Peterburqda
oxumuş tələbələrimiz
(Sankt-Peterburq Mərkəzi Tarix Arxivinin
materialları əsasında)
Heydərov qardaşları
10. Heydərov İbrahim bəy İsa bəy
oğlu (3 avqust 1879, Dərbənd - 23 mart 1949, Ankara) (SPb. MDTA,
f.381, s.1, iş 588)
Yazardan bir neçə söz
Qəzetdə
bu silsilədən verdiyimiz yazılarda indiyədək
"qayda-qanun gözləməyə"
çalışmışıq; başqa sözlə, tələbələri
ali məktəbdə oxuma tarixinə görə
ardıcıllıqla təqdim etmişik. Ancaq indi bu ənənəni
pozmaq, eyni ailədən çıxmış üç
qardaşdan bir yazıda söz açmaq niyyətindəyik.
Bunu ona görə edirik ki, hər üç qardaşa aid
ortaq bilgilər var və onları üç dəfə təkrarlamaq
olmaz. Həm də bu qardaşların taleyi bir-biriylə o qədər
çulğaşıb ki, onları ayırmaq da "insafdan
deyil".
Xatırladaq
ki, Oğuztoğrul Tahirli ilə birgə
yazdığımız və məşhur "Türk
Yurdu" dərgisində dərc edilmiş "Azərbaycanlı
siyasət adamı İbrahim bəy Heydərov (Heydəroğlu)"
adlı geniş məqaləmizədək ("Türk
Yurdu", Ankara, 2011, cild 31, sayı 291, ss. 326-338) Azərbaycan
tarixşünaslığında bu qardaşlar və
onların nəsli barəsində heç bir bilgiyə rast gəlmirik.
"Azərbaycan müəllimi"nin dəyərli
oxucuları isə Heydərov qardaşlarını yeni bir
baxış bucağından görəcək, onları SPb. Mərkəzi
Tarix Arxivinin materialları işığında
tanıyacaq.
Dərbəndin ağaları
Haqqında
söz açacağımız üç qardaş Azərbaycanın
5 min yaşlı ən qədim şəhərlərindən
olan ulu Dərbəndin ilkin soylarının varisləri,
zaman-zaman bu şəhərə yiyə
çıxmış, yurddaşlarına
başçılıq etmiş nəcib bir bəy ailəsinin
övladlarıdır. Bu ailənin 19-cu yüzildə
yetişmiş ən görkəmli nümayəndələrindən
biri Nemətulla bəy Hacı Qasım bəy oğlu Heydərov’dur
(1827-1901). Dərbənddə doğulmuş, təhsilini burada
almış Nemətulla bəy 1843-cü ildən
ömrünü çar ordusuna xidmətdə,
döyüşlərdə keçirib. 1884-də ona
general-mayor çini verilib və qalan bütün həyatını
o, doğma Dərbənddə yaşayıb.
Nemətulla bəyin
qardaşı Minətulla bəy
Hacı Qasım bəy oğlu Heydərov haqqında az
şey bilirik. O da çar ordusunda qulluq edib, ancaq əsgərliyi
erkən yaşda buraxaraq Dərbəndə dönüb və
buradakı evində yaşayaraq təsərrüfatıyla məşğul
olub. Minətulla bəyin 3 oğlu olub: İsa bəy, Musa bəy
və Qasım bəy. Musa bəy Dərbənddə özəl
mülkiyyətiylə gün keçirib və çox da məşhur
deyil. İsa bəysə yazımızın qəhrəmanı
olan üç qardaşın atasıdır. Bu üzdən
öncə Qasım bəydən danışaq.
Qasım bəy Minətulla bəy oğlu
Heydərov (1858-1918) Dərbənddə
ibtidai, Bakıda real məktəbi bitirib, hüquq təhsili
alıb. Az müddət Peterburqda rus ordusunda qulluq edib və
ştabs-kapitan rütbəsində ehtiyata buraxılıb.
1878-də Dərbəndə gəlib və ömrünün
sonuna qədər burada yaşayıb, Bakı Dairə Məhkəməsində
özəl vəkil işləyib. Uşaqları olmayıb.
Qasım bəy
Peterburq Tibbi Cərrahiyyə Akademiyasının (TCA) sərbəst
dinləyicisi olaraq tələbə yürüş və
çıxışlarına qatılıb. 1878-in
noyabrında Xarkov Universiteti tələbələriylə həmrəylik
məqsədiylə TCA binası qarşısında
keçirilən tələbə nümayişlərinin ilk cərgəsində
və ilk tutulanlardan olub (jandarmeriyada "nizamsızlıqlarda
daha çox suçlu olanlar" sırasında dindirilib).
DİN-lə razılaşma əsasında o, vətəninə
sürgün edilərək polis nəzarətinə verilib.
Dərbənddə
geniş həyətli xüsusi evi və böyük
üzüm bağı vardı. O,
üzümçülük və şərabçılıqla
məşğul olaraq bu sahədə xeyli uğur qazanıb.
1900-cü ildə Dərbənddə olmuş məşhur
fransız səyyahı və arxeoloqu baron Jozef dö Bay
(1853-1931) "Türklərin yanına. Dərbənddən
Yelizavetpola" kitabında onun haqqında fikirlərini belə
bildirir: "Dərbəndin başçısı
Türkdür, sözün çağdaş anlamında mədənidir,
Avropa qaydasında geyinib, yaxşı şərabçıdır,
əla idarəçidir; onun söhbəti onun irqindən olan
adamlarda necə böyük keyfiyyətlər tapmaq
mümkün olduğunu mənə sübut etdi". Elə
bu keyfiyyətləri sayəsində Qasım bəy 1900-də
Dərbənd şəhərinin başçısı
seçilərək şəhər
yığıncağının 3-cü və 4-cü
çağırışlarında da təkrarən bu vəzifəyə
layiq görülüb.
Sankt-Peterburq
Rusiya Dövlət Tarix Arxivində Qasım bəy Heydərovla
da bağlı bəlgələr tapdıq (fond 733, siyahı
123, iş 149, vərəq 55-58, 194). Bunların birindən
öyrənirik ki, Dərbənd şəhərinin
başçısı Qasım bəyin çox yaxından
qatqısıyla qurulmuş Dərbənd real məktəbinə
onun fəxri himayəçi təyin edilməsi məsələsi
ortaya çıxarkən çar Nikolay qərar layihəsi
üzərində 8 mart 1903-də öz əliylə
"razıyam" yazıb (həmin qaynaq, vər. 194).
1909-cu ildə
Qafqaz canişini Vorontsov-Daşkov Qasım bəyin
soyadını inqilabi fəaliyyətinə görə şəhər
başçılığına namizədlər
siyahısından çıxarıb və bundan sonra o,
müxtəlif ictimai vəzifələr yerinə yetirib.
1904-1908-də Dərbənd qadın progimnaziyası (1900-də
yaradılıb) himayə şurasının üzvü
olmuş Qasım bəy 1909-da Dərbənd
bağçılıq, üzümçülük, şərabçılıq
və bostançılıq məktəbinin hamisiydi.
Bu dönəmdə
biz Qasım bəyin Azərbaycanın mətbuat həyatıyla
sıx bağlılığını görməkdəyik.
Belə ki, o, Bakıda nəşr edilən "Həqiqəti-əfkar"
qəzetinin (1911-1912) naşiri (redaktoru: Mirzə Cəlal
Yusifzadə), "Təzə xəbər" qəzetinin
(1912-1915) redaktoru və sahibi-imtiyazı olub. 1914-də o,
Müsəlman Milli Komitəsinin yerli bölümünü
yaradıb və 1918-də Dərbənddə sovet hakimiyyəti
qurulanadək ona başçılıq edib. 1918-də
Vladiqafqazda sosial-demokrat partiyasının qurultayı
keçirilərkən Qasım bəy də orada iştirak
edib. Qurultaydan sonra evə qayıdarkən Məhəmmədqala
stansiyasında erməni terrorçuları qatarı saxlayaraq,
başda Qasım bəy olmaqla 5 nəfəri (qardaşı
Musa bəyin oğlu zabit Hüseyn bəy də onların
içindəydi) meşəyə apararaq orada güllələyiblər.
Qasım bəy
Heydərovun ümumən Dərbənddə təhsilin
inkişafında, özəlliklə qardaşı
uşaqlarının ali təhsil almasında böyük rolu
olub.
Qasım bəyin
böyük qardaşı İsa
bəy Minətulla bəy oğlu Heydərov (1851-?) 1869-dan
çar ordusunda xidmətə başlayıb. Milis
praporşiki olub, üstündə "Şahənşah
imperator Aleksandr Nikolayeviçin Özəl qorumasında xidmətə
görə" yazılmış gümüş medalla təltif
edilib. Onun Hacər Əcvəd xanım İbrahimova’dan 3
oğlu və 2 qızı olub. Oğlanları İbrahim bəy, Ömər bəy
və Osman bəy bu yazımızın baş qəhrəmanlarıdır.
Ayrıca şəxsi işi yoxmuş
İndiyədək
tanıtdığımız tələbələrin
hamısının arxivdə ayrıca şəxsi işi var.
Ancaq İbrahim bəyin sənədləri yalnız 588
saylı ümumi bir işin ("Leninqrad Yol Mühəndisləri
İnstitutuna qəbul edilmiş şəxslərin ərizələri")
199-209-cu vərəqləridir. Görünür, bu, onun
oxuduğu institutun dəftərxana ənənəsindən irəli
gəlib.
Teymurxanşura məktəbinin yetirməsi
Bəlgələrdən
aydın olur ki, 1879-da doğulmuş İbrahim bəy Heydərov
Teymurxanşura 6 sinifli real məktəbini, sonra da əlavə
sinfi bitirib.
11 iyun 1899-da
o, Dərbənddən (ünvan: Dərbənd, Qasım bəy
Heydərova) SPb. Yol Mühəndisləri İnstitutunun
direktoruna yazdığı ərizədə müsabiqə
imtahanlarına buraxılmasını xahiş edib. Ərizəsinə
bu sənədləri əlavə edib: Teymurxanşura real məktəbini
və əlavə sinfi bitirməsi haqqında şəhadətnamələr;
Dərbənd şəhər polis idarəsindən
arayış ("hərbi xidmətə
çağırılmamalıdır"); doğum
haqqında şəhadətnaməsinin tərcüməsi;
atasının tam qulluq dəftəri; 3 fotoşəkil; SPb.
şəhər rəisi dəftərxanasından verilmiş
siyasi etibarlılığı haqqında arayış.
1900-cü ildə tələbə oldu
İbrahim bəy
4 sentyabr 1899-da institut rəhbərliyinə yeni bir ərizə
yazıb. Orada 23,5 bal topladığını göstərəndən
sonra bu balla 1-ci kurs tələbəliyinə qəbul edilməsini
xahiş edir. Ərizənin məzmunundan aydın olur ki, bu qədər
balla başqaları tələbələr sırasına
götürülüb, ancaq İ.b.Heydərova rədd
cavabı verilib. Biz "başqaları"nın kim
olduğunu dəqiq bilməsək də xristianlar olduğunu
düşünməyə haqqımız var, çünki
Rusiyanın özəlliklə texniki ali məktəblərinə
müsəlmanların girməsinə ən müxtəlif bəhanələrlə
əngəl törədilirdi. Hətta zadəganlığı,
general-mayor Nemətulla bəy Heydərovun qardaşı nəvəsi
olması da nəzərə alınmayıb. Onu yalnız
1900-cü ildə instituta qəbul ediblər. Bu işdə,
görünür, həmin il Dərbəndin
başçısı seçilmiş Qasım bəy Heydərovun
nüfuzu mühüm rol oynayıb.
1907-ci ilin məzunu
İ.b.Heydərov
SPb. Yol Mühəndisləri İnstitutunu 1906/07-ci dərs
ilində bitirib. Şəxsi sənədləri arasında 19
iyun 1907 tarixli diplomunun surəti də saxlanılır. Burada
göstərilir ki, o, institutun tam kursunu layihələr tərtib
etmək, hər cür inşaat işləri aparmaq və
dövlət xidmətində vilayət (quberniya) katibi
çinində işləmək hüququyla bitirib.
Oxucularımıza
bildirməliyik ki, o dönəmdə Rusiya ali məktəblərində
tələbənin bilik və bacarığına uyğun
olaraq diplomlar da müxtəlif dərəcələrdə
olur və hər dərəcə də onun yiyəsinə bir
cür hüquq verirdi. İbrahim bəyinki ən yüksək
ixtisaslı mühəndisə verilən diplomdu. İnstitutu
bu cür uğurla bitirməsi onun sonrakı həyatına da
çox mühüm müsbət təsir göstərdi.
Kitabxanaya 38 qəpik borcu varmış
İbrahim bəyin
sənədləri arasında institut dəftərxanası
müdirinin 2 avqust 1907 tarixli belə qeydi var ki, yol mühəndisi
İ.b.Heydərova onun xahişiylə 1695 saylı diplomu, 7 sənədinin
əsli və 1 fotoşəkli göndərilib. Onun tələbə
kitabxanasına 38 qəpik borcu var. O, bu borcu ödəməklə
yanaşı, diplom üçün də 10 manat verib və
arxivdə bu haqda 29 dekabr 1907 tarixli 2254 saylı qəbz durur.
Yol mühəndisinin sonrakı taleyi
İndiyədək
oxuduğunuz məqalələrimiz, adətən, belə bir
sonluqla bitib ki, tələbənin məktəbi bitirdikdən
sonrakı taleyi haqqında bilgimiz ya çox azdır, ya da
heç yoxdur. İbrahim bəy Heydərovda isə tam əksinədir
- onun diplom aldıqdan sonrakı həyatı haqqında
çox geniş məlumatımız var. Yeri gəlmişkən,
bu məlumatların xeyli hissəsini onun indi Ankarada yaşayan
91 yaşlı qızı Fatma xanım Alpengin’dən və nəvəsi,
yaxın dostumuz, görkəmli yazıçı Mina xanım
Tansel’dən əldə etmişik.
İbrahim bəyin
1907-ci ildən sonrakı olduqca coşqun ictimai-siyasi fəaliyyəti,
keşməkeşli həyatı haqqında böyük bir
roman yazılsa yenə azlıq edər. Ancaq bir qəzet məqaləsində
o zəngin həyatın yalnız ən önəmli ümumi
xətlərini ən qısa biçimdə verməyə məcburuq.
Son dərəcə
yurdsevər və elsevər bir aydın olan İ.b.Heydərov
bütün bilik, təcrübə və enerjisini doğma
Türk xalqının inkişafı, maariflənməsi
işinə sərf etmək istəyirdi. 1907-də onu
Bakıda "Nəşri-maarif" cəmiyyəti idarə
heyətinin üzvləri arasında görürük. Həmin
ilin 14 oktyabrında isə 28 yaşlı mühəndis
Dağıstan vilayəti və Zaqatala dairəsindən Rusiya 3-cü Dövlət
Dumasına (1907-1912) deputat seçilərək Peterburqa
yola düşüb. Əqidəcə sosial-demokrat olan deputat
az sonra Dumada rus bolşeviklərinin millətçi velikorus
şovinizmi yürütdüklərini, milli azlıqların
hüquqlarına tam etinasızlıqla
yanaşdıqlarını görərək RSDFP-ni tərk edib və 3-cü sessiyada müsəlman
fraksiyasına keçib. Hakimiyyətə ciddi müxalifətdə
duran İbrahim bəy çarizmin milli azlıqlara
qarşı ədalətsizliklərini, təhsil sistemindəki
aşağılayıcı münasibəti,
köçürmə siyasətini... kəskin şəkildə
tənqid edib. Onun Dumadakı çıxışları Azərbaycan
mətbuatında rəğbətlə qarşılanıb və
bəziləri hətta kitab şəklində
buraxılıb.
1912-də
Peterburqdan Bakıya dönən İ.b.Heydərov Bakı Şəhər İdarəsinin
(Uprava) üzvü seçilib. Bu, çox mühüm vəzifəydi
- o, əslində şəhərin
başçılarından biri sayılırdı.
İIbrahim bəy
1913-də A.Babayevlə birlikdə "Dəyanət" və
"Şərakət" neft-sənaye cəmiyyətlərini
təşkil edərək sahibkarlıqla da məşğul
olub.
1916-nın
martında "Nicat" cəmiyyəti sədrinin müavini
seçilib.
1917-ci il
Fevral inqilabından sonra İbrahim bəy Dağıstanda
yaradılan Müsəlman Komitəsinin sədri seçilib.
Bunu nəzərə alan Zaqafqaziya Xüsusi Komitəsi
("OZaKom") 9 mart 1917-də onu Dağıstan Vilayəti
Müvəqqəti İcraiyyə Komitəsinin sədri, 5
aprel 1917-ci ildə isə Dağıstan vilayətinin
komissarı (valisi) təyin edib.
12 noyabr 1917-də
o, Rusiya Müəssislər Məclisinə
üzv seçilib. 1918-in başlanğıcında Tiflisdə,
Müəssislər Məclisinə seçilmiş
deputatlardan ibarət Zaqafqaziya Seymi yaradılıb. İbrahim bəy
də Seymdə Müsəlman
Sosialist blokunun üzvü olub. O, Seymin 17 fevral 1918 tarixli qərarıyla
yaradılmış xüsusi nümayəndə heyətinin tərkibində
Trabzon sülh konfransında iştirak edib (fevral-mart 1918) və
bu zaman Türk milləti qarşısında müstəsna
xidmətləri olub.
Hələ
Trabzonda olarkən - Seymin 13 martdakı 17-ci iclasında
Gegeçkori’nin başçılıq etdiyi ilk Zaqafqaziya
hökumətində İbrahim bəyə ümumi müfəttiş (dövlət nəzarəti
naziri) vəzifəsi tapşırılıb.
Gegeçkori’nin baş nazir olduğu 2-ci kabinədə də
o, dövlət nəzarətçisi vəzifəsində
saxlanılıb (26 mart 1918).
31 martda
Bakıda Leninin göstərişiylə Şaumyan
bandasının törətdiyi qanlı qırğından
sonra Seym 2 aprel (20 mart) tarixli yığıncağında
İbrahim bəy Heydərov’u Mustafa Mahmudov və Cavad bəy Məlikyeqanov’la
birlikdə danışıqlar aparmaq üçün
Bakıya göndərməyi qərara alıb. Bakı
qırğınından dərhal sonra Trabzondan Tiflisə
dönmüş Məhəmmədəmin Rəsulzadə isə
qəti şərt qoyub ki, Seym, bolşevikləri Bakıdan
çıxarmağa çalışmasa müsəlman
fraksiyası Seymdən çıxacaq. (Bundan sonra Seym
Bakıya 6 min nəfərlik hərbi qüvvə yollayıb və
həmin qüvvə məğlub edilib). Qərardan həmən
sonra yola düşən İbrahim bəyi aprelin ortalarında
bolşeviklər Bakıda həbs ediblər. Baş nazir
Çxenkeli 26 aprel 1918-də yeni kabinəsini elan edib. Burada da
İbrahim bəyə keçmiş vəzifəsi - dövlət
nəzarətçiliyi ayrılıb, ancaq bu vaxt o, hələ
də Bakıda həbsdəydi. Həbsdə olmasına
baxmayaraq o, 11 may 1918-ci ildə elan edilmiş Qafqazın
Dağlı Xalqlarının Birliyi Cümhuriyyətinin
(Dağlılar Cümhuriyyətinin) Ə.Çermoyev tərəfindən
təşkil edilən 2-ci hökumətində
(11.05.1918-15.12.1918) nəqliyyat,
poçt və teleqraf naziri vəzifəsini tutub. 1918-ci il
noyabrın sonunda başda sədr Əbdülməcid
Çermoyev və İbrahim bəy Heydərov olmaqla Qafqaz
Dağlıları Birliyinin nümayəndə heyəti
Bakıya gəlib. Burada onlar Dağlılar Cümhuriyyətinin
tanınması haqqında üç gün (27-29 noyabr)
İttifaq dövlətlərinin nümayəndələriylə
danışıqlar apariblar.
İbrahim bəy Heydərov hökumətin
səlahiyyətli nümayəndəsi kimi Azərbaycan
Cümhuriyyəti ilə öz dövləti arasında 28
noyabr 1918-də müqavilə imzalayanlardan biriydi. Həmin müqaviləyə görə,
Qafqazın Dağlı Xalqlarının Birliyi Cümhuriyyəti
Azərbaycan Cümhuriyyətindən iki ilə qaytarmaqla on
milyon manat faizsiz borc götürürdü.
Kotsev’in kabinəsində
İbrahim bəyə yollar
naziri vəzifəsi verilib (15.12.1918-25.03.1919).
1919-cu ildə
Dağlılar Cümhuriyyəti hökumətinin Avropa
dövlətləriylə danışıqlar aparmaq
üçün Paris sülh konfransına göndərdiyi
nümayəndə heyətinə İbrahim bəy də daxil
edilib.
1920-ci ilin
başlanğıcında İbrahim bəy də ana yurdu Azərbaycana
dönüb və Azərbaycanın ictimai-siyasi həyatında,
xeyriyyə konsertlərinin, teatr tamaşalarının, o
sıradan Üzeyir bəy Hacıbəyli’nin "Leyli və Məcnun"
operasının, Ağa Əminov’la birlikdə "Azərbaycan
gecələri"nin təşkilində fəal iştirak
edib.
Azərbaycan
Cümhuriyyəti dönəmində o, üç ay
(06.01.1920-10.03.1920) daxili işlər
nazirinin müavini işləyib. (Şəfi bəy
Rüstəmbəyli İbrahim bəy istefa verdikdən sonra
onun yerinə təyin edilib).
Azərbaycanda
sovet hakimiyyəti qurulduqdan sonra sosialist İbrahim bəy burada
da mühüm vəzifə tutub - Azərbaycan SSR yollar
nazirinin müavini olub. Ancaq aradan heç bir ay keçməmiş
Fövqəladə Komissiya ("ÇK") onu həbs edib.
Həbsin səbəbi kimi İbrahim bəyin Müsavat hökumətinin görkəmli xadimlərinin
azad olunmasına yardım etdiyi göstərilir.
1920-nin sonunda
dövlət adamlarından birinin müdaxiləsiylə həbsdən
azad edilən İbrahim bəy Gürcüstana gedib, 1921-də
isə Fransaya mühacirət edib və 1925-ci ilədək ailəsiylə
birlikdə orada yaşayıb.
1925-də
Türkiyə hökuməti onu mühəndis kimi bu ölkəyə
çağırıb. O, Türkiyədə "Heydəroğlu"
soyadını qəbul edib.
İbrahim bəy
Türkiyəyə gəldiyində Ankara - Kayseri dəmiryolu xətti
çəkilirdi. O, bu gün adı belə unudulmuş
Qaranlıqdərə adlı bir dağ başında dəmiryolu
işçiləri üçün qurulan
"qısım" deyilən müvəqqəti yerləşimdə
çalışmağa başlayır, ailəsi ilə orada
yaşayır. Dəmiryolu Kayseriyə uzanınca ailə
Kayseriyə köçür. Oğlu orada məktəbə
gedir. Sonra Sivasa doğru uzanan yolda çeşidli qısımlarda
çalışır. Ən son 1939-un qışında Ərzincanın
içində oturduqları zaman (qızları İstanbulda
Amerikan Kollecində, oğlu universitetdə ikən) dəhşətli
bir zəlzələ Ərzincanı yerlə yeksan edir.
İbrahim bəy mərkəzə alınmasını tələb
edərək Ankaraya gəlir. 1940-da onu T.C. Yollar Nazirliyinə
işə götürürlər və ömrünün
sonunadək burada çalışır.
1949-da
Abadlaşdırma Nazirliyi yüksək elmi heyətinin
üzvü ikən Ankarada dünyasını dəyişən
İbrahim bəy bu şəhərdəki Cəbəci məzarlığında
dəfn edilir.
O, 1915-də
Dərbənddə general Balakişi bəy Ərəblinski’nin
nəvəsi - Nisə xanım Cahangir bəy qızı Ərəblinskaya
(1900-1943) ilə ailə qurub. Bu evlilikdən onların biri
oğul, üçü qız olmaqla 4 övladı
dünyaya gəlib: Minnətullah Heydəroğlu (5.9.1918,
Bakı-16.8.2006, Burhaniyə), Leyla Heydəroğlu (1920, Dərbənd-1955,
İstanbul), Fatma Alpengin (21.11.1921, Tiflis) və Şermin
Özgen (22.4.1926, İstanbul-24.1.2011, İstanbul).
Oğlu vəkil
Minnətullah Heydəroğlu Türkiyənin
tanınmış aydınlarından, hüquqşünas və
siyasətçilərindəndi. Bu gün İzmirdə onun
adına şahmat turnirləri keçirilir.
Qızı
Fatma xanım Alpengin indi Ankarada yaşayır. Bu
yazıdakı bilgilərin bir çoxunu ondan öyrənmişik.
11. Heydərov Ömər bəy İsa bəy
oğlu (1884, Dərbənd - may 1973, İstanbul)
(SPb. MDTA, f.184, s.3, iş 820, 1904-cü il)
Təəssüflü bir hal
SPb. MDTA-da
işlədiyimiz zaman, vaxta qənaət üçün, bəzi
tələbələrin sənədlərindən qeydlər
götürmək əvəzinə, onun şəxsi işindəki
bir çox bəlgələrin üzünü
çıxarmağa üstünlük verdik. Ömər bəy
də həmin tələbələrdəndi. Onun hətta
doğum haqqında şəhadətnaməsini
köçürmədik ki, surətini çıxarmaq daha məqsədəuyğundur.
Çox təəssüf ki, Bakıya gəldikdən sonra,
siyahısını verdiyimiz sənədlərin bir
çoxunun surətini arxivin
çıxarmadığını gördük. Ömər
bəydən isə bir vərəq belə
çıxarılmamışdı! Artıq iş işdən
keçmişdi - necə deyərlər, Əli aşından
da olduq, Vəli aşından da. Ancaq yaxşı ki, bir
sıra sənədləri bütünlüklə
köçürmüşdük. Beləliklə, burada
yalnız həmin köçürülmüş bəlgələrdən
yararlanırıq.
"Rus zabitimi olacaqsan?"
Ömər bəy
öncə hərbçi olmaq fikrindəymiş.
Sankt-Peterburqa hərbi məktəbə girmək
üçün gedərkən böyük qardaşı
İbrahim bəy onu "rus zabitimi olacaqsan?" deyə
qınayır və mühəndisliyə
yönəldir. Beləliklə, o, sənədlərini I
Nikolay adına Mülki Mühəndislər İnstitutuna
(MMİ) verir.
12 iyul 1904-də
başlanmış 21 vərəqlik şəxsi işinin ilk
bəlglərindən öyrənirik ki, 1884 doğumlu Ömər
bəy Teymurxanşura real məktəbini bitirib. O, tələbələr
sırasına 1904-ün sentyabrında qəbul edilib.
Qasım bəy Heydərovun verdiyi
arayış
17 noyabr 1904-də
Dərbənd Şəhər İctimai İdarəsinin
başçısı - Ömər bəyin yaxın qohumu
Qasım bəy Heydərovun I Nikolay adına Mülki Mühəndislər
İnstitutu direktoruna göndərdiyi 6 saylı arayışda
Dərbənd şəhər sakini, zadəganlarından olan
Ömər bəy İsa bəy oğlu Heydərovun şəhər
ailələrinin 1886-cı ildəki siyahıyaalmasında
gerçəkdən bəy olmasının göstərildiyi
yazılıb.
İnqilabın fəsadı
1905
inqilabı Rusiyanın tarixində bir çox olaylarla yadda
qalıb: savaşda Yaponiyaya uduzmaq, çar manifesti, milli
qırğınlar törədilməsi (o sıradan erməni-müsəlman
qırğını) və b. ilə. Bu dönəmdə ali
məktəblərin çoxu bəlirsiz bir zamanadək
bağlanmışdı. Ömər bəyin oxuduğu
MMİ də onların arasındaydı. 1906-nın iyulunda hələ
institutun 1-ci kursunda oxumaqda olan Ömər bəy direktorun
adına belə bir ərizə yazıb:
"Şarlottenburq
Politexnikumuna girmək istədiyimə görə Siz alihəzrətdən
acizanə xahiş edirəm ki, Sizə
tapşırılmış institutun tələbələri
sırasına 1904-cü ilin sentyabrında qəbul edilməyim
və hal-hazırda ikinci semestrdə olmağım haqqında
mənə şəhadətnamə verəsiniz.
Adıkeçən instituta girməyim üçün həmin
şəhadətnamə zəruri şərtdir. Bu
Politexnikumda mən Peterburqdakı institutumuz açılanadək
qalmaq istəyirəm.
10 (23) iyul
1906-cı il. Berlin, Charlottenburg,
Krumme Strasse 68II, Gaidaroff".
Göründüyü
kimi, ərizə Berlindən yazılıb. Onun üstündə
belə bir dərkənar qoyulub: "I kurs tələbəsi
olması haqqında şəhadətnamə verilsin".
Şəxsi işdə MMİ-nin 20 iyul 1906 tarixdə onun 1-ci
kurs tələbəsi olması, davranışının
yaxşılığı haqqında verdiyi həmin şəhadətnamənin
surəti saxlanılır.
Oxucumuza bunu
da xatırladaq ki, Şarlottenburq Berlinin bir məhəlləsidir,
"Politexnikum" isə Rusiyadakı anlayışla
"Politexnik İnstitut" deməkdi.
Qardaşı İbrahim bəyə məktub
Yuxarıdakı
ərizədən bir həftə sonra Ömər bəy
böyük qardaşı İbrahim bəyə rusca məktub
yazaraq, onun sənədlərini institutdan götürüb təcili
Berlinə göndərməsini xahiş edib. Məktubun tərcüməsini
imlasını dəyişmədən aşağıda
veririk:
"Əziz
İbrahim! Bu məktubu alan kimi bizim İnstituta get,
kağızları götür, notariusda birisinə ver ki,
almancaya çevirsinlər, əsllərini yenə
İnstitutda saxla, almanca surətləri buraya İşxanovun
adına mənə çatdırmaq üçün göndər.
Bəlkə də mənzilimi dəyişəcəyəm.
Mən əmi
ilə Rus Konsulunun yanında oldum, o, Politexnikuma məni oraya qəbul
etmələri üçün məktub yazdı. Direktor
Konsulun məktubunu sənin göndərəcəyin
kağızlarımla birgə Nazirə verəcək;
yalnız bundan sonra buradakı Politexnikumla bağlı durumum
aydınlaşacaq. Burada imtina etsələr Darmştadta gedəcəyəm.
Hər bir halda sən mənim xahişimi təcili yerinə
yetir. Əmi sənə teleqram vurmağımı istəyirdi,
ancaq mən düşündüm ki, işin mahiyyətini sənə
məktubla anlatmaq daha yaxşıdır. Mən bu məktubla
birgə direktorumuzun da adına məktub yazaraq göndərdim.
Sən onu da zərfə qoy və xahiş etdiyim şeyləri
mənə tezliklə göndərməsini rica et.
Dünən
biz eşitdik ki, Dumanı qovublar və Rusiyada indi nələr
olacağı haqqında milyonlarca gümanımız
yaranıb. İbrahim, əmi xahiş edir ki, Piterə belə
tez getməyəsən, mən isə rica edərdim ki,
Yefimtsevgil şəhərə və Piterə dönənədək
onlarda qalasan, onlarda otaq kirayələyəsən.
Mənim bəlgələrimi
tezləşdir, xərci nə qədər tutacaqsa əmi
göndərəcək.
Ünvan: Almaniya, Berlin, Charlottenburg. Bismark
Strasse 19 III. A bei Schulz Herrn İschanoff für Omar Gaidaroff".
İbrahim bəy
institut direktorunun adına ərizə yazaraq
qardaşının sənədlərinin verilməsini sürətləndirməyi
xahiş edib və bu məktubu da öz ərizəsinə
qoşub.
Ömər bəyin
məktubundakı "əmi"yə gəlincə, bu
söz rusca "dyadya" kimi işlədilib, "dyadya"
isə bizim dildə həm "əmi", həm də
"dayı" anlamları verir. Ankaradakı qohumları bu
haqda bizə bir bilgi verə bilmədilər. Ancaq Ömər
bəyin əmilərinin Berlinə getmək imkanı
olduğunu düşündüyümüzə görə
"əmi"yə üstünlük verdik.
Ömər bəyin
Şarlottenburqda, yaxud Darmştadtda oxuyub-oxumaması haqqında
əlimizdə heç bir bilgi yoxdur. Bu məktubla
tanış etdiyimiz Ankaradakı qohumları isə ümumən
Almaniya məsələsindən tam xəbərsiz
olduqlarını bildirdilər. Ancaq Ö.b.Heydərovun
institutu 1915-də bitirməsini, bu zaman 1906-cı ildən 9 il
keçməsini nəzərə alsaq, aradakı bir neçə
ilin Almaniyada təhsilə sərf edildiyini düşünə
bilərik.
Ömər bəyə
22 oktyabr 1912-də Dərbənddən verilmiş tibbi
arayışda onun qızdırmadan (malyariyadan) xəstələndiyi
göstərilib. Görünür, bu xəstəlik uzun
çəkib, çünki 18 may 1913-də direktorun adına
yazdığı ərizədə xahiş edib ki, 1914-cü
ilin 1 yanvarınadək olan bütün
zaçotlarının verilmə vaxtı xəstəliyinə
görə uzadılsın.
Ömər bəy
Heydərov Mülki Mühəndislər İnstitutunu 1915-də
bitirib və bu haqda ona 2060 saylı diplom verilib.
Sonrakı taleyi
Qardaşı
İbrahim bəy kimi, Ömər bəy də həyatını
doğma Azərbaycanla bağlayıb. Düzdür, onun
buradakı çalışmaları haqqında bilgimiz
çox da geniş deyil, ancaq birinci Cümhuriyyət (1918-1920)
dönəmində Bakıda yol sistemində işlədiyini
bilirik.
Minətullah
bəyin nəvəsi olan Ömər bəy onun
qardaşı, general Nemətullah bəyin nəvəsi ilə
(qızı Hürnisə xanım’ın qızı Bikə
xanım’la) Dərbənddə ailə qurub. Onun böyük
oğlu Əli 1918-də burada doğulub.
1920-də Azərbaycan
Cümhuriyyəti yıxıldıqdan sonra ailəsini də
götürərək Türkiyəyə mühacirət edən
Ömər bəy öncə Sarıqamışda mühəndis
işləyib. Qızı Türkan 10.1.1923-də burada,
kiçik oğlu Haluk isə 1930-un martında Doğu Bayəziddə
doğulub. Bundan bir az sonra Ömər bəy ailəsiylə
İstanbula köçüb, orada bələdiyyəyə
girərək işləyib və 1973-ün mayında
İstanbulda dünyasını dəyişib.
12. Heydərov Osman bəy İsa bəy
oğlu (25.2.1888, Dərbənd-1917, Petroqrad)
(SPb. MDTA, f.14, s.3, iş 61325, 1912-ci il)
121 vərəqlik şəxsi iş
Osman bəyin
şəxsi işini ələ götürəndə xeyli
sevinmişdik - 121 vərəqlik (!) bu işdə çoxlu
maraqlı sənədlərin olacağını
düşünmüşdük. Ancaq işlə
tanışlıq başqa şey göstərdi - sən demə,
o, müxtəlif səbəblər (ən çox da dərsburaxma
və imtahanlara girməmə) üzündən dəfələrlə
universitetdən çıxarılıb, sonra yenidən bərpa
edilib, hər dəfə də çoxlu sənədlər
toplanıb. Bu sənədlərin tarix üçün elə
bir önəmi olmadığını
düşündüyümüzə görə onlardan
yalnız bir neçə ən önəmlisi üzərində
dayanacağıq.
Attestat
Milis
praporşikinin oğlu Osman bəy Heydərova verilmiş
attestatda onun Dərbənd real məktəbinə girərək
orada 1 sentyabr 1902-ci ildən 8 iyun 1908-ci ilədək
oxuduğu və əsas bölmənin tam kursunu bitirdiyi
göstərilib. Qiymətləri belədir: 1 fəndən
"5", 7 fəndən "4", 6 fəndən
"3".
Doğum şəhadətnaməsi
Türkcə
və rusca yazılmış doğum şəhadətnaməsinin
ana dilimizdəki mətnini imlasına toxunmadan veririk:
"1898-minci
sənədə avğust ayının 25-minci günündə
verildi həmin şəhadətnamə Dərbənd əhli
Osman bəy puraporçik İsa bəy Heydərovun oğluna
ol xüsusdan ötrü ki, onun atası İsa bəy Heydərovdur
və anası Hacər Əsvəd xanım İbrahimovdur və
onların şəri oğludur və nikahların əqd edib
Məhəmməd qadi Hacı Xəlil qadi oğlu və sinni
ondur, təvəllüd olub min səkkiz yüz səksan səkkiziminci
ildə fevral ayının 25-minci günündə, ona binaən
bu şəhadətnaməni təsdiq etməkçün qol
qoyub möhürü səbt qıldım.
Mən müdiri-şəriət məzhəbi-sinani-Dərbənd
Abdullah Molla Qırxlarqulu oğlu".
Hüquq fakültəsinin tələbəsi
Osman bəy
Heydərov 1909-un oktyabrında SPb. Universitetinin hüquq
fakültəsinə kənar dinləyici kimi girib, 1912-nin
sentyabrında hüquq fakültəsinin tələbələri
sırasına götürülüb. Təhsilhaqqını
ödəmədiyinə və imtahanları vermədiyinə
görə 1914-ün fevralında universitetdən
çıxarılıb. Xalq Təhsili Nazirliyi icazə verdikdən
sonra 26 fevral 1915-də yenidən ikinci semestrə qəbul
edilib. İmtahanları vermədiyinə görə 26 noyabr
1915-də yenidən qovulub, 1916-nın martında yenidən bərpa
olunmasına icazə verilib. 12 iyun 1919-da o, 1917-ci ilin yazına
görə təhsilhaqqını ödəmədiyi
üçün Petroqrad Universitetindən sonuncu dəfə
çıxarılıb. Bu vaxt o, həyatda deyildi.
Bu tarixləri
göstərsək də oxucuların onlardan yanlış nəticə
çıxarmasını istəməzdik - Osman bəy
universitetdən savadsızlığına, yaxud tənbəlliyinə
görə çıxarılmırdı. Qardaşı
İbrahim bəyin nəvəsi Mina xanım Tansel’in bizə
bildirdiyinə görə, o, rus ordusunun zabitiydi və
bolşeviklərin Peterburqda Qış sarayına hücumu
zamanı (oktyabr 1917) həlak olub.
Beləliklə,
nəsillikcə sosialist olan Heydərovların bu nümayəndəsi
də siyasi fəaliyyətə daha üstünlük verdiyinə
görə öncə təhsilini, sonra isə həyatını
ideyaya qurban verib.
Azərbaycan
ziyalılığının tarixində mühüm rol
oynamış Heydərov qardaşları haqqında qısa
bilgini əks etdirən yazımıza burada son veririk.
Ədalət TAHİRZADƏ,
Bakı Avrasiya Universitetinin professoru
Azərbaycan müəllimi.- 2012.- 13 iyul.-
S.4-5.