İxtisasartırma
kurslarında yeni təlim strategiyasına əsaslanan "açıq dərs"lər
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və
BPKİYİ-nin birlikdə
təşkil etdikləri
ixtisasartırma kurslarına
kimya müəllimləri
də cəlb edilmişdir. Bu il
iyunun 4-dən Bakıdakı
190 nömrəli tam orta
məktəbdə aparılan
kurslara mühazirəçi
kimi Təhsil Problemləri İnstitutu Kurikulum Mərkəzinin əməkdaşları pedaqoji
elmlər üzrə fəlsəfə doktoru Akif Əliyev və bu sətirlərin
müəllifi dəvət
edilmişdir. Üç
qrupda təşkil olunan kursun gedişində
kimya fənn kurikulumunun məzmunu və mahiyyəti, təlim strategiyası, şagirdlərin bilik və bacarıqlarının
qiymətləndirilməsi ilə
bağlı məlumatların
verilməsi əsas məqsəd olmuşdur.
Kursların gedişində BPKİYİ-nin
dekanı Polad Mədədov, təbiət elmləri kafedrasının müdiri,
fizika-riyaziyyat elmləri
üzrə fəlsəfə
doktoru Yusif Alıyev, qrupun rəhbəri, kafedranın
dosenti, kimya elmləri üzrə fəlsəfə doktoru Aydın Əhmədzadə
nəzarətçi və
mühazirəçi kimi
iştirak etmişlər.
Məşğələlərin aparılmasında hər bir mühazirəçi
öz bilik və bacarığına
əsaslanaraq dinləyicilərinin
istək və tələblərini təmin
etməyə çalışmışdır.
Bu baxımdan biz kurs məşğələlərinin ilk həftəsində kimya fənn kurikulumunun əhəmiyyətindən,
onun xarakterik xüsusiyyətlərindən nümunələr
əsasında müəllimləri
tanış etmişik.
Məsələn, ümumi təlim
nəticələri, siniflər
üzrə təlim nəticələri, məzmun
xətləri və məzmun standartlarının
məzmunu haqqında nümunələr əsasında
məlumat verilmişdir.
Məşğələlərin gedişində müəllimləri
daha çox maraqlandıran təlim strategiyası ilə əlaqədar yeni metodik məsələlərlə
tanışlıq oldu. Belə məlumatların verilməsi
kimya müəllimlərinin
qabaqcıl iş təcrübəsinə əsaslanırdı.
Eyni zamanda təlim prosesinin yeni üsul və formaları haqqında məlumatların
verilməsinə də çalışılmışdır.
Müəllimlər lazımi
məlumatlara yiyələndikdən
sonra kimyadan fəal təlimin təşkili, mərhələlər
üzrə dərs
nümunələrinin hazırlanması
və sınaqdan keçirilməsi qənaətinə
gəldik.
Bu məqsədlə hər bir qrupda
4-5 nəfərdən ibarət
kiçik qruplar təşkil edildi.
Qruplarda deyiləcək dərslərin
mövzuları müəyyən
olundu. Mövzuların
cari planlaşması tapşırığını alan müəllimlər yeni dərsin əsas məqsədini, təlimin
nəticələrini, forma və üsullarını,
dərsin əyaniləşdirilməsində
lazım olan resursları müəyyənləşdirdilər,
şagirdlərin tədqiqat
aparmaları məqsədi
ilə qabaqcadan iş vərəqləri hazırladılar.
Dinləyicilər fəal təlimin təşkili və aparılması ilə bağlı müəyyən
qədər məlumatlandırıldıqdan
sonra üç mövzu üzrə nümunəvi dərsin yerinə
yetirilməsi onlarla razılaşdırıldı.
Dərsləri 221 nömrəli tam orta məktəbin kimya müəllmi Sənubər
Axundova, 177 nömrəli
tam orta məktəbin
kimya müəllimi Rəna Musayeva və 226 nömrəli tam
orta məktəbin kimya müəllimi Fəridə Haqverdiyeva apardılar. "Açıq
dərs"lərin uğurla
nəticələnməsini təmin etmək məqsədi ilə hər bir müəllimlə
hazırlıq işləri
aparılmış, metodiki
məsləhətlər verilmişdi.
221 nömrəli tam orta məktəbin kimya müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin
qalibi, Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı
Sənubər Axundova
"Karbonun allotropik şəkildəyişmələri, onların xassələri,
tətbiqi" mövzusuna
aid dərsi 70 nəfər
kimya müəlliminin
qarşısında çox
böyük bacarıqla,
müasir dərsin təşkili və quruluşuna aid metodik və pedaqoji tələblər nəzərə
alınmaqla apardı.
Müəllim karbon elementinin atomunun quruluşunu və dövri sistem cədvəlindəki yerini
məlum biliklər əsasında xarakterizə
etdi. Onun valent elektronlarının
Kvant qəfəslərində
elektroneytral və həyəcanlanmış vəziyyətlərini
məlum biliklərə
əsaslanmaqla yada saldı. Sinifdə aparılan sual-cavabları
əyaniləşdirmək məqsədi ilə lazım
olan sxem və cədvəllər kompüterlə ekrana verilir və izahat aparılırdı.
Müəllim karbonun allotropik şəkildəyişmələrini oksigenin allotropik şəkildəyişməsi ilə
müqayisəsini Venn diaqramını
kompüterlə lövhəyə
ötürməklə fərqli
və oxşar cəhətlərini izah etdi. Karbonun allotropik şəkildəyişmələrinin
bəzi nümunələrini
təbii vasitələrlə,
hamısının şəkillərini
və xassələrini
göstərən cədvəli isə kompüterlə ekrana verdi və üzərində
izahat apardı. Dərsin gedişində maraq doğuran məqamlardan biri də müəllimin
kolbada olan distillə suyuna az miqdarda lakmus
əlavə etməklə
rəngli məhlul hazırlaması, bunun da üzərinə ağac kömürünün
bir neçə qırıntısını daxil
edib kolbanı çalxalamaqla rəngin itməsini nümayiş etdirməsi oldu. Bu, kömürün
adsorbsiya (uduculuq) xassəsinin olmasını
göstərən təcrübə
idi. Daha sonra müəllim
karbonun bütün allotropik şəkildəyişmələrindən
müxtəlif sahələrdə
istifadə olunmasını
əks etdirən məlumatları nümayiş
etdirdi. Dərsin gedişində müəllimin
və müdavimlərin
birlikdə fikir mübadiləsi aparmaları
fəal dərsin uğurla nəticələnməsinə
səbəb oldu.
Paytaxtdakı 177 nömrəli tam orta məktəbin kimya müəllimi, pedaqoji fəaliyyətində
uğurlarına görə
dəfələrlə müxtəlif
diplomlara layiq görülmüş Rəna
Musayevanın "Hidrogen
kimyəvi element və
bəsit maddə kimi. Hidrogenin alınması"
mövzusunda dərsi də maraqla dinlənildi. Mövzunun
tədrisini təmin edən resurslar təşkil edilmişdi.
Dinləyicilərin
diqqətini yeni dərsin mövzusuna yönəltmək üçün
müəllim sinfə
qabaqcadan hazırladığı
sxemi nümayiş etdirdi və dedi: "Sxemdə verilən məlumatlara əsasən üstü örtülən elementin adını deyin". Cavablar müxtəlif olsa da müəllim onları ümumiləşdirdi
və bu elementin və bəsit maddənin ətraflı öyrənmələrini
bildirdi.
Fəal dərsin gedişində mövzunun
məqsədinin reallaşmasını
təmin edən tapşırıqlar əsasında
iş vərəqləri
hazırlanmış və
qruplara təqdim edilmişdi. Hidrogenin izotoplarının sayı
qədər kiçik
qruplara verilən tapşırıqlarda hidrogenin
kimyəvi element və
bəsit maddə kimi xarakter xüsusiyyətləri,
onun izotopları haqqında və alınma üsulları əhatə edilmişdi. Hidrogenin alınmasına aid təcrübələr
nümayiş etdirildi.
Əlavə olaraq qələvi
metalların su ilə reaksiyasından alınmasına aid bir təcrübə İnternetdən
götürülmüşdü. Təcrübə çox
maraqlı idi: şüşə ampulada
ribidium və sezium metallarının
qarışığına vertolyotdan suya salınır və ampula sındırılırdı.
Sudan elə bir fəvvarə qalxırdı
ki, sanki suda
atom bombası partladılırdı.
Bu, metalın daha aktiv olması
ilə əsaslandırıldı.
Təcrübələrdə hidrogenin alınmasını
müəllim alınan
hidrogeni alova yaxınlaşdırdıqda fit səsi ilə yanmasını qeyd etdi. Təcrübələrin
aparılması müəllimlərin
marağına səbəb
olmuşdu. Ona görə ki, əksər müəllimlər
məktəbdə kimya
kabinetinin, lazımi reaktiv və avadanlıqların olmamasından kimya dərslərində heç
bir təcrübə göstərə bilməmələrini
qeyd edirdilər. Məktəblərdə lazımi təchizatlı
kimya kabinetləri olarsa hər bir kimya müəllimi
belə maraqlı dərslər təşkil
edə bilər.
Rəna müəllimin təşkil
etdiyi dərsin gedişində onun apardığı hazırlıq
işləri, təcrübələrin
aparılması, müdavimlərin
fəallığının təşkili
onun yüksək pedaqoji təcrübəyə malik
olduğunu nümayiş
etdirə bildi. Dərsin sonunda kiçik qruplarda müəllimlərin
fəallığı qabaqcadan
hazırlanmış cədvəl
əsasında qiymətləndirildi.
Növbəti nümunə dərsini "Oksidlər, təsnifatı,
adlandırılması və
alınması" mövzusunda
226 nömrəli məktəbin
kimya müəllimi Fəridə Haqverdiyeva verdi. Müəllim sinfin təşkilindən
sonra keçən dərslə əlaqədar
suallarla sinfə müraciət etdi. Cavablara əsaslanaraq "qeyri-üzvi birləşmələrin
ən mühüm sinifləri"nə hansı
birləşmələrin daxil
olduğunu dinləyicilərdən
soruşdu.
Müəllim mövzu ilə bağlı hazırlanmış
iş vərəqlərini
kiçik qruplara payladı. Aparılan tədqiqatlar əvvəl
qrup daxilində, sonra qruplar arasında
müzakirə olundu.
Növbə ilə qrupun
liderləri onlara tapşırılmış suallara
cavablarını lövhədə
qeyd etdilər və lazımi izahatlarını verdilər.
Müəllim bəzi oksidlərin
alınmasına aid təcrübələri
göstərdi, bəzi
oksidlərin nümunələrini
nümayiş etdirdi.
Lövhədən BİBÖ cədvəli asıldı və öyrənənlərin mövzu
ilə bağlı nəyi bildiklərini, nəyi öyrənmək
istədiklərini və
nəyi öyrəndiklərini
qeyd etmələri tapşırılırdı.
İxtisasartırma kurslarında təcrübəli müəllimlərin
fəal təlimin prinsiplərinə əsaslanan
müasir dərs nümunələrinin təşkili
və gedişini tələb olunan qaydalarda aparmaq müdavimlərin çox
böyük maraqlarına
səbəb olmuşdur.
Bu, nümunə dərslərinin sonunda keçirilən müzakirələrdə
də özünü
göstərmişdir. Müzakirədə Yusif Alıyev, "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi,
49 nömrəli məktəbin
kimya müəllimi Sevda Axundova, 192 nömrəli məktəbin
müəllimi Allahverdi
Alıyev və başqalarının çıxışlarında
"açıq dərs"lərin
təşkilinin əhəmiyyətli
olduğu qeyd edildi və digər fənn müəllimlərinin kurslarında
da belə metodik işlərin təşkilinin nəzərdə
tutulması tövsiyə
edildi.
Mürşüd FƏRƏCOV,
pedaqoji elmlər üzrə
fəlsəfə doktoru, dosent
Azərbaycan
müəllimi.- 2012.- 27 iyul.- S.3.