Şamaxı şahmatçılarının növbəti uğuru

 

 Şamaxı Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru, əməkdar müəllim Asif Ağayevdən aldığımız məlumatda bildirilir ki, bu ilin 14-22 iyun tarixlərində Astara şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş Respublika şahmat turniri keçirilib.

 

Bu turnirdə 10 yaşa qədər şahmatçılar arasında yarışan Şamaxı şəhər 9 nömrəli tam orta məktəbin III sinif şagirdi Mənsur Sərxanov 9 xaldan 7 xal toplayaraq I yeri tutub. Həmin məktəbin IV sinif şagirdi Asim Sərxanov 12 yaşlılar arasında 7 xal toplayaraq turniri yalnız əlavə göstəricilərə görə II yerlə başa vurub. Şəhər 2 nömrəli tam orta məktəbin VII sinif şagirdi Niyaz Məmmədov da 7 xal toplayaraq əlavə göstəricilərə görə III yerlə kifayətlənib. Turnirdə şəhər 1 nömrəli tam orta məktəbin VII sinif şagirdi Ülvi Xudiyev  isə 5,5 xalla fərqlənib.

20-dən çox şəhər və rayondan 140 nəfərə qədər şahmatçının iştirak etdiyi turnirdə çıxış edən Şamaxı şahmatçıları turnirin ümumi nəticələrinə görə uğur qazanaraq fərqləniblər. Təsadüfi deyildir ki, ilk yeddi ən yaxşı nəticə göstərən şahmatçılardan 3 nəfəri Şamaxı məktəbliləri olub. Həmin şahmatçılar Qusar şəhərində keçiriləcək Yeniyetmələrin Respublika Şahmat Olimpiadasında rayonlarını təmsil edəcəklər.

Hazırda məktəbin baş məşqçi müəllimi Yaşar Məmmədov şahmat olimpiadasında iştirak edəcək şagirdləri ilə daha ciddi məşqlər aparır. O inanır ki, şagirdləri onun əməyini doğruldacaqlar.

 

 

Ədalət DAŞDƏMİRLİ

 

Azərbaycan müəllimi.- 2012.- 13 iyul.- S.5.