Elə yaşamısan ki...
Yanvarın 23-ü, həftənin 1-ci
günü idi. İş həftəsinin birinci
günü həmişə ağır olur, deyirlər. Bəlkə
də bu baxımdan özümü narahat hiss edir, jurnalın
növbəti nömrəsinə məqalə
hazırlamalı olsam da, əlimə qələm
götürüb bir sətir belə yaza bilmirdim. Bir gün bundan qabaq gördüyüm yuxunun təsiri
altında idim. Yuxuda Şamxəlil müəllimi
görmüşdüm. Onunla redaksiyanın dəhlizində
qarşılaşmışdıq... Ağ köynək, qara
kostyum geyinib, qara qalstuk bağlamışdı. Qaməti
şux, sifəti nurlu idi. Gülə-gülə
mənə yaxınlaşdı, qucaqlaşıb
öpüşdük. O qədər şad və
xürrəm görünürdü ki, sanki dünyanın əzab-əziyyətindən,
ağrı-acıdan qurtulub rahatlığa qovuşurdu. Uzun
illər idi ki, şəkər xəstəliyindən əziyyət
çəkir, ürək ağrısından,
ayaqlarının şişməsindən gileylənirdi. 2011-ci ilin yazından isə qarın nahiyəsindən,
mədə ağrısından gileylənmişdi. Bir neçə ay bundan qabaq mədəsindən əməliyyat
olunmaq üçün onu həmişə görmək
arzusunda olduğu Təbrizə yola salmışdıq.
Oradan
qayıdandan sonra sağalıb sonra işə
çıxacağını gözləyirdik. Əməliyyat olunandan sonra
günü-gündən yaxşılaşmaqdansa, əksinə,
geri gedir, arıqlayır, vəziyyəti daha da
ağırlaşırdı. Elə buna
görə də onu belə gümrah görəndə
gözlərimə inanmadım.
-
Şamxəlil, sən axı hələ müalicə
olunacağını, işə tam sağalandan sonra
çıxacağını deyirdin, göz dəyməsin, həyatın
nübarını təzə dadmağa başlayan cavan
oğlana oxşayırsan, - deyə təəccübümü
gizlətmədim.
- Hə,
qardaş, indi yaxşıyam, ağrılarım yoxdu, ancaq
dünyanın işini bilmək olmaz. Gəldim
ki, dostları, yoldaşları görüm. Doğma kollektivimə mənə həyan
olduğuna görə ürəkdən bir sağ ol deyim.
Yaxşılığı isə unutmazlar.
Hərənin bir cür var-dövləti var. Mənim
də var-dövlətim ailəm, övladlarım, bir də
sizin kimi dost-tanışlarımdır. Ani
fikrə getdi.
- Bilirsən,
Mirzəyev, bu, mənim bura son gəlişimdir. Bu
günün sabahını bilmək olmur, ölüm
qaşla-göz arasındadır. Gəlmişəm ki,
hamınızla görüşüb,
halallığınızı alam, sonra rahat gedəm...
...Yuxudan
ayıldım. Şamxəlilin vəziyyətini
öyrənmək üçün evlərinə zəng
etdim. Həyat yoldaşı Maya xanım bir az bundan qabaq Şamxəlilə sistem
köçürüldüyünü, hazırda huşa
getdiyini, danışmağa heyi olmadığını dedi. Belə vəziyyətdə yanına gedib ona əziyyət
vermək istəmədik. Günaşırı
yoldaşlarla zəng edib halını soruşur, yanına getmək
üçün yaxşılaşmasını gözləyirdik.
"Sən saydığını say,
gör fələk nə sayır". Sən demə...
Bu fikirlər
içində üzüldüyüm zaman telefon zəngi məni
ağrılı düşüncələrimdən
ayırdı. Dəstəyi qaldırıb Elman müəllimin kədərli
səsini eşitdim.
- Nizami müəllim,
Şamxəlil müəllim dünyasını dəyişdi,
gözlərini əbədi yumdu. Hamımız onu əbədiyyətə
yola salmağa gedirik, - dedi. Bu acı xəbərdən
keyləşdim, dodaqlarım qapandı, ürəyim şiddətlə
vurmağa başladı, nə deyəcəyimi, nə
danışacağımı kəsdirə bilmirdim, qəhər
məni boğurdu.
"Təhsil"
jurnalının artıq çapa göndərilmiş yanvar
nömrəsində Avtandil Ağbabanın Şamxəlil Məmmədov
haqqında yazdığı "Qoşa qanad kimi" məqaləsi
verilmişdi. Malik müəllimlə nəşriyyatın rəhbərliyi
ilə əlaqə saxlayıb çapı dayandırdıq.
Şamxəlil müəllim haqqında
verilmiş həmin məqalənin altında onun
dünyasını dəyişdiyini qeyd etdikdən sonra yas
yerinə - mərhumla son vidaya getdik. "Azərbaycan
müəllimi" qəzeti redaksiyasının bütün əməkdaşları
vida mərasiminə toplaşmışdı. Hamının çöhrəsində hüznlü
bir kədər vardı. Hava da sanki bu gəldi-gedər
dünyanın acı-ağrısını çəkirmiş
kimi qara buludlara bürünmüşdü. Dünən
axşamdan acı göz yaşları kimi yağan sulu qar və yağış kəssə də
hava sazaqlı idi. Soyuq olmasına baxmayaraq heç kim getməyə tələsmirdi, hamı mərhumun
son mənzilə yola salma anını gözləyirdi. Yoldaşlar Şamxəlil müəllim haqqında
qısa xatirələrini danışır, savadlı alim,
peşəkar jurnalist, ən başlıcası gözəl
insan olmasından söz açırdılar. Onun xeyirxahlığını, kiməsə kömək
etməsindən zövq aldığını,
başqalarına əziyyət vermək istəmədiyini qeyd
edirdilər. Həmin gün Şamxəlil
müəllim dostları tərəfindən hörmət və
ehtiramla son mənzilinə tapşırıldı, ruhuna dualar
oxundu.
Dəfndən
bir həftə sonra Şamxəlilin həyat yoldaşı
Maya xanım mənə zəng edib elədiklərinə
görə redaksiya işçilərinə təşəkkürünü
bildirdi. Təbrizdə
olarkən Şamxəlil müəllimin küçələri,
evləri, geniş xiyabanları məhəbbətlə seyr
etməsindən, təmasda olduğu hər bir insanla səmimi
ünsiyyət qurub yaşayışları, həyat tərzləri
ilə maraqlanmasından, mehriban davranışına görə
həkimlərin ona qayğı ilə yanaşmasından, geri
qayıdarkən yol boyu çoxlu bayatılar deməsindən
danışdı. Onu da bildirdi ki, həkim əməliyyat
zamanı xərçəngin tam şaxələndiyini
görüb, yaranı bağlamış və buna əlacın
olmadığını, xəstənin az
yaşayacağını onlara deyibmiş. Ailə
üzvləri də Şamxəlilin heç kimə əziyyət
vermək istəmədiyini nəzərə alıb onun son
günlərini yaşadığını dostlarına bildirməyiblər.
Bəli,
Şamxəlil müəllim belə ürək sahibi idi. Maya xanım, həmçinin
Şamxəlilin son aylarda yazdığı gündəliyini və
vəsiyyətini qızı Aytənə verərək - sonra
oxuyarsız, - deməsindən söz açdı. Öləcəyini bilirmiş kimi nə etmək
lazım olacağını qabaqcadan vəsiyyətində qeyd
edibmiş Şamxəlil.
Fevralın
7-də Şamxəlil müəllimin 63 yaşı tamam
olacaqdı. Əgər
yaşasaydı!
Məmmədov
Şamxəlil Hətəm oğlu 1949-cu ildə fevralın
7-də Gürcüstan Respublikasının Dmanisi
(Başkeçid) rayonunun Azərbaycan Gəyliyənli kəndində
ziyalı ailəsində anadan olub. 1966-cı ildə Qızılkilsə kənd
orta məktəbini, 1970-ci ildə isə Azərbaycan Dövlət
Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib. Bakıdakı 9, 19, 54,
181 və 216 nömrəli orta məktəblərdə Azərbaycan
dili və ədəbiyyat fənlərini tədris edib. 1972-ci ildən ömrünün sonuna kimi "Azərbaycan
müəllimi" qəzetində kiçik ədəbi
işçi, ədəbi işçi, müxbir, xüsusi
müxbir, elm və təhsil şöbəsinin redaktoru vəzifələrində
işləyib. Bir sıra ali məktəblərdə
dərs deyib. Müxtəlif mətbuat
orqanlarında məqalələri, oçerkləri, publisist
yazıları dərc edilib. 15 elmi,
publisist kitabın müəllifi, 17 kitabın həmmüəllifi,
20 kitabın isə redaktoru olub. Pedaqoji elmlər
namizədi, folklorşünaslıq üzrə alim idi. "Azərbaycan maarif əlaçısı",
"SSRİ maarif əlaçısı" döş
nişanları, Təhsil Nazirliyinin Fəxri fərmanları
ilə təltif olunub. 2005-ci ildə ölkə Prezidenti
İlham Əliyevin sərəncamı ilə "Tərəqqi"
medalına, 2008-ci ildə isə "Azərbaycan
Respublikasının əməkdar jurnalisti" fəxri adına layiq görülüb.
Arzuları
yarıda qırılsa da əməlləri ilə
ölümündən sonra həyatda yaşayacaq silinməz
iz qoyub getdi Şamxəlil müəllim. Həmişə deyərdi: Bilirsən
qardaş, ailə özlüyündə bir dövlətdir,
dövlət içindən pozulsa ömrü uzun olmaz, tez
dağılar. Ailə
də belədir. Şükür yaradana,
ailəmdən çox razıyam, Maya müəllim (həyat
yoldaşı) həmişə mənim bütün tündməcazlığıma
və ərköyünlüyümə dözüb, nə qədər
mənim nazımı çəkib. Böyük
qızım Aynuru baş-göz eləmişəm. Kürəkənim Bəhruz da maşallah,
yaxşı oğuldur, mənə kürəkənlik deyil,
oğulluq edir. Allah onu xoşbəxt eləsin.
Arzum nəvə görmək idi, onu da
gördüm, adını da Salatın qoymuşuq. Bircə arzum qalıb ürəyimdə, kiçik
qızım Aytənin də toyunu görsəydim heç dərdim
olmazdı. Böyük qızım sakit və
fağırdır. Kiçik qızım
kaş oğlan doğulaydı. Elə
oğlan kimi sözü üzə deyən, qorxmaz, çəkinməzdir.
Ondan da çox razıyam, ona görə ki, kinsiz,
küdurətsiz, qəlbi təmiz, əməlləri
safdır.
Arada
deyinməyi vardı Şamxəlilin. Haqsızlığı qəbul
edə bilmirdi, hər şeyi düz görmək istəyirdi.
Bir gün,
"ay Şamxəlil, dünyanın dərdi sənəmi
qalıb, hamının
çatışmazlığını ürəyinə
salıb niyə deyinirsən", - dedim. Üzümə
baxıb gülümsədi, qulaq as dedi, gör nə deyəcəyəm:
- Su gələr
lillənər,
Bağ-bağça
güllənər.
Dərdlidə
günah yox,
Dərd
özü dillənər.
Ötən
günlərin birində Sarvan, Yusif, Ədalət, Elman,
Şakir, Tahir, Niyazi, Oruc, Rəşad, mən və
başqaları yenə redaksiyada bir yerə
yığışıb Şamxəlil müəllimi yad
edir, xatirələrini çözələyir, ibrətamiz
söhbətlərindən söz açırdıq. Hamı
keçmiş iş yoldaşları haqqında deyil, sanki əziz
dostları haqqında, özü də kədərlə
danışırdı. Onu tanıyanların qəlbində
silinməz iz qoymuş Şamxəlil müəllim,
sağlığında əməlləri ilə
yaddaşlarda özünə heykəl qurub gedib bu dünyadan.
Elə bir heykəl ki, qəlblərdə
yaşayacaq, xatirələrdə həmişə anılacaq.
Günlər ildırım sürəti ilə
keçsə də, adama elə gəlir ki, Şamxəlil
dünyasını dünən dəyişib. Ancaq bir
neçə gündən sonra, martın 2-də
ölümünün 40-cı günü qeyd ediləcək,
Şamxəlilli günlər yenidən yaşanacaq. Lakin Şamxəlilsiz.
Olub keçənləri xəyal süzgəcimdən
keçirdim. Hansısa müdrikin "Elə
yaşama ki, sağlığında unudulasan, elə yaşa
ki, öləndən sonra da yaşayasan" kəlamını
xatırladım. Və qəlbimdən bir nida keçdi:
"Şamxəlil müəllim! Elə yaşamısan ki,
bundan sonra da yaşayacaqsan". Bunlardan təskinlik tapıb,
Allah sənə rəhmət eləsin, qəbrin nurla dolsun,
deyirəm.
Nizami MİRZƏ,
"Təhsil" jurnalının baş
redaktor müavini
Azərbaycan
müəllimi.- 2012.- 24 fevral.- S.7.