Dünya
və Avropa çempionatlarının
mükafatçısı
Məmmədzadə Günay Vüqar qızı 2000-ci ildə Bakı
şəhərində ziyalı ailəsində anadan olub. 5 yaşından
1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama Məktəbində şahmatla məşğul
olur. 2006-2007-ci illərdə Azərbaycan çempionu və beynəlxalq turnirlərin qalibidir. O, dəfələrlə dünya və Avropa
çempionatlarının mükafatçısıdır.
Bakıdakı 6 nömrəli "İntellekt"
liseyinin VI sinif şagirdidir.
Günay Məmmədzadə
özü haqqında bunları əlavə
etdi:
-Ailəmizin
şahmata olan həvəsi
və sevgisi böyükdür.
Anam həmişə istəyib ki, mən məşhur şahmatçı olum.
Yüksək
idman nailiyyəti olan uşaqlarla birlikdə
çalışıram. Müəllimim
yığma komandanın üzvü, beynəlxalq
qrossmeyster Rəsul İbrahimovdur.
2005-ci ildən şahmatla məşğul oluram. İlk dəfə
2007-ci ildə Azərbaycan çempionatında səkkizyaşlı
qızlar arasında keçirilən yarışda III, IV yeri, 2007-ci ildə isə Gürcüstanın Batumi şəhərində
keçirilən səkkizyaşlı qızlar
arasında Avropa çempionatında III
yerə çıxmışam. Həmin ili
Türkiyənin Antalya şəhərində
keçirilən dünya
çempionatında II yeri tutmuşam. 2008-ci ildə
Batumidə keçirilən dünya
çempionatında I yerə çıxaraq üçrəngli
bayrağımızı zirvəyə qaldırmışam. Həmin ildə Vyetnamın Vunqtau
şəhərində səkkizyaşlı
qızlar arasında keçirilən dünya
çempionatında III, 2009-cu
ildə isə 10 yaşlı qızlar arasında Türkiyənin
Antalya şəhərində keçirilən
dünya çempionatında I yerə
çıxmışam. 2009 -cu ildə Gənclər və İdman
Nazirliyi tərəfindən
keçirilən "Yaxşıların
yaxşısı" nominasiyasının qalibi, 2007, 2008, 2009-cu illərdə Təhsil
Nazirliyinin keçirdiyi
"İlin ən yaxşı
şahmatçısı" nominasiyasında birinci
yeri tutmuşam. 2011-ci
ildə qadınların Bakı
çempionatında II yerin sahibi, sonralar dəfələrlə
Avropa çempionu və
beynəlxalq turnirlərin qalibi olmuşam. Nəhayət,
2012-ci ildə Rumıniyanın
Yası (İassi) şəhərində
36 ölkənin iştirakı ilə keçirilən məktəblilər
arasında şahmat üzrə VIII dünya çempionatında I yerə çıxaraq dünya çempionu
adını almışam.
Rəsul İbrahimov
-Yığma komandanın üzvü, beynəlxalq
qrossmeyster:
- Günayın digər
idmançılardan fərqi daha çox elmli və həmişə
şahmata olan həvəsinin çox olmasıdır. Onun oyun səviyyəsi,
ağıllı şəkildə
düşünərək addım atmağı
başqa idmançılara nisbətən daha çoxdur. O,
digərlərindən öz istedadı ilə də fərqlənir.
İdmançının gələcək uğurları da
onun öz üzərində müntəzəm
çalışması və məqsədinə çatmaq
üçün mübarizə aparmasından
asılıdır. İdmançı əgər məşqlərə
gün ərzində 3 saat vaxt ayırırdısa, kifayət
qədər uğur qazandıqdan sonra 6 saat vaxt
ayırmalıdır. Bu şəkildə davam etməsə, gələcəkdə
onun üçün irəli getmək çox çətin
olacaq. Amma mən ümid edirəm ki, Günaya qazandığı uğurlar stimul
verəcək ki, gələcəkdə də o, yüksək
yaş qruplarında çempion olub ölkəmizə medallar
gətirib bizi sevindirəcək və dünyada qadınlar
arasında tanınmış şahmatçı olacaq.
Hər bir müəllim kimi mən də yetirməmin
uğurlarını öz uğurum kimi qiymətləndirirəm.
Natiq Ələkbərov - 1 nömrəli
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər Şahmat-Dama Məktəbinin direktoru:
- Günayın əldə etdiyi
uğurlarına hamıdan çox mən sevinirəm. Onun
bütün yarışlarında iştirak etmiş rəhbər
müəllim kimi onu deyə bilərəm ki, Günay Məmmədzadə
çox təcrübəli və güclü
şahmatçıdır. O, öz yolu, öz oyun tərzi ilə
digər idmançılardan fərqlənir. Arzumuz
Günayı qadınlar arasında dünya və
olimpiya çempionu görməkdir.
Gülşən Orucova -
Bakıdakı 6 nömrəli "İntellekt" məktəb-liseyin
direktoru:
-Sağlam bədəndə sağlam ruh
olur. Bu, həqiqətən belədir. Qeyd etmək istərdim
ki, 6 nömrəli məktəb tarix boyu öz
idmançıları ilə də tanınıb. Təhsil
ocağının məzunları arasında həmişə
ölkəmizi beynəlxalq turnirlərdə layiqli təmsil edən
idmançılar olub. Belə idmançılardan biri də
Günay Məmmədzadədir.
Günay və qardaşı bizim məktəbin
şagirdidir. Hər bir şagirdin istənilən sahədəki
uğuru məktəbdən və valideyndən
asılıdır. Günayın valideynləri övladlarını müasir
dövrün tələblərinə uyğun şəkildə tərbiyə edir, yetişdirirlər.
Günay şahmatla bərabər dərslərini də
müvəffəqiyyətlə yerinə yetirir. O, bizim məktəbin
fəxridir. Həqiqətən də çox tərbiyəli,
bacarıqlı, məktəbin adını ucaldan bir
şagirddir.
Arzum və istəyim odur ki,
Günayın uğurları bundan sonra daha da artsın və
o, şahmat tacını odlar yurdu Azərbaycana gətirsin.
Rəşad
ZİYADOV
Azərbaycan
müəllimi.- 2012.- 1 iyun.- S.7.