Təhsil sahəsində əməkdaşlığa
dair saziş
imzalandı
İyulun 13-də Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə
Çin Xalq
Respublikasının Təhsil Nazirliyi
arasında 2012-2015-ci illərdə təhsil sahəsində əməkdaşlığa
dair sazişin
imzalanması mərasimi keçirildi.
Təhsil
Nazirliyində təşkil olunmuş imzalanma mərasimində nazir
Misir Mərdanov, təhsil nazirinin
müavini Qulu Novruzov, Çin Xalq Respublikasının ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin, Azərbaycanın Çin
Xalq Respublikasındakı səfiri Lətif
Qəndilov iştirak edirdilər.
Qonaqları
səmimi salamlayan
nazir Misir Mərdanov
Azərbaycanla Çin arasındakı əlaqələrdən
söz açdı, ölkəmiz
müstəqillik əldə etdikdən sonra
xüsusilə təhsil sahəsində əməkdaşlığın
daha da genişləndiyini
diqqətə çatdırdı. Nazir Çin Xalq Respublikasının 200-dən artıq vətəndaşının
ölkəmizin ali məktəblərində
təhsil aldığını deyərək adıçəkilən
ölkənin 16 gəncinin Azərbaycan tərəfinin təqaüdləri
hesabına müxtəlif ixtisaslar üzrə
respublikamızda ödənişsiz əsaslarla oxuduğunu bildirdi. Təhsil
naziri 40-a yaxın azərbaycanlı gəncin
Çin Xalq
Respublikasının universitetlərində müxtəlif təhsil
səviyyələri üzrə dövlət xətti ilə
oxuduqlarını,17 tələbənin isə artıq məzun
olduğunu söylədi.
Nazir Misir
Mərdanov imzalanacaq
sazişdə iki ölkə arasında təhsil
sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, müəllim və tələbə
mübadiləsinin aparılması, ali təhsil
müəssisələrinin qarşılıqlı əlaqələrinin
genişləndirilməsinin nəzərdə tutulduğunu
qeyd etdi. Sazişin
əhəmiyyətindən söz açan nazir müvafiq sənədin hər iki
ölkənin təhsil sahəsində əməkdaşlığının
daha da
inkişafına xidmət edəcəyinə ümidvar
olduğunu bildirdi.
Çin Xalq
Respublikasının Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Xun Tsyuin Azərbaycanla Çin
arasındakı təhsil əlaqələrindən geniş bəhs edərək bu
əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini
vurğuladı. Çin Xalq
Respublikasının vətəndaşlarının Azərbaycanın
ali təhsil müəssisələrində oxumağa hər
zaman böyük maraq göstərdiklərini deyən səfir
onların bizim ölkəmizdə yüksək
səviyyədə təhsil almalarından razılıq hissi ilə danışdı. Səfir Xun Tsyuin təhsil sahəsində
əməkdaşlığa dair imzalanacaq sazişin hər iki tərəf
üçün mühüm
əhəmiyyət kəsb etdiyini deyərək
təhsillə bağlı əməkdaşlığın bundan sonra da
yüksələn xətt üzrə davam
edəcəyinə əmin olduğunu qeyd etdi.
Sonra təhsil naziri
Misir Mərdanov və Çin
Xalq Respublikasının Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin 2012-2015-ci illərdə
təhsil sahəsində əməkdaşlığa dair sazişi
imzaladılar.
Samirə
KƏRİMOVA
Azərbaycan
müəllimi.- 2012.- 20 iyul.- S.2.