eyni hünərlə döyüşdüyünün şahidi oluruq:
Birincisi, Böyük Vətən müharibəsində qazandığı ad xalqımızın adını ucalara qaldırmaq baxımından böyük qəhrəmanlıq idi.
İkincisi, xalqımızın türk kökündən olmasını elmi əsaslarla sübut etmək elmdə əvəzsiz qəhrəmanlıq idi.
Üçüncüsü, Ziya Bünyadov öz elmi tapıntıları ilə tarixşünaslıq elmində ermənilərə qarşı böyük bir cəbhə açmışdı və ömrünün sonuna kimi də bu cəbhədə öz hünərini göstərdi.
Ziya Bünyadovun nurlu xatirəsini həmişə ehtiramla yad edirəm.
Ziyad
SƏMƏDZADƏ,
akademik,
AMEA-nın həqiqi üzvü,
Milli Məclisin
deputatı
Ziya Bünyadov. İstedadlı alim. Görkəmli ictimai xadim. Mütəfəkkir. Qəhrəman. Şəxsiyyət. Sadə və gözəl İnsan. Bütün bunlar bir adama mənsub olsa da, hamısı böyük hərflə yazılmalıdır... Çünki Ziya Bünyadov, sözün əsl mənasında, böyük alim, böyük insan, qeyrətli vətəndaş idi.
Ziya Bünyadov dünya miqyaslı alim idi. O, Şərqdə ən böyük elmi mərkəzlərdən biri olan Azərbaycan EA Şərqşünaslıq İnstitutu yaradıldığı gündən ömrünün sonuna qədər burada elmin inkişafı üçün var qüvvəsilə çalışdı.
Ziya Bünyadov ensiklopedik biliyə malik alimlərimizdən idi. Onu haqlı olaraq, bilik xəzinəsi adlandırırdılar. O, orta əsrlər və mənbəşünaslıq üzrə elmi məktəbin banisi idi.
Ziya Bünyadov 50-ci illərin ortalarından ömrünün sonuna qədər ictimai elmlərin inkişafı, onun qorunması sahəsində əsl mübariz kimi çalışmışdı. O, Elmlər Akademiyasının vitse-prezidenti kimi respublikada ictimai və humanitar elmlərin inkişafı və onun inkişafının təkmilləşməsi, bu sahədə formalaşan alimlərin əsl vətənpərvər, əsl ziyalı kimi yetişməsi yolunda çox səy göstərirdi.
Müqəddəs "Qurani-Kərim"in ana dilimizdə səslənməsində də Ziya Bünyadovun əvəzsiz xidməti olmuşdur. Bu müqəddəs kitabı yalnız mükəmməl, ensiklopedik biliyə malik olan intellekt sahibi tərcümə edə bilərdi. Bu vəzifəni yerinə yetirmək üçün Şərq aləmini, islam tarixini dərindən öyrənmək, ərəb dilini səlis bilmək lazım idi. Bütün bunlar isə Ziya Bünyadovda var idi. Təkcə bu fakt, yəni müqəddəs kitabımız olan "Quran"ın Azərbaycan dilinə tərcümə edilməsinə başçılıq etməsi Ziya Bünyadovun adının, Azərbaycan xalqının tarixinin düzgün araşdırılması ilə qırılmaz vəhdət təşkil edirdi.
Ziya Bünyadov erməni millətçiləri üçün çox təhlükəli şəxsiyyət idi. Onun əsərlərində, hətta erməni mənbələrinə əsaslanaraq apardığı tədqiqatlarda ermənilərin yeritdikləri çirkin siyasətin mahiyyəti aşkar olunurdu. Tarixi saxtalaşdırmaqda, özlərini başqa millətlərdən üstün tutmaqda ad çıxarmış erməni tarixçiləri Ziya Bünyadov səddini aşa bilmir, yarı yolda ifşa olunurdular.
Ziya Bünyadovun böyük marağa səbəb olan "Azərbaycan VII-IX əsrlərdə" monoqrafiyası çapdan çıxanda kitabda gətirilən faktlar, çıxarılan elmi nəticələr erməni millətçilərinin Azərbaycana qarşı bir sıra fitnəkar fikirlərini alt-üst etmişdi.
Ona görə də erməni millətçiləri Ziya Bünyadova qarşı hər cür fitnəkarlığa əl atırdılar. Amma Ziya Bünyadova bata bilmirdilər.
Ziya Bünyadovun nəhəngliyi respublikamız müstəqillik əldə etdikdən sonra özünü daha qabarıq büruzə verdi.
90-cı illərin əvvəllərində Azərbaycan Elmlər Akademiyasının dağılmaq təhlükəsi meydana çıxanda Ziya Bünyadov bu müqəddəs elm məbədinin dağılmasını irəli sürən üzdəniraq, elmdən xəbəri olmayan, elmə təsadüfən gələn antimilli, antivətən mövqeyində duran bəzi "ziyalı"lara tutarlı cavablar verdi.
Ziya Bünyadov Azərbaycanı ən mötəbər, yüksək səviyyəli məclislərdə təmsil edirdi. O, Milli Məclisin deputatı kimi də böyük işlər görürdü. Ziya Bünyadovun tariximizin ağ ləkələri olan işləri açmaqda xidməti əvəzsizdir. O, Dövlət Təhlükəsizlik Komitəsinin arxivini araşdıraraq onun materiallarından istifadə etməklə, repressiya qurbanları haqqında respublika mətbuatında silsilə məqalələr dərc etdirmişdi.
Bu böyük insan hərdənbir də olsa, istirahət etməyi xoşlardı. Ziya Bünyadovun çox gərgin, məhsuldar, bəzən də əsəblə keçən iş günlərinin əzab-əziyyətini ömür yoldaşı Tahirə xanım öz diqqəti, qayğısı sayəsində bir qədər unutdururdu.
Ziya Bünyadovla Xəzərin sahilində gəzdiyim günləri xatırlayıram. O, dənizin qoynunda xəyala dalmağı çox xoşlardı. Saatlarla söhbət edərdik. Azərbaycanın ictimai, sosial-iqtisadi problemlərinə dair məsələlərdən yorulmadan danışardıq. Mən Mərkəzi Komitədə, Dövlət Plan Komitəsində, Ali Sovetdə çalışdığım zamanlar onunla tez-tez təmasda olur, məsləhətlər alırdım.
O, bizim Buzovnadakı evimizdə, necə deyərlər, ata yurdumuzda da dəfələrlə olub. Ailəmiz onu çox sevirdi. Uşaqla uşaq, böyüklə böyük idi. Ziya Bünyadovun sadəliyi böyüklüyündən irəli gəlirdi.
İlk baxışdan sadə görünən bu insan hərdən çox zəhmli olurdu. Amma çoxları bilmirdi ki, bu böyük insanın geniş ürəyi, incə qəlbi var. Hərdən uşaq kimi ərköyün, hərdən də ağsaqqal kimi çox ciddi olurdu. Ziya Bünyadov ömrü boyu mübarizə aparmaq üçün doğulmuşdu elə bil. Heç nəyə biganə qala bilmirdi. Sərt çıxışları ilə Azərbaycan xalqının taleyilə oynayanları, xalqın sərvətini talayanları, müstəqilliyinə biganə olanları həmişə qamçılayırdı. Laqeydlik ondan uzaq idi. Axı vətəninə, xalqına, millətinin gələcəyinə necə laqeyd qala bilərdi?..
Ziya Bünyadovdan danışanda onun əsl qəhrəmanlığını qeyd etməmək ən azı günah olardı. Bəli, o, hər şeydən əvvəl qəhrəman idi. Təkcə ona görə yox ki, Böyük Vətən müharibəsindən qalib kimi qayıtmışdı. Həm də ona görə ki, sonralar da həmişə, son nəfəsinə qədər vətəninin keşiyində durdu, son nəfəsinə qədər onun azadlığı uğrunda mübarizə apardı, son nəfəsinə qədər tutduğu mövqedən dönmədi...
Ölümü də ölümsüzlüyündən xəbər verir Ziya Bünyadovun.
Akademik Ziya Bünyadovun yoxluğu Azərbaycan elmində həmişə hiss ediləcək. Adı həmişə kamillik, ədalət, cəsarət kimi nəsillərə nümunə olacaqdır.
Gövhər
BAXŞƏLİYEVA,
AMEA akad.
Z.M.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun direktoru,
professor, Milli Məclisin
deputatı
Ziya müəllimlə mənim ilk əyani tanışlığım o zaman S.M.Kirov adına ADU-nun şərqşünaslıq fakültəsində may ayında dövlət imtahanları zamanı baş verib. Adını çox eşitdiyim, özünü o vaxtacan görmədiyim Sovet İttifaqı Qəhrəmanı, akademik, məşhur alim Ziya Bünyadov o zaman biz tələbələrə uca, əlçatmaz bir zirvə kimi görünürdü.
Universiteti bitirəndən sonra Şərqşünaslıq
İnstitutuna işə qəbul olundum. Ziya müəllim
o vaxtlar orta əsr Şərq tarixi şöbəsinin
müdiri idi. Onu yalnız institutun ümumi
yığıncağında görürdüm, burada isə
olduqca prinsipial, tələbkar, hətta sərt
çıxışları onun haqqında məndə
yaranmış əvvəlki fikri bir daha təsdiqləyirdi.
İllər keçirdi, mən namizədlik
dissertasiyamı müdafiə edib, baş elmi işçi vəzifəsində
çalışırdım, artıq doktorluq dissertasiyamı
tamamlamaqda idim.
1993-cü ilin yanvar ayı idi. Ziya müəllim qısa fasilədən sonra yenidən
institutumuza rəhbərlik edirdi. Bir gün
məni direktor kabinetinə dəvət etdi, əvvəlki
müavinin başqa işə keçməsi ilə əlaqədar
mənə bu vəzifəni təklif etdi. Beləliklə, mən Ziya müəllimlə
sıx təmasda işləməyə başladım və
onu yaxından müşahidə etmək imkanı əldə
etdim. Çox keçmədən
anladım ki, Ziya müəllim haqqında əvvəlki qənaətim
təmamilə yanlış imiş. Tədricən,
günbəgün qarşımda yeni, indiyəcən
tanımadığım bir insan xarakteri canlanırdı.
Və bu insan böyüklüyü qədər
də sadə və səmimi idi. Riyakarlıq,
ikiüzlülük, üzdə bir söz deyib, arxada başqa
söz danışmaq ona tamamilə yad idi. Ziya müəllim mərdlik və cəsarət
nümunəsi idi.
Ziya müəllim heç vaxt haqqı nahaqqa qurban verməzdi. Harada olsa, nə
söyləsə, nə ilə məşğul olsa, nə
yazsa, təbiətinin dərinliklərindəki ədalət
hissini daim qoruyub saxlayırdı. Və bu hiss son nəticədə
onun xarakterinin başqa cəhətlərinə qalib gəlirdi.
Ziya müəllim olduqca həssas və rəhmli, xeyirxah
insan idi. Zəiflərə, kimsəsizlərə kömək
etmək onun daxili tələbatı idi.
Çox
sadə və operativ iş üsulu olan Ziya müəllim qəbuluna
gələnləri heç vaxt gözlətməz, dərhal
qəbul edib, məsələni yerindəcə həll etməyə
çalışardı. Ümumiyyətlə,
onun otağının qapısı heç vaxt
bağlanmazdı. Hər kəs istənilən
vaxt yanına gəlib, dərdini, problemini danışa bilirdi.
Ziya müəllim çox maraqlı həmsöhbət
idi. Keçdiyi zəngin həyat yolu olduqca güclü
hafizəsində möhkəm həkk olunmuşdu və o hər
dəfə yaddaşının dərinliklərindən
hansısa epizodu çıxarıb, bizə söyləyirdi.
Qarabağ məsələsini böyük yanğı və
ürəkağrısı ilə yaşayırdı Ziya
müəllim.
Xatirimdədir, azərbaycanlılar qədim
oğuz elindən - indiki Ermənistandan kütləvi şəkildə
qovulduqda, o hamıdan öncə onların Dağlıq
Qarabağa yerləşdirilməsinin vacibliyini o vaxtkı
respublika rəhbərliyinə çatdırdı.
Əfsuslar olsun ki,
böyük alimin bu təklifi qulaqardına vuruldu. Nəticə isə göz önündədir.
Ziya müəllim çox intizamlı idi. Nə vaxtsa cavanlıqda, cəbhədə
xidmət etdiyi vaxt
xarakterində formalaşan daxili nizam-intizam onun
canına sirayət etmişdi. Hər bir
işində son dərəcə dəqiq idi. Həmişə eyni vaxt işə gəlib, eyni
vaxtda da işdən gedirdi. Ziya müəllim deyirdi ki,
yatmağı xoşlamır, çalışır
mümkün qədər az yatsın.
Deyirdi ki, atası Musa kişi yuxuda rəhmətə
gedib, odur ki, belə aqibətdən ehtiyat edərək, az
yatır.
Olduqca zəhmətkeş idi. Onun əqli qabiliyyəti
məni elə valeh edirdi ki, özlüyümdə onu ən
müasir kompüterə bənzədirdim.
Ziya müəllimin çox geniş elmi maraq dairəsi
vardı. Tarixçi olmasına baxmayaraq o, daim Şərq ədəbiyyatı
ilə də maraqlanırdı, bu sahədə də yeri gələndə
böyük işlər gördü. Məsələn,
Nizaminin müasiri, XII əsr Azərbaycan müəllifi Xosrov əl-Ustadın
"Munisnamə" əsərinin əlyazmasını
akademik Ziya Bünyadov Böyük Britaniya kitabxanalarında kəşf
edib, surətini gətirərək, professor Rüstəm
Əliyevə vermişdi.
Ziya müəllim rusca təhsil almışdı, uzun
illər rusdilli mühitdə yaşamış, rusca
yazıb-yaratmışdı. Buna baxmayaraq, Ziya
müəllim yaşının ixtiyar çağında,
respublikamız müstəqillik qazanandan sonra yazıda da,
danışıqda da Azərbaycan dilinə keçmişdi.
Bizə deyirdi: "Mən daha rusca yazmıram, keçmişəm
Azərbaycan dilinə. Siz də Azərbaycanca yazın!". İnstitutumuzun çapa təqdim
etdiyi kitablar arasında rusca olanları buraxmırdı, tələb
edirdi ki, əsər mütləq ana dilimizə tərcümə
olunsun.
Ailəsini çox sevirdi Ziya müəllim. Oğulları,
nəvələri haqda fərəhlə
danışırdı. Həyat yoldaşı Tahirə
xanımdan söz düşəndə: "O, gözəl
anadır!" - deyirdi. Yaxınlarda ailə
həyatının əlli illik yubileyi olacağını
deyirdi və təbəssümlə əlavə edirdi:
"Əgər bir qadınla mən əlli il ailə həyatı
sürmüşəmsə, deməli, o qədər də pis
adam deyiləm!".
Bu gün böyük ehtiyac duyuruq Ziya müəllimə,
onun müdrik məsləhətlərinə, maraqlı, duzlu,
məzəli söhbətlərinə. Hətta
keçmiş tənbehləri də indi bizə xoşdur.
Deyirlər, ən yaxşı loğman -
zamandır. Amma nədənsə vaxt
keçdikcə o böyük insanın itkisindən bizə dəyən
mənəvi-psixoloji zərbənin
ağrısı-acısı azalmır.
Tahirə BÜNYADOVA,
həyat yoldaşı
Ziya ilə tanışlığımız Moskvada Şərqşünaslıq
İnstitutunda oxuduğumuz vaxtdan başladı. 1946-cı ildə
dərslərin başlanma ərəfəsində institutun
qapısı ağzında hərbi libaslı, ucaboylu, arıq
bir oğlan dayanmışdı. Sinəsindəki
Qəhrəman ulduzu diqqətimi cəlb elədi. O vaxt mən
IV, Ziya isə I kurs tələbəsi idik. O da, mən də
eyni tələbə yataqxanasının sakinləriydik.
1947-ci ilin mayında biz Ziya ilə rəsmi nigaha girdik.
Ziya təhsilimiz arasındakı fərqi
tezliklə azaltdı. Bir ilin əvəzinə iki ilin
imtahanlarını verdi.
Ziya idmanı sevir, əla voleybol oynayırdı. Özü də
fakültə komandasının kapitanı idi. O, hər
sahədə hər hansı bir oyunda qələbəni
sevirdi, bu da xarakterinin bir detalı idi. Ziya xarici
görkəmindəki sərtliyə baxmayaraq, daxilən
çox mərhəmətli və yardımsevər bir insan
idi.
1954-cü ilin avqust ayında Ziya Moskvadan Bakıya
qayıtdı.
Bir müddət sonra böyük oğlum Cəmillə
mən Bakıya gəldik. Ziyanın
qardaş-bacıları da bizi sevinclə
qarşıladılar. Cəmil məktəbə
gedirdi, ailəmizdə ikinci övladımız - Heydər
(atamın adıdır) dünyaya gəldi. Ziya oğulları üçün həmişə
vaxt tapar, onların bütün işlərindən hali
olardı.
Ziya heç vaxt işsiz qalmazdı. Onun hər
şeydə öz qayda-qanunu vardı. Əlyazmalarının,
kitablarının yerini dəyişmək olmazdı. Bir
dəfə yay vaxtı Zuğulbada külək açıq
qapıdan içəri girib onun stol
üstündəki əlyazmalarını havaya sovurdu. Bütün ailə kağızların arxasınca
həyətə tökülsək də, nəticəsiz
oldu. Pərişan halda evə
qayıtdıq. Ziya bizi bu halda görüb -
"Yaxşı, təzədən yazaram, onsuz da
hamısı başımdadır", - dedi.
Bir saatdan
sonra Ziya küləyin apardığı səhifələrin
bərpa olunmuş variantını göstərib dedi:
- Burda
bayaqkından da yaxşı yazmışam.
Ziya çoxlu rəssamlarla, xalçaçılarla,
heykəltəraşlarla, qrafiklərlə, arxitektorlarla dostluq
edirdi. Sultan Məhəmmədin miniatürləri və məktəbi,
Əcəminin Möminə xatın abidəsi və Şərq
ölkələrinə səpələnmiş digər əsərləri,
arxeoloji qazıntılar zamanı tapılmış min illərlə
yaşı olan şahtaxtı saxsı qabları barədə
Ziyanın söylədikləri əsl elmi kəşflər
idi.
Ziya həmişə
deyərdi ki, bütün elmlər bir-birilə
qarşılıqlı əlaqədardır. O, zəlzələlər,
kometalar, ulduzlar, meteoritlər, günəş və ay
tutulmaları haqqında məqalələr yazmış, tərcümələr
etmiş və onları Azərbaycan EA xəbərlərinin Yer haqqında elmlər
seriyasında dərc etdirmişdi. Ziyanın əsas
silahı onun biliyi, alim nüfuzu, öz respublikasına sevgisi
idi. Bir dəfə o mənə qəribə bir
siyahı göstərdi: "Bu, ermənilərin özlərinə
düşmən hesab elədiklərinin siyahısıdır.
Fəxr eləmək olar ki, orada da lap öndə mənəm",
- dedi.
...Şuşanın
itirilməsi xəbərini eşidəndə Ziyanın
gözlərində yaş gördüm:
- Bu əsl
satqınlıqdır! Şuşanı heç bir
düşmən belə asanlıqla ala bilməzdi - dedi.
Ziya bu fikrə tez-tez qayıdar və hər dəfə
də deyərdi ki, nə indi, nə də yaxın gələcəkdə
Heydər Əliyevin alternativi yoxdur. Bilikli, təcrübəli
siyasətçi kimi Ziyanın Heydər Əliyevə
böyük hörməti vardı. O deyərdi:
- Əgər Heydər Əliyev kimi
bir şəxs lap əvvəldən Azərbaycanda hakimiyyətdə
olsaydı, heç bir Qarabağ məsələsi, ümumiyyətlə
olmazdı.
Ziya yalnız alim yox, həm də siyasi xadim idi. O, millət vəkili
seçilmiş, Milli Məclisin üzvü olmuşdu. Akademiyadakı kabinetinin qapıları heç vaxt
heç kimin üzünə bağlı olmazdı.
Ziya
ölümdən qorxmurdu: "Ölümdən qorxmaq yox, onu
yaşamaq lazımdır", - deyərdi. Ölümün
Ziyanı həyatdan silməyə gücü çatmadı.
Azərbaycan Prezidenti Heydər Əliyevin Milli Elmlər
Akademiyasının Şərqşünaslıq İnstitutuna
akademik Ziya Musa oğlu Bünyadovun adının verilməsi
barədə fərmanı Ziyanı akademiya əməkdaşları
sırasında əbədi saxladı.
Ölümündən
sonra təltif
olunduğu dövlətin ən yüksək
mükafatı - "İstiqlal" ordenini Azərbaycan
Prezidenti Heydər Əliyev mənə təqdim edərkən,
hörmətli Prezidentin söylədiyi xoş sözlər mənə
böyük təsəlli oldu: "Azərbaycan
xalqının milli mənafelərini qorumaq nöqteyi-nəzərdən
və tarixi həqiqəti bugünkü nəsillərə və
dünya tarixinə çatdırmaq baxımından Ziya
Bünyadovun əsərləri əvəzsizdir".
Ziya, sənin adın sönməz bir ulduzun ziyası kimi
həmişə insanların qəlbini və təfəkkürünü
nurlandıracaq. Fəxr edirəm ki, sənin kimi məğrur, heç
kəsə əyilməyən azad düşüncəli,
qorxmaz, saf və istedadlı bir alim, əsl kişi
mənim həyat yoldaşım olub. Vətəninə və
insanlığa məhəbbətinlə Ziya Bünyadov adına hər yerdə, hər zaman qəhrəman
şərəfi qazandırmısan.
Hazırladı: Ellada UMUDLU
Azərbaycan müəllimi.- 2012.- 17 fevral.- S.4.