"Ən yaxşı müəllim" müsabiqəsinin növbəti mərhələsində iştirak etmək hüququ qazanmış müəllimlərin bir qrupu ilə görüş

  

Fevralın 21-də Təhsil Nazirliyində "Ən yaxşı müəllim" müsabiqəsinin növbəti mərhələsində iştirak etmək hüququ qazanmış müəllimlərin bir qrupu ilə görüş keçirilib.

Təhsil naziri Misir Mərdanov müsabiqənin növbəti mərhələlərində iştirak edəcək müəllimləri təbrik edibonlara uğurlar arzulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 2007-ci il 4 sentyabr tarixli sərəncamına əsasən, artıq beşinci ildir ki, müvafiq müsabiqələrin keçirildiyini vurğulayan nazir maddi stimullaşdırma ilə müşayiət olunan bu müsabiqənin əsas məqsədinin ən yaxşı müəllimlərin üzə çıxarılması olduğunu bildirib.

Təhsil naziri bu il "Ən yaxşı müəllim" müsabiqəsinə 456 nəfərin sənəd verdiyini, onlardan 229 müəllimin II və III mərhələdə iştirak etmək hüququ qazandığını bildirib. İştirakçıların sayına görə ibtidai sinif (67 nəfər), Azərbaycan dili və ədəbiyyat (35 nəfər) müəllimlərinin üstünlük təşkil etdiyini söyləyən Misir Mərdanov müsabiqə iştirakçılarının sınaq dərslərinin təşkil olunacağı məktəblərdə müvafiq şəraitin yaradılacağını vurğulayıb.

Nazir dərs mövzusunun müəyyənləşdirilməsi qaydaları haqda məlumat verib, dərslərin 12 meyar üzrə qiymətləndiriləcəyini, bir müəllimə digərinin dərsində iştirak etmək imkanının veriləcəyini diqqətə çatdırıb. Əvvəlki illərdən fərqli olaraq, iştirakçıların sayı çox olan fənlər üzrə bir ekspert komissiyasının təşkil edildiyini söyləyən təhsil naziri bunun müəllimlərin şəffaf seçimi baxımından daha səmərəli üsul olduğunu vurğulayıb.

Təhsil naziri deyib ki, bütün sınaq dərslərinin videoçəkilişi aparılacaq və ekspert komissiyası dərsin təhlilindən sonra iştirakçıları eyni yanaşmakollegial müzakirənin nəticələrinə əsasən qiymətləndirəcək. Qiymətləndirmənin nəticəsindən narazı qalanlara 3 gün müddətinə nazirliyə ərizə ilə müraciət etmək imkanı veriləcəyini nəzərə çatdıran Misir Mərdanov müəllimlərin bu mərhələyə də məsuliyyətlə hazırlaşmalarının əhəmiyyətindən söhbət açıb. Nazir onu da qeyd edib ki, II mərhələ başa çatdıqdan sonra hər bir müəllim müəyyən olunmuş vaxtda Təşkilat Komitəsinin iclasında fəaliyyətinin əsas istiqamətlərini, uğurlarını, təkliflərini əks etdirən 10 dəqiqəlik təqdimatla çıxış edəcək və hər bir mərhələnin nəticələrinə əsasən, iştirakçı müəllimlərin yekun balı müəyyən olunacaq.

Sonra sınaq dərsləri dinləniləcək müəllimləri maraqlandıran suallar cavablandırılıb, bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Azərbaycan müəllimi.- 2012.- 24 fevral.- S.4.