9 yaşlı azərbaycanlı pianoçu Parisdə beynəlxalq müsabiqənin qalibi olub

 

Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının fortepiano şöbəsinin IV sinfində təhsil alan 9 yaşlı Züleyxa Abdullayeva Parisdə keçirilən  Nikolay  Rubenşteyn adına XI Beynəlxalq piano musiqi müsabiqəsində iştirak edərək qalib adını qazanıb.  25 ölkənin nümayəndələrinin iştirak etdiyi  müsabiqədə  Azərbaycanı layiqincə təmsil edən Züleyxa  K.A.Debüssinin "N-1 Arabeska", P.İ.Çaykovskinin "Şirin duyğular", İ.S. Baxın "İkisəsli invensiya"sını və Çerninin "Etüd" əsərlərini məharətlə  ifa edib.

Balaca müsahibim  ilə söhbət  zamanı məlum oldu ki, bu istedadı və bacarığı ilə yaşıdlarından fərqlənən Züleyxanın ilk uğuru deyil. O, ötən ilin iyununda İtaliyada keçirilən XIV Beynəlxalq musiqi  müsabiqəsində  birincilik qazanaraq Pyetro Arcento adına təqaüdə layiq görülüb. Dəfələrlə müxtəlif tədbirlərdə, şənliklərdə bacarıqla çıxış edib.

Züleyxa asudə vaxtlarında bədii kitablar oxumağı çox sevir O, doğma ana dilimizlə yanaşı, ingilis dilini də mükəmməl öyrənməyə çalışır. Müəllimlərinin diqqətini çəkən Züleyxa dərslərindən də "əla" qiymətlər alır.

Şirmayı barmaqları ilə pianonun dillərini şövqlə dilləndirən bu balaca qız qazandığı bütün uğurlara görə  müəllimi Nigar Nəcəfovaya borclu olduğunu bildirdi. Özünə güvənən, klassik musiqinin sirlərinə dərindən yiyələnən  Züleyxanın parlaq gələcəyinə böyük ümidlər var. 

 

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2012.- 1 iyun.- S.4.