Əhməd bəy Ağayevin "Dəbistan" və "Molla Nəsrəddin" məqaləsi və mətbuata
dair fikirləri haqqında
Azərbaycan
milli mətbuatı tarixində hər birinin özgün yeri
olan, hərəsi yeni bir jurnalistik istiqamətin
başlanğıcını qoyan "Molla Nəsrəddin"
və "Dəbistan" jurnalları haqqında söz
düşəndə elmi dairənin və geniş ictimaiyyətin
yadına adətən Əlibəy Hüseynzadənin
"Molla Nəsrəddin" və "Dəbistan" məqaləsi
düşür. Həmin məqalə "Həyat" qəzetinin
18 may 1906-cı il tarixli nömrəsində çap
edilmişdir. Ancaq ondan 32 gün əvvəl -
"İrşad" qəzetinin 16 aprel 1906-cı il
tarixli nömrəsində Əhməd
bəy Ağayevin yazıb çap etdiyi "Dəbistan" və
"Molla Nəsrəddin" məqaləsinin adını
yalnız professor Məmməd Məmmədov çəkmiş,
bu sətirlərin müəllifi isə yazılarının
birində həmin məqaləni xatırlamışdır.
Halbuki, "Dəbistan" və "Molla Nəsrəddin"
məqaləsi haqqında ətraflı və əsaslı
söhbət açıb onu geniş ictimaiyyətə
çatdırmaq həm elmi, həm mədəni, mənəvi,
həm ideoloji, ictimai-fəlsəfi fikrin inkişafını
izləmək, həm də mətbuat tarixi baxımından faydalıdır.
Məqalələrin adlarındakı
yaxınlıq, bəlkə də, formal yerdəyişməni
nəzərə almasaq, eynilik Ə.Hüseynzadənin öz qələm
dostu Ə.Ağayevlə məslək və
yaradıcılıq dostluğunun davamını göstərən
fakt kimi maraqlıdır. Həm də "Molla Nəsrəddin"
və "Dəbistan" məqaləsində
"Dəbistan" və "Molla Nəsrəddin"dəki
bəzi tezislər inkişaf etdirilmişdir. Bu da təsadüfi
deyil; belə ki, Ə.Ağayevin məqaləsi çapdan
çıxanda "Molla Nəsrəddin"in cəmi iki
nömrəsi işıq üzü görmüşdü
(çox güman ki, "Dəbistan" və "Molla Nəsrəddin"i
yazanda "Molla Nəsrəddin"in ikinci nömrəsi
heç Bakıya çatmayıbmış). Məqalənin
yığıldığı 15 aprel günündə "Dəbistan"
jurnalının birinci nömrəsi də çap prosesində
idi. Ə.Hüseynzadə "Molla Nəsrəddin" və
"Dəbistan" məqaləsini yazanda isə hər iki
jurnalın bir neçə nömrəsi artıq oxucuların
ixtiyarında idi. Bu da, təbii olaraq, Əli bəyə öz
fikirlərini əsaslandırmaq, "Molla Nəsrəddin"
və "Dəbistan" jurnallarını müqayisəli
şəkildə dərindən təhlil etmək
üçün geniş imkan və zəngin material
vermişdi.
Əhməd bəyin "Dəbistan"
və "Molla Nəsrəddin" məqaləsində əsas
diqqət XX əsrin əvvəllərində milli mətbuatın
inkişafının səbəbləri, əhəmiyyəti
və cəmiyyətin, yaradıcı şəxslərin bu
yolla öhdəsinə düşən vəzifələrin
müəyyənləşdirilməsi və onların həlli
yollarına yönəldilmişdir.
Bəlli olduğu kimi, "Dəbistan"
jurnalının ilk nömrəsi 16 aprel 1906-cı ildə
çapdan çıxmışdır. "İrşad"
qəzetinin həmin gün çıxan nömrəsinin
birinci səhifəsində "Dəbistan"ın
çapdan çıxan birinci nömrəsinin təqdimat mərasimi
- rəsm güşadı keçiriləcəyi haqda elan verilmişdir.
Ə.Ağayevin "Dəbistan" və "Molla Nəsrəddin"
məqaləsi də həmin hadisə, yəni jurnalın nəşri
ilə bağlı milli mətbuat mənzərəmizin bir qədər
də zənginləşməsi ilə bağlı qələmə
alınaraq, "İrşad"ın elə 16 aprel
1906-cı il tarixli nömrəsində (səh. 1-2-də)
çap edilmişdir. Məqalə milli maarifin günü
gündən inkişafından və ona nicat yolu göstərən
mətbuatın şəbəkəsinin genişlənməsindən
doğan şükranlıqla başlanır. Göstərilir
ki, başqa xalqlarla müqayisədə elə bir böyük
uğur olmasa da, "bir ilin müddətində (1905-ci ildə
- A.B.) Qafqaz müsəlmanları arasında iki qəzetə -
"Həyat" və "İrşad" - nəşr
olunmağa başladı. Bu günlərdə Tiflisdə bir də
bir müsəvvər (rəngli rəsmlərlə bəzədilmiş
- A.B.) bir məsxərə qəzetəsi ("Molla Nəsrəddin"
jurnalı nəzərdə tutulur - A.B.) zühur etdi. Bu gün də Bakıda uşaq və
şagirdlər üçün "Dəbistan"adlı cəridə
veriləcək!!"
Sonda Əhməd bəyin "Dəbistan"
və "Molla Nəsrəddin" məqaləsinin tam mətnini
ərəb qrafikasından çevirərək oxuculara yenidən
təqdim etməyi lazım bilirəm.
Alxan BAYRAMOĞLU,
filologiya elmləri doktoru,
professor
Azərbaycan müəllimi.- 2012.- 20 iyul.- S.4.