Təhsil naziri
Daşkənddə beynəlxalq konfransda
iştirak edib
Fevralın 17-də təhsil naziri
Misir Mərdanov Özbəkistanın paytaxtı Daşkənd
şəhərində "Təhsilli və intellektual
inkişaf etmiş nəslin yetişdirilməsi - ölkənin
davamlı inkişafı və modernləşdirilməsinin
mühüm amili kimi" adlı beynəlxalq konfransda
iştirak edib.
Konfransın əsas məqsədi
müstəqillik illərində Özbəkistanda təhsil
sahəsində əldə olunan nailiyyətlərin beynəlxalq
ictimaiyyətə çatdırılmasından, rəqabət
qabiliyyətli, yüksək ixtisaslı kadrların
hazırlanmasında dövlətin rolu və fasiləsiz təhsilin gələcək
perspektivlərinin müəyyənləşdirilməsindən
ibarət olub.
Konfransda dünyanın 40-dan çox
ölkəsindən gəlmiş nümayəndələr, o
cümlədən bir sıra ölkələrin təhsil
nazirləri, BMT-nin yüksək səlahiyyətli nümayəndəsi,
Dünya Bankı, Asiya İnkişaf Bankı və İslam
İnkişaf Bankının rəhbərləri iştirak
ediblər.
Beynəlxalq konfransın plenar
iclasını Özbəkistan Respublikasının Prezidenti
İslam Kərimov açıb. İslam Kərimov Özbəkistanda
təhsil sahəsində əldə olunmuş nailiyyətlər,
o cümlədən təhsil islahatları üzrə dövlət
proqramının nəticələri barədə konfrans
iştirakçılarına ətraflı məlumat verib.
Açılış mərasimində
daha sonra Asiya İnkişaf Bankının prezidenti Xaruhiko
Kurodanın çıxışı dinlənilib. Özbəkistanın
Baş nazirinin müavini A.Aripov "Özbəkistanda təhsil
sisteminin islahatları və inkişafı" mövzusunda məruzə
ilə çıxış edib.
Konfransda çıxış edən
BMT baş katibinin müavini Noylin Heyzer, Böyük
Britaniyanın Beynəlxalq Vestminister Universitetinin rektoru Cefri
Pets, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru
Viktor Sadovniçi, İslam İnkişaf Bankının
prezidenti Əhməd Məhəmməd Əli, ABŞ-ın
Vebster Universitetinin prorektoru, universitet nəzdində Biznes və
Texnologiya Mərkəzinin direktoru Nensi Hellerud, Sinqapur Menecmentin
İnkişafı İnstitutunun rektoru Erik Kuan, Yaponiyanın
Hosey Universitetinin rektoru Toşio Masuda, Dünya Bankının
Avropa və Mərkəzi Asiya dövlətləri ilə
qarşılıqlı əlaqələr üzrə direktoru
Teodor Alers, Seul Milli Universitetinin rektoru Sin Hanq Qiunun fikirləri
də maraqla qarşılanıb.
Sonra konfrans 6 bölmədə işini
davam etdirib.
Bölmələr "Məktəb
təhsili intellektual inkişaf etmiş nəslin tərbiyəsinin
əsası kimi",
"Peşə təhsili
və müasir əmək bazarının
formalaşması", "Ali təhsilin inkişafının
prioritetləri və ölkənin modernləşdirilməsində
onun rolu", "Müasir informasiya-kommunikasiya
texnologiyaları təhsil
prosesində", "Təhsil
və elm-fasiləsiz əlaqə", "Təhsil
və mədəniyyətin
inkişafı" mövzularına
həsr olunub.
Təhsil naziri Misir
Mərdanov konfransda çıxış edib.
Nazir çıxışında
dünyada təhsilin inkişaf strategiyalarının
işlənməsi təcrübəsi,
Azərbaycanda ölkə
Prezidentinin sərəncamı
ilə hazırlanmaqda
olan "Azərbaycan-2020: gələcəyə
baxış" Konsepsiyası
və onun tərkib hissəsi olan təhsil strategiyası, eləcə
də son illərdə
aparılan təhsil islahatları və əldə olunmuş nailiyyətlər barədə
məlumat verib.
Konfrans zamanı Azərbaycan Respublikasının təhsil
naziri Misir Mərdanov Özbəkistanın
ali və orta ixtisas təhsili
naziri Bahodir Xodiyev, xalq təhsili
naziri Temir Şirinov, Qırğızıstanın
təhsil naziri Nuriddin Saidov, Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi və digər şəxslərlə
görüşüb, təhsilin
inkişafı sahəsində
əməkdaşlığın genişləndirilməsi barədə
müzakirələr aparıblar.
Konfransdan sonra təhsil naziri Daşkənd şəhərindəki Heydər
Əliyev adına
Azərbaycan Mədəniyyət
Mərkəzini ziyarət
edib, mərkəzin nəzdində fəaliyyət
göstərən Azərbaycan
tarixi və Heydər Əliyev muzeyləri ilə tanış olub.
Azərbaycan müəllimi.- 2012.- 24 fevral.- S.2.