"Hər yeni il gələndə
gözləyirdim ki, möcüzə baş verəcək"
Xalq artisti Həmidə Ömərova
ilə söhbət
- Həmidə xanım, söhbətimizə
uşaqlıq xatirələrinizdən başlayaq.
- Mən
25 aprel 1957-ci ildə Bakıda
müəllim ailəsində doğulmuşam. Atamla
anam eyni institutu bitiriblər.
Atam Qazax rayonundan, anam Bakıdan idi. Atam fransız, anamsa ingilis
dilini tədris edirdi.
İlk uşaqlıq illərim dəmiryol
idarəsinin uşaq bağçasında keçib.
Bağça xatirələrim o qədər çoxdu ki, hətta
o mövzuda silsilə hekayələrim də var. O günlərdən
ən çox yadımda Şaxta baba qalıb. Anamgilin dediyinə
görə bu danışdığım "Şaxta baba əhvalatı"
olanda mənim təxminən 3-4 yaşım varmış.
Amma, inanın ki, özümün də yadıma gəlir. Deməli,
bağçada yolka şənliyidir.
Valideynlər də gəlib. Şaxta baba şənliyin
sonunda uşaqlara hədiyyə paylayır. Növbə mənə
çatanda, mən hədiyyədən imtina etmişəm.
Hamı məəttəl qalıb ki, mən nə
üçün hədiyyə istəmirəm. Şaxta baba mənə
deyib ki, hədiyyəni götürüm, sonra nə desəm
Şaxta baba onu da yerinə yetirəcək. Mən Şaxta babaya
demişəm ki, hədiyyəni götürürəm, amma
siz elə eliyin ki, atamla anam həmişə bir yerdə - mənim
yanımda olsunlar. Şaxta baba söz verir ki, sabah atam gələcək.
Onda atam rayonda işləyirdi. Anam isə mühitə
alışa bilmədiyindən məni də
götürüb Bakıya dönmüşdü.
Yadımda deyil, həmin gününmü
axşamı, yoxsa ertəsi günümü, atam gəldi, yəni,
bir körpə uşağın möcüzəsi baş
verdi. Atam gəldi, anamla məni götürüb şəhərə
gəzməyə apardı. İndi də xatırlayıram, mənim
üçün qara rəngdə oyuncaq royal da gətirmişdi.
Mən onun dillərini taqqıldadanda elə bilirdim məndən
bəxtəvər uşaq yoxdur. Atam dünyadan cavan
köçüb. Sonralar hər yeni il gələndə,
gözləyirdim ki, möcüzə baş verəcək.
Atalı-analı günlərim qayıdacaq. Çox sonralar
anladım ki, möcüzələr yalnız bircə dəfə
ola bilir.
- Ailənizdə
incəsənətlə bağlı kimsə olubmu?
- Anamın çox gözəl səsi
vardı. Hətta bir müddət - institutdan əvvəl -
konservatoriyada - Xan Şuşinskinin sinfində oxuyub. Sonra
dayılarım anamın oxumağına icazə verməyiblər.
O da konservatoriyadan çıxıb Xarici Dillər
İnstitutuna daxil olub.
Anam ömrünün son illərində,
ağır xəstə olanda belə, həzin-həzin
"Qaragilə"ni züm-zümə edərdi. Səsi də
dəyişilib eləməmişdi, elə
cavanlığındakı kimi məlahətliydi.
- Məktəb
illəri hamı üçün həqiqətən də
unudulmazdı...
- Elədir. Dördüncü sinfə qədər
199 nömrəli, yuxarı siniflərdə isə 240 nömrəli
orta məktəbdə təhsil almışam. Fəal
şagird idim, bütün dərslərimi "əla"
oxuyurdum. Hətta məktəbi bitirən ərəfədə
qızıl medala namizəd idim. Anam hey arzulayırdı ki, mən
həkim olum. O da çox hökmlu qadın idi.
15 yaşım olardı. Səkkizinci sinifdə
oxuyurdum. Anam müalicəyə gedirdi, təbii ki, məni də
özü ilə aparardı. Bir dəfə orada bir nəfər
orta yaşlı bir kişi, məndən soruşdu ki,
qızım teatra gedirsən, yoxsa yox? Dedim, getmirəm, dərslərimi
oxuyuram, amma televizorda baxıram. Sonra o kişi başladı
oynadığı rolları sadalamağa. Heç demə, o məşhur
aktyor Rza Əfqanlı imiş. Mən rolların çoxunu
tanıdım, ekranda izləmişdim. Axırda mənə
dedi ki, qızım, səndən gözəl aktrisa olar. Sənin
gözəl, mənalı, iri gözlərin var. Bu söz elə
hey fikrimdə dolaşdı uzun müddət. Ancaq orta məktəbi
bitirib həvəsim olmadan ADU-nun (indiki BDU) filologiya fakültəsinin
tələbəsi oldum. I kursu yaxşı qiymətlərlə
başa vurdum. Ancaq o fakültə məni
darıxdırırdı. Bilmirəm niyə? Hiss edirdim ki,
yerimdə deyiləm, düzgün seçim etməmişəm.
Sənədlərimi geri alıb yenidən qəbul
komissiyasına təqdim etdim. Həmin dövrdə mən rəssamlıqla
da məşğul idim. Müxtəlif rəsmlər, portretlər
çəkirdim. Elə həmin vaxt eşitdik ki, Moskvadan
müəllimlər gəlib, kinematoqrafiya institutuna tələbə
yığırlar. Anam təbii ki, "yox" dedi. Onu da
qınamaq olmazdı. Təsəvvür edin, ilk iki
övladını (biri oğlan, biri qız) itirib, yeganə
ümidi mənəm. İndi məni - 17 yaşlı gənc
qızı necə təkbaşına yad yerə buraxsın?!
Amma dediyimdən dönmədim, Moskva
Kinematoqrafiya İnstitutuna daxil oldum. Anam məni Moskvada yerbəyer
edib Bakıya qayıtdı. Dərs deyirdi, maaşının
çox hissəsini mənə göndərirdi. 1975-1979-cu illərdə
Moskvada ali təhsil alanda, hər gün anamdan məktub
almışam. Bakıya qayıdanda düz bir çamadan
anamın məktubunu gətirdim. 1980-ci ildə 14 nəfər
azərbaycanlı tələbə təyinatla gəldik Azərbaycan
Kinostudiyasına.
- Həmin
14 nəfərdən indi tanınanları var?
- Əlbəttə, demək olar ki,
hamısı. "Yeddi oğul istərəm"də Qəqəni
- Fərhad İsmayılov, "Yuğ" teatrından Sona
Mikayılova - indi əməkdar
artistdi, Fərqanə Quliyeva - indi ADMİU-da kinematoqrafiyadan dərs
deyir. Züleyxa Zülfüqarova - Oqtay Zülfüqarovun
qızı, Ötkəm İsgəndərov - aktyorluq
fakültəsinin dekanıdı, həm də əməkdar
artistdi. Ömür Nağıyev - Rus Dram Teatrının
aktyorudu - o da əməkdar artistdi, Əliqulu Səmədov - əməkdar
artistdi, kinostudiyada rejissordu. Vəliəhd Vəliyev 10 ildi
Amerikada yaşayır.
-
İlk rolunuz?
- Dördüncü kursda oxuyanda
"Lenfilm"in çəkdiyi "Diş həkimi"
filmində balaca qız rolunu oynadım. Kiçik,
qısametrajlı film idi. Müəllimimiz - SSRİ xalq artisti
Matveyev bizə qarşı çox tələbkar idi. O, tələbələrinə
filmə çəkilməyə icazə vermir, deyirdi ki, tələbə
bütün tədris kursunu keçməlidir, sonra filmə
çəkilə bilər.
Amma mən onda da, indi də o fikirlə
razı deyiləm. Təcrübə ayrı şeydir. Məncə,
tələbə elə oxuya-oxuya, təhsil ala-ala çəkilməlidir.
Çünki, işləməkdən böyük təcrübə
yoxdur. Ən böyük müəllim də elə iş
prosesidi, təcrübədi.
- Sizə
doğma rol hansıdır?
- Nəbi Xəzrinin "Əks-səda"
pyesi əsasında Oqtay Mirqasımovun çəkdiyi
"Ağlamaq istəyirəm" filmində professorun
qızı Çinarə - ərköyün, şıltaq,
saf, eyni zamanda özünün xarakteri olan bir qız. Bir də
"Nizami" filmindəki Afaq...
-
Heç həsəd apardığınız rol olub?
- Yox, heç vaxt olmayıb. Çünki
elə rollarımın da həyatı öz həyatım
kimi olub... Çətin, keşməkeşli, zəhmətli...
- Sənətdə
ilk addımlarınız yadımdadır. Gözəl, cazibədar,
yaddaqalan. Bəs nədən ailə həyatı gec qurdunuz?
- Gənc idim, enerjili idim. Dalbadal filmlərə
çəkilirdim. Heç başımı qaldırmağa
vaxtım olurdu ki, bir ətrafıma da baxım?! İşim o
qədər çox idi ki, şəxsi həyatıma vaxt
qalmırdı.
- Bəs
sonra?
- 1992-ci ildə İranda səfərdəydik.
İlk müştərək Azərbaycan-İran filmiydi.
Filmin rejissoru Həsən Məmmədzadə əslən Urmiyadan
olan azərbaycanlıydı. Baş rolda Rasim Balayev çəkilirdi.
Mənim də rolum vardı. Bakıdan 13 nəfər
getmişdik çəkilişə. Lətifə Əliyeva, gənc
aktrisa Bahar da bizimlə idi. Film Urmiyada çəkilirdi.
Qaldığımız yerdə bizə xidmət göstərən,
yır-yığış, təmizlik işlərinə baxan
bir qadın məndən soruşdu ki, neçə
uşağın var. Dedim hələ ailə qurmamışam.
Xidmətçi qadın başını tutdu: Mən də sənin
yaşdayam, amma 4 uşağım var, bəs sən haçan
uşaq sahibi olacaqsan?
Açığı Bakıda mənə
belə sərt söz deyən olmamışdı. Hamı
deyirdi, sənə yaradıcılıq uğurları
arzulayırıq və s.
O xidmətçi qadının
sözü məni tutdu. Bir neçə ay sonra özümdən
bir yaş böyük bir nəfər mənə evlənmə
təklifi etdi. Qəbul etdim. 1993-cü ildə evləndik. Bir
il sonra - 1994-cü ildə Rəhim balam dünyaya gəldi.
İndi Aviasiya Akademiyasının tələbəsidir.
- O illər
"Retro" da baxımlı veriliş idi.
- 1986-cı ildə "Bayramda
yağış"a çəkilirdik. Martın ilk günləriydi.
Soyuq hava, amma yağış yox. Yanğınsöndürən
maşınlar süni yağış səhnəsi düzəltmişdilər.
Çəkiliş Dağüstü parkda idi.
Bu vaxt telestudiyadan Mübariz mənə
yaxınlaşıb rus dilində soruşdu ki, azərbaycanca
yaxşı danışa bilirsən? Dedim, əlbəttə,
bilirəm. Dedi, bizdə bir yeni veriliş var, gələrsən,
sınaqdan keçərsən. Mən də çəkilişdən
sonra getdim telestudiyaya, rəhmətlik Əhməd Aşurbəyov
məni qarşıladı, bəyəndi, dedi ki, həftədə
bir dəfə gəlib verilişi apararsan. 1986-cı il 8 martda
ilk verilişim efirə getdi.
- Bəs
pedaqoji fəaliyyətə nə vaxtdan başladınız?
- 1990-cı ildə, incəsənət
(ADMİU) universitetinin rektoru Timuçin Əfəndiyev mənə
təklif etdi ki, yeni kafedra açılır, istəyirəm
ki, orada kinoşünaslıqdan dərsi sən deyəsən.
Ata-anam müəllim olduğundan bilirdim
ki, bu iş çox məsuliyyətli, böyük səbr, zəhmət
tələb edən işdi. Evə o qədər yorğun gəlirdim
ki, dərs deməyə artıq gücüm yetməz deyə
düşünürdüm. Fikrimi Timuçin müəllimə
bildirdim. Dedi, eybi yox, onda saat hesabı dərs deyərsən.
Razılaşdıq.
Amma müəllimlik elə bir sahədir
ki, başladın, ayrıla bilmirsən. Bir müddət saat
hesabı işlədim, sonra yarım ştat oldum, sonra
ştata keçdim, 6 il də kafedra müdiri işlədim.
Hazırda incəsənət universitetinin dosentiyəm.
Öz ixtisasım üzrə iki tədris
kitabının müəllifiyəm. İndi də dünya
kino tarixi üzrə təzə proqramın tərtibi üzərində
işləyirəm, bitirmək üzrəyəm.
1986-cı ildə ekranda müasir qadın
obrazlarına görə Lenin komsomolu mükafatı aldım.
1987-ci ildə əməkdar artist, 18 il sonra 2005-ci ildə isə
xalq artisti adını aldım.
Bir də yenidən dünyaya gəlsəm
sənətimi dəyişməzdim, yenə müəllimlik
edər, yenə veriliş hazırlayar, yenə də aktyorluq
sənəti ilə məşğul olardım.
Söhbəti
yazdı: Ellada UMUDLU
Azərbaycan
müəllimi.- 2012.- 8 iyun.- S.5.