BDU-da alman alimi
Heiko Krügerin "Dağlıq Qarabağ konflikti- hüquqi araşdırmalar" kitabının təqdimatı
keçirilib
Bakı Dövlət Universitetində
Xocalı faciəsinin 20-ci ildönümünə həsr
olunmuş tədbir və alman alimi Heiko Krügerin
"Dağlıq Qarabağ konflikti - hüquqi
araşdırmalar" kitabının BDU-nun təşəbbüsü
ilə ingilis dilindən rus dilinə tərcümə
olunmuş variantının təqdimat mərasimi
keçirilib. Tədbiri giriş sözü ilə açan
universitetin rektoru, akademik Abel Məhərrəmov ən qəddar
və amansız terror hadisələrindən biri olan Xocalı
soyqırımı haqqında danışıb. Bildirib ki,
Xocalı soyqırımı 200 ildən artıq müddətdə
erməni millətçiləri tərəfindən
xalqımıza qarşı aparılan etnik təmizləmə
və soyqırımı siyasətinin qanlı səhifəsidir.
Rektor qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyev
xalqın tələbi ilə hakimiyyətə gəldikdən
sonra Azərbaycan hökuməti və parlamenti Xocalı
soyqırımı, bütövlükdə erməni millətçilərinin
azərbaycanlılara qarşı törətdiyi cinayətlər
haqqında həqiqətləri dünya dövlətlərinə,
parlamentlərinə və beynəlxalq təşkilatlara
çatdırmışlar. Bu gün bu siyasət Prezident
İlham Əliyev, Heydər Əliyev Fondu, Fondun Rusiya nümayəndəliyi
tərəfindən həyata keçirilir. Aparıcı
dövlətlərin ikili standartlarından söhbət
açan, Fransa Senatının antidemokratik qərarını
xatırladan rektor alman alimi Heiko Krügerin "Dağlıq
Qarabağ konflikti - hüquqi araşdırmalar" kitabına
da toxunub. Deyib ki, xarici alimlər öz siyasətçilərindən
fərqli olaraq, tarixi hadisələrə daha obyektiv
yanaşırlar. Təqdimatı keçirilən kitab buna
nümunədir.
Sonra tarix fakültəsinin dosenti Boran Əzizin
"Xocalı - XX əsrin faciəsi", hüquq fakültəsinin
dekanı, professor Əmir Əliyevin "Heiko Krüger və
onun Dağlıq Qarabağ münaqişəsi haqqında
hüquqi araşdırmaları" mövzusunda məruzələri
dinlənilib.
Tədbirin
sonunda Türkiyənin ölkəmizdəki səfirliyinin
nümayəndəsi Halis Koyuncuoğlu və millət vəkili
Gülər Əhmədova çıxış ediblər.
Azərbaycan müəllimi.- 2012.- 24 fevral.-S.4.