"Dilimiz mənəvi sərvətimizdir"
Ey türk oğulları, Vətənin bir ovuc torpağını
dünyanın var-dövlətinə, dilimizin
bir sözünü ləl-cəvahirata
dəyişməyin!
(Şah İsmayıl Xətai)
Ana dili! Nə qədər
möhtəşəm, müqəddəs,
nə qədər əzəmətli bir qüvvə!
Ana dili! Bir dil
ki, mehriban bir vücud öz şəfqət və məhəbbətini
sənə o dildə
bəyan edir.
1999-cu ilin noyabrında keçirilmiş YUNESKO-nun baş
konfransının qərarı
ilə 21 fevral Beynəlxalq Ana Dili Günü elan edilmişdir.
Dil hər bir millətin maddi və mənəvi
irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz
ana dilini yaxşı bilməli və onu qorumalıdır.
Artıq neçə ildir ki, 21 fevral
Beynəlxalq Ana Dili Günü məktəbimizdə
qeyd olunur. Bu il həmin münasibətlə
keçirilən "Ana dilim
şirindir" adlı
ədəbi-bədii kompozisiyada
da şagirdlər xalq şairləri B.Vahabzadənin, Nəbi Xəzrinin, Xəlil Rza Ulutürkün, Zəlimxan Yaqubun şeirlərindən nümunələr
söylədilər. Əvvəlcə
aparıcılar - VII "a" sinif şagirdləri Ülkər Hacıyeva və Loğman Babaşov dil haqqında müdriklərimizin
hikmətli sözlərindən,
görkəmli şəxsiyyətlərin
aforizmlərindən nümunələr
söyləyərək, dilin
bəşəriyyət tarixində
insanların əldə
etdiyi ən böyük nailiyyət, hər bir millətin
maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü bir vasitə olduğunu qeyd etdilər.
Sonra tarın müşayiəti ilə
şeirlər söylənildi.
Füzuli zirvəli, Vaqif vüqarlı
Mənim Qorqud dilim,
Ələsgər dilim.
Ömrümün naxışı, bəxtimin xalı
Dadda, şirinlikdə bal, şəkər dilim!
Bu dildə şeir də, mahnı da gözəldir. Bu dil sevinc də
gətirir, təəssüf
də... Zərifdir, incədir, ecazkardır, Nəsimi dözümlü,
Füzuli kədərli,
Səməd şöhrətli,
Bəxtiyar ünvanlı
dilim...
Azərbaycan dili əsrlər
boyu inkişaf edərək zamanlardan süzülə-süzülə gəlmiş, kamil bir dilə çevrilmişdir.
Bu incə və lətafətli dil bütün dövrlərdə
öz gözəlliyi
və şirinliyi ilə dünya dillərinə meydan oxumuşdur.
7-ci sinif şagirdi Qılman Mikayılov
İKT vasitəsi ilə
Azərbaycan dilinin tarixi haqqında qısa, yığcam və dəqiq məlumatları verdi.
Azərbaycan dilinin formalaşma
tarixi VII-IX əsrlərə
təsadüf edir. Hələ qədimdən,
orta əsrlərdən
insanlar "Doğma vətəndən gözəl,
doğma dildən şirin dünyada heç nə yoxdur" sözləri ilə döyüşə
qalxmışlar.
XVIII əsrdən başlayaraq
Azərbaycan dili zənginləşdi, inkişaf
etdi və yaşadı.
Dilimiz zaman-zaman qol-qanad açdı, elm dili, sənət dili kimi daha
da inkişaf etdi. Səfəvi hökmdarı Şah İsmayıl Xətai Azərbaycan-türk dilinin
dövlət dili səviyyəsində istifadə
edilməsini ilk dəfə
olaraq həyata keçirdi.
Xətai taxtında sən fərman oldun,
Dillərə hökm edən qəhrəman oldun.
İkinci dəfə 1918-1920-ci
illər arasında Azərbaycan Demokratik Respublkası bərqərar
olduğu dövrdə
"Türk dili" adı ilə dilimiz Dövlət dili hüququ aldı. İlk dəfə Dövlət himni yarandı. Cümhuriyyətin ömrü
uzun olmadığı
kimi, dil haqqında tədbirlər
də milli əsaslarla davam edə bilmədi.
Bununla belə Azərbaycan dilinin inkişafı dayanmadı.
O, əsrlərin sınaqlarından
keçib, bu günümüzə gəlib
çatmışdır.
Tarixin yolunu keçdin
uğurlu
Sənə batammadı bir qolu zorlu.
Nəhayət, ulu öndər Heydər Əliyevin qətiyyəti və uzaqgörən siyasəti
nəticəsində 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasında dilimizə
yenidən Dövlət
dili statusu verildi. 1992-1993-cü illərdə
dilimizin adı yenidən Milli Məclisin qərarı ilə "Türk dili" adlandırıldı.
Və nəhayət,
1995-ci ilin 12 noyabrında
qəbul edilmiş müstəqil respublikamızın
Konstitusiyasının 21-ci maddəsi
ilə Azərbaycan dili Azərbaycan Respublikasında Dövlət
dili kimi təsbit olundu. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının
borcudur.
Yox, dil əsrlərin
tale səsidir
Azərbaycan dili-büllur bir bulaq
Dil-xalqın adıdır, xalqın özüdür
Dilin ixtiyarı xalqdadır ancaq!
"Ananın südündə,
vətənimin havasında,
çörəyində, suyunda
səni duymuşam. Torpağımda, daşımda,
çölümdə, çəmənimdə,
Kürümdə, Arazımda,
qəlbimin aynasında
səni görmüşəm...".
"Elimdə-günümdə, dərsimdə-kitabımda
səni görmüşəm,
səni sevmişəm,
a mənim tarixin eniş-yoxuşlarında, xalqımızın
göz bəbəyi kimi qoruduğu dilim - Azərbaycan dilim, Azərbaycan dilim!".
VII
"a" sinif şagirdlərindən
Səkinə Cavadzadə,
Sevil Şahbəndəyeva,
Nərgiz Şıxəliyevanın
ifasında səslənilən
bu mənsur şeir parçası tarın müşayiəti
ilə daha da gözəl və təsirli idi.
Daha sonra şagirdlərin
ifasında "Biz kimik?"
adlı ikinci kompozisiya dinlənildi.
Biz kimik?
Biz-Oğuz türklərinin balalarıyıq!
Biz-Müsəlmanıq!
Biz-Dünyanın ən qədim və ən mədəni xalqlarından biriyik!
VII
"a" sinif şagirdlərindən
Mələkxanım Behbudova,
Fatimə Balakişiyeva,
Zivər Hüseynova, Fidan Cəfərova, Əli Məmmədzadə,
Loğman Babaşovun ifasında Səməd Vurğunun "Azərbaycan"
şeiri özbək,
qazax, qırğız,
türkmən dillərində
səsləndi. Sonda şagirdlərimiz "Azərbaycan"
mahnısının sədaları
altında kompozisiyanı
yekunlaşdırdılar.
Tədbirdə iştirak edən qonaqlar Beynəlxalq Ana Dili Gününün qeyd olunmasını şagirdlərin
doğma dilimizə olan bağlılığının,
sonsuz məhəbbətinin
babalarımızın bizə
miras qoyduğu qiymətli xəzinəmiz
olan dilimizin qorunub gələcək nəsillərə çatdırılması
işində böyük
əhəmiyyətə malik
olmasını vurğuladılar.
Məktəb rəhbərliyi
tədbirin hazırlanmasında
əməyi olan müəllim və şagirdlərə öz
təşəkkürünü bildirdi.
Bu dil əcdadımızın
bizə miras qoyduğu qiymətli xəzinədir. Onu gözlərimiz tək qoruyub, nəsillərə
biz də hədiyyə
verək.
Nəzakət CƏFƏROVA
Azərbaycan müəllimi.- 2012.-
24 fevral.- S.8.