Yüksək düşüncə
tərzinin formalaşdırılması təlimin əsas vəzifələrindəndir
Şəxsiyyətin formalaşması təhsilin
ana xəttidir. Bütün
digər fəaliyyətlər bu xətdə
birləşərək ümumi
məqsədin reallaşmasına
xidmət edir.
Müasir dərslər
qurularkən aşağıdakı
meyarlar nəzərə
alınmalıdır:
* Şəxsiyyətyönümlülük
əsas götürülməlidir, yəni
dərsdə şagirdin
fəaliyyəti daha çox olmalıdır.
* Dərs interaktiv olmalıdır.
* İKT-nin imkanlarından mövzunun tələblərinə uyğun istifadə
olunmalıdır.
* Dərs yüksək düşüncə
tərzi formalaşdırmalıdır. Cəmiyyətə sağlam və yüksək
düşüncə tərzində olan şəxsiyyətlər
lazımdır. Bəs buna dərslərimizdə necə
nail ola bilərik?
Bu məqalədə
yüksək düşüncə
tərzinin formalaşdırılması
istiqamətində təlim məqsədlərinin sistemli təsnifatı
olan taksonomiyalardan danışmaq istəyirəm. Təlim məqsədlərinin taksonomiyası ötən
əsrin 30-cu illərindən başlayaraq müxtəlif alimlər
tərəfindən tədqiq edilmişdir. 1956-cı ildə Çikaqo Universitetinin professoru
B.Blum tərəfindən hazırlanmış taksonomiya təhsil
prosesində bütün təfəkkür səviyyələri
üçün vacib olan düşünmə
bacarıqları şəbəkəsidir. Blum şagirdlərdə
məntiqi təfəkkürün müəyyən edilməsi
üçün istifadə olunan təhsil məqsədlərinin
altı səviyyəsini təyin edib. Bu məqsədlər
sistemi beynəlxalq aləmdə geniş qəbul olunmuşdur.
Doğrudur, bu,
müəllimlərin uğur
qazanmaları üçün istifadə edə biləcəkləri
yeganə və mütləq model olmasa da, ardıcıllıq və
sistemləşdirmə axarı yüksək nəticələrin
əldə olunması üçün çox dəyərlidir.
Blum taksonomiyası üzərində qurulan dərs
modelində fəal təlim prinsiplərinin həyata
keçirilməsi, strategiyaların, eləcə də
İKT-nin məqsədyönlü tətbiqi təlim keyfiyyətinin
yüksəldilməsinə xidmət edir.
Blum taksonomiyasının
mərhələlərinə əsasən qurduğum dərs
nümunəsini (qısaldılmış formada) təqdim edirəm.
(Biologiya XI)
Mövzu:
Orqanizmlərin təbiətin mövsüm
dəyişikliklərinə
uyğunlaşması. Fotoperiodizm
Məqsəd. Şagird:
- Canlılarda gedən həyat hadisələrinin ritmiliyini;
- Təbiətdə baş
verən mövsüm
dəyişkənliklərini;
- Heyvan və
bitkilərdə mövsüm
hadisələrinin idarəedilməsi yollarını;
- Xarici mühit
amillərinin bioloji
saata təsirini faktlarla təqdim edir.
Gözlənilən nəticə.
Şagird:
Orqanizmlərin günün uzunluğuna
qarşı cavab reaksiyaları, gecə-gündüz
növbələşməsinin fizioloji proseslərin getməsinə
təsirini bilir, heyvan və bitkilərdə məhsuldarlığın
artırılması yollarını izah edir və tətbiqi
üçün ideyalar irəli sürür.
Dekret vaxtına keçmənin
müsbət və mənfi nəticələrini
təhlil edir və insan orqanizmi üçün mənfi təsirinə
tənqidi münasibətini bildirir.
İş forması
Kollektiv iş
və qruplarla iş.
Metod:
"Beyin həmləsi", müzakirə,
çarpaz karusel.
İnteqrasiya:
Riyaziyyat, coğrafiya.
Resurslar:
Kompüter, proyektor,
iş vərəqləri,
XI sinif biologiya dərsliyi.
Proyektor vasitəsilə slayd
nümayiş olunur.
Motivasiya
Yerin öz
oxu və Günəş
ətrafında fırlanmasını, fəsilləri və
mövsüm dəyişikliklərini əks etdirən slaydlar
nümayiş olunur və motivasiya sualı qoyulur:
- Mövsüm dəyişikliklərinə səbəb
olan amillər hansılardır?
Tədqiqat sualı:
- Canlılar mövsüm dəyişkənliklərinə
necə uyğunlaşır və
dünyanın hər yerində
mövsüm
hadisələri, ilin fəsilləri müşahidə
olunurmu? Bunun səbəbini necə izah etmək
olar?
Tədqiqatın aparılması
Slaydlar vasitəsilə
bitki və heyvanlarda
mövsüm uyğunlaşmalarını əks etdirən
şəkillər təqdim və sual-cavab vasitəsilə
şəkillər üzrə mövzu izah olunur.
Qrup tapşırıqları:
Bilik mərhələsi
Qrup 1
Mövsüm hadisələrini idarə
edən amilləri araşdırın və
bu hadisələrin konkret coğrafi bölgələrdən
asılılığı haqqında məlumat toplayın.
Qrup 2
Canlıların günün uzunluğuna olan münasibətini araşdırın və məlumat
toplayın.
Qrup 3
Fəsil və
sutkalıq ritmləri araşdırın
və məlumat toplayın.
Qavrama mərhələsi
Toplanılan məlumatlar şagirdlər
tərəfindən izah olunur, sual-cavab
aparılır.
Elektron testlər icra olunur.
Tətbiq mərhələsi
Məsələlər: (Çarpaz karusel üsulu icra olunur).
Qrup 1
Qış dövründə bitki
toxumalarında suyun miqdarı və şəkərin
qatılığını əks etdirən qrafiki qurun.
Xlorofilin miqdarı və
temperaturun fotosintezin məhsuldarlığına
təsirini əks etdirən qrafiki qurun (Vant-Hoff qanununu nəzərə
alaraq).
Qrup 2
Georgin bitkisi çiçəklədiyi
zaman "Mironovskaya -808" buğda
sortunda hansı mərhələ gedə bilər?
İstixanalarda bitkilərin məhsuldarlığına
təsir göstərən amillərin cədvəl
və qrafikini tərtib edin.
Qrup 3
Zəfəran çiçəkləyən zaman "Bezostaya-1" buğda sortunda
hansı mərhələ gedə bilər?
Yaşadığımız bölgədə quşların,
qida bol olmasına baxmayaraq, ilboyu
qalması, yayda və payızda uçub getməsi
ardıcıllığını əks etdirən cədvəl
tərtib edin. Bu hadisənin səbəbini
izah edin.
Qrup tapşırıqları icra olunduqdan sonra təqdimat
aparılır. Müzakirə olunur.
Qruplararası qiymətləndirmə aparılır
Ümumiləşdirmə və nəticə:
Təhlil mərhələsi
İşığın çoxcəhətli təsirini nümayiş
etdirən slaydlar təqdim olunaraq təhlil aparılır.
Sintez mərhələsi (Slaydda
aşağıdakı fikirlər əks
olunur).
Bəzi ölkələrdə
gündüz işığından
iş günü ərzində daha səmərəli istifadə
etmək, eyni zamanda elektrik enerjisinə qənaət etmək məqsədilə
yay və qış vaxtlarına keçmək
üçün saatın əqrəbi qurşaq vaxtından 1
saat irəli, yaxud 1 saat geri çəkilməsi haqqında
dövlət tərəfindən sərəncam verilir ki, buna
da dekret vaxtı deyilir.
Azərbaycanda dekret vaxtı tətbiq olunmasa, yuxarıda qeyd olunanlara necə
nail olmaq olar?
Psixoloq kimi düşünsən,
bu prosesin insan psixologiyasına mənfi təsir
etməməsi üçün hansı təklifləri verərdin?
Qiymətləndirmə mərhələsi
Bu mərhələ
üçün slayd
təqdim olunaraq verilmiş suallar əsasında fikir mübadiləsi aparılır.
Mövsüm hadisələrinin canlılara
təsirini idarə etmək mümkündürmü?
Ekologiya ilinin Azərbaycana
töhfəsi nə oldu?
Siz davamlı inkişafı
görürsünüzmü?
Ev tapşırığı:
"Bioloji ritmlər və canlılar" adlı şəkilli kataloq hazırlayın. Yerli materiallar əsasında çiçək saatı
qurun.
Blum taksonomiyasının
mərhələlərinə uyğun qurulan dərslərdə bu fikir tamamilə öz əksini tapır. Bu da
şagirdlərin dərsə
marağının artmasına,
eyni zamanda yüksək düşüncəyə
malik olan şəxsiyyətin yetişdirilməsi
işində müəllimlərə
kömək edir.
Nəzakət ƏZİMOVA,
Qax şəhər
4 nömrəli tam orta
məktəbin biologiya müəllimi,
əməkdar müəllim
Azərbaycan müəllimi.- 2012.- 27 iyul.- S.3.