Beynəlxalq elm olimpiadasının qızıl mükafatçısı

  

Hacı  Vasif oğlu Piriyev 1995-ci ildə anadan olub. Orta təhsilə Rusiyanın Yekaterinburq şəhərində başlasa da, sonradan valideynləri onu Azərbaycana gətirir. Üç il Şəmkir rayonunda orta təhsilini davam etdirir. Altıncı sinfi bitirdikdən sonra imtahanları müvəffəqiyyətlə verərək Mingəçevirdəki Özəl Türk Liseyinə daxil olur. Təhsil müddətində verilən tapşırıqları böyük həvəslə yerinə yetirən Hacı tezliklə lisey müəllimlərinin sevimlisinə çevrilir. Müxtəlif olimpiadalarda bacarığını nümayiş etdirən gənc bir sıra uğurlara da imza atır. O, 2012-ci il respublika fənn olimpiadasında fizika fənni üzrə I yerə layiq görülüb. Hacının istedadını görən müəllimləri onun daha yaxşı təhsil alması, bilik bacarığını inkişaf etdirməsi üçün Bakıya - Özəl Türk Liseyinin mərkəzi filialına göndərirlər. Öz üzərində yorulmadan çalışan H.Piriyev buradakı müəllimlərinin   diqqətindən yayınmır.

Şagirdlərinin yüksək istedad bacarığını görən fənn müəllimləri ona beynəlxalq yarışlara hazırlaşmağa kömək edir, lazımi tövsiyələrini verirlər. O, ilk dəfə 2010-cu il dekabrın 2-dən 11-dək Nigeriyanın Abuja şəhərində düzənlənən Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında iştirak edir. Bundan sonra ötən  ilin  iyulun 10-dan 18-dək Tailandın Bankok şəhərində keçirilən Beynəlxalq elm olimpiadasında iştirak edir dördüncü - həvəsləndirici yeri tutur. 2012-ci il yanvarın 15-dən 21-dək Qazaxıstanın Almatı şəhərində təşkil edilən Beynəlxalq olimpiadada gümüş medal, nəhayət, cari ilin mayın  25-dən 30-dək Nigeriyanın Abuja şəhərində baş tutan Beynəlxalq elm olimpiadasında qalib olaraq qızıl medala layiq görülüb.

Əldə etdiyi bu nailiyyətlərə, eyni zamanda dərslərindən əla qiymətlər aldığına görə, liseyin rəhbərliyi Hacını 2011-2012-ci tədris ilində təhsil haqqından azad edib.

-Liseyi başa vurduqdan sonra təhsilini harada davam etdirmək fikrindəsən,- deyə xəbər aldıq. Sualımıza Hacı Piriyev belə cavab verdi:

-Uşaqlıqdan həkim olmaq arzusu ilə yaşamışam. Valideynlərim də mənim bu arzumu həmişə dəstəkləyiblər. Texniki fənlərə marağı isə mənə babam və nənəm aşılayıb. Anamın atası əməkdar müəllim Vahid Hacıyev uzun müddətdir Tahir Əmiraslanov adına Şəmkir Peşə Liseyində fizika fənnini tədris edir. Nənəm Kifayət Hüseynova isə Şəmkirdəki Morul kənd tam orta məktəbinin riyaziyyat müəllimidir. Hər dəfə yay tətilində mən babamgildə olarkən onlar mənimlə həvəslə məşğul olur, məni dəqiq elmləri daha dərindən öyrənməyə sövq edirdilər. Əldə etdiyim bütün uğurlara görə isə, ilk növbədə, anama - Südabə Piriyevaya borcluyam. Anam mənim həm ilk müəllimim, həm də çətin günlərimdə ən yaxın dostum və sirdaşım olub.

Çoxlarının qəbul imtahanlarına hazırlaşdığı, ali məktəbdə oxumaq arzusuyla yaşadığı günlərdə Hacı Piriyev artıq Kanadanın Toronto Universitetinin tələbəsi adını qazanıb. O, Dövlət Proqramı xətti ilə təhsilini davam etdirmək niyyətində olduğunu, bakalavr təhsilini Toronto Universitetində bitirdikdən sonra Almaniyada tibb ixtisasına yiyələnmək istədiyini vurğuladı.

Liseyin müəllimi Faiq Qarayevin rəhbərliyi ilə iyulun 15-dən 21-dək Estoniyada keçiriləcək beynəlxalq olimpiadaya hazırlaşdığını deyən H.Piriyev bu dəfə də qaliblər sırasında olmaq üçün var qüvvəsi ilə çalışdığını bildirdi. Ona elmin çətin və şərəfli yollarında uğurlar diləyir, qarşıdakı kəşməkəşli həyat yollarında həmişə mübariz, qətiyyətli olmağı, elmin daha yüksək zirvələrini fəth etməyi arzulayırıq!

 

 

Samirə DADAŞOVA,

Bakıdakı S.Nurməmmədov adına 108 nömrəli orta

məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

 

Azərbaycan müəllimi.- 2012.- 13 iyul.- S.5.