"Nizami
Gəncəvinin ictimai-fəlsəfi lirikası" mövzusunda elmi-praktik konfrans
Mayın
18-də Azərbaycan Dillər Universitetində Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, şair
Nizami Gəncəvinin 870 illik
yubileyinə həsr olunmuş "Nizami Gəncəvinin ictimai-fəlsəfi
lirikası" mövzusunda elmi-praktik konfrans keçirildi. Universitetin tələbə-müəllim
heyətinin iştirak etdiyi
konfransda ADU-nun rektoru, Milli Məclisin
deputatı, professor Səməd Seyidov çıxış edərək rəhbərlik
etdiyi universitetdə ədəbi tədbirlərin
keçirilməsinin bir ənənə
halını aldığını bildirdi. N.Gəncəvinin Azərbaycan ədəbiyyatının
incilərindən biri olduğunu
deyən S.Seyidov bu
yaxınlarda İtaliyada Heydər Əliyev
Fondunun dəstəyi ilə dahi şairə abidə
ucaldıldığını qeyd etdi.
Rektor Azərbaycan Prezidenti cənab İlham Əliyevin "Dahi Azərbaycan
şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik
yubileyinin keçirilməsi
haqqında" sərəncam imzaladığını diqqətə
çatdırdı. Ölkədə ədəbi mühitin inkişafına və öyrənilməsinə
dövlət qayğısından danışan S.Seyidov N.Gəncəvinin
yaradıcılığı ilə bağlı aparılan tədqiqatların
bu günədək davam
etdiyini, onun zəngin irsinin hələ də elmi
tədqiqatlarda öz əksini
tapdığını və bundan sonra da onun
yaradıcılığı ilə bağlı
araşdırmalara ehtiyac olduğunu
vurğuladı. O, N.Gəncəvinin
Azərbaycan şairi olmaqla
yanaşı, bəşəriyyətin də ədəbi
incilərindən biri olduğunu
qeyd etdi. Rektor "Nizami Gəncəvi
böyük mütəfəkkir, filoloq və öz dövrünün dahi filosofudur", - dedi.
Bakı
Dövlət Universitetinin Azərbaycan dili
və ədəbiyyatının tədrisi metodikası
kafedrasının dosenti Mətanət Abdullayeva "Nizami
yaradıcılığında sufi eşq yolunun təqdimi"
mövzusunda məruzə ilə
çıxış etdi. Sufizm barəsində
məlumat verən M.Abdullayeva N.Gəncəvi
yaradıcılığında sufizmlə bağlı olan məqamlara toxundu. Dosent şairin "Yeddi gözəl" poemasında sufi ədəbiyyatının xüsusiyyətlərinin
geniş yer
aldığını bildirdi.
Sonra "Nizaminin
eşq fəlsəfəsi"ndən ADU-nun Azərbaycan
ədəbiyyatı kafedrasının dosenti
Aytən Hacıyeva danışdı. A.Hacıyeva bəşər
və cəmiyyətin kamilləşməsi istiqamətində
Nizami əsərlərinin əhəmiyyətinə
toxundu. O, şairin əsərlərində
insan mənəviyyatını zənginləşdirən
məqamlardan bəhs etdi.
Azərbaycan
Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik
İnstitutunun baş elmi işçisi, professor İsmayıl Kazımov "Nizami Gəncəvidə sözün
estetik meyarları" mövzusunda
çıxış etdi. İ.Kazımov şairin
yaradıcılığında sözə verilən dəyərdən,
onun əsərlərindəki bədii emosional zənginlikdən söhbət
açdı. Azərbaycan
Dövlət Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru
Mahmud Allahmanlı isə
çıxışında "Nizami Gəncəvi
poeziyasının folklor
qaynaqları"ndan bəhs etdi.
Şakir
CƏFƏROV
Azərbaycan
müəllimi.- 2012.- 1 iyun.- S.5.