Təhsil Nazirliyində görüş

 

İyulun 10-da təhsil naziri Misir Mərdanov Konsolideyted Kontraktors Beynəlxalq Şirkətinin (CCC) Avrasiya bölməsinin rəhbəri Juan Bulos və şirkətin Azərbaycan nümayəndəliyinin təhlükəsizlik və daxili məsələlər üzrə meneceri Hamlet Süleymanovla görüşüb.

 Qonağı səmimi salamlayan təhsil naziri son illər Azərbaycanda peşə təhsilinin inkişafı istiqamətində atılan uğurlu addımlardan söz açıb və hazırda müvafiq işlərin davam etdirildiyini bildirib. Nazir bir sıra ölkələrlə peşə təhsili sahəsi üzrə birgə layihələrin həyata keçirildiyindən və qarşılıqlı əməkdaşlığın yaradıldığından bəhs edib. Misir Mərdanov ilk peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və əsaslı təmiri üzrə görülən işləri də qonağın diqqətinə çatdırıb.

Konsolideyted Kontraktors Beynəlxalq Şirkətinin Avrasiya bölməsinin rəhbəri Juan Bulos qeyd edib ki, tikinti sahəsində dünyanın 18 ən böyük şirkətindən biri olan bu qurum əsas fəaliyyət istiqaməti ilə yanaşı, sosial sahəyə də xüsusi diqqət yetirir. Juan Bulos təmsil olunduğu şirkətin dünyanın bir neçə ölkəsində təşkil etdiyi peşə təlimi mərkəzləri barədə məlumat verərək Azərbaycanda da belə bir mərkəz yaradılması təklifi ilə çıxış edib. Ölkəmizdə fəaliyyət göstərən bir neçə ilk peşə-ixtisas təhsili müəssisəsi ilə tanış olduqlarını nəzərə çatdıran qonaq 16 nömrəli Bakı Peşə Liseyinin emalatxanasında qaynaqçı ixtisası üzrə müasir tipli Peşə Tədris Resurs Mərkəzinin yaradılmasını məqsədəuyğun hesab etdiklərini açıqlayıb.

Təhsil naziri Misir Mərdanov qonağın irəli sürdüyü təklifi yüksək dəyərləndirdiyini qeyd edib. Nazir yeni mərkəzin açılması, layihənin səmərəli həyata keçirilməsi ilə bağlı müvafiq dəstəyin göstəriləcəyini bildirib.

Görüşdə o da vurğulanıb ki, Təhsil Nazirliyi ilə birgə həyata keçiriləcək layihə çərçivəsində 16 nömrəli Bakı Peşə Liseyinin emalatxanasının müasir səviyyədə əsaslı təmir edilməsi və müvafiq şirkətin vəsaiti hesabına təhsil müəssisəsinin qaynaq aparatları, təlim vəsaitləri ilə təmin olunması, habelə digər ölkələrdən mütəxəssislər dəvət edilərək təlimlər keçirilməsi nəzərdə tutulur. Qeyd olunub ki, təlim keçmiş şəxslərə dövlət təhsil sənədi ilə yanaşı, şirkətin beynəlxalq səviyyədə tanınan sertifikatı da təqdim olunacaq və məzunlar ölkəmizdə, eləcə də xaricdə asanlıqla tapmaq imkanı əldə edəcəklər. Eyni zamanda məzunların bir qismi şirkətin respublikamızda və qonşu ölkələrdə həyata keçirdiyi layihələrə də cəlb ediləcəklər.

Məlumat üçün qeyd edək ki, Konsolideyted Kontraktors  Beynəlxalq Şirkəti Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz qaz kəmərlərinin tikintisində iştirak edib.

 

 

Azərbaycan müəllimi.- 2012.- 13 iyul.- S.2.