Azərbaycan Texniki Universiteti
ilə Rostok Universiteti arasında
memorandum imzalanıb
Almaniyanın Rostok Universitetinin rektoru, professor Volfqanq Şarek və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədovun dəvəti ilə bu günlərdə
AzTU-da olub. AzTU-nun
professor-müəllim heyəti
ilə keçirilən
görüşdə hər
iki universitet arasında əməkdaşlığa
dair memorandum imzalanmışdır.
Azərbaycan Texniki Universitetinin rektoru, texnika elmləri doktoru, professor Havar Məmmədov qonaqları səmimi salamlayaraq rəhbərlik etdiyi ali
təhsil ocağı
haqqında ətraflı
məlumat verib. AzTU-nun son illərdə xarici əlaqələrini
xeyli genişləndirdiyini,
dünyada, eləcə
də ölkəmizdə
fəaliyyət göstərən
bir çox ali təhsil və elm ocaqları ilə əməkdaşlıq
etdiyini bildirən rektor Rostok Universiteti
ilə imzalanmış
sənədin respublikamızın
elm, təhsil sisteminə
öz töhfəsini
verəcəyinə əmin
olduğunu vurğulayıb.
Sonra Rostok
Universitetinin rektoru,
professor Volfqanq Şarek
çıxış edərək
Azərbaycanda, xüsusilə
də Texniki Universitetdə qonaq olduğundan məmnun qaldığını, özü
üçün şərəf
və qürur duyduğunu bildirmiş, rəhbərlik
etdiyi Rostok Universiteti haqqında ətraflı məlumat vermişdir. O qeyd etmişdir ki, Hamburqun 200 kilometrliyində,
dəniz sahilində yerləşən Rostok Universiteti nəinki Almaniyanın, eləcə
də Şimali Avropanın 3-cü qədim
universitetidir, 1419-cu ildə
yaradılıb. Hazırda 9 fakültədə
(mühəndis, tibb, turizm və b.) 15 min tələbə 70 ixtisas üzrə təhsil alır. 4 min nəfər müəllimdən
300 nəfəri professordur.
Universitetdə 90 ölkədən 900 nəfərdən çox
xarici tələbə
təhsil alır.
Professor Volfqanq Şarek Azərbaycan Texniki Universitetinin Azərbaycanda elm və texnikanın inkişafındakı
rolunu yüksək qiymətləndirərək gələcəkdə
bu təhsil ocağı ilə Rostok Universiteti arasında əlaqələrin
daha da genişləndirilməsinin
əhəmiyyətini xüsusilə
qeyd etmişdir.
Sonda Rostok
Universitetinin kafedra müdiri, professor Eqon Hossel Azərbaycan Texniki Universitetinin və Rostok Universitetinin birgə fəaliyyətini və hər iki ali məktəb alimlərinin elmi tədqiqat işlərinin
monitorda nümayişini
izahlı şəkildə
iştirakçılara təqdim
etmişdir.
Qonaqlar AzTU-nun tədris mərkəzləri, laboratoriyaları
və imtahan otaqları ilə də yaxından tanış olmuşlar.
Müşfiq BORÇALI,
AzTU-nun Mətbuat şöbəsinin müdiri
Azərbaycan müəllimi.- 2012.- 13 iyul.- S.2.