Bolqarıstan Respublikasının təhsil
sistemi
Bolqarıstan Respublikası
Ərazisi: 111 min kv. km
Əhalisi: 7,4 milyon nəfər
Paytaxtı: Sofiya
Dövlət dili: bolqar dili
Pul vahidi: lev
Təhsil sistemi
Bolqarıstan
Respublikası ənənəvi olaraq yüksək təhsil
standartlarına malik ölkə kimi tanınır. Ölkədə təhsilə
göstərilən qayğı bütün pillələr
üzrə tədrisin keyfiyyətli təşkilinə imkan
verir.
Bolqarıstanda
ilk təhsil müəssisələri VIII əsrdə fəaliyyətə
başlayıb. İlk
ali məktəblər də məhz bu
dövrdə yaradılıb.
XIX əsrin
əvvəllərində oğlanlar, daha sonralar isə
qızlar üçün ilk müasir tipli məktəblər
yaranmağa başlayıb. Bu məktəblərdə
yazı, oxu və riyaziyyat üzrə yalnız ümumi biliklər
verilib. 1878-ci ildə "Milli Məktəblər
haqqında" müvəqqəti qanun qəbul edilib. Bu qanunun qəbulu ilə kəndlərdə məktəblərin
yaranması və təhsilin inkişaf etdirilməsi
stimullaşdırılıb.
1998-ci ildən
orta təhsil 12 illik, təhsil sistemi 4 pillədən ibarətdir:
məktəbəqədər, əsas (ibtidai və orta təhsilin
aşağı pilləsi), orta və ali təhsil
pilləsi. Məktəbəqədər və
ümumi təhsil müəssisələrində tədris
bolqar dilində aparılır.
Məktəbəqədər
təhsilə 3-7 yaşlı uşaqlar cəlb olunur. Uşaqlar 7 yaşdan etibarən I sinfə qəbul
edilir. Bəzən valideynlərinin istəyi
əsasında 6 yaşlı uşaqlar da məktəbə gedə
bilərlər. I-IV siniflər ibtidai, V-VIII (bəzən
V-VII) siniflər orta təhsilin aşağı, IX-XII (bəzən
VIII-XII və ya
XIII) siniflər isə orta təhsil pilləsini əhatə
edir.
Qeyd
etdiyimiz kimi, əsas təhsil pilləsi ibtidai və orta təhsilin
aşağı mərhələsindən ibarətdir. Əsas təhsil pilləsi
icbaridir. Dövlət məktəblərində
təhsil pulsuzdur.
Sosializm
quruluşu dağıldıqdan sonra Bolqarıstanda əhalinin
artım tempinin aşağı düşməsi ibtidai və
orta təhsil pilləsində şagirdlərin və tədris
heyətinin sayının azalmasına səbəb olub. Son 20 ildə ölkə üzrə
özəl məktəblərin sayı 10 dəfə
artıb, ali təhsil sistemi yenidən təşkil
edilib. Ali təhsil sahəsində aparılan
islahatlar sayəsində universitetlərə axın güclənib.
Həm dövlət, həm də özəl ali
təhsil müəssisələrində təhsil ödənişlidir.
XX əsrdə
təhsilin forma və məzmunu əsaslı şəkildə
yenidən qurulub. Xüsusilə texniki peşə təhsilinin yüksək
inkişafı təmin olunub. Məhz bu
dövrdən etibarən təhsil sisteminin siyasi təsirdən
çıxarılması məsələsinə diqqət
ayrılıb. 1979-cu ildə Vahid Orta
Politexnik Məktəbi fəaliyyətə başlayıb.
Bu məktəbin 12 illik təhsil proqramında əsasən
texniki fənlərə diqqət yetirilir.
Xüsusi
ehtiyaclı uşaqlara müvafiq təmayüllü məktəbəqədər
təhsil müəssisələrində təhsil almaq
imkanı yaradılır. Belə təhsil müəssisələrində
çalışan işçilər uşaqlara daim nəzarət
edir, onların sosial-psixoloji inkişafına
yardımçı olurlar.
Fiziki və
əqli qüsuru olan uşaqlara dəstək və təhsil
vermək məqsədilə ölkədə dövlət tərəfindən
maliyyələşən internat-məktəblər şəbəkəsi
mövcuddur.
Xüsusi
ehtiyaclı uşaqlar ilə işləyən müəllimlər
müvafiq sahə üzrə ən azı bakalavr dərəcəsinə
malik olmalıdırlar. Onlar həmçinin Təhsil, Gənclər və
Elm Nazirliyinin təsis etdiyi ixtisasartırma kurslarından
keçməlidirlər.
Təhsil
sisteminin əks-mərkəzləşdirilməsi prinsipinin tətbiqi
sayəsində əsas, orta və ali təhsil
pillələrində adambaşına maliyyələşdirmə
modeli tətbiq olunub. Adambaşına maliyyələşmə
modeli təhsilalanların sayına görə təhsil müəssisəsinə
vəsaitlərin ayrılmasını nəzərdə tutur.
Ölkədə
təhsil və elm strategiyasının hazırlanması, tətbiqi,
inkişafı məsələlərinə Təhsil, Gənclər
və Elm Nazirliyi cavabdehdir.
Məktəbəqədər təhsil
Bolqarıstanda
məktəbəqədər təhsil dövlət, bələdiyyə
və ya özəl təhsil müəssisələrində
həyata keçirilir. Məktəbəqədər təhsilə 3-7
yaşlı uşaqlar cəlb olunur.
Əvvəllər
bu təhsil pilləsi icbari olmasa da, 2003-2004-cü tədris
ilindən uşaqların məktəbəqədər təhsil
müəssisələrinin və ya ibtidai məktəblərin
nəzdindəki 1 illik məktəbəqədər
hazırlıq qruplarında təhsil alması icbaridir. Məktəbəqədər
hazırlıq qruplarında uşaqlara hərtərəfli
qayğı göstərilir və müvafiq proqramlar əsasında
təhsil verilir.
Statistik
məlumatlara görə, 2009-2010-cu tədris ilində
Bolqarıstanda 2262 məktəbəqədər təhsil
müəssisəsi fəaliyyət göstərib. Bu müəssisələrdə 217,8 min nəfər uşağın təlim-tərbiyəsi
ilə 19 mindən artıq pedaqoji işçi məşğul
olub.
Məktəbəqədər
təhsil dövlət, bələdiyyə və ya özəl
təhsil müəssisələrində həyata
keçirilir. Məktəbəqədər təhsil müəssisələrinin
95 faizi dövlətə məxsusdur. Ancaq
son illər özəl məktəbəqədər təhsil
müəssisələrinin sayı artmaqda davam edir.
Məktəbəqədər
təhsil müəssisələrində təhsil tam günlük,
yarımgünlük və ya həftəlik ola
bilər. Yarımgünlük bağçalar uşaqların
sayı az olan ucqar bölgələrdə
fəaliyyət göstərir. Belə
bağçalar yalnız uşaqların ibtidai təhsilə
hazırlanması üçün cari tələblərinin
ödənilməsinə xidmət edir. Tam
günlük və ya həftəlik olan məktəbəqədər
təhsil müəssisələrinin nəzdində körpələr
evi də fəaliyyət göstərir. Bu
müəssisələr 10 aylıq - 3 yaş arası
uşaqlar üçün nəzərdə tutulur.
Məktəbəqədər
təhsil müəssisələrində uşaqlar 3-4, 4-5, 5-6
yaş qrupları üzrə qruplaşdırılır. Lakin bu qruplaşdırma məcburi
deyil. Uşaqlar qarışıq qruplarda
da oxuya bilərlər. Bir qrupda 12-22 nəfər
uşaq təhsil alır.
Məktəbəqədər
təhsil müəssisələrində çalışan
müəllimlər müvafiq sahə üzrə ən
azı bakalavr dərəcəsinə malik olmalıdırlar. Bundan başqa, xüsusi
qayğıya ehtiyacı olan uşaqlar ilə işləyən
müəllimlər Təhsil, Gənclər və Elm
Nazirliyinin təsis etdiyi ixtisasartırma kurslarından
keçməlidirlər.
Əsas təhsil
Qeyd
etdiyimiz kimi, əsas təhsil I-VIII sinifləri əhatə
edir və icbaridir. Əsas təhsil dövlət məktəblərində,
bələdiyyə məktəblərində və ya özəl
məktəblərdə həyata keçirilir. Bu təhsil
pilləsinə daxil olan ibtidai (I-IV siniflər) və orta təhsilin
aşağı pilləsinin (V-VIII siniflər) hər biri 4 il davam edir. Tədris ili
sentyabrdan başlayır və may ayının sonlarında
başa çatır.
İbtidai
siniflərdə şagirdlərin sayı 16-22 nəfər
arasında dəyişir. 5 günlük tədris həftəsi
tətbiq olunur. Həftədə 4 saat
seçmə fənlər keçirilir.
İbtidai
təhsil pilləsində proqram üzrə nəzərdə
tutulan bütün fənlər bir müəllim tərəfindən
tədris olunur. Bu pilləni uğurla başa vuran şagirdlərə
müvafiq sertifikat verilir.
Orta təhsilin
aşağı pilləsində şagirdlərin sayı bir
sinifdə 18-26 nəfər arasında dəyişir. Bu təhsil pilləsində
hər bir fənn ixtisas müəllimi tərəfindən tədris
edilir. Müəllimlərin həftəlik iş
saatının miqdarı 18-30 saat civarındadır.
Dərslər
həftədə 5 gün və adətən 2 növbədə
- səhər və günorta növbəsində tədris
edilir. Tədris ili 2 rübdən ibarətdir. Qiymətləndirmə
sistemi 6 ballıq şkala üzrə müəyyən olunur.
Ən yüksək qiymət 6, ən
aşağı qiymət isə 2-dir.
Əsas
təhsil pilləsini uğurla tamamlayan şagirdlər
müvafiq sertifikata layiq görülürlər.
Orta təhsil
Orta təhsil
pilləsi IX-XII sinifləri (bəzi ixtisaslaşmış orta
məktəblərdə VIII-XII və ya XIII siniflər) əhatə
edir. 4 və ya 5 illik (bəzən 6 illik) orta təhsilə
ümumi təhsil orta, ixtisaslaşmış və texniki
peşə məktəblərində yiyələnmək
mümkündür.
Orta məktəblər
dövlət, bələdiyyə və özəl
qurumların nəzdində fəaliyyət göstərir. Bu məktəblərə qəbul
bolqar dili və riyaziyyat imtahanının və əsas təhsil
pilləsinin qiymətləri əsasında həyata
keçirilir.
Orta məktəbləri
bitirən şagirdlər bolqar dilindən və sonuncu tədris
ilində tədris olunmuş hər hansı bir fəndən
buraxılış imtahanı verirlər. Tədrisin səviyyəsini
qorumaq üçün bir sinifdə 22 şagird
qruplaşdırılır.
Özəl
orta təhsil müəssisələri istisna olmaqla,
Bolqarıstanda orta təhsil pulsuzdur. Lakin şagirdlər pulsuz dərsliklərlə
təmin olunmurlar. Özəl təhsil
müəssisələrində təhsil haqqının həcmi
məktəb rəhbərliyi tərəfindən müəyyənləşdirilir.
İxtisaslaşmış
orta məktəblərə qəbul, təmayülündən
asılı olaraq VII və ya VIII sinfi başa vurduqdan sonra
aparılır. Məktəbin təmayülündən (bolqar dili və
ədəbiyyatı, xarici dil, riyaziyyat, informatika, təbiət
elmləri, humanitar elmlər və s.) asılı olaraq
imtahanlar keçirilir. Belə məktəblərdə
müvafiq istiqamətlər üzrə daha dərin biliklər
əldə etmək istəyən şagirdlər təhsil
alır.
Xarici
dil təmayüllü məktəblərə qəbul VII
sinfi tamamladıqdan sonra həyata keçirilir. Bu məktəblərdə
tədris VIII-XII və ya XIII sinifləri əhatə edir.
Bolqar
dili və ədəbiyyatı, təbiət elmləri,
riyaziyyat, humanitar elmlər, idman, incəsənət təmayüllü
məktəblərə qəbul VIII sinfi tamamladıqdan sonra həyata
keçirilir. Bu məktəblərdə tədris IX-XII və ya
XIII sinifləri əhatə edir.
İxtisaslaşmış
məktəbləri bitirən şagirdlər bolqar dilindən
və əsas ixtisas fənnindən buraxılış
imtahanı verirlər. Yalnız bolqar dili və ədəbiyyatı üzrə
ixtisaslaşmış orta məktəblərdə şagirdlər
bolqar dili və ədəbiyyatı ilə yanaşı ikinci əsas
fəndən də imtahana cəlb olunurlar. Sonuncu tədris ilində hər hansı əsas fəndən
orta və illik qiyməti ən azı 5 (çox yaxşı)
olan şagirdlər buraxılış imtahanlarından azad
edilirlər.
Bolqarıstanda
ümumi təhsil kurikulumu fənlər üzrə 8 istiqamətə
bölünür: bolqar dili və ədəbiyyatı, xarici
dil, riyaziyyat, informasiya texnologiyası, humanitar elmlər və
ictimaiyyat, təbiət elmləri və ekologiya, musiqi və
incəsənət, fiziki təhsil və idman.
Texniki peşə təhsili
Bolqarıstanda
peşə təhsili və təliminə iki dövlət
qurumu - Təhsil, Gənclər və Elm Nazirliyi, eləcə
də Əmək və Sosial Siyasət Nazirliyi cavabdehlik
daşıyır. Təhsil, Gənclər və Elm Nazirliyi ümumilikdə
təhsil, büdcə məsələlərinə, ilkin
peşə təhsili və təlimi sisteminin fəaliyyətinin
tənzimlənməsinə məsuldur. Əmək
və Sosial Siyasət Nazirliyi isə peşə təhsili
sisteminin işinin əmək bazarının tələbləri
ilə əlaqələndirilməsinə nəzarət edir.
Texniki
peşə təhsili müəssisələri sırasına
texniki, peşə məktəbləri və peşə
kollecləri daxildir. Texniki
və peşə məktəbləri statusuna görə
dövlət və özəl ola bilər.
Lakin statusundan asılı olmayaraq bütün peşə məktəblərinin
fəaliyyəti dövlət tərəfindən tənzimlənir.
Texniki məktəblərə
qəbul VIII və ya IX sinifdən həyata keçirilir. VIII sinifdən qəbul olan şagirdlər
üçün təhsil müddəti 5 il,
IX sinifdən qəbul olanlar üçün təhsil müddəti
4 il davam edir.
Peşə
məktəblərinə qəbul IX sinifdən
başlayır. Bu təhsil müəssisələrində tədris
3 illik kurikuluma uyğun olaraq həyata keçirilir.
Texniki və
texniki peşə məktəblərində digər tədris
formaları, o cümlədən axşam dərsləri və
sənaye müəssisələrində təcrübələr
təşkil edilir. Axşam dərslərində davamiyyət məcburidir.
Texniki və
ya peşə məktəblərini tamamlayanlar müvafiq
peşə və ixtisaslara yiyələnirlər. Bununla da onlar birbaşa əmək
bazarına daxil olmaq imkanı qazanırlar.
Peşə
kolleclərinə qəbul orta təhsil pilləsini
tamamladıqdan sonra həyata keçirilir. Peşə kolleclərində təhsil
müddəti 2 il davam edir.
Texniki
peşə təhsili müəssisələrində, həmçinin
yaşlılar üçün idarəetmə, mexanika,
tikinti, kənd təsərrüfatı, nəqliyyat, mehmanxana
idarəçiliyi sahəsində axşam və qiyabi kurslar təklif
olunur.
Ali təhsil
Bolqarıstanda
51 ali təhsil müəssisəsi fəaliyyət
göstərir. Onlardan 37-si dövlət, 14-ü isə özəl
ali məktəbdir. Ali təhsil müəssisələri
sisteminə universitetlər, xüsusi ali təhsil
məktəbləri və kolleclər daxildir.
Ali təhsil
bakalavriatura, magistratura və doktorantura səviyyələrinə
bölünür.
Bakalavriatura səviyyəsi 4 il, magistratura
səviyyəsi isə 1 il davam edir. Doktorantura səviyyəsinin
tamamlanması fəlsəfə doktoru elmi dərəcəsinin
əldə edilməsi ilə nəticələnir.
Universitetlərdə
4 əsas elm sahəsinin (humanitar elmlər, təbiət elmləri,
ictimai elmlər və texniki elmlər) müxtəlif istiqamətləri
üzrə ixtisaslı kadrlar hazırlanır. Ali məktəblər elmin inkişafına
töhfə vermək üçün geniş tədqiqat
potensialına və zəngin maddi-texniki bazaya malikdir. Tələbələr universitetləri istədikləri
səviyyədə tərk etmək hüququna sahibdirlər.
Xüsusi ali təhsil müəssisələrində
müxtəlif sahələr üzrə ixtisaslı kadrlar hazırlanır.
Adətən xüsusi ali təhsil müəssisələrinin
adları onların təklif etdiyi ixtisaslaşma sahələrini
əks etdirir. Bu ali məktəblər də
bütün elmi dərəcələr üzrə kadrlar
hazırlamaq hüququna malikdir.
Kolleclərdə
nisbətən qısa və peşəyönümlü
proqramlar təklif edilir. Kolleclər əvvəllər orta ixtisas təhsili
statuslu müəssisələr olsalar da, hazırda bu tədris
ocaqları universitetlərin tərkib hissəsi kimi onların
maddi-texniki və kadr bazasından istifadə edir. Bundan başqa, öz akademik və maddi-texniki
bazası olan müstəqil kolleclər də fəaliyyət
göstərir. Həmin kolleclərdə təhsil
müddəti 3 ildir.
Dövlət
ali təhsil müəssisələrində
təhsil haqları Nazirlər Şurası tərəfindən
müəyyən olunur. Tələbələr
təhsil haqlarını ildə iki dəfə olmaqla hər
semestrin başlanğıcında ödəyirlər. Maddi imkanı zəif olan tələbələr təhsil
haqqından qanuna uyğun olaraq azad edilirlər. Özəl
ali təhsil müəssisələrində
təhsil haqları tədris ocaqlarının özləri tərəfindən
müəyyən olunur.
Ali təhsil
pilləsində tədris ili iki semestrdən
ibarətdir. Dərslər oktyabrda
başlayıb iyunda qurtarmaqla 9 ay davam edir.
Avropa
İttifaqı ölkələrindən olan tələbələr
Bolqarıstanda təqaüd proqramları vasitəsilə təhsil
ala bilərlər. Təqaüdlər
dövlət, ali məktəblər və
digər qurumlar tərəfindən verilə bilər.
Təqaüdlər
akademik nailiyyətlərə və maddi imkanın zəifliyinə
görə də müəyyənləşdirilir. Akademik nailiyyətlərə
görə verilən təqaüdlər əvvəlki iki
semestrdə alınmış orta qiymətlərə əsasən
təyin olunur.
Əlavə təhsil
Bolqarıstanda
əlavə təhsil imkanlarının artırılmasına
xüsusi diqqət yetirilir. Fasiləsiz peşə təhsili və təlimi,
o cümlədən yaşlıların təhsili sisteminə
müvafiq olaraq həm Təhsil, Gənclər və Elm
Nazirliyi, həm də Əmək və Sosial Siyasət
Nazirliyi cavabdehlik daşıyır.
Son
onillik ərzində yaşlıların təhsili sahəsində
də nəzərəçarpan inkişaf müşahidə
edilməkdədir. Avropa İttifaqına qoşulduqdan sonra bir çox
sahələrdə olduğu kimi, fasiləsiz təlim və
yaşlıların təhsilinin inkişaf etdirilməsi məsələsi
də aktuallaşıb. Lakin Avropa
İttifaqının statistikasına görə,
yaşlıların (25-64 yaş arası) fasiləsiz təlimə
cəlb olunmasının səviyyəsinə görə
Bolqarıstan aşağı yerlərdən birini tutur.
2008-ci
ildə Milli Fasiləsiz Təlim Strategiyasının qəbul
edilməsi məhz bu sahədə mövcud olan problemlərin
aradan qaldırılmasına yönəlib. Bu sənəddə həm
Avropa kontekstində, həm də milli kontekstdə fasiləsiz
təlimin inkişaf etdirilməsi məsələləri əksini
tapıb.
İnsan
Resurslarının İnkişafı üzrə Fəaliyyət
Proqramının (2007-2013) da məqsədi insan
kapitalının gücləndirilməsi, yüksək məşğulluq
səviyyəsinə nail olunması, məhsuldarlığın
artırılması, fasiləsiz təlimin genişləndirilməsi
və keyfiyyətinin yüksəldilməsi vasitəsilə əhalinin
həyat səviyyəsinin
yaxşılaşdırılmasından ibarətdir. Proqram əsas və peşə
kompetensiyalarını nəzərə almaqla yaşlıların
təhsili üçün geniş imkanlar yaradır və əhalinin
məşğulluq səviyyəsinin yüksəlməsinə
xidmət edir.
Bundan əlavə,
Peşə Təhsili və Təlimi Aktında ilkin və
fasiləsiz peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi,
əmək bazarının tələblərinin nəzərə
alınması məsələləri əks olunub.
Bolqarıstanda
dövlət və bələdiyyə mərkəzləri,
axşam məktəbləri, peşə məktəbləri
və kollecləri, təlim mərkəzləri, məlumat və
yardım mərkəzləri, eləcə də ali təhsil müəssisələrində
yaşlıların təhsili proqramları tədris olunur. Təqdirəlayiq haldır ki, bir çox şirkətlər
və qeyri-hökumət təşkilatları, müxtəlif
özəl qurumlar tərəfindən də distant təhsil
kursları təklif edilir.
Təhsilin idarə olunması
Bolqarıstanda
28 regional təhsil idarəsi fəaliyyət göstərir. Regional təhsil idarələri
Təhsil, Gənclər və Elm Nazirliyinin regional idarəetmə
qurumu olmaqla bölgələrdə dövlət təhsil
müəssisələrinin idarə edilməsinə cavabdehlik
daşıyırlar.
Bələdiyyə
təhsil idarələri isə yerli struktur kimi
özünüidarəetmə qurumlarının təhsil
siyasətinin həyata keçirilməsində iştirak edirlər.
Məktəblər
hüquqi müəssisə hesab edilir. Onların pedaqoji, təşkilati,
metodoloji və idarəetmə baxımından müstəqilliyi
son zamanlar daha da artıb.
Məktəbin
idarəetmə işinə rəhbərliyi məktəb
direktoru və pedaqoji şura həyata keçirir. Pedaqoji şura pedaqoji məsələləri
müzakirə və həll edən qurumdur. Məktəbin direktoru pedaqoji şuranın verdiyi qərarların
icrasını təmin edir.
Məktəbin himayədarlar şurası
isə valideynlər və ictimaiyyətlə əlaqələrin
yaradılmasına cavabdehdir. Himayədarlar
şurasında məktəb direktoru, müəllimlər,
valideynlər, iş adamları, ictimai xadimlər təmsil
oluna bilərlər. Bundan başqa, məktəblərdə
valideyn şurası, sinif şurası və şagird
şurası fəaliyyət göstərir.
Dövlət
məktəbəqədər təhsil müəssisələrinin,
əsas və orta məktəblərin direktorları Təhsil,
Gənclər və Elm Nazirliyi tərəfindən təyin
olunur. Bələdiyyə məktəbəqədər təhsil
müəssisələrinin və məktəblərinin
direktorları isə regional təhsil idarələri tərəfindən
təyin edilir.
Qeyd etdiyimiz
kimi, peşə təhsili və təliminə iki dövlət
qurumu - Təhsil, Gənclər və Elm Nazirliyi, həmçinin
Əmək və Sosial Siyasət Nazirliyi cavabdehlik
daşıyır.
Ali təhsil
müəssisələrinin təsis olunması qanunvericiliyə
əsasən, parlament tərəfindən həyata
keçirilir. Nazirlər
Şurasının təklifi əsasında parlamentin ali təhsil müəssisələrini təsis
etmək, birləşdirmək və bağlamaq hüququ var.
Ali məktəblərdə
təhsil və elm siyasəti Elmi Şura tərəfindən
həyata keçirilir. Ali təhsil müəssisələrinə və
Elmi Şuraya rektor rəhbərlik edir. Elmi
Şura 25-45 nəfər üzvdən, o cümlədən əmək
müqaviləsi əsasında işə götürülən
akademik heyətdən, tələbələrdən və digər
işçilərdən ibarətdir.
Beynəlxalq
əlaqələr
Avropa
İttifaqının yeni üzvü olan Bolqarıstan Avropa
vahid təhsil məkanının
formalaşdırılmasında fəal iştirak edir. Ölkə Avropa
İttifaqının təhsil, elm, təlim sahəsində bir
sıra layihələrinə qoşulub. Bu
layihələr Bolqarıstan hökumətinin digər ölkələrlə
bağladığı ikitərəfli və çoxtərəfli
müqavilələr çərçivəsində həyata
keçilir.
Bolqarıstan
Avropa Şurasının, YUNESKO-nun, Cənub-Şərqi
Avropada Təhsil İslahatı Təşəbbüsü Təşkilatının
maliyyələşdirdiyi layihələrdə də uğurla
iştirak edir. 1997-ci ildə Bolqarıstan hökuməti
diplomların qarşılıqlı tanınmasına dair
Lissabonda Avropa Şurasının və YUNESKO-nun konvensiyasını
imzalayıb. 1999-cu ilin 19 iyun tarixində
Avropa Təhsil Nazirlərinin Müştərək Bəyannaməsini
imzalayan 29 ölkədən biri də Bolqarıstandır.
Bolqarıstan
Mərkəzi Avropa Mübadilə Proqramı çərçivəsində
Albaniya, Xorvatiya, Çexiya, Macarıstan, Makedoniya, Polşa,
Rumıniya, Slovakiya, Sloveniya, Serbiya və Monteneqro kimi ölkələrlə
əməkdaşlıq edir. Gücləndirilmiş Qrats
Prosesi çərçivəsində Cənub-Şərqi
Avropa ölkələri ilə ali təhsil,
peşə təhsili və təlimi, ümumi təhsil sahəsində
uğurlu əlaqələrə malikdir.
Bəşarət MƏMMƏDOV,
Ramil HÜSEYNOV
Yazının hazırlanmasında
Bolqarıstanın Təhsil, Gənclər və Elm Nazirliyinin
rəsmi məlumatlarından istifadə olunub.
Azərbaycan
müəllimi.- 2012.- 1 iyun.- S.6.