"Sabahın alimləri"
adlı respublika müsabiqəsi
Fevralın
23-də "Park
İNN" otelinin "Dan
ulduzu" zalında Təhsil Nazirliyi, Gənclər və İdman
Nazirliyi və "Mədəd-Azərbaycan"
təşkilatının təşkilatçılığı
ilə keçirilən "Sabahın alimləri" adlı
respublika müsabiqəsinin
açılışı oldu. Açılış mərasimində təhsil naziri Misir Mərdanov, gənclər
və idman naziri Azad Rəhimov, Intel-in MDB-də
korporativ məsələlər üzrə
direktoru Tatyana Nanayeva, "Mədəd-Azərbaycan" təşkilatının
icraçı direktoru Vüsal
Xanlarov, respublikanın tanınmış
alimləri, pedaqoqları, Bakı və Sumqayıt şəhərlərində
fəaliyyət göstərən ümumi
təhsil müəssisələrinin IX-XI sinif
şagirdləri iştirak edirdilər.
Tədbiri
təhsil naziri Misir Mərdanov
açaraq keçirilən müsabiqənin
əhəmiyyətindən söz
açdı. Ölkəmizdə ilk dəfə
təşkil olunan bu
müsabiqənin əsas məqsədinin yuxarı sinif şagirdlərinə öz
elmi nailiyyətlərini nümayiş
etdirmək imkanı vermək və onlardan
5 nəfərini seçib ABŞ-da hər il
keçirilən Beynəlxalq Elm və
Mühəndislik Sərgisinə - Intel
ISEF-ə göndərmək olduğunu
söyləyən nazir belə bir mötəbər yarışda azərbaycanlı
şagirdlərin uğurla iştirak
edəcəyinə ümidvar olduğunu bildirdi. Qeyd olundu ki,
"Sabahın alimləri" adlı müsabiqə dünyada
ən nüfuzlu müsabiqələrdən
biri olan Intel ISEF - Beynəlxalq Elm
və Mühəndislik Sərgisi çərçivəsində
keçirilir. Müsabiqənin əsas
sponsorlarından biri də Intel
korporasiyasıdır. Hər bir ölkənin
inkişafının həmin ölkədə elmin
və təhsilin inkişafından asılı olduğunu bildirən təhsil naziri
Azərbaycanda güclü elmi
potensialın mövcudluğunu qeyd etdi. Ölkəmizdə
elm və təhsilin inkişafının,
gənclər siyasətinin dövlətin prioritet istiqamətlərindən olduğunu
söyləyən nazir Misir
Mərdanov respublika Prezidenti
cənab İlham Əliyev tərəfindən
bu məsələlərin hər zaman diqqətdə saxlanıldığını
xüsusi vurğuladı. Nazir
Intel ISEF müsabiqəsinin dünyada nüfuzlu bir müsabiqə olduğunu
deyərək bu haqda
ətraflı danışdı. Bildirildi ki, Intel ISEF-in
ABŞ-da keçirilən final
mərhələsinə hər il
dünyanın müxtəlif ölkələrində təşkil
olunan 550-dən artıq müsabiqənin
qalibləri qatılır. Son illər Intel ISEF beynəlxalq müsabiqəsində öz elmi layihələrini
nümayiş etdirmək istəyən
şagirdlərin, eyni zamanda
ölkələrin də sayı artmışdır. 2011-ci
ildə bu
ölkələrin sayı 65-ə
çatmışdır. Nazir belə bir mötəbər müsabiqənin
dünyanın bütün ölkələri
üçün mühüm
əhəmiyyət kəsb etdiyi kimi, Azərbaycan üçün
də aktual və gərəkli olduğunu qeyd etdi. Nazir Misir Mərdanov respublikamızda
təhsil sahəsində aparılan islahatların, orta ümumi təhsil
müəssisələrində tətbiq olunan
kurikulumların yeni düşüncəli,
geniş dünyagörüşlü
gənclərin hazırlanmasına yönəldildiyini,
şagirdlərin tədqiqat aparması, yeni
informasiya texnologiyalarından istifadə
etməsi üçün hərtərəfli
imkanların yaradıldığını söylədi. Qeyd olundu ki, bir
sıra orta ümumi təhsil
müəssisələrində fəaliyyət göstərən
Kiçik Akademiyalar
şagirdləri məktəb illərindən elmi
tədqiqatlara cəlb edərək onları yeni
elmi axtarışlara, ətraf mühiti yaxşılığa doğru dəyişdirməyə sövq edir.
Azərbaycanda
ilk dəfə keçirilən
"Sabahın alimləri" müsabiqəsi barədə ətraflı
məlumat verən təhsil naziri onun 2012-ci ildə keçiriləcək Intel ISEF müsabiqəsinə seçim
turu olduğunu bildirdi. Müsabiqəyə Bakı və
Sumqayıt şəhərlərində fəaliyyət
göstərən ümumi təhsil
müəssisələrinin IX-XI sinif
şagirdləri tərəfindən yerinə yetirilmiş
tədqiqat layihələri təqdim olunub.
Müsabiqəyə elmi dəstək verən
Bakı Dövlət Universiteti və
Sumqayıt Dövlət Universitetinin
professor-müəllim heyəti gələcəyin alimləri üçün elmi
ünsiyyət mühitinin
formalaşmasına xüsusi diqqət
yetiriblər. Bu ali təhsil müəssisələrinin
laboratoriyaları öz
qapılarını şagirdlərin üzünə açaraq onlara müasir avadanlıqlardan istifadə etmək və
elmi rəhbərləri ilə birgə tədqiqatlar
aparmaq imkanı yaradıb.
Nazir daha sonra qeyd etdi
ki, müsabiqədə 47 elmi
layihənin müəllifləri olan
şagirdlər iştirak edir.
Həmin layihələrdən 18-i kollektiv,
29-u isə fərdi şəkildə hazırlanıb.
Şagirdlərin elmi layihələri riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya,
mühəndislik, kompüter elmləri
kateqoriyaları üzrə qiymətləndiriləcəkdir.
Müsabiqəyə yalnız yeni elmi ideyası, eksperimentin,
mühəndis layihəsinin texniki təsviri,
innovativ kompüter
proqramının təsviri olan layihələr
qəbul edilib. Müsabiqənin final mərhələsinə Elmi
Ekspertiza Komitəsi tərəfindən
baxış keçirilən və annotasiyaları təsdiq
edilən layihələr buraxılıb.
Təhsil
naziri layihələrin qiymətləndirilməsi
üçün respublikamızın
tanınmış alimlərindən ibarət münsiflər
heyətinin yaradıldığını deyərək tədbirin
keçirilməsində əməyi olanlara
təşəkkürünü bildirdi. Nazir Misir Mərdanov Gənclər və İdman Nazirliyi, "Mədəd-Azərbaycan"
təşkilatı, Intel korporasiyası ilə
əməkdaşlığın bundan sonra da davam
etdiriləcəyinə ümidvar olduğunu bildirərək Azərbaycanın
istedadlı şagirdlərinin dünyanın belə bir nüfuzlu müsabiqəsinə
qatılmalarını təqdirəlayiq hal
kimi qiymətləndirdi və onların ölkəmizi
layiqincə təmsil etmələrini arzuladı.
Mərasimdə
çıxış edən gənclər və idman naziri Azad
Rəhimov müsabiqənin əsas məramının ümumi təhsil müəssisələrinin
yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərinin
nümayişinə şəraitin yaradılması ilə
yanaşı, həmçinin onların elm
və texnika sahəsində öz yaradıcılıq potensialını
yüksəltmələrini təmin etmək olduğunu
bildirdi. Nazir Azad Rəhimov Azərbaycanda ilk
dəfə keçirilən bu müsabiqənin
iştirakçılarına uğurlar
dilədi.
"Mədəd-Azərbaycan"
təşkilatının icraçı direktoru
Vüsal Xanlarov
çıxış edərək təmsil etdiyi
qurumun gördüyü
işlərdən danışdı. Keçirilən
müsabiqənin azərbaycanlı şagirdlərin dünya miqyasında
öz bilik və
bacarıqlarını nümayiş etdirməyə
imkan yaratdığını söylədi.
Intel-in MDB-də korporativ
məsələlər üzrə direktoru
Tatyana Nanayeva rəhbərlik
etdiyi təşkilatın fəaliyyəti,
Intel ISEF- Beynəlxalq Elm
və Mühəndislik Sərgisi ilə bağlı məruzə-təqdimatla
çıxış etdi. Təqdimatda
adıçəkilən müsabiqədə iştirak
edən ölkələr, həmin ölkələrin
şagirdlərinin əldə etdiyi nəticələr
və digər məsələlər barədə tədbir
iştirakçılarına ətraflı məlumat verildi. Tatyana Nanayeva sonda bu il Azərbaycanın müsabiqədə iştirak
etməsindən məmnun olduğunu dedi və şagirdlərə müvəffəqiyyətlər
arzu etdi.
Onu da qeyd edək ki, 24 fevral tarixində keçiriləcək
mükafatlandırılma mərasimində müsabiqənin
qaliblərinə pul mükafatı, diplom və medal təqdim olunacaq. Münsiflər heyəti tərəfindən
seçilən 5 şagird cari
ilin mayında ABŞ-ın Pitsburq şəhərində keçiriləcək
Intel ISEF müsabiqəsində iştirak etmək hüququ
qazanacaq.
Samirə KƏRİMOVA
Azərbaycan
müəllimi.- 2012.- 24 fevral.- S.4.