Azərbaycanlı gənc "Ana, mən Türkiyədəyəm" mövzusunda videosüjet müsabiqəsinin qalibidir

 

Azərbaycandan uzaqlarda təhsil alan və ölkəmizi layiqincə təmsil edən gənclər çoxdur. Onlardan biriOrxan Nadirovdur.

Orxan 2006-cı ildə Bakı Türk Anadolu Liseyini bitirmiş, elə həmin il qardaş Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Hacettəpə Universitetinə qəbul olunmuşdur. İqtisadiyyatın idarə olunması və menecmenti ixtisası üzrə ingilis dilində təhsil alan bu gənc hər zaman yüksək bilik səviyyəsi və bacarığı ilə seçilməyə çalışıb və buna nail olub.

2011-ci ildə bakalavr təhsil pilləsini müvəffəqiyyətlə başa vuran Orxan elə həmin il "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Türkiyənin Qazi Universitetinə mühasibatlıq ixtisası üzrə magistraturaya qəbul olunub. O, təhsil aldığı illər ərzində seçdiyi ixtisasa mükəmməl yiyələnmək üçün var qüvvəsini səfərbər edibbunun nəticəsində həmişə qazandığı böyük uğurlarla fərqlənib.

Dərslərini yaxşı oxumaqla bərabər, Orxan ictimai işlərdə də daim yaxından iştirak edir. O, yüksək səviyyəli müxtəlif tədbirlərdə, beynəlxalq forumkonfranslarda dünyanın ayrı-ayrı ölkələrini təmsil edən gənclərlə ünsiyyətdə olmaqdan, xüsusilə onlara canı qədər sevdiyi doğma Azərbaycan haqqında məlumat verməkdən və onu təbliğ etməkdən böyük zövq alır.

Orxan təhsil aldığı Hacettəpə Universitetinin bal rəqsləri qrupunun solisti, Amerika futbol komandasının üzvü olmuş, həmin komanda 2009-cu ildə Türkiyə Respublikasının birincisi olmuşdur.

Orxan Nadirov 2010-cu ildə TRT AVAZ telekanalında Türkiyədə təhsil alan əcnəbi tələbələr arasında "Ana, mən Türkiyədəyəm"  mövzusunda bir həftə ərzində keçirilən videosüjet müsabiqəsinin qalibi olmuşnoutbuk ilə mükafatlandırılmışdır.

2012-ci ildə həmin mövzuda ilk müsabiqənin qalibi olmuş 16 nəfər iştirakçı arasında ikinci müsabiqə təşkil edilmiş və həmin yarışmaya Orxan da dəvət olunmuşdur.

Cari ildə "Ana, mən Türkiyədəyəm" mövzusunda  videosüjet müsabiqəsinin şərtlərində müəyyən dəyişikliklər edilmişdir. Belə ki, Fransadan Monqolustana kimi geniş bir ərazini əhatə edən və 10 həftə ərzində keçirilən müsabiqə 10 mərhələdən ibarət olmuşdur.

Yarışmanın ilk mərhələsindən birinciliyi ələ alan Orxan bu mövqeyini bütün müsabiqə boyu qoruyub saxlamış, nəticədə digər iştirakçılardan gözəçarpacaq dərəcədə fərqlənərək qalib olmuşdur.

10 həftə ərzində Azərbaycanın adət-ənənələri, folklor nümunələri, qədim idmanxalq oyunları, zəngin mədəniyyəti, dadlı mətbəxi və s. haqqında hazırlanmış və maraqlı süjet xətti üzrə qurularaq lentə alınmış videogörüntülər bu proqramla dünyanın, demək olar ki, dörd qitəsinə yayımlanmış, milyonlarla insanın seyr etdiyi həmin görüntülərin Azərbaycanın təbliğində böyük rolu olmuşdur.

Orxan Nadirov müsabiqənin qalibi kimi 4 nəfər ailə üzvü ilə birlikdə Türkiyəyə bir həftəlik səyahətlə mükafatlandırılmışdır.

Bu günlərdə TRT AVAZ telekanalında "Gün aydın" verilişinə dəvət olunan Orxan "kanalın ən çox reytinq qazanmış proqramı"nın qalibi kimi təqdim olunmuşdur.

Qeyd edək ki, Orxan Nadirov təhsil almaqla yanaşı, artıq bir neçə ildir ki, İslam Ölkələri Konfransının Ankaradakı ofisində çalışır. Rəhbərlik bir sıra əhəmiyyətli tədbirlərin təşkili ilə bağlı məsələlərin həllini artıq bir diplomatik işçi kimi formalaşan Orxana həvalə edir. O, İslam Ölkələri Konfransı təşkilatına daxil olan ölkələrdə təhsil, incəsənət, iqtisadiyyat, səhiyyə, kənd təsərrüfatı və digər sahələrin inkişafı istiqamətində səylərin birləşdirilməsinə dair müxtəlif beynəlxalq layihələri həyata keçirən qurumda da hər zaman doğulub böyüdüyü doğma vətəninin mənafeyini unutmur, ölkəsinin reallaşdırılan heç bir layihədən kənarda qalmamasına çalışır.

 

 

Hicran ƏKBƏROVA

 

Azərbaycan müəllimi.- 2012.- 1 iyun.- S.5.