"Gənc istedadlar" liseyində son zəng

 

  Mayın 31-də Bakı Dövlət Universitetinin nəzdindəki  "Gənc istedadlar" liseyində "Son zəng" mərasimi keçirildi. Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov, Təhsil Nazirliyinin nümayəndəsi Adilə Mahmudova, liseyin Valideynlər Komitəsinin sədri, şair Oqtay Zəngilanlı, müəllim-şagird kollektivi, valideynlər və digər şəxslər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan akademik Abel Məhərrəmov məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzuladı. Qeyd etdi ki, lisey artıq dördüncü ildir ki, məzunlarını Azərbaycan cəmiyyətinə yola salır. Liseyi bitirən məzunların qəbul imtahanlarında yüksək nəticələr göstərdiyini qeyd edən A.Məhərrəmov həmin göstəricinin bu il də təkrar olunacağına ümid bəslədiyini bildirdi. Rektor qeyd etdi ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının statistik məlumatına əsasən liseyin 2009, 2010 və 2011-ci il məzunları topladıqları orta baladüzgün cavabların faizinə görə respublikada birinci olmuşdur. Dövlət tərəfindən təhsilə göstərilən qayğıdan söz açan rektor ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə aparılan islahatları yüksək qiymətləndirərək məzunlara bu imkanlardan maksimum dərəcədə faydalanmağı tövsiyə etdi. Liseyin məzunlarının böyük tarixə malik olan BDU-nun adını və şərəfini hər yerdə ləyaqətlə daşıyacaqlarına inandığını vurğulayan A.Məhərrəmov təhsil müəssisəsinin 2011-2012-ci tədris ili ərəfəsində bir çox nailiyyətlər əldə etdiyini nəzərə çatdırdı. Bildirdi ki, liseyin şagirdi Sona Quluzadə Qazaxıstanda keçirilən Beynəlxalq Mendeleyev Olimpiadasında bürünc medala layiq görülmüş, liseyin şagirdləri Mahirə Səfərəlizadə və Arif Bayramov ABŞ-da keçirilən "Sabahın alimləri" Beynəlxalq müsabiqədə iştirak etmiş, Nərmin Abbasova isə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibi olmuşdur.

Tədbirdə çıxış edən liseyin direktoru, professor Qasım Hüseynov qonaqları salamlayaraq məzunlara qarşıdan gələn imtahanlarda müvəffəqiyyətlər arzuladı. Q.Hüseynov lisey haqqında məlumat verərək qeyd etdi ki, bu il təhsil ocağını 42 şagird bitirir. Onlardan 28 nəfərinin Azərbaycan, 14 nəfərinin isə rus bölməsinin şagirdləri olduğunu bildirən professor liseyin builki məzunlarının da yüksək nəticələr göstərərək nüfuzlu ali təhsil müəssisələrinə daxil olacaqlarına ümidvar olduğunu qeyd etdi. Məzunları və onların valideynlərini əlamətdar gün münasibətilə təbrik edən Q.Hüseynov onlara ölkəmizə layiqli vətəndaş və şəxsiyyət olmalarını, daim çalışmağı tövsiyə etdi.

Digər çıxış edənlər də məzunları təbrik edərək onlara uğurlar arzuladılar.

Tədbirə Dövlət himnimizin sədaları altında Dövlət bayrağı və BDU-nun bayrağı gətirildi. Şagirdlərin hazırladıqları bədii hissədən sonra rəmzi açar onunculara verildi, son zəng səsləndi.

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2012.- 1 iyun.- S.5.