Qax rayonunun ümumtəhsil məktəblərində birinci dərslər Beynəlxalq Ana Dili Gününə həsr olunub

  

Qax RTŞ-ın metodisti Aybəniz Məmmədovadan aldığımız məlumatda bildirilir ki, 21 fevral - Beynəlxalq Ana Dili Gününün qeyd olunması münasibəti ilə rayonun təhsil şöbəsinin xətti ilə geniş tədbirlər planı hazırlanmışdır. Həmin plana əsasən rayonun bütün ümumtəhsil məktəblərində müxtəlif məzmunlu tədbirlər həyata keçirilib. Şagirdlər ana dilinə məhəbbət, onu sevib qorumaq, dilin incəliklərinə yiyələnməklə bağlı sinif divar qəzetləri, bülletenlər hazırlayıblar. Məktəblərdə isə həmin gün birinci dərslər Ana Dili Gününə həsr olunub.

Eyni zamanda şəhər 1, 2, 3, 4 və 5 nömrəli tam orta məktəblərdə "Ana dilim mənim varlığımdır", "Nə şirindir mənim dilim", "Mənim dilim mənim sərvətimdir", "Dilimizin saflığını qoruyaq", "Ana dilimizi sevək və sevdirək", "Ana dilim-mənəviyyatım" mövzularında ədəbi-bədii kompozisiya, siniflərarası bilik yarışları, şeir, inşa yazı, mahnı, rəsm müsabiqələri keçirilib. Beynəlxalq Ana Dili Günü rayonun İlisu, Qaxbaş kənd 2 nömrəli, Cəlayir, Tasmalı, Şotavar, Qum, Qorağan, Zəyəm, Turaclı kənd tam orta, Ağçay, Çinarlı, Əmərçay, İbaxlı kənd  ümumi orta məktəblərində də qeyd edilib.

Keçirilən tədbirlərdə rayon təhsil şöbəsinin nümayəndələri də iştirak ediblər.

 

 

ƏDALƏT

 

Azərbaycan müəllimi.- 2012.- 24 fevral.- S.8.