"Ən yaxşı
müəllim" müsabiqəsi
iştirakçılarının dərslərini dinləyib qiymətləndirəcək
ekspert komissiyalarının üzvləri ilə
görüş
Fevralın 21-də Təhsil Nazirliyində
"Ən yaxşı müəllim" müsabiqəsi
iştirakçılarının dərslərini dinləyib
qiymətləndirəcək ekspert komissiyalarının
üzvləri ilə görüş keçirilib.
Təhsil naziri Misir Mərdanov tədbir
iştirakçılarını salamlayaraq bildirib ki, ölkə
Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən,
artıq beşinci ildir ki, "Ən yaxşı müəllim"
müsabiqəsi keçirilir. Müsabiqənin uğurla nəticələnməsində
ekspertlərdən ibarət fənn komissiyalarının səmərəli
fəaliyyətinin əhəmiyyətinə toxunan nazir bu il
"Ən yaxşı müəllim" müsabiqəsinə
456 nəfərin sənəd verdiyini, onlardan 229 müəllimin
II mərhələdə iştirak etmək hüququ
qazandığını nəzərə
çatdırıb.
Müsabiqə
iştirakçıları olan müəllimlərin fənlərə
görə təsnifatından bəhs edən təhsil naziri
bu il iştirakçıların sayı çox olan fənlər
üzrə də yalnız bir ekspert komissiyasının təşkil
olunduğunu söyləyib. Misir Mərdanov Təhsil Nazirliyi
nümayəndəsinin hər bir ekspert komissiyasında
müşahidəçi qismində iştirak edəcəyini
və təşkilati məsələlərin onlar tərəfindən
həll olunacağını bildirib.
Nazir sınaq dərslərinin qiymətləndirilməsi
üçün müəyyən olunmuş 12 meyar üzrə
ekspertlərin verəcəkləri balların yazılı
şəkildə əsaslandırılmasının vacibliyini
diqqətə çatdırıb. Təhsil naziri deyib ki,
bütün sınaq dərslərinin videoçəkilişi
aparılacaq və ekspert komissiyası dərsin təhlilindən
sonra iştirakçıları eyni yanaşma və kollegial
müzakirənin nəticələrinə əsasən qiymətləndirəcək.
Qiymətləndirmənin nəticəsindən narazı qalan
müəllimlərə 3 gün müddətində nazirliyə
ərizə ilə müraciət etmək imkanının
verildiyini vurğulayan Misir Mərdanov bildirib ki, sınaq dərsinin
müzakirəsi yalnız müəllimin iştirakı ilə
aparılacaq.
İştirakçı müəllimlərin
dərslərinin dinlənilməsi qrafikinin artıq hazır
olduğunu nəzərə çatdıran nazir qeyd edib ki,
sınaq dərsləri Bakı şəhərindəki 21
ümumi təhsil müəssisəsində təşkil
olunacaqdır. Təhsil naziri həmin məktəblərin rəhbərlərinə
müvafiq təşkilati işlərin görülməsi
üçün zəruri tapşırıqların verildiyini
vurğulayıb.
Misir Mərdanov istedadlı müəllimlərin
və qabaqcıl pedaqoji təcrübənin üzə
çıxarılması kimi nəcib məqsədlərə
xidmət edən bu müsabiqənin təşkilində
iştirak edən hər kəs tərəfindən obyektivlik
və ədalət prinsiplərinin başlıca amil kimi qəbul
olunmasının zəruriliyini nəzərə
çatdırıb. Sonda "Ən yaxşı müəllim"
müsabiqəsi iştirakçılarının dərslərini
dinləyib qiymətləndirəcək ekspertlərə
uğurlar arzulayan nazir, həmçinin onlara bir sıra
müvafiq tövsiyələrini də verib.
Azərbaycan müəllimi.- 2012.- 24
fevral.- S.2.