"Şəxsiyyətin
qüdrəti" kitabının təqdimat mərasimi
keçirildi
İyunun 6-da AMİ-nin Ağcabədi
filialında Azərbaycan Müəllimlər İnstitutunun
rektoru, Milli Məclisin deputatı, professor Aqiyə
Naxçıvanlının ulu öndər Heydər Əliyevin
əziz xatirəsinə ithaf olunmuş "Şəxsiyyətin
qüdrəti" kitabının təqdimat mərasimi
keçirildi.
Tədbiri giriş sözü ilə
açan filialın direktoru, professor X.Məmmədov bildirdi
ki, ulu öndərin anadan olmasının 89-cu
ildönümü münasibətilə həyata keçirilən
silsilə tədbirlər sırasında bu gün təqdimatına
toplaşdığımız "Şəxsiyyətin
qüdrəti" kitabının özünəməxsus
yeri var. Ümummilli liderimiz Heydər Əliyevin "Şəxsiyyətin
qüdrəti" kitabı öz oxunaqlılığı, tədqiqatının
dolğunluğu, mövzusunun aktuallığı ilə diqqəti
cəlb edir.
Ulu öndərin unudulmaz xatirəsi bir dəqiqəlik
sükutla yad edildikdən sonra kitabın təqdimat mərasimi
açıq elan edildi.
Sonra məruzələr
dinlənildi. "Heydər Əliyev sosial-iqtisadi inkişaf
strategiyasının banisidir" mövzusunda məruzə edən
filialın ümumi elmi fənlər kafedrasının
müdiri T.Kərimli kitabın ictimai-siyasi əhəmiyyətindən,
ulu öndərimiz haqqında respublikamızın
adlı-sanlı elm adamlarının və siyasi xadimlərinin
fikirlərindən bəhs etdi. Heydər Əliyevin ölkəmizin
sosial-iqtisadi inkişafında həyata keçirdiyi islahatlar,
neft strategiyası, uğurlu daxili siyasət mexanizmi məruzəçinin
nitqində geniş şəkildə öz əksini tapdı.
Məruzəsinin sonunda T.Kərimli ümummilli liderimiz Heydər
Əliyevin çoxşaxəli fəaliyyətini öyrənmək
baxımından gərəkli mənbə sayılan
"Şəxsiyyətin qüdrəti" kitabının
araya-ərsəyə gəlməsində böyük rolu olan
siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlıya
minnətdarlığını ifadə etdi.
"Heydər
Əliyev və Azərbaycançılıq
ideologiyası" mövzusunda məruzə edən humanitar fənlər
və tədrisi metodikası kafedrasının baş müəllimi
M.Səlimov bildirdi ki, "Şəxsiyyətin qüdrəti"
kitabında Heydər Əliyevin bilavasitə azərbaycançılıq
ideologiyasının formalaşmasındakı xidmətləri
haqqında müfəssəl məlumatlar verilir.
O, məruzəsinin sonunda kitab müəllifini
dərin siyasi əhəmiyyətə malik əsərlər
toplusunun işıq üzü görməsi münasibətilə
təbrik etdi və ona yeni yaradıcılıq uğurları
arzuladı.
"Azərbaycan dilinin inkişafında
Heydər Əliyev dühasının rolu" mövzusunda məruzə
edən filialın ana dili, ədəbiyyat və tədrisi
metodikası kafedrasının müdiri Ə.Əliyev bildirdi ki, müzakirəsinə
toplaşdığımız bu kitab Azərbaycan
xalqını dünya arenasında tanıdan, fenomen şəxsiyyət,
əvəzsiz siyasi xadim Heydər Əliyev və onun
çoxşaxəli ictimai-siyasi fəaliyyəti haqqında
yazılmış ən sanballı əsərlərdən biridir.
Məruzəçi, eyni zamanda Heydər
Əliyevin ana dilimizin konstitusion hüquqlarının
tanınmasında, Azərbaycan dilinin dövlət dili kimi qəbul
edilməsində tarixi xidmətlərindən
danışdı.
Sonra YAP Ağcabədi rayon təşkilatının
sədr müavini Nazim Bünyadov, yazıçı-publisist
Ziyəddin Sultanov, filialın dosenti Məhəmməd
Hüseynov çıxış edərək kitabın
böyük maddi-mənəvi dəyərindən, siyasi əhəmiyyətindən
bəhs etdilər. Bir
cəhət xüsusilə vurğulandı ki, Heydər Əliyev
haqqında yazılan "Şəxsiyyətin qüdrəti"
kitabında ulu öndərimizin çoxcəhətli fəaliyyəti
ayrı-ayrılıqda təhlil olunmuş,
işıqlandırılmışdır.
ƏDALƏT
Azərbaycan
müəllimi.- 2012.- 8 iyun.- S.5.