İstedadlı şagirdlərin üzə çıxarılmasında məktəbin rolu

  

Məktəb uşaqlara bilik, savad verməklə yanaşı, onların asudə vaxtlarının mənalı təşkilində, eləcə də  bacarıq və istedadlarının üzə cıxarılmasında, yaradıcılıq qabiliyyətlərinin inkişafında da mühüm rol oynayır. Məktəbdənkənar tədbirlərin keçirilməsi, məktəbdə viktorinabreyn-rinq bilik yarışmalarının təşkili şagirdləri yeni biliklər, məlumatlar almağa, dünyagörüşlərini  artırmağa həvəsləndirir.

 

Müstəqil Azərbaycana  bilikli, savadlı gənclərlə yanaşı, həm də xüsusi qabiliyyətli, istedadlı şagirdlər lazımdır.  İstedadlı şagirdlərin üzə çıxmasında, heç şübhəsiz məktəbin, müəllimlərin rolu danılmazdır. Belə müəllimlərdən biri də 30 ildən artıq məktəbimizdə çalışan, təsviri sənətin incəliklərini sevə-sevə uşaqlara öyrədən Şirin Quliyevadır. O, şagirdlərə tikiş tikməyi, toxumağı, təbii boyalarda şəkillər çəkməyi həvəslə öyrədir. Öz sevimli müəlliminin yolunu şərəflə davam etdirən ADPU-nun məzunu Aybəniz Pənahova hazırda məktəbimizdə təsviri incəsənət və rəsmxət müəllimi kimi  çalışır. O, şagirdlərə öz peşəsinin sirlərini öyrətməklə yanaşı, fərdi yaradıcılığını da inkişaf etdirir. A.Pənahovanın hələ tələbəlik illərində universitetdə rəsm əsərləri - qrafika, boyakarlıq, dekorativ tətbiqi sənət növlərinə aid nümunələrdən ibarət sərgisi təşkil olunmuşdur.

Bu yaxınlarda Milli Azərbaycan Tarixi Muzeyinin elm, maarif və sərgilərin təşkili şöbəsinin böyük elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru Nardanə Yusifovanın rəhbərliyi ilə bir qrup  muzey əməkdaşının məktəbimizə gəlişi də təsadüfi deyildi. Onlar Aybəniz müəllimin hazırladığı ölkə Prezidenti İlham Əliyevin və digər şəxslərin portretlərinə, natürmort, kətan üzərində yağlı boya ilə mənzərə rəsminə, dekorativ tətbiqi sənətə aid muncuqlarla əl işlərinə, xalça, kilim, bədii tikmələrə və s. nümunələrə maraqla baxdılar, təqdim olunan əl işlərini yüksək qiymətləndirdilər. Qonaqlar həmçinin şagird və müəllimlərin əl işlərindən ibarət sərgiyə də tamaşa etdilər. Canlı diskussiya şəraitində keçən tədbirdə qonaqlar tarix, mədəniyyət və etnoqrafiya ilə bağlı suallara şagirdlərin verdiyi dolğun cavablardan razı qaldılar. Muzey əməkdaşları A.Pənahovanın qum şousuna da maraqla baxdılar. Əvvəlcə iştirakçılara proyektor vasitəsilə Azərbaycanın xeyriyyəçisi H.Z.Tağıyevlə bağlı slaydlarla  şəkillər göstərildi, məlumatlar verildi. Məktəbin X sinif şagirdləri Həbib Atakişiyevin vətən mövzusunda şeiri, Tərlan Qəhrəmanov və Məhəmməd Bədəlovun peşəkar rəqsləri də tədbirə xoş ovqat qatdı.

Qonaqlar istedadlı şagirdlərin üzə çıxarılmasında onlara əllərindən gələn kömək göstərəcəklərinə söz verdilər.

Həmçinin məktəbimizin şagirdlərinin istənilən vaxt qrup şəklində muzeyə ekskursiyalarının təşkili məsələsinə toxunuldu. Bu barədə məktəbin rəhbərliyi ilə müqavilə imzalandı. Sonda qonaqlar yaradılan şəraitə, bu gözəl tədbirin təşkilinə görə məktəbin kollektivinə xüsusi  minnətdarlıqlarını bildirdilər.

 

 

Samirə DADAŞOVA,

Bakıdakı Cavid Nurməmmədov

adına 108 nömrəli tam orta məktəbin

Azərbaycan dili və ədəbiyyat müəllimi 

 

Azərbaycan müəllimi.- 2012.- 8 iyun.- S.6.