Yunanıstan Respublikasının təhsil sistemi

 

Yunanıstan Respublikası

 

Ərazisi:                           132 min km2

Əhalisi:                           10,7 milyon nəfər

Paytaxtı:                         Afina

Dövlət dili:                     yunan

Pul vahidi:                      avro

  

Təhsil sistemi

 

Avropanın cənub-şərqində, Balkan yarımadasında yerləşən Yunanıstan Respublikasında təhsil bütün pillələr üzrə demək olar ki, ödənişsizdir. Vətəndaşlarının təhsil hüququ ölkə konstitusiyasının müvafiq maddələri ilə təsbit olunur. Ölkə üzrə əhalinin ümumi savadlılıq səviyyəsi 97,5 faizdir.

Ölkənin məktəbəqədər təhsil müəssisələrinə 2 yaş yarımdan 6 yaşa qədər olan uşaqlar cəlb edilir. Məktəbəqədər təhsil icbari deyil. Valideynlərin istəyindən asılı olaraq 2-6 yaşlı uşaqlar istənilən dövrdə məktəbəqədər təhsil müəssisələrinə verilə bilər.

I sinfə 6 yaşı tamam olmuş uşaqlar qəbul edilir. İbtidai təhsil pilləsi 6 il, icbari təhsil dövrü isə 9 il davam edir. İbtidai təhsil pilləsini başa vuran şagirdlər orta məktəbin aşağı mərhələsində (VII-IX siniflərdə) və yaxud da gimnaziyalarda təhsil ala bilərlər. Gimnaziyalarda da təhsil müddəti 3 il (VII-IX siniflər) davam edir.

Gimnaziyanı və ya orta məktəbin aşağı mərhələsini başa vuran şagirdlər təhsillərini davam etdirmək üçün müəyyən seçim imkanlarına malikdirlər. Onlar liseylərdə, orta məktəbin yuxarı mərhələsində (X-XII siniflərdə), yaxud da texniki peşə təhsili müəssisələrində təhsil ala bilərlər. İcbari təhsil dövrü 9 il olduğundan X-XII siniflərdə əsasən şagirdlər müvafiq ixtisas fənləri üzrə təhsil alırlar. Bu  təhsil mərhələsi 3 il davam edir.

Orta məktəbin yuxarı mərhələsinə ümumi orta təhsil verilir. Liseylərdə isə təhsilin birinci ilində şagirdlərin ümumi dünyagörüşünün genişləndirilməsini nəzərdə tutan kurikulum əsasında dərs keçirilir. Liseylərdə tədris proqramını yaxşı mənimsəyə bilməyən şagirdlərə könüllü olaraq texniki peşə təhsili proqramlarını (2 və ya 3 illik) seçmək və ya Peşə Təlimi İnstitutlarında təhsillərini davam etdirmək imkanı verilir. Peşə Təlimi İnstitutları ümumiyyətlə, təhsil səviyyəsi kimi müəyyənləşdirilməsə də, həm gimnaziya və ya orta məktəbin aşağı mərhələsinin, həm də orta məktəbin yuxarı mərhələsinin məzunları bu təhsil müəssisələrinə qəbul edilirlər.

Liseyləri bitirmiş şagirdlər təhsillərini universitetlərdə, texnoloji təhsil müəssisələrində, hərbi akademiyalarda və digər ali məktəblərdə davam etdirmək üçün  ümumi qəbul imtahanlarında iştirak edirlər.

Yunanıstanda hər bir təhsil mərhələsinin sonunda şagirdlərə müvafiq sertifikat verilir. Təhsil mərhələsinin başa çatdığını bildirən sertifikat növbəti təhsil mərhələsinin davam etdirilməsi üçün tələb edilən zəruri sənəd hesab olunur.

Ölkədə təhsil siyasətinin həyata keçirilməsinə Milli Təhsil və Dini İşlər Nazirliyi cavabdehdir. Təhsilin bütün pillələri üzrə aparılan islahatlar və həyata keçirilən tədbirlər bu qurumun rəhbərliyi ilə reallaşdırılır.

 

Məktəbəqədər təhsil

 

Yunanıstanda məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətə başlaması hələ XIX əsrə təsadüf edir. Ölkənin müasir məktəbəqədər təhsil kurikulumunun əsas məqsədi uşaqları məktəbə hazırlamaqdan, onların düzgün formalaşmasını təmin etməkdən ibarətdir.

Uşaqlar 2 yaş yarımdan məktəbəqədər təhsil müəssisələrinə qəbul edilir. Yaş qruplarına görə uşaqlar körpələr evi (2-4 yaş) və ya uşaq bağçalarına (4-6 yaş) gedə bilərlər. Onu da qeyd edək ki, məktəbəqədər təhsil müəssisələri ödənişsiz əsaslarla fəaliyyət göstərir.

Uşaq bağçalarında balaca fidanların fiziki, əqli və sosial inkişafı üçün hərtərəfli imkan yaradılır. Məktəbəqədər təhsilin strukturu, müddəti və bu sahədə çalışan müəllimlərin fəaliyyəti vahid normativ-hüquqi sənədlərlə tənzimlənir.

Məktəbəqədər təhsil müəssisələri iş rejiminə görə də bir-birindən fərqlənir. Bəzi məktəbəqədər təhsil müəssisələri yarım, digərləri isə bütöv iş günü ərzində fəaliyyət göstərirlər.

 

İbtidai təhsil

 

Yunanıstanda 6 yaşı tamam olmuş uşaqlar ibtidai təhsil mərhələsinə qəbul edilir. İbtidai təhsil mərhələsini başa vuran şagirdlərə müvafiq sertifikat təqdim olunur. Bu mərhələdə dərslər həftədə 5 gün, gündə 7 saat olmaqla keçirilir.

İbtidai siniflərdə şagirdlərin sayı 25-30 nəfər arasında dəyişir. Müəyyən hallarda, sinifdə şagirdlərin və müəllimlərin sayında dəyişiklik ola bilər.

Qeyd etdiyimiz kimi, ibtidai təhsil mərhələsi 6 il davam edir. İbtidai təhsil mərhələsində şagirdlər dövlət və ya özəl tədris müəssisələrində oxuya bilərlər. İbtidai təhsil mərhələsini başa vuran şagirdlər orta məktəbin aşağı mərhələsini və ya gimnaziyaları seçmək imkanına sahibdirlər.

Adi ibtidai məktəblərdən əlavə, bütün gün ərzində fəaliyyət göstərən, xüsusilə də hər iki valideyni işləyən uşaqlar üçün nəzərdə tutulmuş ibtidai təhsil müəssisələrinə də ciddi ehtiyac duyulur. Xüsusi qayğıya ehtiyacı olan qüsurlu uşaqlar üçün də ayrıca ibtidai məktəblər fəaliyyət göstərir.

 

Orta təhsil

 

Yunanıstanda orta təhsil pilləsi üzrə həm dövlət, həm də özəl tədris müəssisələri fəaliyyət göstərir. Qeyd etdiyimiz kimi, orta təhsil dövrü iki mərhələyə bölünür:

* orta məktəbin aşağı mərhələsi;

* orta məktəbin yuxarı mərhələsi.

Orta məktəbin aşağı mərhələsi VII-IX, orta məktəbin yuxarı mərhələsi X-XII sinifləri və ya orta təhsil pilləsini əhatə edir. İcbari təhsil dövrü 9 il olduğundan X-XII siniflərdə əsasən şagirdlər müvafiq ixtisas fənləri üzrə təhsil alırlar. Bu təhsil pilləsi icbari olmasa da, şagirdlərin əksəriyyəti X-XII siniflərdə oxumağa maraq göstərirlər.

Qeyd etdiyimiz kimi, ibtidai təhsil mərhələsini başa vuran şagirdlər orta məktəbin aşağı mərhələsində və ya gimnaziyalarda təhsil ala bilərlər. Gimnaziyada da təhsil müddəti 3 il (VII-IX siniflər) davam edir.

İncəsənət, idman təmayüllü gimnaziyalarla yanaşı, Yunanıstanda əcnəbilər və xüsusi qayğıya ehtiyacı olan şagirdlər üçün də müvafiq təhsil müəssisələri fəaliyyət göstərir. Əcnəbilər üçün nəzərdə tutulmuş gimnaziyalarda dil və tədris çətinlikləri ilə üzləşən şagirdlər üçün xüsusi kurslar təşkil edilir.

Gimnaziyalarda şagirdlərin qiymətləndirilməsi əsasən  gündəlik aparılan testlər əsasında müəyyən edilir. Bundan əlavə, dərs ilinin sonunda yazılı imtahanlar da həyata keçirilir. Hər hansı bir fənn üzrə imtahanlardan keçə bilməyən şagirdlər sentyabr ayında təkrar imtahan verirlər. Bu zaman da uğur qazana bilməyən şagirdlər həmin sinfi təkrar oxuyurlar.

Gimnaziyanı və ya orta məktəbin aşağı mərhələsini başa vuran şagirdlər təhsillərini davam etdirmək üçün sərbəst seçim imkanına malikdirlər. Onlar liseylərdə, orta məktəbin yuxarı mərhələsində və yaxud da texniki peşə təhsili müəssisələrində təhsil ala bilərlər.

Orta məktəbin yuxarı mərhələsinə ümumi orta təhsil verilir. Liseylərdə isə təhsilin birinci ilində şagirdlərin ümumi dünyagörüşünün genişləndirilməsini nəzərdə tutan kurikulum əsasında dərs keçirilir, onlara hərtərəfli bilik və bacarıqlar aşılanır. Odur ki, şagirdlər müasir dövrün tələblərinə uyğun olaraq yetişdirilir.

Liseylər əsasən üç sinifdən ibarət olur. Liseylərdə tədrisin ilk ilində ümumi fənlər keçirilsə də, ikinci tədris ilindən şagirdlər müəyyən istiqamət üzrə ixtisas seçirlər. Bu istiqamətlər nəzəri, praktik və texnoloji istiqamətlərdən ibarətdir. İkinci və üçüncü tədris illərində şagirdlər həm məktəb, həm də milli səviyyədə imtahan verirlər.

Liseydə tədris proqramını yaxşı mənimsəyə bilməyən şagirdlər könüllü olaraq texniki peşə təhsili proqramlarını (2 və ya 3 il davam edir) seçmək və ya texniki peşə təhsili institutlarında təhsillərini davam etdirmək hüququna sahibdirlər.

Liseylərlə yanaşı, gənc işçilər üçün dördillik təhsil təklif edən və axşam fəaliyyət göstərən liseylər də var. Həmçinin ixtisaslaşmış idman, dini, musiqi liseyləri də fəaliyyət göstərir.

 

Texniki peşə təhsili

 

Yunanıstanda əksər texniki peşə məktəbləri Milli Təhsil və Dini İşlər Nazirliyinin tabeliyindədir. Bəzi texniki peşə məktəbləri isə İşçi Qüvvəsinin İşə Qəbulu Təşkilatının nəzarəti altındadır.

Texniki peşə məktəblərinin əsas məqsədi  şagirdləri ümumi biliklərlə təmin etmək və onları əmək bazarına hazırlamaqdan ibarətdir. Peşə məktəblərində mühəndislik, elektronika, elektrotexnika, tətbiqi incəsənət, toxuculuq və geyim, inşaat, iqtisadiyyat və idarəetmə, kənd təsərrüfatı istehsalı, gigiyena, əczaçılıq, yeyinti sənayesi, ətraf mühit, dənizçilik, gəmiçilik, informasiya elmləri, estetika və bərbərlik ixtisasları üzrə kadrlar hazırlanır. Həmin ixtisaslar yerli sosial-iqtisadi tələbatdan, şagirdlərin marağından asılı olaraq dəyişə bilər.

Bu təhsil müəssisələrinin tədris kurikulumlarında nəzəriyyə ilə laboratoriya işləri birlikdə əks olunub. Laboratoriya tapşırıqları Məktəb Laboratoriyaları Mərkəzləri adlanan ayrıca bölmələrdə tədris olunur.

Texniki peşə məktəblərində tədris iki mərhələdə həyata keçirilir. Birinci mərhələ 2 il, ikinci mərhələ isə 1 il davam edir. Peşə təlimi müəssisələrində qiymətləndirmə hər mərhələnin yekununda keçirilən imtahanlar vasitəsilə aparılır. Yaşı 50-ni ötmüş şəxslər axşam fəaliyyət göstərən texniki peşə məktəblərində təhsil ala bilərlər.

Qeyd etdiyimiz kimi, Peşə Təlimi İnstitutlarında da əmək bazarının tələblərinə uyğun mütəxəssislər hazırlanır. Bu institutlar təhsil səviyyəsi kimi müəyyənləşdirilməsə də, həm gimnaziya və ya orta məktəbin aşağı, həm də yuxarı mərhələsinin məzunları bu təhsil müəssisələrində oxuya bilərlər.

 

Ali təhsil

 

Yunanıstanda ali təhsil müəssisələri müstəqil qurum kimi fəaliyyət göstərirlər. Ali məktəblər müstəqil idarəetmə hüququna sahib olsa da, Milli Təhsil və Dini İşlər Nazirliyinin nəzarəti altındadır. Belə ki, nazirlik ali təhsil müəssisələrinə maliyyə yardımı göstərir və ali təhsil müəssisələri ilə bağlı siyasətin yerinə yetirilməsinə cavabdehlik daşıyır.

Qeyd etdiyimiz kimi, orta məktəb məzunları milli qəbul imtahanları vasitəsilə universitetlərə qəbul olunurlar. Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün məzunlardan orta məktəbi bitirməyə dair sertifikat və zəmanət məktubu tələb olunur. Ali məktəblərə qəbul prosesi Milli Təhsil və Dini İşlər Nazirliyinin nəzarəti altında həyata keçirilir.

Ali təhsil sisteminin Boloniya prosesinin tələblərinə uyğun qurulması baxımından Avropa təhsil məkanında baş verən müvafiq dəyişikliklər uzun müddətdir ki, Yunanıstanda müzakirə mövzusuna çevrilib. Belə ki, Avropa ölkələrinin əksəriyyəti beynəlxalq dərəcə, təhsildə keyfiyyət proqramlarına keçdikləri halda, Yunanıstan bu cəhətdən xeyli geridə qalır.

Ali təhsilin ptiçio adlandırılan birinci mərhələsinin tamamlanması bakalavr səviyyəsinə uyğun gəlir. Bu dövr 4 il davam edir. Lakin təhsil müddəti baytarlıq, mühəndislik ixtisasları üzrə 5 il, tibb sahəsi üzrə isə 12 il davam edir. Ptiçio dərəcəsinin alınması növbəti təhsil mərhələsində oxumağa və iş tapmağa imkan yaradır.

Universitetlərdə ikinci təhsil mərhələsi 4 semestr davam edir. Diplomdansonrakı ixtisaslaşma adlandırılan bu mərhələ magistratura səviyyəsinə uyğun gəlir.

Universitetlərdə üçüncü təhsil pilləsi sırf elmi tədqiqat işlərini əhatə edir. Bu mərhələ dünyanın digər ölkələrindəki doktorantura səviyyəsinə uyğun gəlir. Yunanıstanda bu dərəcə proqramı Didaktoriko adlanır.

Yunanıstanda 24 universitet və 16 texniki institut fəaliyyət göstərir. Onlardan Afina Kənd Təsərrüfatı Universiteti, Afina İqtisadiyyat və Biznes Universiteti, Afina Milli Kapodistrian Universiteti, Afina Milli Texniki Universiteti, Egey Universiteti, Mərkəzi Yunanıstan Universiteti, Krit Texniki Universiteti, İonanina Universiteti, Makedoniya Universiteti, Patras Universiteti, Pelopones Universiteti, Piras Universiteti, Saloniki Aristotel Universiteti, Fessaliya Universiteti, Frakiya Demokritos Universiteti, Qərbi Makedoniya Universiteti ən nüfuzlu ali məktəblər sırasında yer tutur.

Qeyri-universitet sektoruna aid hesab olunan texnoloji təhsil müəssisələri ali təhsilin mühüm bir hissəsini təşkil edir. Eyni statusa malik olan hərbi akademiyalar isə Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərirlər.

Ölkədə özəl universitetlər demək olar ki, yox dərəcəsindədir. Müəyyən özəl institutlar tərəfindən təqdim edilən diplomlar dövlət tərəfindən tanınmır.

1920-ci ildən fəaliyyət göstərən Afina Kənd Təsərrüfatı Universiteti ölkə iqtisadiyyatının inkişafına layiqli töhfələr verməkdədir. Yunanıstanın ən qədim universitetlərindən biri olan bu təhsil müəssisəsi bir çox ixtisaslar üzrə yüksək səviyyəli mütəxəssis hazırlığını həyata keçirir.

Nüfuzlu ali məktəblərdən biri olan Makedoniya  Universitetinin fəaliyyətində  1990-cı ildən yeni dövr başlanıb. 1990-cı ildən bu ali məktəbdə əlavə kafedralar, yeni fakültələr açılıb. Universitetdə iqtisadiyyat, biznes idarəetməsi, beynəlxalq iqtisadiyyat və siyasət, mühasibatlıq və maliyyə, tətbiqi informatika sahələri üzrə mütəxəssislər yetişdirilir.

 

Yaşlıların təhsili

 

Yaşlıların təhsilinin qeyri-rəsmi tarixi qədim yunan dövrünə gedib çıxır. Bir sıra araşdırmalarda qədim Yunanıstanda keçirilən incəsənət festivalları yaşlıların təhsilinin ən erkən forması kimi səciyyələndirilir.

Hazırda Yunanıstanda yaşlıların təhsili 2 sistem əsasında həyata keçirilir:

* yaşlıların rəsmi təhsili;

* yaşlıların qeyri-rəsmi təhsili.

Yaşlıların rəsmi təhsil proqramları 4 mərhələyə bölünür:

* yaşlıların əsas təhsili;

* yaşlıların orta təhsili;

* müəllimlərin ixtisasartırma təhsili;

* yaşlılar üçün texniki peşə təhsili.

Yaşlıların qeyri-rəsmi təhsil proqramları isə müxtəlif hökumət təşkilatları, bank və kilsələr tərəfindən maliyyələşdirilə bilər. Yaşlıların qeyri-rəsmi təhsili kurslarının şəxsi təşəbbüslər əsasında, xidmət sistemləri və icmalar tərəfindən də yaradılması mümkündür. Həmçinin xüsusi olaraq qadınlar, ailələr, valideynlər, fermerlər, ahıl şəxslər, gənclər, qüsurlu insanlar və mühacirlər üçün də müvafiq kursların fəaliyyətinə təsadüf olunur.

 

Elmi tədqiqatlar

 

1981-ci ildən etibarən Avropa İttifaqının üzvü olan Yunanıstanın elmi tədqiqat siyasəti 2007-2013-cü illər üzrə Milli Strateji İnkişaf Planına uyğun olaraq müəyyənləşdirilir. Bu siyasətin əsasında elmi tədqiqat sahəsində prioritet istiqamətlər üzrə həyata keçirilən tədbirlərə dəstək vermək, tədqiqat infrastrukturlarını modernləşdirmək, elmi tədqiqat layihələrinin daha çox beynəlmiləl xarakter almasına nail olmaq və müvafiq investisiya xərclərini artırmaq məsələləri durur.

Ölkənin elmi tədqiqat siyasəti Milli Təhsil və Dini İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Tədqiqat və Texnologiya üzrə Ümumi Katiblik tərəfindən həyata keçirilir. Tədqiqat və Texnologiya üzrə Ümumi Katiblik milli elmi tədqiqat sektorunun konseptual inkişafı və təşkili məsələlərinə cavabdehlik daşıyır. Tədqiqat və Texnologiya üzrə Ümumi Katiblik ikitərəfli əməkdaşlıq çərçivəsində bir sıra ölkələrin müvafiq qurumları ilə səmərəli əlaqələr yaradıb. Yunanıstan Avropa elmi tədqiqat məkanının ən fəal tərəfdaşlarından biri kimi tanınır.

Elmi tədqiqatlar əsasən 12 tədqiqat mərkəzi, 24 universitet və 15 Texnoloji Təhsil İnstitutu tərəfindən həyata keçirilir. Tədqiqat və Texnologiya üzrə Ümumi Katiblik həm əsas, həm də tətbiqi tədqiqatlar aparan 12 tədqiqat mərkəzinin işini əlaqələndirir. Bu tədqiqat mərkəzləri arasında Afina Elmi Tədqiqat üzrə Milli Mərkəz və Kretdə yerləşən Tədqiqat və Texnologiya üzrə Mərkəz daha çox məşhurdur.

Bunlarla yanaşı, Yunanıstan TEMPUS, ARİON, ERASMUS, LEONARDO, SOCRATES və digər beynəlxalq təhsil və mübadilə proqramlarında fəal iştirak edir. Ölkə elm, təhsil sahəsində əməkdaşlıq və tələbə mübadiləsi məsələləri baxımından da bir sıra uğurların qazanılmasına nail olub.

 

 

Bəşarət MƏMMƏDOV,

 

Dilrubə BAYRAMOVA

 

Yazının hazırlanmasında Yunanıstan Respublikası Milli Təhsil və Dini İşlər Nazirliyinin rəsmi məlumatlarından istifadə olunub.

 

 

Azərbaycan müəllimi.- 2012.- 24 fevral.- S.6.