Təhsil Nazirliyində görüş

 

İyulun 13-də təhsil naziri Misir Mərdanov İran İslam Respublikasının təhsil və təlim naziri Həmidrza Hacıbabayinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Təhsil naziri qonaqları Azərbaycanda və  Təhsil Nazirliyində görməkdən məmnunluq hissi keçirdiyini bildirərək iki ölkə arasındakı tarixi dostluq əlaqələrindən söz açdı. Azərbaycanla İran arasında mövcud olan təhsil əlaqələrindən danışan nazir hər iki ölkənin ali təhsil müəssisələri arasında yaradılmış əməkdaşlıqdan bəhs etdi, ölkəmizdə çoxlu sayda iranlı tələbənin ali təhsil aldığını, eləcə də azərbaycanlı gənclərin İran İslam Respublikasının universitetlərində oxuduğunu bildirdi. Nazir Misir Mərdanov Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil alan gənclərlə görüşdüyünü, onların problemləri ilə yaxından tanış olaraq  bu istiqamətdə köməklik göstərildiyini qeyd etdi. Azərbaycanla İranın təhsil sahəsində əməkdaşlığının daha da genişləndirilməsinin və inkişaf etdirilməsinin vacibliyinə toxunan nazir bir sıra məsələlərin həll edilməsi ilə bağlı birgə işçi qrupunun fəaliyyət göstərməsinin önəmli olduğunu söylədi. Təhsil naziri İran İslam Respublikasının təhsil və təlim naziri Həmidrza Hacıbabayinin xoş missiya ilə respublikamıza səfərini yüksək qiymətləndirdi və onu Azərbaycanın təhsil sistemi ilə daha yaxından tanış olmaq üçün yenidən ölkəmizə səfərə dəvət etdi.

Azərbaycana səfərinin məqsədini açıqlayan İran İslam Respublikasının təhsil və təlim naziri Həmidrza Hacıbabayi belə səmimi qarşılandıqlarına görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirdi. Qonaq İranla Azərbaycan arasında müştərək əlaqələrin olduğunu diqqətə çatdıraraq bu görüşün təhsil sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyinə ümidvar olduğunu dedi.          

İran İslam Respublikasının təhsili haqqında məlumat verən Həmidrza Hacıbabayi son 7 ildə müvafiq sahə ilə bağlı aparılan tədqiqatlardan, eləcə də əsaslı dəyişikliklərdən geniş söz açdı. İranın təhsil və təlim naziri hər iki ölkənin təhsil sahəsində çox yaxşı təcrübəsinin olduğunu deyərək orta ixtisas təhsili, müəllim-tələbə mübadiləsi, dərslik və digər sahələrdə əməkdaşlıq edilməsinin zəruriliyini vurğuladı. İran İslam Respublikasının təhsil və təlim naziri Həmidrza Hacıbabayi də, öz növbəsində, Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovu ölkəsinə səfərə dəvət etdi.

Görüşdə İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhrami də iştirak edirdi.

 

 

Samirə  HÜSEYNQIZI

 

Azərbaycan müəllimi.- 2012.- 20 iyul.- S.2.