Fəlsəfi təfəkkürü
milli ruhla birləşdirən
ziyalı
"İnsana uzun ömür arzulamaq - qəlb
oxşayan xeyirxah ənənədir.
Həyatı dolğunluğu ilə başa vurmaq, əlbəttə,
böyük səadətdir. Saf vicdan, təmiz niyyət
meyarılə yaşamaq - ali nemətdir.
Mübarək
80 yaşına qovuşan görkəmli filosof Tofiq Rəsulov belə
nümunəvi ömür yaşayıb. Bu münasibətlə əziz dostumu
sevinclə ürəkdən təbrik edirəm. Ona dost qəlbindən gələn
ən xoş arzularımı bildirirəm".
Bu sətirləri
sağlığında yazmışdım. Çox
təəssüf ki, o
bizdən tez ayrıldı, əbədiyyətə
qovuşdu.
Tofiqlə mənim dostluğumun 56 illik tarixi var. Moskvada Fəlsəfə İnstitutunun
aspirantı olduğumuz
illərdən - gəncliyimizdən
başlanıb. Biz - Zakir Bağırov (ruhu şad olsun),
Tofiq, mən
1954-cü ildə aspiranturaya
bərabər daxil olmuşuq. Cəmil Əhmədli (ruhu şad olsun) bizdən bir il əvvəl
burda aspirantlığa
başlamışdı. Aramızda əsl
mənada səmimi ünsiyyət, ülfət
var idi. Bu mühüm cəhət
nəinki məsləkdaş
olmağımızdan irəli
gəlirdi. Azərbaycanı təmsil etməyimiz, milli xüsusiyyətimiz münasibətlərimizə təsirini
göstərirdi.
Biz böyük arzularla elm yolunda yenicə addım atırdıq. Moskvanın elmi inkişaf üçün əlverişli
şəraitindən sistemli
faydalanırdıq. Burda
fəlsəfi ictimaiyyətin
bariz təmsilçilərilə
yaxından tanış
olurduq. Vaxtaşırı disputlarda, dissertasiya
müzakirələrində ciddi maraqla iştirak
edirdik. Bu yolla elmi mühitə
qovuşur, onun təbiətinə alışırdıq.
Bütün bunlar səmərəli
araşdırmalar etməkdə
bizə yardımçı
olurdu. Bu dəyərli təcrübə
sayəsində ömrümüzü
fəlsəfəyə həsr
etdik.
Biz seçdiyimiz sahədə alimlik dərəcələri, professor adı qazandıq.
Respublikamızın ali təhsil ocaqlarında çalışmaqla
geniş ictimaiyyətdə
tanındıq. Fəaliyyətdə hər kəsin özünə xas olan qabiliyyəti, həyata münasibəti əyani təzahür etdi. İctimai rəydə hər
birimizin xüsusiyyəti
öz əksini tapdı.
Mən bu söhbətdə
xüsusən professor Tofiq
Rəsulov haqqında hafizəmdə daşıdığım
fikirləri bölüşəcəm.
Əvvəlcə onu filosof olaraq təqdim etmək lazım gəlir. Onun zəngin fəlsəfi
təfəkkürə malik
olduğu məlum həqiqətdir. Bu keyfiyyətini məsləkdaşları
həmişə etiraf
edib, yüksək dəyərləndiriblər. O, fəlsəfəyə sadəcə
zahiri fəaliyyət sahəsi kimi deyil, özünün mənəvi həyat tərzində meyar kimi baxırdı. Müntəzəm fəlsəfi mütaliədən
aldığı nəticələri
həyati müdrikliklə
birləşdirirdi.
Professor Tofiq Rəsulov öz həyat fəlsəfəsini
həqiqətsevərlik, halalsevərlik,
sadəlik fəzilətləri
əsasında yetişdirib.
Belə üstün əxlaqi fəzilətlər hər
zaman olduqca ibrətamizdir. Bunu əyani
təcəssüm etdirmək
- vicdan rahatlığı,
zövq mənbəyidir.
Əlbəttə, bu, insanlığın
mahiyyətini düşünən
ruhun zənginliyindən
qaynaqlanır. Yəni məzmunlu
batini mahiyyət real gerçəklikdə təzahür
edir. Mahiyyətlə təzahürün bu uyğunluğu əslində mənəvi
bütövlük nümunəsidir.
Bu növ nümunə
özündə ziyalı
təbiətini, missiyasını
daşıyır.
Tofiq Rəsulov fəlsəfi təfəkkürü
milli ruhla birləşdirən ziyalı
idi. Bu xüsusda bir qədər irəlidə
ayrıca söhbət
gedəcək. Giriş üçün
ziyalı anlamının
mənasını araşdırmaq,
incələmək zəruridir.
Bu anlamın yerinə bir zaman "intelligensiya" kəlməsini işlədirdik.
Bunun latınca "intelligens", yaxud
"intelligentis" sözündən alındığı
açıqlanır. Daşıdığı
əsas məna isə zəkalı, dərk edən deməkdir.
Bunu tərcümə edəndə zəkanın
işığını rəmzləşdirmək tamamilə
təbiidir. Ziyalı, aydınlar, farsca
roüşenfekran (aydınfikirlilər) - işığa
köklənmiş anlayışlardır.
Ancaq ziyalı anlamı fərqləndirici
üsulla aydınlaşan bir sahədir.
Kantın həqiqi ziyalı haqqında bir fikrini
xatırladıram. Onun fikrincə,
ziyalıda ağıl mədəniyyəti, qəlb mədəniyyəti,
əxlaq mədəniyyəti bir vəhdətdə birləşməlidir.
Yəni zehni fəaliyyət qəlbin nəcib
hisslərilə daxilən qovuşmalıdır. Bu batini vəhdət gözəl əxlaqi keyfiyyətləri
yetişdirən başlanğıcdır.
Bu cəhətdən şəxsiyyətin öz-özünü
yetişdirmək qabiliyyəti
mühümdür. Bununla bağlı
kiçik bir tarixçəni anmaq yerinə düşər.
İngilis kralı 1-ci Yakovun dayəsi ondan
öz oğlunu centlmen etməsini xahiş edir. Kralsa
deyir: "Oğlunuza yüksək vəzifə verərəm,
ancaq centlmenliyi onun özü özündə yetişdirməlidir".
Həqiqətən, mədəniyyət, mənəviyyat
sahəsində mükəmməllik kənardan bəxş
edilmir. Bu ülvi keyfiyyət ruhun gərgin
zəhmətilə əldə edilir. Sağlam
təfəkkürü, vicdan hissini davamlı təkmilləşdirmək
adətilə gerçəkləşir.
Bu üsulu hərəkət xətti
seçən ziyalı mənən zəngin
təbiəti ilə həmişə fərqlənir.
Həmin xüsusiyyətinə görə idrak əhlinin
saf ehtiramını qazanır. Onun mənəvi
fəaliyyət tərzi ibrətli olur, örnəyə
çevrilir.
Haqqında danışdığımız
professor Tofiq Rəsulov belə nümunələr
sırasındadır. Fəlsəfəni
həyati müdrikliklə birləşdirməsinə aid
yuxarıda bəhs edildi. Həqiqi xalq
ruhundan gələn üstün əxlaqi fəzilətləri
öz şəxsi təcrübəsində gerçəkləşdirir,
yaşadır. Onun bu xüsusiyyəti,
şübhəsiz, milli başlanğıcı təcəssüm
edir. Həmin baxımdan ibrətli örnəklərdən
əxz etdiyi ənənəni canlandırır. Atası Əli müəllimdən (ruhu şad olsun)
aldığı həyat dərsini uğurla davam etdirir.
Bu yerdə bir xatirəmi xüsusi olaraq diqqətə
yetirməliyəm.
Mən Tofiqin vasitəsilə Əli müəllimlə Moskvada tanış olmuşam. Moskvaya
yolu düşəndə bizi bir yerə toplayıb həqiqətən
ibrətamiz süfrə məclisi qurardı. O vaxt Gədəbəy
Rayon İcraiyyə Komitəsinin sədri işləyirdi. Onun süfrə söhbətləri bir həyat dərsi
kimi səslənirdi. Məşhur türk
şairi Tofiq Fikrətin şeirlərindən əzbər
söyləyirdi, məna baxımından izah edirdi. Düşündürücü bir şeirdə
idrak əhlini kbirli iddialardan çəkindirən nöqtələri
açıqladığı hələ yadımdadır.
Beləcə, Əli müəllim - Əli Rəsulov
mənim yaddaşımda müdrik xalq ziyalısı kimi
qaldı.
Şeirdən söz düşmüşkən, bu
sahəyə Tofiqin rəğbətini əks etdirən epizodu
bildirmək maraqlıdır. Bir
gün dedi: "Şair Hüseyn Hüseynzadə
Moskvadadır, "Balçuq" mehmanxanasında yerləşib,
gedək görüşək". Şairlə
görüşdük, keyfi yerində idi, görünür,
yaxşı qonorar almışdı, otaqda süfrə
açdırdı. Bir neçə şeir oxudu; Tiflisə
həsr etdiyi şeirin son misraları belə idi:
"Sevirəm Tiflisi, sevirəm, ancaq
Öləndə Bakıdan götürün
məni".
Tofiq dərhal inamlı tərzdə dedi:
"Şair, "öləndə Qazaxdan götürün məni"
yazsanız yaxşıdır". O, bu təklifi bəyəndi,
şeirin nəşrində nəzərə aldı.
Sövqi-təbii deyilmiş düzəliş şairin taleyinə
uyğun oldu: Xalq şairi Hüseyn Arif Ağstafada vəfat etdi,
əsl xalq ehtiramilə dəfn edildi.
Professor Tofiq Rəsulov haqqında danışanda onun sadə həyat tərzini
xüsusən dəyərləndirmək lazımdır.
O, həyatda aza qane olan, halal yaşayan filosof idi. Tamahı ağıla tabe edən, aza qane olan,
Sokratın fəlsəfəsində Allaha yaxın insan idi.
Din, fəlsəfə halallıq anlamını doğru yaşamağın
başlıca yolu kimi anladır bəşər
övladına. Vicdanın seçdiyi bu yol,
bütün çətinliklərilə bərabər, ruhun
müstəqilliyini, təmizliyini qoruyub saxlayır. Halal ömür yolu insana təmiz, şöhrətli
ad qazandırır.
Professor Tofiq Rəsulov ixtiyar yaşında belə gənclərimizin mənəviyyatını
inkişaf etdirməyə xidmət edirdi.
O, Azərbaycan Respublikasının Prezidenti yanında İdarəetmə
Akademiyasının fəlsəfə kafedrasının
müdiri vəzifəsində işləyirdi. Çoxdan
bəri səmərəli fəaliyyət göstərdiyi həmin
təhsil ocağında yüksək ictimai nüfuz
qazanmışdı. Əsl professor,
müdrik ağsaqqal, nəcib ziyalı kimi sevilirdi. Ona bəslənən saf rəğbət - onun
tükənməz zəngin sərvəti idi.
Bu söhbəti Aristotelin iki münasib fikri ilə tamamlayaq.
Birinci fikir fəlsəfi müdriklik sahiblərinin xoşbəxt olduqlarını
vurğulayır. Bunu hansı
mənada dediyini əvvəlcə bir qədər aydınlaşdıraq.
Qədim
yunan fəlsəfəsi
ağılı ilahi başlanğıc dərəcəsinə
yüksəldir. Ona xidmət
edən filosofları Aristotel zamanının çoxallahlıq inancı
mövqeyindən, "allahların
sevimliləri" sayır.
Bu əsasda onların
xoşbəxtliyi haqqında
sözü dilə gətirirdi. "Nikomaxın
etikası" əsərindən
həmin yeri tam olaraq xatırladaq: "Kim
ağıl fəaliyyətində
özünü göstərirsə
və ağıla ehtiram edirsə, görünür, daha yaxşı məxluqdur və allahlar onu daha çox
sevirlər... Şübhəsiz, bütün bunlar ilk növbədə müdrikdə
var. Deməli, o, hər
kəsdən daha çox allahların sevimlisidir. Görünür, o, ən xoşbəxt
insandır, belə ki, bu mənada
müdrik üstün
dərəcədə xoşbəxtdir".
İkinci fikirdə isə dürüst insanın təklikdə özünü təhlil etmək meyilindən söhbət gedir.
Dürüst insan doğru
hərəkətləri haqqında
yaddaşında hifz etdiyi xoş xatirələrindən məmnun
olur. Bu xatirələr
- batini şahidlər
onun doğru yaşamaq sınağından
şərəflə çıxdığını
əks etdirir. Buna həqiqi inam
əsasında gələcəyə
sağlam ümidlə
baxır. Aristotelin
bu ruhda müddəasını anılan
əsərdən iqtibas
edək: "...Dürüst
insan öz-özü
ilə vaxt keçirmək istəyir,
çünki bundan məmnunluq duyur, etdiyi hərəkətlər
haqqında onun xatirələri də, gələcəyə ümidləri
də xoşdur, belə nəsnələr
isə məmnun edir. Və onun fikri üçün nəzəri
mövzular bol olur, gecikmiş peşimançılığa yaddır".
Nəticədə bir sualı cavablandıraq: professor Tofiq Rəsulov öz nümunəsilə
gənclərimizə nə
deyirdi? Bu sualın cavabında qədim fəlsəfi kəlamı
xatırlatmaq uyarlıdır:
"Gənclik vaxtı
ixtiyarlıq üçün
müdriklik ehtiyatı
topla, ondan etibarlı var-dövlət
yoxdur".
Camal MUSTAFAYEV,
fəlsəfə elmləri doktoru,
professor
Azərbaycan müəllimi.- 2012.- 8 iyun.- S.4.